Məhkəmə qərarları › İş №2-1(105)-448/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-448/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-448/2025 29.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: əlilliyin ləğv edilməsi barədə qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdeh orqan tərəfindən onun ümumi əsaslarla ikinci qrup əlilliyinin ləğv edilməsinə dair qəbul edilmiş 16 yanvar 2024-cü il tarixli qərarın ləğv edilərək, ikinci dərəcə əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1233/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdehin iddiaçıya ünvanladığı 15 mart 2024-cü il tarixli bildirişdən görünür ki, ona ümumi xəstəlik səbəbindən xx.xx.2021-ci il tarixində təyin edilmiş 5 il müddətinə ikinci dərəcə əlilliyin ləğvi barədə qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-73-cü maddələrinə əsasən barənizdə qəbul edilən qərardan 30 gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya məhkəməyə şikayət vermək hüququna maliksiniz. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 16 yanvar 2024-cü il tarixli qərarından görünür ki, İddiaçı 16 yanvar 2024-cü il tarixdən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və X7 publik hüquqi şəxsin 29 noyabr 2024-cü il tarixli, T 774/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Akad. C.Abdullayev adına X1 müayinəsi zamanı müəyyən edilmiş diaqnoz: ÜİX. Gərginlik stenokardiyası (İİİ). İnfarktdan sonrakı kardioskleroz. AF-34%, Hipertoniya xəstəliyi İİ mər. Autoplastika (x5) s\v- 2021; 2022; 2023; 2024; Xroniki ürək çatmamazlığı İİİ; (İ20.0, İ25.2, İl 1.1, Z55.5, İ50.0). O, hazırda həmin xəstəliklərdən əziyyət çəkir. Qeyd edilən diaqnoz qərardadın 2-ci bəndində sualda qoyulmuş diaqnozdakı əsas xəstəlik və onun ağırlaşmaları ilə eynilik təşkil edir. Qərardadda qoyulmuş digər suallar əlilliyin təyininə aid olduğundan onların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixidə təyin edilmiş 5 il müddətinə 2-ci qrup əllilliyinin ləğv edilməsinə dair hərəkətlərini qanunsuz hesab edilməsi, İİ qrup əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqan tərəfindən onun ümumi əsaslarla ikinci qrup əlilliyinin ləğv edilməsinə dair qəbul edilmiş 16 yanvar 2024-cü il tarixli qərarın ləğv edilərək, ikinci dərəcə əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh orqan - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra Agentlik) özünün xx.xx.2024-ci il tarixli Bildiriş məktubu ilə xx.xx.2021-ci il tarixində malik olduğu ümumi əsaslarla 2-ci qrup əllilliyinin ləğv edilməsinə dair qərar qəbul edildiyini bildirmişdir. Malik olduğu 2-ci qrup əllilliyinin və daha sonra əmək pensiyasının cavabdeh inzibati orqan tərəfindən belə bir formada dayandırılması onu “şoka salsa da” bir azdan özünə gəlmiş, layiq olduğu təminatın və pozulmuş sosial təminat hüququnun müdafiəsi ilə bağlı mübarizəyə başlamışdır. Belə ki, cavabdeh inzibati orqana - əllilliyinin ləğv edilməsinə dair Qərarın rəsmən ona verilməsi üçün müraciət etmiş, lakin inzibati orqan sözügedən Qərarı ona təqdim etməmişdir. xx.xx.1962-ci il təvəllüdlüdür. Uzun müddət gərgin əmək fəaliyyəti nəticəsində sağlamlıq durumunda, ən əsası isə ürəyində problemlər yaranmış və həkimlərin tövsiyəsinə əsasən aidiyyatı üzrə müayinə və müalicələrə cəlb edilmişdir. Lakin sağlamlıq durumu heçdə yaxşılaşmamış və nəticə olaraq 2013-cü ildə TSEK tərəfindən ümumi əsaslarla 2-ci qrup əllillik təyin edilmişdir. Növbəti illərdə də, yəni 2014, 2015 və 2016-cı ildə əlilliyinin həmin diaqnoz ilə təsdiqlənmişdir. 2016-cı ildən başlayaraq növbəti müayinə vaxtının müddəti 5 il müəyyən edilmiş və xx.xx.2022-ci il tarixdə növbəti müayinəni keçərək, əlilliyi bir daha da təsdiq edilmiş və növəti 5 ilə yəni 2027-ci ilə kimi uzadılmışdır. Lakin, 2024-ci ilin yanvar ayında mobil telefonuna cavabdeh-Agentlikdən onu təkrar olaraq əlilliyin müəyyən edilməsi məqsədi ilə şəxsi əyani müayinəyə cəlb edilməsi haqqında sms- bildiriş daxil olmuş və o da qayda-qanunun aliliyinə inan və hörmət edən şəxs olaraq Agentliyə təşrif buyurmuşdur. Agentliyin inzibati binasında quraşdırılmış EKQ aparatından tələmə-tələsik onu keçirdərək yola salmış, nəticəsi barədə məlumatlandırıcaqları bildirmişlər. Lakin ötən 2 ay ərzində heç bir məlumat daxil olmamış, yalnız Novruz bayramı qabağı bankomatdan əmək pensiyamın çıxartmaq istəyərkən hesabının sıfırlandığını görərək məyus olmuşdu. Məsələni araşdırdıqda məlum olmuşdur ki, AR ƏƏSM naziri göstərişinə əsasən 500 manatdan yuxarı pensiya alan əlilləri, “TSEK-in qərarının düzgünlüyünə şübhə altına alan əsaslı sübütlar olarsa” adı altında növbəti kampaniyaya başlanılıb və məqsəd maksimum sayda əlillərin sayını azaltmaqdan ibarətdir. Beləliklə, yuxarıda qeyd etdiyi kimi, cavabdeh 2-ci qrup əllilliyimin ləğv edilməsinə dair qərar qəbul edildiyini bəyan etsə də, inzibati akt sayılan qərarı ona təqdim etməmiş, əlilliyinin ləğvini ona yalnız bildiriş formasında etmişdir. Cavabdeh inzibati orqanın 2013-cü il tarixdən malik olduğu 2-ci qrup əllilliyin ləğv edilməsi barədə qərar qəbul etməyə dair bəyan etməsi ilə bağlı hərəkətləri qanunsuzdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti Sumqayıt 4 nömrəli xəstəxananın poliklinka şöbəsinin 0530003AAHW8 nömrəli göndərişi DTSERA-da əyani müayinə əsasında xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və ona xx.xx.2021-ci il tarixindən hesablanmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.2.1-ci bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (ESDAS:**********4). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-C-33079/2023 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, müayinədə iştirak etmişdir. Müayinəyə gələrkən tənginəfəslik, ürək nahiyyəsində olan ağrılar, arterial təzyiqin yüksək olmasından şikayət etmiş, Ak.C.Abdullayev adına ET-Kardiologiya İnstitutunun doğruluğu böyük şübhə yaradan xx.xx.2021-ci il tarixli 6137 nömrəli Rəyi təqdim edilmişdir ki, orada da diaqnoz “ÜİX Stabil gərginlik stenokardiyası İİİ f.s.(üç).Miokard infarktindan sonrakı vəziyyət Koronar damarın angioplastikasından sonrakı vəziyyət (2021 x 2stend). Arterial hipertoniya İİ dərəcə.Ürək çatışmazlığı İİ dərəcə MÇ-İİ dərəcə TÇ-İİ dərəcə. EF-34%" olmuş. Sumqayıt Tibb Mərkəzinin xx.xx.2021-14.12.202l-ci ıl tarixli 9310 nömrəli çıxarışında diaqnoz “ÜİX. Stabil gərginlik stenokardiyası İV F.S. infarktdan sonrakı kardioskleroz. (2017). PKM əməliyyatından sonrakı vəziyyət. Xroniki ürək çatmamazlığı, azalmış SMAF ilə-lll F S (NYHA). Mədəcik daxili blokada. Aterial hipertenziya İİİ dərəcə. İV risk. Strofekt. Hipertoik kriz olmuşdur. Obyektiv müayinə zamanı xroniki qan dövranı pozğunluğuna aid əlamətlər izlənməmiş, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, periferik ödem izlənilməmiş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 120/80 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 85 vurğu), dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmiş DTSERA-da xx.xx.2024-cü il tarixində aparılmış Transtorokal exokardıoqrafiya müayinə nəticəsi “aorta sərtləşib. Çıxan aorta genişlənib (3.6 sm). Septumun cüzi hipertrofiyası (1,2 sm). Sol mədəxciyin sistola diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olurmur, sistolik funksiya azalmayıb (LVEF=58%). Aortal və Mitral qapaqlar fibrotikdir. Mln 1 Mitral requrgitasiya. Perikard təmizdir.” kimi qeyd edilmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən hazırda xəstədə xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşması müşahidə edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixindən etibarən “Tam reaabilitasiya olunması”na dair qərar qəbul edilsin. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1233/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının iddiaçının ümumi əsaslarla ikinci qrup əlilliyinin ləğv edilməsinə dair qəbul etdiyi 16 yanvar 2024-cü il tarixli qərarın ləğv edilməsi, İddiaçı ikinci dərəcə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində göndərişdə öz əksini tapmış iddiaçının əziyyət çəkdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.12-ci maddəsində ikinci qrup əlilliyin təyin edilməsi əsaslarında öz əksini tapmışdır. Eyni zamanda iddiaçıya 2022-ci il tarixindən 5 il müddətinə təyin edilmiş əlillik dərəcəsinin müddəti tamam olmadan, iddiaçının cavabdeh orqan tərəfindən yenidən müayinəyə dəvət edilməsinin səbəbləri barədə məhkəməyə hər hasnı sübut təqdim edilməmişdir. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İddiaçı ona 20 aprel 2023-cü il tarixdən ikinci qrup əlilliyin təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdehin etirazını belə təhrif edərək, guya etirazın şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbəindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə cavabdeh tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Halbuki, şəxsin əyani müayinəsi ilə sübut edilir ki: Obyektiv müayinə zamanı xroniki qan dövranı pozğunluğuna aid əlamətlər izlənməmiş, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, periferik ödem izlənilməmiş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 120/80 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 85 vurğu), dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən hazırda xəstədə xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşması müşahidə edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixindən etibarən “Tam reaabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni tam reablitasiya olunması barədə qərar İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2024-cü il tarixindən etibarən “Tam reaabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik əlaməti təyin etmədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. ..... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçı barəsində təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi və ikinci dərəcə əlilliyin bərpa edilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində xx.xx.2021-ci il tarixdən təyin edilmiş ikinci dərəcə əlilliyin ləğvi barədə xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazrki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçıya məktub ünvanlayaraq, əlilliyin qiymətləndirilməsi barədə qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi halda, əlilliyi müəyyən edilmiş şəxsin əyani müayinəyə cəlb edildiyini bildirərək, iddiaçının xx.xx.2024-cü il tarixdə əyani müayinədə iştirakı tələb edilmiş, əks halda əliliyin ləğvi barədə inzibati akt qəbul ediləcəyi bildirilmişdir. İddiaçı həmin tarixdə əyani müayinədə iştirak etmiş, TSEK tərəfindən anamnestik məlumatlar, obyektiv, instrumental müayinələr və təqdim edilmiş sənədlərə əsasən tam reabilitasiya olunması barədə xx.xx.2024-cü il tarilxi qərar qəbul edilmişdir. İş materiallarınan görünür ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişin məzmununda əsas diaqnoz “Stenokardiyanın digər formaları,ÜİX.Gərginlik stenokardiyası İİİ f.a” XBT kodu İ20.8, ağırlaşma “Durğunluq ürək çatmamazlığı,QDÇ İİ mərhələ AF-34%” XBT kodu İ50.0, “Əvvəllər keçirilən miokard infarktı,infarktdan sonrakardioskleroz” XBT kodu İ25.2, “Ürək və damar qurğuları,implantları və transplantları ilə bağlı ağırlaşmalar, angioplastikadan sonrakı vəziyyət” XBT kodu T82, yanaşı xəstəliklər “Nevrasteniya,asreno nevrotik sindrom” XBT kodu F48.0, “Ürəyin hipertenziv xəstəliyi,arterial hipertenziya İİİ əlavə risk İV” XBT kodu İ11 kimi qeyd edilmişdir. İş materiallarında olan və tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin mövcudluğu müəyyən edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində qəbul edilmiş əlillik təyinatı ilə bağlı qərarının mötəbərliyini şübhə altına alınmasının əsası kimi müxtəlif risk qrupları üzrə araşdırılma aparılması məqsədilə bağlı hallara istinad etmişdir Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina, etiraz və apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iş materialları əsasında iddiaçıya 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə TSEK tərəfindən qəbul edilmiş qərar mövcud olmuşdur. Həmçinin, kollegiya onu qeyd edir ki, yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən əlilliyin olub-olmaması halı məhz əlilliyin qiymətləndirilməsinin müvafiq inzibati orqan tərəfindən aparılmaqla və həmin qiymətləndirilmənin nəticəsinə uyğun olaraq qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmçinin, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqan əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edildiyi və buna dair sübutlar olduğu halda, inzibati icraatı məhz həmin sübutlar əsasında təzələməli, inzibati icrat başlanılmalı, şəxs əyani müayinəyə cəlb edilməklə, qərar qəbul edilməlidir. Kollegiya hesab edir ki, indiki halda aydınlaşdırılmalı olan hal cavabdeh inzibati orqan tərəfindən özünün qəbul etdiyi qərarın düzgünlüyünü şübhə altına alan əsasın (hansı ki inzibati icraatın təzələnməsinə əsas olmuşdur) nədən ibarət olmasıdır. Cavabdeh inzibati orqan bununla bağlı “əsaslı şübhə” qismində müxtəlif risk qrupları üzrə araşdırma aparılması hallarına istinad etməklə, “əsaslı şübhə”ni ümumi sözlər şəklində ifadə etməklə, risk qrupuna daxil edilmənin əsaslarına dair hər hansı sübut (audit yoxlaması, xidməti araşdırmanın nəticəsi və s.) təqdim edilməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində ikinci dərəcə müddətli əlillik təyin edilməsi ilə bağlı qərar qəbul etdiyi halda, həmin qərarın mötəbərliyinin şübhə altına alan əsaslı sübutlar mövcud olmadığı halda, inzibati icraatı təzələməklə, iddiaçı əyani müayinəyə dəvət edilmiş, onun barəsində tam reabilitasiya olunması barədə qərar qəbul etməklə və nəticə olaraq əlilliyi ləğv etməklə bağlı qənaətə gəlməsi qanunvericilik normalarının tələbinin pozuntusu olmaqla, bu tələblərə birbaşa ziddir. Başqa sözlə desək, cavabdehin istinad etdiyi hal ümumi söz şəklində ifadə edildiyindən, formalaşdırılmış məhkəmə təcrübəsinə uyğun olaraq inzibati icraatın təzələnməsinə əsas olan halın “əsaslı şübhə” kimi qiymətləndirilməsinə əsas vermir. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh inzibati orqan “müxtəlif risk qrupuna daxil olması” ümumi söz şəklində istinad etməklə, özünün qəbul etdiyi qərarı şübhə altına almaqda haqlı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikasının məhkəmələrinə ünvanlanmış 15 may 2024-cü il tarixli, 1-8-10/2-824/2024 saylı icmal məktubunda qeyd edilmişdir ki, “İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə Agentlik istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, həmin qurum “əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Ali Məhkəmənin bu məsələyə dair qərarlarında “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” müddəasının mahiyyəti açıqlanaraq vurğulanmışdır ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünülüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, qurum ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, onun əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Həmçinin bu kateqoriyadan olan işlərə baxılarkən əlilliyi müddətli müəyyən edilmiş şəxslərin əyani müayinəsinin nəticələrinin ona əlilliyin müəyyən edildiyi vaxta uyğun sağlamlıq vəziyyətini qiymətləndirməyə imkan verərək müddətdə aparılmalı olması da nəzərə alınmalıdır. Belə ki, məhkəmə təcrübəsində 5 il müddətində əlilliyi müəyyən edilmiş şəxsin əlillik müddətinin bitməsinə 1 il qalmış onun əyani müayinəyə cəlb edilməklə TSEK-in əvvəlki qərarının düzgünlüyünün yoxlanılması ilə bağlı mübahisəyə də rast gəlinmişdir. Əlilliyin ləğvi ilə bağlı inzibati işlərin həlli zamanı inzibati orqanın əlilliyin ləğvinə yönələn davranışlarının inzibati icraat haqqında qanunvericiliyin əsas prinsiplərinə və tələblərinə uyğun olmadığı mübahisəsiz aşkar olduğu hallarda məhkəmələr tərəfindən əlilliyin ləğvi üçün əsas olub-olmaması, yəni şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi istiqamətində araşdırma aparılmalıdır.” Bundan əlavə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi və digər tibbi sənədlər əsasında iddiaçıya əlilliyin təyin edilməsinə əsas olan xəstəliklərin mövcudluğu öz təsdiqini tapmışdır. Bu hal özlüyündə cavabdeh inzibati orqanın “tam reabilitasiya olunması” barədə qəbul etdiyi qərarın qanunazidd olduğunu deməyə əsas verir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, habelə inzibati orqan iddiaçı barəsində 5 il müddətinə ikinci dərəcə əlilliyi ləğv etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, maddi hüquq norması düzgün tətbiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1233/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar