Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-45/2025 20.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Xızı qəsəbə İcra nümayəndəsinin 15 may 1992-ci il tarixli 40 nömrəli sərəncamı ilə Xızı qəsəbəsində fərdi mənzil tikintisi üçün ayrılmış 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun mərhum anası Paşayeva (Quliyeva) Səkinə Hüseyn qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2-1(118)-953/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xızı qəsəbə İcra nümayəndəsinin 15 may 1992-ci il tarixli 40 nömrəli sərəncamı ilə Xızı qəsəbəsində fərdi mənzil tikintisi üçün ayrılmış 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, plan-ölçü sənədlərinin, texniki sənədlərin, çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək “Xızı qəsəbə İcra nümayəndəsinin 15 may 1992-ci il tarixli 40 nömrəli sərəncamı ilə Xızı qəsəbəsində fərdi mənzil tikintisi üçün ayrılmış 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun mərhum anası Paşayeva (Quliyeva) Səkinə Hüseyn qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anasına Xızı qəsəbə icra nümayəndəsinin 15 may 1992-ci il tarixli 40 nömrəli sərəncamı ilə Xızı qəsəbəsində fərdi mənzil tikintisi üçün ayrılmış 0,20 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, plan-ölçü sənədlərinin, texniki sənədlərin verilməsi üçün cavabdehə müraciət etmişdir. 2 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-31/2-Q-0033-8/2023 saylı imtina məktubu ilə onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Xızı rayonu, Xızı şəhəri ərazisində yerləşən ümumi sahəsi 0.20 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət 3-21-3-31/1-Q-0033-8/2023 nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq mərhum X5 vərəsəsi İddiaçı bildirilmişdir ki, ərizəyə torpaq sahəsinin sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənəd (“Torpaq sahəsinin planı və ölçüsü”, mövqe sxemi, ayrıc aktı və s.) əlavə edilmədiyi üçün faktiki yerin sənəddə qeyd edilən koordinatlara uyğun olub-olmaması barədə rəy vermək mümkün deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.1 -ci və 10.2.2-ci maddələrinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü sənədi əlavə olunur. İdarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilərkən əldə olunan məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsi vətəndaş X6 adına qeydiyyata alınmış **********47-10301 reyesrt nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür və faktiki torpaq sahəsi sənəd üzrə qeyd edilən torpaq sahəsindən 0.02 ha azdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmçinin bildirilir ki, idarənin istifadəsində olan elektron kadastr məlumat bazasında torpaq sahəsinin yerləşdiyi ərazi meşə fondu torpaqları kimi qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Xızı rayon XDS İK-nin 102 nömrəli, xx.xx.1991-ci il tarixli qərarından görünür ki, fərdi mənzil tikintisi üçün rayon sakinlərə 70 ha torpaq sahəsi verilməsi qərara alınmışdır və eyni zamanda həmin torpaq sahələrinin ayrılması səlahiyyəti Xızı Rayon İcra Hakimiyyəti başçısının Xızı qəsəbəsi üzrə nümayəndəsinə verilmişdir. Xızı rayon Dövlət Arxivinin təqdim etdiyi 42 nömrəli, xx.xx.2021-ci il tarixli arxiv çıxarışından da görünür ki, Xızı Rayon İcra Hakimiyyəti başçısının Xızı qəsəbəsi üzrə icra nümayəndəliyi tərəfindən 15 may 1992-ci il tarixli 40 nömrəli sərəncamı ilə Xızı rayonu ərazisində yerləşən 0,20 ha torpaq sahəsi Paşayeva (Quliyeva) Səkinə Hüseyn qızına ayrılmış və fərdi yaşayış evi tikilməsinə icazə verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2-1(118)-953/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Xızı qəsəbə İcra nümayəndəsinin 15 may 1992-ci il tarixli 40 nömrəli sərəncamı ilə Xızı qəsəbəsində fərdi mənzil tikintisi üçün ayrılmış 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anası Paşayeva (Quliyeva) Səkinə Hüseyn qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi kimi vəzifənin olması DƏDKR Nizamnaməsində birbaşa göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi öz xidməti vəzifəsinə görə torpaq sahəsinin plan və ölçüsünün verilməsi torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün tələb edilir. Bu isə cavabdeh təşkilatın torpaq sahəsinin ilkin mülkiyyətçisinin mülkiyyət hüquqları qeydə alınan zamana plan və öçü sənədlərinin verilmədiyinə dair gətirdiyi arqumenti əsassız edir. Hesab olunur ki, cavabdeh təşkilat sonradan qanunla üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsindən boyun qaçırmaqda haqlı olmadığına görə yaranmış çatışmamazlığı aradan qaldırmalıdır. Cavabdeh təşkilatın gətirdiyi 2-ci arqumentə, yəni iddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsi vətəndaş X6 adına qeydiyyata alınmış **********47-10301 reyesrt nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşməsi və faktiki torpaq sahəsi sənəd üzrə qeyd edilən torpaq sahəsindən 0.02 ha az olmasına münasibətdə bildirilir ki, cavabdeh təşkilat qeyd olunan arqumentə dair hər hansı bir tutarlı dəlilini məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş mütəxəssis rəyinin nəticə olmamışdır. Belə ki, torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Başqa torpaq sahəsi ilə üst-üstə düşən torpaq sahəsinin mülkiyyətçisi Hüsü Quliyev məhkəmədə ifadə verərək iddiaçının sahibliyində olan torpaq sahəsinin onun torpaq sahəsi ilə üst-üstə düşmədiyini bildirmişdir. Cavabdeh təşkilatın gətirdiyi 3-cü arqumentə, yəni idarənin istifadəsində olan elektron kadastr məlumat bazasında torpaq sahəsinin yerləşdiyi ərazi meşə fondu torpaqları kimi qeyd edilməsinə münasibətdə bildirilmişdir ki, ilkin torpaq ayırma sənədlərində qeyd olunan ərazinin yaşayış məntəqələri torpaqlarına aid edilməsi öz əksini tapdığına və ilkin sənədlərin hüquqi qüvvədə olmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçının bu səpkidə gətirdiyi arqument əsassızdır. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Xızı rayon İcra Hakimiyyəti məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. İddia ərizəsinin məzmunundan belə aydın olur ki, hüquqların dövlət qeydiyyatı ilə əlaqədar fiziki və hüquqi şəxslərin yalnız müraciəti artıq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün məcburidir və müraciət edən şəxslərdən qanunla müəyyən edilmiş sənədlər tələb edilə bilməz. Göründüyü kimi, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, müvafiq sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfimizdən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, dəqiqləşdirilmiş ərizənin təmin edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; (-). Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 nömrəli Fərmanı 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Hazırkı mübahisənin predmetini cavabdehin Xızı qəsəbə İcra nümayəndəsinin 15 may 1992-ci il tarixli 40 nömrəli sərəncamı ilə Xızı qəsəbəsində fərdi mənzil tikintisi üçün ayrılmış 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anası Paşayeva (Quliyeva) Səkinə Hüseyn qızına məxsus olması barədə arayışın verilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı sözügedən arayışın verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: 1) Vətəndaşın müraciətinə torpaq sahəsinin sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənəd (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) əlavə edilmədiyi üçün faktiki yerin sənəddə qeyd edilən koordinatlara uyğun olub-olmaması barədə rəy vermək mümkün deyil. 2) İddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsi vətəndaş X6 adına qeydiyyata alınmış **********47-10301 reyesrt nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür və faktiki torpaq sahəsi sənəd üzrə qeyd edilən torpaq sahəsindən 0.02 ha azdır. 3) İdarənin istifadəsində olan elektron kadastr məlumat bazasında torpaq sahəsinin yerləşdiyi ərazi meşə fondu torpaqları kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası cavabdehin 1-ci dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, Xızı rayon XDS İK-nin 102 nömrəli, xx.xx.1991-ci il tarixli qərarından görünür ki, fərdi mənzil tikintisi üçün rayon sakinlərə 70 ha torpaq sahəsi verilməsi qərara alınmışdır və eyni zamanda həmin torpaq sahələrinin ayrılması səlahiyyəti Xızı Rayon İcra Hakimiyyəti başçısının Xızı qəsəbəsi üzrə nümayəndəsinə verilmişdir. Xızı rayon Dövlət Arxivinin təqdim etdiyi 42 nömrəli, xx.xx.2021-ci il tarixli arxiv çıxarışından da görünür ki, Xızı Rayon İcra Hakimiyyəti başçısının Xızı qəsəbəsi üzrə icra nümayəndəliyinin 15 may 1992-ci il tarixli 40 nömrəli sərəncamı ilə Xızı rayonu ərazisində yerləşən 0,20 ha torpaq sahəsi Paşayeva (Quliyeva) Səkinə Hüseyn qızına ayrılmış və fərdi yaşayış evi tikilməsinə icazə verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, X8 xx.xx.1993-cü il tarixdə vəfat etmiş, onun adına vərəsəlik işi açılmış, iddiaçı onun qanun üzrə vərəsəsi qismində çıxış etmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinə dair müayinə aktı təqdim edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, sözügedən torpaq sahəsi naturada 0,18 ha ölçüdə mövcuddur. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 nömrəli Fərmanı ilə əlavə edilmiş 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün əsas hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan normanın məzmununa əsasən inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədlərin siyahısına aid edilə bilər. Həmçinin iş materiallarına əlavə olunmuş Xızı rayonu İcra Hakimiyyətinin 27 mart 2024-cü il tarixli, 5-50/2-191/2024 nömrəli məktubundan görünür ki, Xızı rayon İcra Hakimiyyətinin nümayəndəsinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin mütəxəssisinin, qonşu X4 və İddiaçı iştirakları ilə təhqiqat obyektinə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, Xızı rayon İcra Hakimiyyətinin Xızı qəsəbə nümayəndəliyinin 15 may 1992-ci il tarixli, 40 saylı sərəncamına əsasən 0,20 ha torpaq sahəsi fərdi ev tikintisi üçün İddiaçı anası mərhum X7 ayrılmışdır. Həmin torpaq sahəsi dəmir torla hasarlanmışdır, içərisində müxtəlif meyvə ağacları mövcuddur. Torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir. Göründüyü kimi, sözügedən torpaq sahəsi naturada mövcud olmaqla, ayrıldığı vaxtdan hazıradək mərhum Paşayeva (Quliyeva) Səkinə Hüseyn qızı və onun vərəsələrinin istifadəsindədir. Eyni zamanda, həmin torpaq sahəsinin ayrılmasına dair inzibati akt hazırda qüvvədə olmaqla, həmin qərarın ləğv edilməsi, dəyişdirilməsi, geri çağrılması halı müəyyən edilməmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən isə torpaq sahəsinin ayrılmasına dair sənədlər müvafiq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Həmçinin, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. X1 adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədədir. Hansı ki, həmin inzibati akt torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranması üçün əsas hesab olunur. Nəticə etibarilə X5 həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi həmin hallar əsassız olmuşdur. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin ikinci dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsi vətəndaş X6 adına qeydiyyata alınmış **********47-10301 reyestr nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür və faktiki torpaq sahəsi sənəd üzrə qeyd edilən torpaq sahəsindən 0.02 ha azdır. İş materiallarına əlavə olunmuş ortofoto görüntüdən də aydın olur ki, X6 adına qeydiyyata alınmış **********47-10301 reyestr nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0,0761 ha hissədə üst-üstə düşür. Əlavə olaraq məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi sənəd üzərində 0,20 ha göstərilsə də, faktiki olaraq 0,18 ha-dır. Qeyd olunan dəlili nəzərə almaqla məhkəmə iclasında İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq iddia tələbinin həcmini azaltmış və Xızı qəsəbə İcra nümayəndəsinin 15 may 1992-ci il tarixli 40 nömrəli sərəncamı ilə Xızı qəsəbəsində fərdi mənzil tikintisi üçün ayrılmış 0,1039 ha torpaq sahəsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin “iddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsi vətəndaş X6 adına qeydiyyata alınmış **********47-10301 reyestr nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşməsi və faktiki torpaq sahəsi sənəd üzrə qeyd edilən torpaq sahəsindən 0.02 ha az olması” ilə bağlı dəlili həmin dəlillərə uyğun olaraq iddia tələbinin həcmi azaldıldığına görə öz əhəmiyyətini itirir. Cavabdeh inzibati orqanın sonuncu dəlili isə idarənin istifadəsində olan elektron kadastr məlumat bazasında torpaq sahəsinin yerləşdiyi ərazinin meşə fondu torpaqları kimi qeyd edilməsi ilə bağlıdır. Həmin dəlilin araşdırılması məqsədilə kollegiya tərəfindən zəruri sorğu ünvanlanmış, sorğuya cavab olaraq daxil olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3-14-27/2-017/2025 nömrəli, 10 fevral 2025-ci il tarixli məktubundan görünür ki, qeyd edilən mübahisəli ərazinin məkan məlumatları 4 saylı X10 Mərkəzinin Qarabulaq meşəbəyliyinin meşə quruluşu xəritə materialları ilə tutuşdurulmuş və meşə fondu olmadığı müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın sonuncu dəlili də əsassız olmaqla formal xarakter daşıyır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Xızı qəsəbə İcra nümayəndəsinin 15 may 1992-ci il tarixli, 40 nömrəli sərəncamı ilə Xızı qəsəbəsində fərdi mənzil tikintisi üçün ayrılmış 0,1039 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anası Paşayeva (Quliyeva) Səkinə Hüseyn qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2-1(118)-953/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Xızı qəsəbə İcra nümayəndəsinin 15 may 1992-ci il tarixli, 40 nömrəli sərəncamı ilə Xızı qəsəbəsində fərdi mənzil tikintisi üçün ayrılmış 0,1039 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anası Paşayeva (Quliyeva) Səkinə Hüseyn qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.