Məhkəmə qərarları › İş №2-1(105)-449/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-449/2023

08.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-449/2023 08.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbayan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli, **********229200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2-1(118)-1432/2022 nömrəli qərarından cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı "DE RUİTER EUROPE B.V." qeyri-rezident şirkəti ilə qızılgüllərin kultivasiyası üçün lisenziya haqqında müqavilə bağlamış, müqaviləyə əsasən qızılgül şitillərinin istifadəsi ilə bağlı lisenziya üçün qeyri-rezidentə vəsait ödəmişdir. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 2019-cu ilin avqust ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan, qeyrirezidentlər üzrə göstərdiyi xidmətlər üzrə 368009,45 manat dövriyyə göstərilmiş, lakin xx.xx.2019-cu il tarixli bəyannamədə müvafiq göstərici 54.880,89 manat göstərilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə **********663500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə 2019-cu ilin avqust ayı üçün 56.363,14 manat əlavə vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********972600 nömrəli qərar qəbul edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu ilin avqust ayı üçün dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi təqdim edilmiş, həmin bəyannamə üzrə kameral vergi yoxlaması keçirilməklə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********229200 nömrəli qərar qəbul olunmuşdur. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 5 oktyabr 2021-ci il tarixli, **********229200 nömrəli qərarına əsasən iddiaçı barəsində 2019-cu ilin avqust ayı üzrə 56 363,14 manat əlavə ƏDV məbləği hesablanmışdır. İddiaçı həmin qərardan Dövlət Vergi Xidmətinə şikayət vermiş, Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 16 dekabr 2021-ci il tarixli **********924100 nömrəli qərarına əsasən iddiaçının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 5 oktyabr 2021-ci il tarixli, **********229200 nömrəli qərardan verdiyi şikayət təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 5 oktyabr 2021-ci il tarixli, **********229200 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cəmiyyətin əsas fəaliyyət növü “güllərin və digər bitkilərin topdan satışı”ndan ibarətdir və öz fəaliyyətini ünvan ünvanında yerləşən “İstixana (Güllərin və onların toxumlarının becərilməsi)” adlı təsərrüfat obyekti vasitəsilə həyata keçirir. İddiaçı qızılgüllərin kultivasiyası üçün “DE RUİTER EUROPE B.V.” qeyri-rezident şirkəti ilə lisenziya haqqında müqavilə bağlamış və bu müqaviləyə əsasən 2019-cu ilin avqust ayı ərzində “DE RUİTER EUROPE B.V.” şirkətinə 150 765,0 avro məbləğində pul vəsaiti (royalti) ödəmişdir. Dövlət Vergi Xidməti Cəmiyyətdə kameral vergi yoxlaması aparmış və bu araşdırma nəticəsində hesab etmişdir ki, cəmiyyət tərəfindən xx.xx.2019-cu il tarixdə 2019-cu ilin avqust ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentlər üzrə göstərdiyi xidmətlər üzrə 368009,45 manat dövriyyə göstərilməsinə baxmayaraq, xx.xx.2019-cu il tarixli bəyannaməsində müvafiq göstəricinin 54880,89 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə bağlı vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə istinad olunmaqla 2019-cu ilin avqust ayı üçün 56363,14 manat əlavə vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********972600 nömrəli qərar qəbul edilmişdir. Sonradan vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu ilin avqust ayı üçün dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi təqdim edilmiş və həmin bəyannamədə cəmiyyətin “DE RUİTER EUROPE B.V.” qeyri-rezident şirkəti ilə qızılgüllərin kultivasiyası üçün lisenziya haqqında müqavilə bağladığı, müqaviləyə əsasən cəmiyyətin qızılgül şitillərinin istifadəsi ilə bağlı lisenziya üçün ödənilən vəsaitdən royalti olaraq 14 faizlə ödəmə mənbəyindən tutulan vergi ödədiyi, həmin ödənişlə birlikdə əlavə olaraq səhvən 19070,17 manat və 40576,4 manat məbləğində qeyri-rezident üzrə ƏDV ödənişinin olunduğu, bağlanmış müqavilə üzrə ödəniş edərkən qızılgül şitillərinin istifadə hüququnun əldə olunması nəzərdə tutulduğu, yəni mülkiyyət hüququna keçməsi nəzərdə tutulmadığı, Vergi Məcəllənin 13.2.8-ci maddəsinə əsasən qızılgül şitillərindən istifadə ilə bağlı lisenziya qeyri-maddi aktiv olduğuna görə ƏDV-nin məqsədləri üçün mal kimi qəbul olunmadığını bildirilərək kameral vergi yoxlaması ilə 2019-cu ilin avqust ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə hesablanmış 56363,14 manat vergi məbləğinin azaldılması xahiş edilmişdir. Cəmiyyətin bu dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə cavabdeh tərəfindən yenidən kameral vergi yoxlaması aparılmış və cəmiyyətə 56363,14 manat əlavə vergi məbləği hesablanması ilə bağlı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********229200 nömrəli qərar qəbul olunmuşdur. Halbuki, qeyd edilən qərar əsassız və qanunsuzdur. Belə ki, iddiaçı ilə qeyri-rezident şəxs olan “DE RUİTER EUROPE B.V.” şirkəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli 20190429-7885 nömrəli “Gül kultivasiyası lisenziyası haqqında” razılaşmanın şərtlərindən görünür ki, “DE RUİTER EUROPE B.V.” şirkəti gül şitillərinin istifadəsi ilə bağlı hüququ (və ya lisenziyanı) iddiaçıya verir və burada mülkiyyət hüququnun verilməsi ilə bağlı hər hansı müddəa yoxdur. Bu o deməkdir ki, gül kultivasiyası texnologiyasına münasibətdə iddiaçıya yalnız istifadə hüququ verilmiş və digər hüquqlar, o cümlədən mülkiyyət hüququ qeyri-rezident şəxs olan “DE RUİTER EUROPE B.V.” şirkətində qalmışdır. Yəni, gül kultivasiyası texnologiyası üzərində iddiaçının mülkiyyət hüququ yaranmamış, mülkiyyət hüququ ötürülməmişdir. Cavabdeh gül kultivasiyası texnologiyası üzərində istifadə hüququnun verilməsini və ötürülməsini Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinin tələbinə əsasən ƏDV-yə cəlb olunan əməliyyat hesab etmişdir. Halbuki, royalti şəklində ödənilmiş məbləğlərə ƏDV-nin hesablanması qanunaziddir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 2019-cu ilin avqust ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan, qeyri-rezidentlər üzrə göstərdiyi xidmətlər üzrə 368009,45 manat dövriyyə göstərilməsinə baxmayaraq, xx.xx.2019-cu il tarixli bəyannaməsində müvafiq göstəricinin 54880,89 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. xx.xx.2019-cu il tarixdə **********663500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. İddiaçı tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə analoji qaydada 2019-cu ilin avqust ayı üçün 56363,14 manat əlavə vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********972600 nömrəli qərar qəbul edilmişdir. Sonradan vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu ilin avqust ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 56363,14 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********229200 nömrəli qərar qəbul olunmuşdur. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin tələblərinə əsasən qeyri-maddi aktivlərin təqdim edilməsi ƏDV-nin məqsədləri üçün malların təqdim edilməsi sayılmır. Lakin qeyri-maddi aktivlər üzərində istifadə hüququnun digər şəxslərə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin ikinci abzasına əsasən patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yerdə ƏDV-yə cəlb edilir. Odur ki, iddia tələbi əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 3 iyun 2022-ci il tarixli, 2-1(118)-1432/2022 nömrəli qərarı (hakim C.B.Məmmədov) ilə iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 5 oktyabr 2021-ci il tarixli, **********229200 nömrəli qərarı ləğv edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya Hollandiyanın RUİTER şirkəti tərəfindən müəllif hüquqları ilə qorunan gül çeşidlərini yetişdirmək hüququ verilmiş, yəni həmin güllər üzrə müəllif hüququndan müvəqqəti istifadə hüququ ötürülmüşdür. İddiaçı həmin hüquqlardan müvəqqəti istifadə etdiyi üçün RUİTER şirkətinə mükafat şəklində ödənişlər həyata keçirirdi ki, həmin mükafatlar da royalti hesab olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə olan “patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi” anlayışı yalnız Vergi Məcəlləsinə 2021-ci ildə edilmiş və 1 yanvar 2022-ci ildən qüvvəyə minmiş dəyişikliklər nəticəsində qəbul edilmişdir. 2019-cu ildə Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində müəlliflik hüquqlarının istifadəyə verilməsi ilə bağlı qeyd qüvvədə olmadığına görə, həmçinin Vergi Məcəlləsinin tələblərinə əsasən royalti ƏDV cəlb edilməyən əməliyyat olduğuna görə iddiaçı tərəfindən royaltiyə görə ödənilən ƏDV əsassız yerə vergi orqanı tərəfindən qəbul edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırmışdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat və qəbul olunmuş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(105)-521/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 3 iyun 2022-ci il tarixli, 2-1(118)-1432/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-243/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2- 1(105)-521/2022 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsində ikinci icraat zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izhatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar Maddə 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.8. Mal - hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su. X8 (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. 13.2.9. Qeyri-maddi aktivlər - intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar. 13.2.10. Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. 13.2.11. Xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət. ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur. Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir. Maddə 153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaiməfakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Maddə 168. İşlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan redaksiya: 168.1. Bu fəsilin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer aşağıdakılar sayılır: 168.1.5. işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer. Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir: patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi; 1 yanvar 2022-ci il tarixdən etibarən qüvvədə olan redaksiya: 168.1. Bu fəsilin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer aşağıdakılar sayılır: 168.1.5. işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer. Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir: patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi; Azərbaycan respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə müvafiq qeyri-rezident şirkət arasında qızılgül şitillərinin kultivasiya edilməsi ilə bağlı lisenziya verilməsinə dair müqavilə bağlanılmış, həmin müqavilənin şərtinə əsasən müvafiq şirkət tərəfindən iddiaçıya çeşidlərinə görə bitkilərin sayı (və ya çeşidlərinə görə əkilən kvadrat metrlərin sayına əsasən) ilə əlaqədar bitki kultivasiyası fəaliyyətlərini həyata keçirmək hüququ verilir, bu sadəcə şitillərin istehsalı və marketinqinə yönəlmişdir. Hazırki iş üzrə mübahisə predmetini cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qeyd edilən müqavilə üzrə fəaliyyəti ilə bağlı 2019-cu ilin avqust ayı üçün müvafiq məbləğdə X8 hesablanmasına dair qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ”xx.xx.2019-cu il tarixli Qərarı təşkil edir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı Vergi Məcəlləsinin 13.2.8 maddəsinin tələbini əsas götürərək, hesab edir ki, onun qeyd olunan fəaliyyəti qızılgül şitillərinin kultivasiyası ilə bağlı lizensiya alınması ilə bağlı olmaqla, lisenziya isə qeyri-maddi aktiv olduğundan, habelə indiki halda yalnız istifadə hüququnun ötürülməsi baş verdiyindən, bu hal isə qeyri-maddi aktiv kimi ƏDV-yə cəlb edilməli olan mal sayılmadığından, həmin fəaliyyət üzrə vergi hesablanması əsassız olmuşdur. Cavabdeh isə hazırki əməliyyat xidmət hesab edildiyindən, bu növ xidmətlərin həyata keçirilməsi ilə bağlı vergidən azadolma nəzərdə tutulmadığından, müvafiq qərarı əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə müəyyən edilməli olan hal iddiaçı tərəfindən müvafiq qeyr-rezident şirkət tərəfindən qızılgül şitillərinin kultivasiyası ilə bağlı lisenziya verilməsi əsasında istifadə hüququnun ötürülməsi əməliyyatının ƏDV məqsədilə vergitutma obyekti qismində çıxış edib-etməməsi halıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinin dispoztiv şərtlərinin tələbinə əsasən malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət xidmət hesab edilir. Qeyd olunan normanın təhlilindən aydın olur ki, qeyri-maddi aktivlərin təqdim edilməsi ƏDV-yə cəlb olunan mal sayılmasa da, qeyri-maddi aktivlər üzərində istifadə hüququnun digər şəxsə verilməsi ƏDV-nin məqsədləri üçün “xidmət” sayılır. İndiki halda iddiaçıya müvafiq lisenizya əsasında istifadə hüququ ötürülmüşdür ki, hansı ki bu hüquq əsasında həyata keçirilən fəaliyyət qeyri-maddi aktivlərin təqdim edilməsi kimi çıxış etməməklə, xidmət kimi mövcud olmuşdur. Belə ki, həmin istifadə hüququnun tətbiqi nəticələri maddi ifadə kəsb edən fəaliyyət kimi çıxış etdiyindən, VM-nin 13.2.11-ci maddəsinin dispozitiv şərtlərinə əsasən “xidmət” hesab olunur. Həmçinin, tərəflər arasında bağlanılmış müvafiq Müqavilənin 1.1.,1.2 ,1.3 və 1.8-ci bəndələrinin mahiyyətindən görünür ki, tərəflər arasında bağlanılmış razılaşmanın məqsədli təyinatı məhz həmin hüquqları istismar etmək və kommersiyalaşdırmaq çıxış edir. Nəticə etibarilə tərəflər arasında yaranmış münasibətin xarakterinin özü də həmin fəaliyyətin VM-nin 13.2.11-ci maddəsinin təsiri altına düşməsi halını, başqa sözlə həmin fəaliyyətin xidmət kimi çıxış etməsi halını göstərir. Qeyd olunan hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya ötürülən istifadə hüququnun qeyri-maddi aktiv kimi ƏDV-yə vəlb olunmayan əməliyyat kimi qiymətləndirməklə, bu hissədə işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Həmçinin, məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin o hissədə mövqeyi ilə razılaşır ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik eidlməsi haqqında 03 dekabr 2021-ci il tarixli, 406 nömrəli Qanuna əsasən VM-nin 168.1.5-ci maddəsinə ikici hissəyə “güzəşt edilməsi” sözlərindən sonra “o cümlədən istifadəyə verilməsi sözləri əlavə edilmişdir, bu Qanun 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minir. Göründüyü kimi, mübahisəli hüquq münasibəti yaranan zaman qeyd olunan hüquq normasının dispozitiv şərtlərində “istifadəyə verilməsi” şərti mövcud olmamışdır. 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan qeyd olunan normanın dispoztiv şərtlərinin təhlilindən görünür ki, ƏDV məqsədləri üçün işlərin görüldüyü v\ə ya xidmətlərin göstərildiyi yerin müəyyən edilməsi baxımından həmin maddənin müddəalarının tətbiq edildiyi xidmətlərdən biri kimi lisenziyaların və digər anoloji hüquqların mülkiyyətə verilməsi və güzəşt edilməsi qeyd edilmişdir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, ümumi hüquq normalarına əsasən mülkiyyət hüququ dedikdə əmlaka sahiblik, istifadə və sərəncam hüququ başa düşülür. Göründüyü kimi, istifadə hüququ mülkiyyət hüququnun tərkib elementi olmaqla, yalnız istifadə hüququnun ötürülməsi məhdud əşya hüququ kimi ortaya çıxır, bu hal isə mahiyyət etibarilə onun mülkiyyət hüququnun tərkib elementi olması halını aradan qaldırmır, bu halı istisna etmir. Başqa sözlə, qeyri-maddi aktivlərin istifadəyə verilməsi halı xidmət kimi çıxış etdiyindən, xidmət qismində isə qeyri-maddi aktiv kimi lisenziyaların mülkiyyətə verilməsi özündə həmin lisenziaylar əsasında istifadə hüququnun ötürülməsini də ehtiva edir. İndiki halda hazırki iş üzrə iddiaçının məhz həmin lizensiya əsasında istifadə hüququnu əldə etməklə, həmin hüququnun əldə edilməsinin əsasında duran əsas məqsədinin həyata keçirilməsinə yönələn fəaliyyəti müstəqil şəkildə həyata keçirmək imkanına malik olmuşdur. Bu baxımından tərəflər arasında olan münasibətlərin xarakterindən və mahiyyətindən görünür ki, iddiaçı qızılıgül şitillərinin kultivasiyası ilə bağlı müvafiq lisenziya əsasında istifadə hüququ əldə edərək, onun tətbiqi üzrə müstəqil fəaliyyət göstərmişdir. Bu hal isə özlüyündə həmin qeyri-rezident şirkət tərəfindən ona ötürülən istifadə hüququnun məhz mülkiyyət hüququnun tərkib elementi olan məhdud əşya hüququ kimi xarakterizə etməyə əsas verir, habelə həmin hüququn mahiyyət etibarilə mülkiyyət hüququnun tərkib hissəsi kimi mövcud olduğunu göstərir. Eyni zamanda qeyd olunmalıdır ki, 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan VM-nin 168.1.5-ci maddəsinin dispoztiv şərtlərinin hazırda qüüvədə olan həmin normanın dispozitiv şərtlərinin müqayisəli təhlilindən aydın olur ki, əvvəlki redaksiyada olan normanın dispozitiv şərtləri özündə lisenziyaların və digər anoloji hüquqların mülkiyyətə verilməsi anlayışı məhz məhdud əşya hüququ kimi istifadə hüququnu da özündə ehtiva etməklə, mülkiyyət hüququnun tərkib elementi kimi çıxış etmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, qeyri-rezident tərəfindən iddiçıya müvafiq lisenziya əsasında istifadə hüququnun verilməsi vergitutma məqsədləri üçün xidmət hesab edildiyindən və qeyri-rezident tərəfindən iddiaçıya ötürülmüş istifadə hüququ mülkiyyət hüququnun tərkib hissəsi qismində çıxış etdiyindən, VM-nin 168.1.5-ci maddəsinin dispozitiv şərtlərinin tələbinə əsasən xidmətin göstərildiyi yer iddiaçının təsis edildiyi (qeydiyyatda olduğu) yer, yəni Azərbaycan Respublikası hesab edilir və VM-nin 169-cu maddəsinə müvafiq olaraq qeyri-rezidentə royalti qismində edilən ödənişlər ƏDV məqsədləri üçün vergitutma obyekti qismində çıxış edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya ötürülən istifadə hüququnun mahiyyətinin VM-nin 168.1.5-ci maddəsinin dispoiztiv şərtləri baxımından dügün təhlil etməmiş, iddiaçıya ötürülən istifadə hüququnun mülkiyyət hüququnun tərkib elementi kimi mövcudluğunu diqqətdən qaçırtmış, işin hallarına düzgün hüquqi qiymət verməmiş, nəticə etibarilə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmadığından, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2-1(118)-1432/2022 nömrəli qərarı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbayan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli, **********229200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair iddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar