Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-448/2021 29.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Ağayev Rəşadət Əhməd oğlu, Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-482/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları İddiaçı(bundan sonra iddiaçı) 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30.10.2020-ci il tarixli **********141271 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması: Cavabdehin 30.10.2020-ci il tarixli **********141271 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə İddiaçı MTK-nın fəaliyyəti üzrə guya ki, ƏDV ödəmələri arasında 297058.27 manat fərq əmələ gəlmişdir və əlavə olaraq 148529.14 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin rəqəmlər heç bir sübuta və təqdim olunmuş rəsmi sənədə söykənmədən tərtib olunmuş akta əsasən hesablanmışdır. Cavabdehin əməkdaşları X4, X5 və X1 vergi yoxlamasını aparmışlar. Yoxlama zamanı onlara təqdim olunan sənədlərdən İddiaçı MTK-nın üzvlərinin 2014-cü ilə aid yığıncağının qərarı ilə tanış olmuşlar. Bu qərarda MTK-nın müqavilə ilə təqdim olunmamış qeyri-yaşayış sahələrinin kooperativin üzvlərinə təqdim olunması qərara alınmışdır. Lakin bu qərardan 3 gün sonra yeni qərar verilmiş və təqdimetmənin göstərildiyi bu protokolun icra olunmadan dayandırılmasına və ləğv olunmasına qərar verilmişdir. Vergi müfəttişləri isə nədənsə bu iki qərara birlikdə nəzər saldıqları halda sadəcə birincini əsas götürmüş və öz şəxsi mülahizələri əsasında guya bu sahələrin təqdim olunduğu qərarına gəlmişlər. Bu tamamilə absurd və qanunvericiliyin müddəalarına ziddir. Bundan sonra müfəttişlər səyyar vergi yoxlaması aktı tərtib etmişlər."xxxx" MTK-da keçirilən səyyar vergi yoxlamasının **********136749 nömrəli 21.09.2020-ci il tarixli akt iddiaçı tərəfindən imzalanmamışdır. Müfəttişlər tərəfindən aktın “yoxlamanın nəticələrinə dair” 2.1-ci bəndində qeyd olunan “cari yoxlamaya təqdim edilən "xxxx" MTK-nın təsisçilərinin ümumi yığıncağının protokoluna əsasən açıq qalan sahənin təsisçilər arasında bölüşdürülməsinə görə həmin sahənin təqdim edilməsi qənaətinə gəlinmişdir. Vergi ödəyicisinin cari yoxlamaya təqdim etdiyi izahat da həmin açıq qalan sahənin təqdim edilməsini bir daha təsdiq etmişdir. Nəticədə yoxlama ilə 1513,84 (qeyri-yaşayış) x 720,34 (ƏDV-siz) +1542,06 (mansard) x 254,24(ƏDV-siz)+792 (zirzəminin qaraj kimi yararsız, lakin qeyri-yaşayış sahəsi kimi istifadəyə yararlı sahəsi) x 211,86 (ƏDV- siz) = 1650323,73 manat dövriyyə kənarlaşması aşkar edilmişdir. Aşkar edilmiş 1650323,73 manat dövriyyə kənarlaşmasına görə 297058,27 manat (1650323,73x18%) ƏDV üzrə kənarlaşması aşkar edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli oln məbləğinə nisbətən 297058,27 manat azaldılmasına görə 50% məbləğində, yəni 148529.14 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunur” mülahizələri düzgün deyildir. Belə ki, icra olunması yoxlanılmadan (icrası mümkün olmadığı üçün ləğv edilmiş olan) hər hansı bir protokol və ya qərarın nəticələrinin güman əsasında “həmin açıq sahənin təqdim edilmə”si “qənaətinə gəlinməsi müfəttişlərin qanuna və hüquqi faktlara əsaslanan gəldikləri qanuni qənaət deyil, onların “xəyali təxəyyül” məhsulları olduğu üçün qeyri-qanunidir. Nəzərə alınmalıdır ki, yoxlanılan dövr ərzində MTK-nın tikdiyi binanın istismara qəbul edilməmiş olması, buna görə də göstərilən əmlakın bölüşdürülməsinin “Dövlət reyestrində qeydiyyatının mümkün olmaması səbəbindən aktda istinad edilən protokol icrasının mümkünsüzlüyü səbəbindən faktiki icra edilmədən ləğv edilmişdir. Bu barədə müfəttişlər hər hansı araşdırma aparmamış və lazımi sualları iddiaçı tərəfə verməmişlər. Halbuki, yoxlama tərəfindən bu sənədin (“protokol”un) icra olunub olunmaması və hüquqi nəticələrinin faktiki mövcud olub-olmaması araşdırılmalı idi. Lakin müfəttişlər nəinki bu faktları araşdırmamış, hətta səthi və yarımçıq sual-cavab əsasında alınmış izahatı əsas kimi aktda göstərməklə kifayətlənmişlər. Bundan əlavə həmin protokolun 3 gündən sonra ləğv edilməsi də nəzərə alınmamışdır. Cavabdehin iddia tələbinə dair etirazı 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 12.05.2020-ci il tarixli **********199697 nömrəli qərarına əsasən aprel 2017 mart 2020 vergi dövrü əhatə edilməklə iddiaçıda səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi 21.09.2020-ci il tarixli **********136749 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama aktı imzalamaq üçün vergi ödəyicisinə təqdim edilsə də, vergi ödəyicisi heç bir səbəb göstərmədən yoxlama aktını imzalamaqdan imtina etmişdir. Bu faktla əlaqədar Vergi Məcəlləsinin 39.1-ci maddəsinin tələblərinə əsasən yoxlama aktında müvafiq qeyd aparılmışdır.Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə verilmiş və tələbnamədə qeyd edilən sənədlrərin təqdim edilməsi təklif edilmişdir.Yoxlama zamanı real vergilərin müəyyən edilməsi, yoxlamanın dolğun, obyektiv, hərtərəfli aparılması üçün bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik tələb olunduğundan Vergi Məcəlləsinin 44-cü və 45-ci maddəsinə müvafiq olaraq mütəxəssis və ekspert dəvət edilmişdir. Yoxlamaya təqdim edilmiş 07.08.2020-ci il tarixli mütəxəssis və 25.08.2020-ci il tarixli ekspert rəylərinə görə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində inşa edilmiş 1 ədəd 3 girişdən, 7 mərtəbədən və mansarddan ibarət olan 108 mənzilli yaşayış binasının satışa yararlı sahəsi 12687,23 kv m təşkil edir və bundan əvvəlki səyyar vergi yoxlaması ilə yaşayış evinin 8839.33 kv m sahəsi əhatə olunduğundan açıq qalan satışa yararlı sahə 3847,9 kv.metrdir.Həmin sahənin 1513 kv metrini qeyri yaşayış, 1542,06 kv metrini mansard, 792 kv metrini isə zirzəmi təşkil edir. Yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçının təsisçilərinin ümumi yığıncağının protokoluna əsasən açıq qalan sahə təsisçilər arasında bölüşdürülərək təqdim edilmişdir. Açıq qalan 3847,9 kv.metr sahənin təqdim edilməsi faktı İddiaçı MTK-nın sədri Rafiq Mustafayevin yoxlamaya təqdim edilmiş 21.07.2020-ci il tarixli yazılı izahatı ilə də təsdiq edilmişdir. Belə ki, həmin izahatda "açıq qalan satışa yararlı sahə təsisçi Hüseynbala Quliyev və X7 arasında bərabər şəkildə bölünüb və onun müqabilində pul vəsaiti qoyulub. X7 payına düşən sahənin bir hissəsini satıb və hal-hazırda “Narıncı” market kimi fəaliyyət göstərir, təsdiqedici sənədləri təqdim etmək imkanımız yoxdur” kimi qeyd edilmişdir. Ekspertin rəyinə əsasən 01.04.2017-ci il tarixdən 31.03.2020-ci il tarixədək olan dövrdə orta bazar qiyməti nəzərə alınmaqla qeyri-yaşayış sahəsinin 1 kv metri 720,34 manat (ƏDV-siz), zirzəmi sahəsinin 1 kv metri 211,86 manat (ƏDV-siz), mansardın 1 kv metri isə 254,24 manat (ƏDV-siz) təşkil edir. Nəticədə 1513 kv m (qeyri-yaşayış sahəsi) x 720,34 +1542,06 (mansard)x 254,24 + 792,0 (zirzəmi) x 211,86 = 1650323,73 manat dövriyyə fərqi təşkil edir. Həmin dövriyyə fərqinə görə (1650323,73 x 18%) 297058,27 manat ƏDV hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin 297058,27 manat məbləğində azaldılmasına görə azaldılmış məbləğin 50% miqdarında, yəni 148529.14 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəfindən 2019-cu il üzrə aylıq ƏDV bəyannamələrində əmək haqqı 250 manat olmaqla 1 işçi göstərilməsinə baxmayaraq, muzdla işləyənləri işə götürən sığortaedənlər, MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənlər, MDSS- İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər və İşsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) tədiyyələri üzrə bəyannamə təqdim etməmişdir. Nəticədə muzdla işləyənləri işə götürən sığortaedənlər 2019-cu ilin 3-cü və 4cü rübləri ödənişləri üzrə yoxlama ilə əlavə 15 manat, MDSSMuzdla işləyənləri işə götürən sığortaedənlər 2019-cu ilin 3-cü və 4-cü rübləri ödənişləri üzrə yoxlama ilə əlavə 375 manat, MDSS - İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər 2019-cu ilin 1 -ci və 2-ci rübləri ödənişləri üzrə yoxlama ilə əlavə 375 manat və işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) 2019-cu ilin 1 -ci və 2-ci rübləri ödənişləri üzrə yoxlama ilə əlavə 15 manat kənarlaşma aşkar edilərək Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, maliyyə sanksiyaları tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-482/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova) Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2014-cü ildə baş tutduğunu iddia etdikləri təqdimetməyə görə İddiaçı MTK-ya 2020-ci ildə açılan səyyar vergi yoxlamasının nəticəsində məsuliyyətə cəlb etmə haqqında qərar çıxarılıb. 2015-ci ildə səyyar yoxlama olub, 2017-ci ildə də olub. 2020-ci ildə 2014-cü ilə dair qanunsuz yoxlama aparılmışdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları X4, X5 və X3 İddiaçı MTK-da 2020ci ildə əvvəlki 3 illik dövrə dair Səyyar vergi yoxlamasını aparmışlar. Yoxlama zamanı onlara təqdim olunan sənədlərdən Bərəkət-6 MTK üzvlərinin 2014-cü ilə aid yığıncağının qərarı ilə tanış olmuşlar. Bu qərarda MTK-nın müqavilə ilə təqdim olunmamış qeyri yaşayıs sahələrinin Kooperativin üzvlərinə təqdim olunması qərara alınmışdır. Lakin bu qərardan 3 gün sonra yeni qərar verilmiş və təqdimetmənin göstərildiyi bu protokolun icra olunmadan dayandırılmasına və ləğv olunmasına qərar verilmişdir. Vergi müfəttişləri isə nədənsə bu iki qərara cari yoxlamaları ərzində ümumiyyətlə nəzər salıb əsaslanma səlahiyyətlərinin olmamasına baxmayaraq, hətta ikincini bir kənara qoyaraq sadəcə birincini əsas götürmüş və öz şəxsi mülahizələri əsasında guya bu sahələrin təqdim olunduğu qərarına gəlmişlər (halbuki, belə bir təqdimetmə baş tutsa idi belə yoldaşların yoxlamasına aidiyyəti yoxdur). Bu tamamilə absurd və qanunvericiliyin müddəalarına ziddir. Bundan sonra müfəttişlər Səyyar vergi yoxlaması aktı tərtib etmişlər. "xxxx" MTK-da keçirilən səyyar vergi yoxlamasının **********136749 nömrəli 21.09.2020-ci il tarixli aktı orada göstərilənlərlə razılaşmadıqları üçün tərəflərindən imzalanmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apelyasiya şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Həmçinin iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehin 30.10.2020-ci il tarixli **********141271 nömrəli qərarının qismən-2020-ci il üzrə 297058,57 manat əlavə dəyər vergisinin hesablanması və həmin məbləğə uyğun olaraq 148.529,14 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddianın təmin edilməsinə dair qərar qəbul edilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası iddia tələbinin həcminin azaldılması barədə ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə iddiaçı barəsində aparılmış növbədənkənar səyyar vergi yoxlaması nəticəsində hesablanmış vergi məbləği barədədir. Belə ki, iş materiallarına əlavə edilmiş 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 12.05.2020-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********199697 saylı qərardan görünür ki, İddiaçı MTK üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aprel 2017-ci ildən mart 2020-ci il tarixədək dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, İddiaçı MTKdə növbəti səyyar vergi yoxlamasının təyin edilməsi barədə qərar reyestrdə qeydiyyata alınmışdır. Yoxlama nəticəsində tərtib olunmuş 15.09.2020-ci il tarixli **********136749 saylı səyyar vergi yoxlaması aktından görünür ki, müəssisədə 2017- 2019-ci illər üzrə mənfəət vergisi, aprel 2017-mart 2020-ci illər üzrə əlavə dəyər vergisi, 2-ci rüb 2017 - 1-ci rüb 2020-ci illər bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi, 2-cü rüb 2017- 1-cü rüb 2020-ci illər üzrə ödəmə mənbəyində tutulan vergi və 2017-2019-cu illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə, 2017-ci il - 2019-cu il əmlak və torpaq vergisi , 2-ci rüb 2017-1-ci rüb - 2020-ci illər işsizlik sığortası üzrə rübülk hesabat və 2-c rüb 2017 - 1-ci rüb 2020-ci illər üzrə MDSS – işəgötürənlər-müzdla işləyənləri əmək müqaviləsi üzrə işə götürən hüquqi şəxslər vergiləri üzrə səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama 13.05.2020-ci il tarixdə başlamış və 15.09.2020-ci il tarixdə başa çatmışdır. Akt əsasında qəbul edilmiş 30.10.2020-ci il tarixli **********141271 saylı qərardan görünür ki, İddiaçı MTK 2020-ci il üçün ƏDV üzrə 297058,57 manat, 2019-cu il üçün məcburi dövlət soial sığorta haqqı üzrə 375 manat, 2019-cu il üçün muzdla işləyənləri işəgötürən sığortaedən kimi 375 manat, 2019-cu il üçün işsizlik sığortası üzrə 15 manat, muzdla işləyənləri işəgötürən sığortaedən kimi 15 manat, cəmi 297838,27 manat əlavə vergi borcu və 149.239,14 manat malkiyyə sankisyasına cəlb edilmişdir. Bundan başqa MTK-in barəsində Vergi Məcəlləsinin 57.1-ci madəsinə əsasən vergi hesabatını və Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdi etmədiyinə görə cəmi 320 manat məbləğində maliyyə sanksiyası təqtbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Birinci instansiya məhkəməsində iddiaçı həmin qərarı mübahisələndirərək ləğvini xahiş etmişdir. İşə baxan məhkəmə iddianı təmin etməmiş və öz mövqeyini belə əsaslandırmışdır ki, MTK-nın göstərilən izahatı təqdim olunma barədə protokolun qüvvədən düşməsi və ya icrasının dayandırılması barədə qərarın sonradan tərtib edilməsini təsdiq edərək əhəmiyyətsiz edir. Beləliklə də məhkəmənin mövqeyindən hasil olan nəticəyə görə iddiaçı MTK-nın təsisçisinin etiraf-izahatı iddianın təmin edilməməsi üçün yetərli olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. İşdən görünür ki, iddiaçının mübahisələndirdiyi qərarın qəbul olunmasına əsas olmuş aktın “yoxlamanın nəticələrinə dair” 2.1-ci bəndində (aktın 9-cu səhifəsi) qeyd olunmuşdur ki, (..) Əvvəlki səyyar vergi yoxlaması ilə satışa yararlı olan 12687.23 kv.m sahədən 8839.33 kv.m sahəsi tam əhatə olunaraq bağlanmışdır. Buradan məlum olur ki, açıq qalan satışa yararlı sahə (qeyri-yaşayış sahəsi və mansard) 3847,9 kv.m-dir. Bundan əvvəlki səyyar vergi yoxlamaları zamanı, yəni 12.10.2015-ci il tarixli və 25.04.2017-ci il tarixli səyyar vergi yoxlaması aktlarında 3847,9 kv.m açıq qalan sahə qeyd edilmiş və həmin aktlar vergi ödəyicisinin imzası ilə öz təsdiqini tapmışdır. “Cari yoxlamaya təqdim edilən "xxxx" MTK-nın təsisçilərinin ümumi yığıncağının protokoluna əsasən açıq qalan sahənin təsisçilər arasında bölüşdürülməsinə görə həmin sahənin təqdim edilməsi qənaətinə gəlinmişdir. Vergi ödəyicisinin cari yoxlamaya təqdim etdiyi izahat da həmin açıq qalan sahənin təqdim edilməsini bir daha təsdiq etmişdir. Nəticədə yoxlama ilə 1513,84 (qeyriyaşayış) x 720,34 (ƏDV-siz) +1542,06 (mansard) x 254,24(ƏDV-siz)+792 (zirzəminin qaraj kimi yararsız, lakin qeyri-yaşayış sahəsi kimi istifadəyə yararlı sahəsi) x 211,86 (ƏDV- siz) = 1650323,73 manat dövriyyə kənarlaşması aşkar edilmişdir. Aşkar edilmiş 1650323,73 manat dövriyyə kənarlaşmasına görə 297058,27 manat (1650323,73x18%) ƏDV üzrə kənarlaşması aşkar edilmişdir. Demək ki, mübahisə predmeti açıq qalan 3847,9 kv.m satışa yararlı qeyri-yaşayış sahədir. Həmçinin müəyyən olunur ki, iddiaçı üçün məsuliyyət yaradan qərar iki əsas üzrə qəbul olunmuşdur: 1) "xxxx" MTK-nın təsisçilərinin ümumi yığıncağının açıq qalan sahənin təsisçilər arasında bölüşdürülməsi barədə 14.03.2014-cü il tarixli protokolu; 2) Vergi ödəyicisinin həmin açıq qalan sahənin təqdim edilməsi barədə cari yoxlamaya təqdim etdiyi izahatı. Məhkəmə kollegiyasının sorğusu nəticəsində iş materiallarına əlavə edilmiş -İddiaçı MTK-nın təsisçilərinin ümumi yığıncağının 14.03.2014-cü il tarixli protokol qərarından görünür ki, təsisçilər Xırdalan şəhəri, Quşçuluq y/m, 7 saylı orta məktəblə üzbəüz tikilmiş binanın qeyri yaşayış sahəsinin təsisçilər arasında bölünməsi barədə razılığa gəlmişlər. İşə əlavə edilmiş İddiaçı MTK-nın təsisçilərinin ümumi yığıncağının 18.03.2014-cü il tarixli protokol qərarından isə görünür ki, təsisçilər Xırdalan şəhəri, Quşçuluq y/m, 7 saylı orta məktəblə üzbəüz tikilmiş binanın qeyri yaşayış sahəsinin təsisçilər arasında bölünməsinin məqbul sayılmaması barədə razılığa gəlmiş, bu barədə 14.03.2014-cü il tarixli protokol qərarının ləğv edilməsi qərara alınmışdır. Beləliklə müəyyən edilir ki, təsisçilər Xırdalan şəhəri, Quşçuluq y/m, 7 saylı orta məktəblə üzbəüz tikilmiş binanın qeyri-yaşayış sahəsinin təsisçilər arasında bölünməsi haqqında 14 mart 2014-cü il tarixli ümumi yığıncağın protokolunun icra olunmadan dayandırılması barədə qərar qəbul etmişlər. Göründüyü kimi iddiaçı tərəfindən açıq qalan sahənin təsisçilər arasında bölünməsi ilə bağlı sərəncam verilsə də, sonradan icra mümkünsüzlüyü səbəbindən həmin qərarlar ləğv edilmişdir. Belə olan halda isə müəyyən olunur ki, cavabdeh ləğv olunmuş qərar əsasında iddiaçıya məsuliyyət yaradan vergi hesablamışdır. Vergi ödəyicisinin yoxlamaya təqdim etdiyi izahatına (iş materiallarının 49-50-ci səhifələrinə əlavə edilmişdir) münasibətdə kollegiya aşağıdakıları qeyd edir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir: - faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; - faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; - faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə.” Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən müəyyən olunur ki, faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatı bütün hallarda əsaslı sübut kimi qəbul edilmir. İlk öncə etiraf da, digər sübutlar kimi, hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Əgər iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edilərsə, yalnız bu zaman həmin etirafizahatın sübut kimi qəbuledilənliyi məhkəmə üçün labüd olur. Bununla bağlı kollegiya qeyd edir ki, real həyat müşahidələri də göstərir ki, etiraf, hər zaman şəxsin sərbəst iradəsini ifadə etmir. Mümkündür ki, əhəmiyyətli yanılma və ya digər hallarda hər hansı faktla bağlı izahat verilsin. Lakin sonradan işin əsli məlum olduğunda müəyyən korreksiyaların edilməsi və ya fərqli məzmunda mövqe göstərişi istisna olunmur. Məhz bu baxımdan yanaşdıqda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki mübahisə üzrə yeganə mövqeyi olan - iddiaçı MTK-nın təsisçisinin etiraf-izahatını iş üzrə yekun nəticəyə gəlmək üçün yetərli hesab etmir. Belə ki, işdən görünür ki, iddiaçı tərəf həmin izahatın səhvən verildiyini iddia edir. Başqa sözlə, iddiaçının mövqeyinə əsasən bu, yanılma nəticəsində verilmiş ifadələrdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin yuxarıda əks olunmuş mövqeyinə əsasən, təkcə etiraf yetərli deyil, bu fakt digər sübutlarla da təsdiq olunmalıdır. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Hazırki işdə bir halda ki, cavabdeh açıq qalan sahənin təsisçilər arasında bölüşdürüldüyünü iddia edir, bunu konkret sənədlərlə, dəlillərlə sübut etməlidir. Lakin işdə buna işarət edəcək, təsdiqləyəcək sənədlərə rast gəlinmir. Kollegiya bir məqama da münasibət bildirməyi zəruri hesab edir ki, nə vergi, nə də tikinti qanunvericiliyində bina tikintisi fəaliyyəti sferasında “açıq sahə” anlayışı yoxdur. Bununla cavabdeh satışa yararlı olan, lakin hələ satılmamış olan sahəni nəzərdə tutur. Yəni cavabdehə görə satışa yararlı olan, lakin satılmayan sahələr təsisçilər arasında artıq bölüşdürülmüşdür. Belə olan halda satılacaq boş sahə qalmamış olmalıdır. İşdən isə görünür ki, iddiaçı 02 yanvar 2021-ci il tarixli, 05 yanvar 2021-ci il tarixli, 08 yanvar 2021-ci il tarixli müqavilələrlə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində inşa edilmiş Bina 6 “A-1” blokunun mansard hissəsindən müxtəlif alıcılara mənzillər satmışdır. Göründüyü kimi iddiaçı cavabdehin açıq sahə adlandırdığı ərazidən (ki mansard da həmin əraziyə daxil idi) son dövrlərdə də mənzillər satmaqda davam edir. Bu halın özü həmin sahələrin təsisçilər arasında bölüşdürülmədiyini bir daha təsdiq edir. İddiaçının bu dəlilinə qarşı, işin əslini sübut etmək cavabdehin üzərinə düşür. Əgər cavabdeh iddiaçının bu dəlilini dəf edə biləcək bir arqument ortaya qoya bilmirsə, başqa sözlə mövcud vəziyyətdə yaranmış şübhələr aradan qaldırıla bilmirsə, onda yuxarıda istinad olunan normalara əsasən bu hal vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır, əksinə onun məsuliyyəti ilə nəticələnməməlidir. Hətta fərz olunsa ki, iddiaçı təqdim edilmiş sahələrlə bağlı məlumatları vaxtında və dürüst vergi orqanına təqdim etməmişdir, bu hal, yenə də iddiaçının məsuliyyəti ilə nəticələnməyəcək. Bu qənaət aşağıdakılardan irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsində təsbit olunur ki, Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Beləliklə, qanuni şəkildə vergiləri ödəmək (o cümlədən müvafiq vaxtda və miqdarda) hər bir şəxsin əsas konstitusiya vəzifələrindən biridir. Qanunla müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. Bu cür hüquq pozuntularının törədilməsi mövcud qanunvericiliyə əsasən hüquqi məsuliyyətə səbəb olur. Lakin qanunverici məsuliyyətə cəlb etməni məhdudiyyətsiz deyil, müəyyən müddət çərçivəsində həyata keçirilməli olmasını təsbit edir. Belə ki, Vergi Məcəlləsinin 36.3-cü maddəsində deyilir ki, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən bu Məcəllənin 38.3-cü maddəsində göstərilən hallarda keçirilən yoxlamalar istisna olmaqla, vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrü üçün vergi ödəyicisinin ödədiyi və ya ödəməli olduğu vergilər üzrə səyyar vergi yoxlamalarının keçirilməsi qadağandır. İstinad olunan normalardan göründüyü kimi səyyar vergi yoxlaması üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyəti yoxlanılır. Hazırki işin hallarından görünür ki, iddiaçı barəsində aparılmış sonuncu yoxlama ƏDV üzrə aprel 2017-mart 2020-ci illəri əhatə etmişdir. Başqa sözlə, cavabdeh yoxlamada qeyd olunan dövrlər üzrə 3 illik zaman kəsiyində aşkara çıxmış pozuntularla bağlı iddiaçını məsuliyyətə cəlb etməyə haqlı ola bilər. Lakin cavabdeh, iddiaçını, İddiaçı MTK-nın təsisçilərinin ümumi yığıncağının 2014-cü il 14 mart tarixli protokol qərarına (açıq sahənin təsisçilər arasında bölüşdürülməsi barədə) əsasən məsuliyyətə cəlb etmişdir. Bununla da müəyyən olunur ki, cavabdehin hüquq pozuntusu kimi aşkara çıxardığını iddia etdiyi hal (2014-cü il, mart) yoxlama dövrü (aprel 2017-mart 2020-ci illəri ) ilə əhatə olunmur. Hətta fərz olunsa ki, iddiaçı tərəfindən həqiqətən də hüquqpozuntusu törədilmişdir, həmin dövrdən (2014) 3 ildən çox keçdiyindən, müddətin keçməsi əsası ilə iddiaçı, məsuliyyətə cəlb olunmayacaqdır Belə ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 aprel 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətlərinin müəyyən edilməsi iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyəti iştirakçılarının iqtisadi fəaliyyətə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Avropa Birliyinin Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir. (..) Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində (..) nəzərdə tutulan qaydada tətbiq olunmalıdır.” İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). Kollegiya həmçinin bir məqama da diqqət yetirir ki, işdən görünür ki, iddiaçı barəsində daha öncələr də səyyar vergi yoxlaması keçirilmiş, yəni 12.10.2015-ci il tarixli və 25.04.2017-ci il tarixli səyyar vergi yoxlaması aktlarında 3847,9 kv.m açıq qalan sahə qeyd edilmişdir. Hətta qeyd olunmuşdur ki, müəssisə tərəfindən ümumi sahədən 7128,42 kv.m sahə satılmadığından, aparılan yoxlama ilə əhatə olunmamışdır. (25.04.2017-ci il tarixli aktın 3-cü səhifəsi) Bu qənaət isə ona gətirib çıxarır ki, hazırki iş üzrə mübahisə predmeti olan 3847,9 kv.m açıq qalan sahənin olması əvvəlki yoxlamalar zamanı da vergi orqanına məlum idi. Lakin bu barədə hər hansı araşdırma və ya məsuliyyət müəyyən edən hərəkətlər aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasın inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, iddiaçıya səyyar vergi yoxlaması zamanı əlavə dəyər vergisi hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, həmçinin bunu sübut etmiş olsaydı belə, məsuliyyətə cəlbetmə müddəti keçdiyindən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməsi, cavabdehin 30.10.2020-ci il tarixli **********141271 nömrəli qərarın qismən-2020-ci il üzrə 297058,57 manat əlavə dəyər vergisinin hesablanması və həmin məbləğə uyğun olaraq 148.529,14 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsinə dair yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-482/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30.10.2020-ci il tarixli **********141271 nömrəli qərarı qismən- 2020-ci il üzrə 297058,57 manat əlavə dəyər vergisinin hesablanması və həmin məbləğə uyğun olaraq 148.529,14 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-448/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-448/2021
29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver