Məhkəmə qərarları › İş №2-1(105)-449/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-449/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-449/2021 29.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (açar sözlər: xronometraj metodu ilə müşahidənin nəticələrinə görə əlavə vergilərin hesablanması) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı direktoru X4 və MMC-nin nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-yə vergilərin hesablanmasina dair 24.04.2019-cu il tarixli **********653600 saylı, 25 sentyabr 2019-cu il tarixli **********668000 saylı, 10.10.2019-cu il tarixli **********442200 saylı, 22 noyabr 2019-cu il tarixli **********511800 saylı qərarlarının ləğv edilməsinə” dair Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2-1(118)-76/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı MMC-i Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-yə vergilərin hesablanmasına dair 24.04.2019-cu il tarixli, **********653600 saylı, 25 sentyabr 2019-cu il tarixli, **********668000 saylı, 10.10.2019-cu il tarixli, **********442200 saylı, 22 noyabr 2019-cu il tarixli **********511800 saylı qərarlarının ləğv edilməsi barədə ayrı-ayrı iddia ərizələri ilə məhkəməyə müraciət etmişdir. Tərəflər mübahisələndirilən qərarların mahiyətinin və tərəflərin eyni olmasını nəzərə alaraq işlərin bir icraatda birləşdirilməsini xahiş etmiş, İddiaçı MMC-i cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-yə vergilərin hesablanmasına dair 24.04.2019-cu il tarixli, **********653600 saylı qərarın ləğv edilməsi”nə dair 2-1(118)- 68/2020 saylı, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" MMC-yə vergilərin hesablanması barədə 25 sentyabr 2019-cu il tarixli, **********668000 saylı qərarının ləğv edilməsi”nə dair 2-1(118)-211/2020 saylı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-yə vergilərin hesablanması barədə 10.10.2019-cu il tarixli, **********442200 saylı qərarının ləğv edilməsi”nə dair 2-1(118)-322/2020 saylı inzibati işlər Sumqayıt İnzibati Məhkəsinin 23 oktyabr 2020-ci il tarixli qərardadları ilə məhkəmənin icraatında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-yə vergilərin hesablanması barədə 22.11.2019-cu il tarixli, **********511800 saylı qərarının ləğv edilməsi”nə dair 2-1(118)- 499/2020 saylı inzibati işlə bir icraatda birləşdirilmişdir.

İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-i 26 aprel 2016-cı il tarixdə təsis edilərək Kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatına alınmışdır. Həmin vaxtdan fəaliyyət göstərən MMC-i nizamnaməyə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olur və fəaliyyət dövrü ərzində MMC-i öz üzərinə düşən vergi və digər öhdəliklərini vaxtı vaxtında yerinə yetirmiş, yəni gəlirlərinə uyğun olaraq üzərinə düşən vergiləri vaxtı vaxtında vergi orqanına bəyan etməklə öz üzərinə düşən vergi öhdəliyini dürüst, qanunauyğun olaraq icra etmişdir. 24 aprel 2019-cu il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması haqqında **********653600 nömrəli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində MMC-yə 68.812,28 manat əlavə vergi məbləği hesablanmışdır. Təqdim edilmiş bəyannamə üzrə tərəflərindən hesablanmış vergi məbləği isə 1.755,70 manat təşkil etmişdir. Bəyannamədə göstərilən məbləğə düzəliş edilməsinin səbəbi kimi ƏDV bəyannaməsinin 301-ci “ƏDV-yə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin cəmi olan 609301.18 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş dövriyyə göstərilmişdir. 20 may 2019-cu il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması haqqında **********545100 nömrəli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində MMC-yə 86.640,38 manat əlavə vergi məbləği hesablanmışdır. Təqdim edilmiş bəyannamə üzrə tərəflərindən hesablanmış vergi məbləği isə 46.846,74 manat təşkil etmişdir. 25 sentyabr 2019-cu il tarixli Azərbaycan Respublikasın Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması haqqında **********668000 nömrəli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində hesblanmış vergi məbləği 32.952.82 manat məbləği hesablanmışdır. Təqdim edilmiş bəyannamə üzrə tərəflərindən hesablanmış vergi məbləği isə 0.0 manat təşkil etmişdir. 10 oktyabr 2019-cu il tarixli Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsinin vergiləri hesablanması haqqında **********442200 nömrəli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində hesablanmış vergi məbləği 30.31700 manat əlavə vergi hesablanmışdır. Tərəflərindən təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi məbləği 0.00 manat təşkil edir. “22 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması haqqında **********511800 nömrəli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində hesablanmış vergi məbləği 69.680.88 manat məbləği hesablanmışdır. Təqdim edilmiş bəyannamə üzrə tərəflərindən hesablanmış vergi məbləği isə 0.0 manat təşkil etmişdir. Hesab edirlər ki, cavabdeh tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği düzgün hesablanmamış, bu baxımdan da qəbul edilmiş qərarlar əsassızdır.

Cavabdehin etirazları:

3. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında qeyd edir ki, iddiaçı MMCnin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı kameral vergi yoxlamalarının nəticəsi üzrə qəbul edilmiş qərarların ləğv edilməsinə dair məhkəmənin icraatında olan 2-1(118)-68/2020; 2-1(118)-211/2020; 2-1(118)-322/2020 və 2-1(118)- 499/2020 nömrəli inzibati işlərin bir icraata birləşdirilməsinə dair İdarə tərəfindən 09.10.2020-ci il tarixli **********562600 nömrəli vəsatətlə məhkəməyə müraciət edilmiş və yuxarıda qeyd edilən işlər məhkəmənin 2-1(118)-499/2020 saylı qərardadına əsasən bir icraata birləşdirilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda göstərilən əsaslara görə həmin iddia ərizələri ilə razılaşmır. Belə ki, uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma zamanı cəmiyyətin 26.04.2016-cı il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, ərizəsinə əsasən əsas fəaliyyətinin “Kommersiya və sahibkar təşkilatlarin (cəmiyyətlərin, birliklərin, ittifaqların) fəaliyyəti”dən ibarət olduğu müəyyən edilmişdir. Vergilər Nazirliyi yanında 2 saylı Ərazi Vergilər Departamentnin 10.08.2018-ci il tarixli **********6980 nömrəli "Xronometraj metodu ilə müşahidə aparılması haqqında" qərarına əsasən İddiaçı MMCnin **********-31001 kodlu təsərrüfat subyektində xronometraj metodu ilə müşhaidə aparılmış və 14.08.2018-ci il tarixli 14016303 nömrəli akta əsasən ümümilikdə orta günlük dövriyyə 44183,50 manat müəyyən edilmişdir. Bildirirlər ki, iddiaçı tərəfindən 2019-cu ilin sentyabr ayı üçün təqdim olunmuş ƏDV bəyannaməsinin 301-ci “ƏDV-yə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrində göstərilmiş 647.790,59 manat məbləğin (ƏDV daxil), rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1.104.587,42 manat) məbləğindən 456.796,83 (ƏDV daxil) manat az olduğu aşkar edilmişdir. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə iddiaçıya 28.10.2019-cu il tarixli **********000600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə, yazılı izahat və zəruri sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1 ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin sentyabr ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 69.680,88 manat əlavə vergi məbləği hesablanmış və 22.11.2019-cu il tarixli **********511800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Qeyd edirlər ki, iddiaçı tərəfindən 2019-cu ilin avqust ayı üçün təqdim olunmuş ƏDV bəyannaməsinin 301-ci “ƏDV-yə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrində göstərilmiş 994.209,65 manat məbləğin (ƏDV daxil), rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1.192.954,41 manat) məbləğindən 198.744,76 (ƏDV daxil) manat az göstərilməsi müəyyən edilmişdir. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 24.09.2019-cu il tarixli **********266700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, həmin dövr üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin, yazılı izahatın və zəruri olan sənədlərin vergi orqanına təqdim olunması bildirilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə, yazılı izahat və zəruri sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin avqust ayı üzrə 30.317 manat əlavə dəyər vergisi hesablanmış və iddiaçıya 10.10.2019-cu il tarixli **********442200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. 2019-cu ilin iyul ayı üçün təqdim olunmuş ƏDV bəyannaməsinin 301-ci “ƏDV-yə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrində göstərilmiş 976.930,37 manat məbləğin (ƏDV daxil), rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1.192.954,41 manat) məbləğindən 216.024,04 (ƏDV daxil) manat az göstərilməsi müəyyən edilmişdir. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 23.08.2019-cu il tarixli **********819800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, həmin dövr üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin, yazılı izahatın və zəruri olan sənədlərin vergi orqanına təqdim olunması bildirilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə, yazılı izahat və zəruri sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin iyul ayı üzrə 32.952,82 manat əlavə dəyər vergisi hesablanmış və iddiaçıya 25.09.2019-cu il tarixli **********668000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2019-cu ilin fevral ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin 301ci “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin cəmi olan (ƏDV daxil) 609301.18 manat məbləğin, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1060403.92 manat) məbləğindən 451102.74 manat az olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 28.03.2019-cu il tarixli **********462200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin fevral ayı ƏDV bəyannaməsi üzrə 68812.28 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə 24.04.2019-cu il tarixli **********653600 nömrəli "Vergilərin hesablanması barədə" qərar göndərilmişdir. 2019-cu il mart ayının hesablamasına gəldikdə isə bildiririk ki, **********668000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2019-cu ilin fevral ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin 301-ci “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin cəmi olan (ƏDV daxil) 609301.18 manat məbləğin, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1060403.92 manat) məbləğindən 451102.74 manat az olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 28.03.2019-cu il tarixli **********462200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin fevral ayı ƏDV bəyannaməsi üzrə 68812.28 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə 24.04.2019-cu il tarixli **********653600 nömrəli "Vergilərin hesablanması barədə" qərar göndərilmişdir. 2019-cu il mart ayının hesablamasına gəldikdə isə bildiririk ki, araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2019-cu ilin mart ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin 301 -ci “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin cəmi olan (ƏDV daxil) 580990.82 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (148770.91 manat) məbləğindən 567780.09 manat olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 22.04.2019-cu il tarixli **********786300 nömrəli “ Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 86610,38 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 20.05.2019-cu il tarixli **********545100 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Məhkəməyə təqdim olunmuş sübutlar və inzibati iş üzrə məhkəmənin sərəncamı əsasında cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinin etirazından da göründüyü kimi, vergi orqanı tərəfindən keçirilən kameral vergi yoxlaması və bununla bağlı bütün prosedur hərəkətlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və vergi yoxlamasının həyata keçirilməsi zamanı vergi orqanı tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Beləliklə, aparılmış xronometraj müşahidənin nəticəsi üzrə müəyyən edilmiş dövriyyə nəzərə alınmaqla vergi orqanı tərəfindən müvafiq tarixdə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə vergi ödəyicisinin vergi öhdəliyi düzgün müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2-1(118)-76/2021 saylı qərarı (hakim İ.Quliyev) ilə iddia təmin edilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-yə vergilərin hesablanmasına dair 24.04.2019-cu il tarixli, **********653600 saylı, 25.09.2019-cu il tarixli, **********668000 saylı, 10.10.2019-cu il tarixli, **********442200 saylı, 22.11.2019-cu il tarixli **********511800 saylı qərarlarının ləğv edilməsi qərara alınmışdır.

5. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2-1(118)-76/2021 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri:

6. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, aparılmış xronometraj müşahidənin nəticəsi üzrə müəyyən edilmiş dövriyyə nəzərə alınmaqla vergi orqanı tərəfindən keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə vergi ödəyicisinin vergi öhdəliyi düzgün müəyyən edilmişdir. Məhkəmə iddianın təmin edilməsinin əsası kimi istinad etdiyi 2018-ci ilin avqust ayında keçirilmiş 3 günlük xronometrajın nəticələrilə İddiaçı MMCnin gündəlik dövriyyəsinin müəyyən edilməsi bir o qədər də əsaslı deyil. Belə ki, qanunvericiliyin tələbləri baxımından xronometrajın keçirilməsi üçün 15 günə kimi müddətin müəyyən edilməsinə baxmayaraq, vergi orqanı tərəfindən xronometraj 3 gün keçirilmiş və həmin 3 gün ərzində vergi ödəyicisinin anbarlarında satış yalnız bır gun, yəni 11 avqust 2018-ci ildə olmuş və vergi orqanı həmin gün həyata keçirilmiş satışdan əldə olunmuş məbləği vergi ödəyicisinin orta günlük satış dövriyyəsinin müəyyən edilməsində istifadə etmişdir. Məhkəmənin dəlili ilə əlaqədar olaraq qeyd edirlər ki, Vergi Məcəlləsinin 50-1.3-cü maddəsinə əsasən xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneəçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. Maddənin tələbindən göründüyü kimi xronometraj metodu İlə müşahidənin həyata keçirilməsi müddətinin maksimum həddi nəzərdə tutulmuş, daha qısa müddət ərzində müşahidənin həyata keçirilməsi ilə bağlı məhdudiyyət müəyyən olunmamışdır. Beləliklə, göründüyü kimi xronometraj müşahidə nəticəsində hər gün üzrə dövriyyə məhz vergi ödəyicisinin özü tərəfindən nəzarət kassa aparatına daxil edilmiş məbləğlər əsasında müəyyənləşdirilmişdir. Vergi Məcəlləsinin 37.5-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 15.1.13-cü maddisinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar İstisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər.

7. Apelyasiya şikayətində o da vurğulanır ki, məhkəmə qərarının “vergi ödəyicisi həqiqətən də mütəmadi olaraq vergidən yayınmaq niyyəti ilə dövriyyəni az göstərirsə inzibati orqan bunu əsassız kameral yoxlamalar ilə yox, vergi qanunvericiliyinin imkan verdiyi digər yoxlamalar ilə sübut edə bilər və qanunvericiliyin verdiyi digər vasitələrdən istifadə edə bilər” əsaslanması dəlili ilə bağlı bildirilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. O da qeyd olunmalıdır ki, müəssisə barəsində 25.02.2019-cu il tarixi **********177336 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4 və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası(sahəsi) istisna olmaqla) daxil otmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini həmin maddədə qeyd olunan 9 əlaqəli məlumatdan, o cümlədən vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri əsasında (maddə 67.1.8) müəyyən etmək hüququ vardır. Göründüyü kimi, xronometraj metodu ilə müşahidənin nəticəsində vergilərin hesablanması vergi orqanının hüququ olmaqla bərabər, vergi orqanı tərəfindən əvvəlki dövrlər üzrə bu hüquqdan istifadə edilməməsi və ya vergi ödəyicisinin vergidən yayınmasının aşkar edilməməsi vergi orqanını növbəti dövrlər üzrə bu hüquqdan məhrum etmir. Həmin Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisinin xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək hüququ vardır. Həmin Məcəllənin 50-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Göründüyü kimi iddiaçı tərəf müvafiq təsirlərin nəticəsində dövriyyəsinin azalmasını rəsmiləşdirmək üçün yuxarıda qeyd edilən hüquqlarından istifadə edərək yeni xronometrajın keçirilməsinə dair ərizə təqdim etməmişdir. Belə olan halda məhkəmə vergi orqanı tərəfindən hesablanmış vergi məbləğini ləğv etməklə haqlı olmamışdır. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir.

8. Apelyator sonda Vergi Məcəlləsinin 37.1, 37.3, 37.5, 50-1.2, 67.1.9, 23.1.1, 24.0.1 və 24.0.2-ci maddələrinə, həmçinin 36.2-ci maddəsinə əsaslanmaqla məhkəmə tərəfindən iş üzrə qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməsini və iş üçün əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamasını qeyd etmişdir.

b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı iddiaçı MMC-nin direktoru İ.A.Qocamanov etiraz təqdim edərək cavabdehin apelyasiya şikayətində gətirdiyi dəlillərin əsassız olmasını, məhkəmənin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsinə səbəb olan maddi və prosessual normaların pozuntusuna yol verilmədiyini vurğulayaraq MMC-i tərəfindən mübahisələndirilən qərarlar xronometraj müşahidəsinin nəticəsinə əsaslanmaqla qəbul edilmiş, halbuki xronometraj metodu ilə müşahidə üç gün ərzində, 11, 13 və 14 avqust 2018-ci il tarixlərdə aparılmış, bununla əlaqədar tərtib edilmiş aktda 13 və 14 avqust tarixlərində MMC-nin satış dövriyyəsinin olmadığı göstərilmişdir. Halbuki vergi orqanı Vergi Məcəlləsinin 50-1.1, 50-1.2, 50-1.3, 50.3-50.6, 83.2 və 83.2.4 maddələrinə əsaslanmaqla vergi ödəyicisinin vergi öhdəliklərini əlaqəli məlumatlara əsaslanaraq hesablama hüququ vardır. Lakin, 11.08.2018-ci ildən 15 iş günü müddətində xronometraj metodu ilə müşahidə aparılması üçün cavabdeh orqanın vaxtı olmasına baxmayaraq üç gün müddətində müşahidə aparmaqla (iki gün ərzində ümumiyyətlə satış dövriyyəsi olmamışdır) orta günlük satış dövriyyəsini müəyyən etmək cavabdehin qərarını şübhə altına alır. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini və Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək, əlavə olaraq onu da qeyd etdi ki, aparılmış xronometraj müşahidənin nəticəsi üzrə müəyyən edilmiş dövriyyə nəzərə alınmaqla vergi orqanı tərəfindən müvafiq tarixdə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə vergi ödəyicisinin vergi öhdəliyi düzgün müəyyən edilmişdir. Onu da qeyd etmək istəyir ki, iddiaçı MMC-də xronometraj metodu ilə aparılan müşahidələr keçirilmə müddəti 3 gün müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən əsas götürmüşdür ki, xronometraj metodu ilə aparılan müşahidə 3 gün müəyyən edilə bilməzdi. Halbuki, Nazirlər Kabinetinin qərarına əsasən xronometraj metodu ilə aparılan müşahidələr keçirilmə müddəti 15 gündən artıq ola bilməz, yəni yoxlamanın yuxarı həddi müəyyən edilsə də, aşağı həddi müəyyən edilmir, bu yoxlamanın səlahiyyətinə aiddir. Odur ki, qeyd edilənləri nəzərə alaraq apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehin apelyasiya şikayətində gətirdiyi dəlillərin əsassız olmasını məhkəməyə təqdim etdikləri etirazda göstərmişlər, eyni zamanda bildirmək istəyir ki, təmsil etdiyi MMC-nin əvvəllər də cavabdeh departamentlə eyni xarakterli mübahisələri olmuş və onlar məhkəmə qaydasında mübahisələndirdikləri qərarları məhkəmə onların haqlı olmasına dair qərar vermiş, həmin qərarlardan cavabdeh təşkilat şikayətlər vermiş, həm apelyasiya, həm də Ali Məhkəməyədək qərarlar qüvvədə qalmışdır. Buna baxmayaraq cavabdeh yenə də bizə məhz 2018-ci ildə keçirilən xronometraj müşahidəsinin nəticəsinə əsaslanmaqla əsassız cərimə qərarları yazır. Onlar tərəfindən əvvəlki mübahisələr barəsindəki Ali Məhkəmənin qərarları da məhkəməyə təqdim edilib. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin direktoru X6 MMC-nin nümayəndəsi C.Ə.Həmidovun izahatı ilə razı olduğunu, başqa əlavəsinin olmadığını vurğulamaqla apelyasiya şikayətinin təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tədbiq edilən hüquq

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

14. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

15. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

16. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

17. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

18. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

19. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

20. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

21. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

22. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

23. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

24. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

25. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

26. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

27. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

28. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 24.0. və 24.0.1. Vergi orqanlarının vəzifələrinə vergilərin düzgün hesablanması və s. aiddir. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. Maddə 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir. Maddə 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. Maddə 50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. Maddə 50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. Maddə 50-1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Maddə 83.2 Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Xronometraj metodu ilə müşahidə aparılması qaydaları» barədə 2001-ci il 13 yanvar tarixli 13 nömrəli qərarı. Maddə 2.17. Müşahidənin nəticələri üzrə müəyyən edilmiş istehsal həcminin və malların (işlərin, xidmətlərin) satış dövriyyəsinin vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamələrdə öz əksini tapmaması təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanması və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər əsasında kameral qaydada vergi yoxlaması aparılmasına əsas verir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

31. Məhkəmə kollegiyası hazırki qərarın 13-21-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2-1(118)-76/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisələndirilən qərarlar (24.04.2019, 25.09.2019, 10.10.2019 və 22.11.2019-cu il tarixli) iddiaçı MMC-də 2018-ci ilin avqust ayında keçirilmiş xronometraj müşahidəsinin nəticəsinə əsaslanmaqla qəbul edilmişdir. Yəni vergi orqanı üç gün ərzində (11, 13 və 14 avqust 2018-ci il tarixlərdə) iddiaçı MMC-də xronometraj metodu ilə müşahidə aparmış, 11 avqust 2018-ci il tarixli akta görə iddiaçı MMC-nin həmin tarixdə satış dövriyyəsi 132550,49 manat təşkil etmiş, 13 və 14 avqust 2018-ci il tarixli “Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə” aktlarda isə iddiaçı MMC-nin həmin tarixlərdə satış dövriyyəsinin olmadığı göstərilmişdir.

33. Cavabdeh İdarə 2018-ci ildə keçirilmiş xronometraj müşahidəsinin nəticələrinə əsasən vergi ödəyicisi olan iddiaçı MMC-nin 2019-cu ilin fevral ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinin 301-ci “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin cəmi olan (ƏDV daxil) 609301.18 manat məbləğin, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1060403.92 manat) məbləğindən 451102.74 manat, 2019-cu ilin iyul ayı üçün təqdim olunmuş ƏDV bəyannaməsinin 301-ci “ƏDV-yə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrində göstərilmiş 976.930,37 manat məbləğin (ƏDV daxil), rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1.192.954,41 manat) məbləğindən 216.024,04 (ƏDV daxil) manat, 2019-cu ilin avqust ayı üçün təqdim olunmuş ƏDV bəyannaməsinin 301-ci “ƏDV-yə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrində göstərilmiş 994.209,65 manat məbləğin (ƏDV daxil), rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1.192.954,41 manat) məbləğindən 198.744,76 (ƏDV daxil) manat, 2019-cu ilin sentyabr ayı üçün təqdim olunmuş ƏDV bəyannaməsinin 301-ci “ƏDV-yə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrində göstərilmiş 647.790,59 manat məbləğin (ƏDV daxil), rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1.104.587,42 manat) məbləğindən 456.796,83 (ƏDV daxil) manat az olması kənarlaşmanın yaranması kimi qiymətləndirmiş və inzibati orqan tərəfindən hazırda mübahisələndirilən inzibati aktlar (24.04.2019, 25.09.2019, 10.10.2019 və 22.11.2019-cu il tarixli qərarlar) qəbul edilmişdir.

34. Kollegiya ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş 24.04.2019, 25.09.2019, 10.10.2019 və 22.11.2019-cu il tarixli “Vergilərin hesablanması barədə” qərarlarla hesablanmış əlavə verginin qanuni olub-olmamasını müəyyən etmək üçün ilk növbədə onların hesablanmasına əsas olmuş xronometraj metodu ilə müşahidələrin nəticələrinin qanuni olub-olmamasına hüquqi qiymət verərkən birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı olmuş və bu qənaət hazırki qərarın 28-ci bənbində öz əksini tapmış 50-1.1.-50-1.6-cı maddələrin tələblərinə görə də düzgün hesab edilir ona görə ki, 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən xronometraj metodu ilə müşahidənin aparıldığı avqust ayı ərzində hansı günlərdə satış dövriyyəsinin olub-olmaması konkret müəyyən edilməmişdir. Halbuki, 2 saylı Ərazi Vergilər Departamentinin xronometraj metodu ilə müşahidə aparılması üçün 11 avqust 2018-ci ildən başlayaraq 15 iş günü müddətində vaxtı olmuşdur. İş materiallarından müəyyən olunduğu kimi üç gün müddətində iddiaçı MMC-də aparılmış xronometraj metodu ilə müşahidə zamanı iddiaçı MMC-nin satış dövriyyəsinin birinci gün (11.08.2018-ci ildə) 132550,49 manat olması, digər iki gündə (13 və 14 avqust 2018-ci ildə) isə satış dövriyyəsinin olmaması, nəticədə idddiaçı MMC-nin orta günlük satış dövriyyəsinin 44183,50 manat olmasının müəyyən edilməsi özü-özlüyündə şübhə doğurur, yəni iki gün ərzində iddiaçı MMC-nin ümumiyyətlə satış dövriyyəsi olmamış, 14 avqust 2018-ci il tarixdən sonrakı günlərdə isə iddiaçı MMC-nin satış dövriyyəsinin nə qədər olacağı və ya ay ərzində ümumiyyətlə olub-olmayacağı 2 saylı Ərazi Vergilər Departamentinə məlum olmamışdır.

35. Halbuki, cavabdeh İdarə hazırki qərarın 28-ci bənbində öz əksini tapmış 37.1- 37.4, 67.1 və 83.2-ci maddələrin tələblərində nəzərdə tutulan hüquqlarından istifadə etməklə iddiaçı MMC-nin dövriyyəsini müəyyən edə bilərdi. Yəni birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi tərəflər arasında hazırki mübahisə ilə analoji mübahisələr olmuş, həmin mübahisələrə məhkəmələr tərəfindən hüquqi qiymət verilmiş olsa da, buna baxmayaraq analoji mübahisələrin yaranması davam etmişdir. Əgər vergi ödəyicisi həqiqətən də mütəmadi olaraq vergidən yayınmaq niyyəti ilə dövriyyəsini az göstərirsə, inzibati orqan bunu əsassız kameral yoxlamalar ilə yox, vergi qanunvericiliyinin imkan verdiyi digər yoxlamalar ilə sübut edə bilər və qanunvericiliyin verdiyi digər vasitələrdən istifadə edə bilər.

36. Məhkəmə kollegiyası hesab edir ki, hazırki qərarın 27-ci bəndində istinad edilən konstutision normanın, eləcə də 28-ci bənbində öz əksini tapmış 3.8-ci maddənin tələblərinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunla müəyyən edilən qaydalardan fərqli vergilər ödəməyə məcbur edilə bilməz.

37. Cavabdehin hazırki qərarın 6-8-ci bəndlərində qeyd edilən apelyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə həmin dəlilləri qəbul etmir ona görə ki, şikayətin dəlilləri hazırki qərarın 3-cü bəndində öz əksini tapan cavabdehin iddiaya qarşı etirazında göstərilən dəlillərlə eyni olmaqla bu dəlillərə də birinci instansiya məhkəməsi tərəfindən verilmiş hüquqi qiymətlə məhkəmə kollegiyası da razılaşır və bu nəticəyə gəlir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilməz, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərar əsaslı olmuş və iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgündür. Ona görə də cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2-1(118)-76/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2-1(118)-76/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar