Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-450/2022 17.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “vergilərin hesablanması üçün zəruri olan sənədlərin təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2-1(118)-936/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 2021-ci il 22 sentyabr tarixli, **********149845 nömrəli qərarı ilə vergi ödəyicisi olan cavabdehin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələrinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. 2021-ci il 12 oktyabr tarixdə iddiaçı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********150542 nömrəli qərar qəbul edilmiş və həmin qərarda cavabdehdən 2018-ci il 01 yanvar tarixdən 2021-ci il 31 iyul tarixədək olan dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin götürülməsinin həyata keçirilməli olması göstərilmişdir. Cavabdeh tərəfindən tələb edilən sənədlər vergi orqanına təqdim edilmədiyindən 2021-ci il 20 oktyabr tarixdə "xxxx" akt tərtib edilmiş, həmin akt cavabdehin nümayəndəsi tərəfindən imzalanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün yoxlamanın predmetinə aid olan avqust-2018-iyul 2021 vergi dövrü üzrə Tələbnamədə göstərilən sənədlərin götürülməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********149845 nömrəli qərarına əsasən Cavabdeh MMC-də avqust-2018- iyul 2021 vergi dövü əhatə edilməklə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, vergi yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə Tələbnamə vergi ödəyicisinin nümayəndəsinə təqdim edilmiş və Tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində yoxlamaya təqdim edilməsi təklif edilmişdir. Lakin vergi yoxlamasının keçirilməsi üçün sənədlər heç bir əsaslı səbəblər göstərilmədən yoxlamaya təqdim edilməmişdir. Sənədlərin yoxlamaya təqdim edilməsindən imtina edilməsi faktı vergi ödəyicisinin nümayəndəsinin iştirakı ilə xx.xx.2021-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 43.11 -ci maddəsinə əsasən vergi ödəyicisi nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırlmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Sumqayıt İnzibati Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2-1(118)-936/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh MMC-də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün yoxlamanın predmetinə aid olan avqust 2018-iyul 2021 vergi dövrü üzrə Tələbnamədə göstərilən sənədlərin cavabdehdən götürülərək iddiaçı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilməsi qərara alınmışdır (hakim İ.Quliyev). Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Qeyd edir ki, iddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021ci il tarixli **********149845 nömrəli qərarı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə əsaslandırılmışdır. Həmin maddənin tələbində isə qeyd olunur ki, “vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə” növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən keçirilə bilər. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 285 nömrəli Sərəncamına əsasən Cavabdeh MMC-yə altı mərtəbəli, bir girişli, 4 bina tikintisinə icazə verilmiş, bundan sonra MMC evlərin tikintisi üçün İnşaat Pasportu alaraq binaların tikintisinə başlamışdır. Qeyd olunan binaların tikinti işləri 2016-cı ildə tamamilə başa çatdırılmışdır. Tikinti işlərinin yekunlaşdığını təsdiq edən “Çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazırlığı barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfındon 0323 nöməli Rəy verilmişdir. Vienna-A” MMC çoxmənzilli yaşayış binası kompleksinin tikintisinə başladıqda sadələşdirilmiş vergi uçotunu seçmiş və qanunvericiliyə uyğun olaraq binaların sahəsinə görə sadələşdirilmiş vergi məbləğini tamamilə ödəmiş və heç bir vergi öhdəliyi qalmamışdır. Cəmiyyətin şəxsi hesab vərəqəsi məhkəməyə təqdim edilmişdir. Cəmiyyət fəaliyyəti dövründə bütün əməliyyatları uçota almış, eyni zamanda uçot məlumatlarına əsasən vergi hesabatlarını, məcburi sosial ödənişlərinə dair hesabatlarını tərtib edib qanunvericiliyə əsasən aidiyyatı üzrə təqdim etməklə yanaşı, hesablanmış bütün vergilərin tam ödənişini yerinə yetirmişdir. Hesab edir ki, iddiaçı vergi orqanının Vergi Məcəlləsinin müvafiq maddəsinə əsaslanması üçün hər hansı bir sənəd və məlumatı olmadığı halda, yəni vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilmədiyi, qeyd edilənlərə dair hər hansı bir fakt və ya sənəd mövcud olmadığı halda, əsassız olaraq növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün Qərar qəbul edilmiş və Vergi Məcəlləsinin tələbləri pozulmuşdur. Qeyd edir ki, iddiaçı MMC çoxmənzilli yaşayış binasında yerləşən qeyri-yaşayış sahəsini kənar hüquqi şəxsə icarəyə vermiş, həmin icarəyə verdiyi sahəyə görə icarə məbləğindən Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən vergiləri hesablayaraq Vergilər İdarəsinə ödəmiş, hər hansı vergi borcu olmamış, əksinə artıq vergi məbləği ödənilmişdir . Bu faktları təsdiq edən şəxsi hesab vərəqəsi, icarə müqavilələri məhkəməyə təqdim edilmişdir. Hesab edir ki, iddiaçı orqan tərəfindən hər hansı bir əsas olmadığı halda, qanunsuz olaraq, növbədənkənar vergi yoxlamasının keçirilməsi üçün xx.xx.2021-ci il tarixli **********149845 nömrəli Qərar qəbul edilmişdir. Məhkəmə iclası çəkişmə prinsipi təmin edilmədən birtərəfli qaydada cavabdehin iştirakı olmadan keçirilmişdir, məhkəmə Cavabdeh MMC-nin iştirakını məhkəmədə təmin etməmiş, bununla da ədalət mühakiməsinin çəkişmə prinsipini pozmaqla yanaşı, cavabdehin hüquqlarını müdafiə etmək imkanından məhrum etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayədəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi tərəfindən vergilərin hesablanmasına təsir edən və yoxlama dövründə təqdim edilən sənədlərdən fərqli sənədlər əlavə vergi yoxlamasının təyin edildiyi tarixdən 30 iş günü müddətində təqdim edilməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Maddə 42.2. Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci və üçüncü hissəsində göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. 42.3. Səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Maddə 43.1. Sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. 43.2. Səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 42-ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. 43.11. Vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Cavabdehin apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan cavabdeh vergi orqanının tələbini icra etməyərək qanunla nəzərdə tutulmuş qaydada sənədləri vermədiyindən, həmin sənədlərin götürülməsi ilə bağlı vergi orqanının hərəkətləri, o cümlədən, hazırkı məzmunda iddia ilə məhkəməyə müraciəti Vergi Məcəlləsinin tələblərinə uyğun olmuşdur. Yoxlama dövrünə aid olan və iddiaçı tərəfindən tələb olunan sənədlərin vaxtında vergi orqanının nümayəndəsinə təqdim edilməsi iş materialları ilə təsdiqini tapmır. Bu baxımdan, məhkəmə iddianı təmin etmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 2021-ci il 22 sentyabr tarixli qərarı ilə vergi ödəyicisi olan cavabdehin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələrinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, Vergi Məcəlləsinin 42-ci maddəsinin tələbinə müvafiq olaraq cavabdehə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” 23 sentyabr 2021-ci il tarixli, **********3149969 nömrəli tələbnamə təqdim edilmişdir. İddiaçı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 2021-ci il 12 oktyabr tarixdə qərar qəbul etmiş və həmin qərarda cavabdehdən 2018-ci il 01 yanvar tarixdən 2021-ci il 31 iyul tarixədək olan dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin götürülməli olması göstərilmişdir. Cavabdeh tələb edilən sənədləri vergi orqanına təqdim etmədiyindən iddiaçı vergi orqanı tərəfindən 2021-ci il 20 oktyabr tarixdə "xxxx" akt tərtib edilmiş, həmin akt cavabdeh MMC-nin baş mühasibi tərəfindən imzalanmışdır. Vergi ödəyicisi olan cavabdeh vergi orqanının tələbini icra etməyərək qanunla nəzərdə tutulmuş qaydada sənədləri vermədiyindən, həmin sənədlərin götürülməsi ilə bağlı vergi orqanının hərəkətləri, o cümlədən, hazırkı məzmunda iddia ilə məhkəməyə müraciəti Vergi Məcəlləsinin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olmuşdur. Yoxlama dövrünə aid olan və iddiaçı tərəfindən tələb olunan sənədlərin vaxtında sonuncunun nümayəndəsinə təqdim edilməsi iş materialları ilə təsdiqini tapmır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri iki hissədən ibarətdir: 1) İddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********149845 nömrəli qərarının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə əsaslandırıldığı, lakin həmin maddənin tələbində qeyd olunan əsas ilə həyata keçirilmədiyi; 2) Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin lazımi qaydada məlumatlandırılmadığı. Şikayətin birinci dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh səyyar vergi yoxlamasının düzgün başlanılmadığını mübahisələndirirsə, yoxlama nəticəsində qəbul edilmiş qərarı inzibati məhkəmə icraatı qaydasında mübahisələdirmək və hazırda istinad etdiyi halları həmin iddia ərizəsində qeyd etmək hüququna malikdir. Sadalanan xüsusatlar isə hazırda sənədlərin cavabdehə təqdim edilməsindən imtina üçün əsas ola bilməz. Apellyasiya şikayətinin ikinci, yəni məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin lazımi qaydada məlumatlandırılmadığına dair dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından görünür ki (iş vərəqə səh.20), birinci instansiya məhkəməsi tərəfindən 18 fevral 2022-ci il tarixində Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı haqqında bildiriş göndərilmişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında SS766470919AZ saylı xəbərnamədən görünür ki, məhkəmə iclasının keçirilməsi haqqında bildirişin surəti 14 mart 2022-ci il tarixdə cavabdehə verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərini əsassız hesab edir, şikayətin həmin dəlilləri məhkəmə qərarının ləğvinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2-1(118)-936/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-450/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-450/2022
17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver