Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-448/2022 06.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(118)-1074/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialına qarşı iddia qaldıraraq, ona pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə Qərbi Azərbaycanda anadan olmuşdur. xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilə qədər Dilican “impuls” zavodunda çilingər şagirdi peşəsi üzrə işləmiş, 1974-1976-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər sovxozda fəhlə işləmiş, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Bakı Dənizçilik Məktəbində motorçu peşəsi üzrə təhsil almış, xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilə qədər X3 İdarəsində motorçu peşəsi üzrə işləmiş, xx.xx.1984-cü ildən xx.xx.1993-cü ilə qədər və xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə qədər Sumqayıt Kompressorlar zavodunda tornaçı peşəsi üzrə işləmiş, xx.xx.1997-ci ildə “Xəzərdənizneftsosialtikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə 3-cü dərəcəli dülgər peşəsi üzrə işə qəbul olunmuşdur. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin 31 mart 2003-cü il tarixli 92 saylı sərəncamına əsasən “Xəzərdənizneftsosialtikinti” trestinin və onun struktur bölmələrinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. xx.xx.2004-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad olunmuşdur. İddiaçı xx.xx.2021-ci ildə 65 yaşının tamam olmasını və 25 ildən çox iş stajı olduğu üçün qanunvericiliyin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialına müraciət etmiş, həmin idarədən verilən xx.xx.2022-ci il tarixli, **********4 saylı məktubla əmək pensiyasının təyin olunmasından heç bir əsas olmadan, tamamilə qanunsuz olaraq imtina edilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İş materiallarından aydın olur ki, iddiaçının mübahisəsiz sosial sığorta stajı (1994-cü il tarixdən 1997-ci il tarixədək olan dövrlər) 22 il 11 aydır. Mübahisəli sosial sığorta stajı 6 il 05 ay 27 gündür. Əmək kitabçasına əsasən xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “X5 Sosial Tikinti tresti”nin 3 saylı Tikinti Quraşdırma idarəsində işlədiyi dövrün arxiv sənədləri təhvil verilmədiyindən və müəssisənin hüquqi ünvanı məlum olmadığı üçün həmin dövrlərin digər təsdiqedici sənədlər əsasında (arxiv arayışları, əmək haqqı cədvəlləri, əmrlər kitabı və s.) qarşılıqlı yoxlama aparılması mümkün olmamışdır. Bu dövr sosial sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq, xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı tərəfindən İddiaçı işləməsi faktını yerində yoxlayıb akt tərtib edilmişdir. Həmin aktda İddiaçı dair əmr kitabı, əmək haqqı cədvəlləri, şəxsi vərəqəsi və digər arxiv sənədləri təqdim edilməməsi səbəbindən yoxlama aparmaq mümkün olmadığı qeyd edilmişdir. Dövlət Vergi Xidmətinə sorğu göndərilmiş, Dövlət Vergi Xidmətinin **********124900 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən “X5 Sosial Tikinti tresti”nin 3 saylı Tikinti Quraşdırma idarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(118)-1074/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 65 yaşı tamam olduğu 10 noyabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialına həvalə edilməsi qərara alınmışdır. (hakim Ceyhun Məmmədov) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 149. Normativ hüquqi aktlar Vİ. mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri
63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti...
Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yaşa görə əmək pensiyası təyin etməkdən imtinası əsassız olmuşdur. Məhkəmə kollegiyası ilk öncə, “Xəzərdənizneftsosialtikinti” trestinin 3 saylı Tikinti Quraşdırma idarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməməsi barədə cavabdehin dəlilləri ilə bağlı qeyd edir ki, işdə olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin 92 nömrəli, 31 mart 2003-cü il tarixli sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olmuş Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 18 ünvanında yerləşən “Xəzərdənizneftsosialtikinti” trestinin bazasında "xxxx" açıq səhmdar cəmiyyəti yaradılmışdır. Həmin sərəncama 1 nömrəli əlavədən görünür ki, 3 nömrəli Tikinti Quraşdırma idarəsi “Xəzərdənizneftsosialtikinti” trestinin struktur bölmələrinin siyahısına daxil edilmişdir. "xxxx" açıq səhmdar cəmiyyətinin nizamnaməsindən isə görünür ki, cəmiyyət dövlət qeydiyyatına alınmışdır. İddiaçının sosial sığorta stajına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətindən və cavabdehin imtinasından müəyyən olunur ki, iddiaçının 22 il 11 ay sosial sığorta stajının olması (1974-cü ildən 1997-ci ilədək işlədiyi dövr) mübahisələndirilmir. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2004-cü ilədək “X5 Sosial Tikinti trestinin” 3 saylı Tikinti Quraşdırma idarəsində işlədiyi müddəti mübahisələndirərək qeyd etmişdir ki, həmin dövrün arxiv sənədləri təhvil verilmədiyindən və müəssisənin hüquqi ünvanı məlum olmadığı üçün digər təsdiqedici sənədlər əsasında (arxiv arayışları, əmək haqqı cədvəlləri, əmrlər kitabı və s.) qarşılıqlı yoxlama aparılması mümkün olmamışdır. Bu dövr sosial sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq, xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı tərəfindən İddiaçı işləməsi faktını yerində yoxlayıb akt tərtib edilmişdir. Həmin aktda İddiaçı dair əmr kitabı, əmək haqqı cədvəlləri, şəxsi vərəqəsi və digər arxiv sənədləri təqdim edilməməsi səbəbindən yoxlama aparmaq mümkün olmadığı qeyd edilmişdir. Dövlət Vergi Xidmətinə sorğu göndərilmiş, Dövlət Vergi Xidmətinin **********124900 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən “X5 Sosial Tikinti tresti”nin 3 saylı Tikinti Quraşdırma idarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İddiaçının xx.xx.1997-ci ildən xx.xx.2004-cü ilədək “Xəzərdənizneftsosialtikinti” trestinin 3 saylı Tikinti Quraşdırma idarəsində işlədiyi dövrün arxiv sənədlərinin təhvil verilməməsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan həmin trestin bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 01/31 nömrəli arayışından görünür ki, İddiaçı 1997-ci ildən 2004-cü ilə qədər müəssisədə dülgər işləmişdir. Bundan başqa, məhkəmə kollegiyasının sorğusu əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Xəzərdənizneftsosialtikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinin “Əmək kitabçalarının hərəkəti” haqqında qeydiyyat kitabından çıxarışı məhkəməyə təqdim etmişdir. Həmin əmrlər kitabından çıxarışdan da görünür ki, iddiaçının xx.xx.1997-ci ildə dülgər peşəsi üzrə işə qəbul edilməsi və xx.xx.2004-cü ildə işdən azad edilməsi barədə əmrlər qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2004-cü ilədək “Xəzərdənizneftsosialtikinti” trestinin 3 saylı Tikinti Quraşdırma idarəsində işləməsi barədə əmək kitabçasında olan qeydin həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir və belə olan halda, iş dövrünün yoxlanılmasının mümkün olmaması barədə cavabdehin dəlili işçinin işləməməsi anlamına gəlməməlidir və bu əsasa görə işçinin konstitusion hüququ olan sosial təminat hüququnun təmin edilməməsi digər mötəbər sübutlara əsaslanmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2004-cü ilədək “Xəzərdənizneftsosialtikinti” trestinin 3 saylı Tikinti Quraşdırma idarəsində işlədiyi dövrlər sığorta stajına daxil edildikdə onun 25 ildən artıq sosial sığorta stajı, pensiya yaşına çatdığına görə yaşa görə əmək pensiyası almaq hüququ yaranır və iddia tələbini təmin edən birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(118)-1074/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.