Məhkəmə qərarları › İş №2-1(105)-45/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-45/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-45/2021 10.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Rzayev Məhəmmədəli Əsəd oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X1rşı “torpaq sahəsi üzərində hüququn qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(085)- 1097/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Abşeron rayonu, Masazır kəndində yerləşən iddiaçıya məxsus 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını və çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh 2019-cu il 9 yanvar tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş torpaqların alğı-satqı qaydalarının müddəalarına zidd olaraq alğı-satqı aktı 2018-ci il 2 oktyabr tarixdə tərtib edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edilən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığından ərizənin icrası mümkün olmamışdır. İddiaçı 2019-cu il 23 may tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Abşeron rayonu, Masazır kəndində yerləşən iddiaçıya məxsus 0,03 ha torpaq sahəsinin qeydiyyata alınması və qeydiyyat haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, iddiaçı 2007-ci il 12 aprel tarixində Masazır Bələdiyyəsinə müraciət edərək ev tikmək məqsədi ilə ona torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Masazır Bələdiyyəsinin 2007-ci il 3 avqust tarixli 28 saylı qərarına əsasən iddiaçıya bələdiyyənin ərazisindən 0,03 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur. Bunun üçün 2007-ci il 1 iyun tarixli, 192/2 saylı memarlıq rəyi və eyni tarixli 84 saylı Torpaq və xəritəçəkmə komitəsinin rəyi alınmış, torpaq sahəsinin cizgisi tərtib edilmiş, torpaq sahəsinin alınması üçün 3000 manat pul ödəmişdir. Aldığı torpaq sahəsi yerində ölçülüb iddiaçıya təhvil verilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 avqust tarixli 2- 1(085)1097/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon Masazır Bələdiyyəsinin 2007-ci il 3 avqust tarixli, 28 saylı qərarı ilə Abşeron rayonu Masazır kəndində yerləşən iddiaçıya ayrılmış 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 noyabr tarixli 2-1(105)-722/2019 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan 2020-ci il 21 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 888/2020 saylı, xx xxxx 2020-ci il tarixli Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. (hakim İ.Hüseynov) APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, torpaq sahəsi ayrılan zaman qüvvədə olan “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin x xxx 2002-ci il tarixli, 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən, Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci bəndinə görə, müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə əsasən, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Həmin Əsasnamənin 21-ci bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Həmin Əsasnamənin 22-ci bəndinə görə, bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Göründüyü kimi, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydaları”na Əlavədən - “Torpaqların alqısatqısına dair Akt” çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx xxxxxxx 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan4 Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur." Demək ki, alqı-satqı aktının 2018-ci ildə təsdiq edilməsi qanunla yolverilməzdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə alqı-satqı aktı “Torpaqların alqı-satqı Qaydaları”na əlavədən çıxarılmışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(085)-1097/2019 saylı qərarı ləğv edilməli, iş üzrə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və öz qənaətini belə əsaslandırmışdır ki, Abşeron rayon Masazır Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 28 saylı qərarı ilə Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi fərdi mənzil tikmək məqsədi ilə iddiaçıya satılmış və bu barədə iddiaçı ilə Bələdiyyə arasında torpaqların alqı-satqısına dair akt, eyni zamanda torpaq sahəsinin yerində təhvil verilməsi barədə akt tərtib edilmişdir. «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15- ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən, bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. səlahiyyətləri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0, 4.0.1-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyəti vardır. Göründüyü kimi, bələdiyyə mülkiyyətində olan torpaqlar barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə əsasən, (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada), torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə əsasən (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada), torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Cavabdeh iddia tələbinə etirazında torpaq sahəsinin ayrılmasına dair yuxarıda qeyd edilən normaların tələblərinin pozulduğuna əsaslansa da, birinci instansiya məhkəməsi cavabdehin dəlillərini araşdırmamış, onlara münasibət bildirməmişdir. Ali Məhkəmənin qərarda əks edilmiş göstərişində də yuxarida sadalanan normalara istinadən deyilir ki, cavabdeh apellyasiya şikayətində torpaq sahəsinin ayrılmasına dair yuxarıda qeyd edilən normaların tələblərinin pozulduğuna əsaslansa da, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlillərini araşdırmamış, onlara münasibət bildirməmişdir. Cavabdehin iddia tələbinə etirazında və eləcə də, apelyasiya şikayətində istinad etdiyi dəlil-“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş torpaqların alğı-satqı qaydalarının müddəalarına zidd olaraq alğı-satqı aktının bələdiyyə qərarı qəbul edildiyi xx.xx.2007-ci il tarixdə deüyil, 2018-ci il 2 oktyabr tarixdə tərtib edilməsi olmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, torpaq sahəsi ayrılan zaman qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanunun 9.6-cı maddəsinə əsasən, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” Qaydalarının (bələdiyyə qərarının qəbul edildiyi vaxt qüvvədə olan) 8-ci bəndinə əsasən, bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Hazırki işin hallarından görünür ki, Masazır Bələdiyyəsi tərəfindən xx.xx.2007ci il tarixdə fərdi yaşayış evinin tikintisi məqsədilə iddiaçıya 0.03 ha torpaq sahəsinin satışı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə həyata keçirilmiş, bələdiyyə orqanının rəhbəri, iddiaçı və torpaq şöbəsinin müdirinin iştirakı ilə üçtərəfli alqı-satqı aktı tərtib edilməmişdir. Belə ki, işdən görünür ki, torpağın ayrılmasına dair xx.xx.2007-ci il tarixli bələdiyyə qərarından 11 il sonra bələdiyyə ilə iddiaçı arasında alqı-satqı aktı bağlanmışdır. Halbuki, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativhüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydaları”na Əlavədən - “Torpaqların alqısatqısına dair Akt” çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx xxxxxxx 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur." İşin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, cavabdeh iddiaçının müraciətindən imtina etməkdə haqlı olmuşdur. Bu cür iddialara baxılarkən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Başqa sözlə, bələdiyyə torpağını əldə etmiş şəxs həmin sahə üzərində mülkiyyət hüququnun tanınmasını tələb edərkən sözügedən sahəni qanunvericiliyin bununla bağlı tələblərinə əməl etməklə əldə etdiyini sübut etməlidir. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı isə bunu sübut edə bilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının tam ləğvi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2- 1(085)-1097/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(085)- 1097/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin olunmasın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar