Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-450/2023 23.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: medalının verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması, öhdəliyin icrası haqqında iddia növü, iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Laçının azad olunmasına görə” medalının verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-359/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “ona “Laçının azad olunmasına görə” medalının verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci ildə Abşeron rayon SHXŞDX tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Gəncədə N saylı hərbi hissənin 1ci taborunun 1-ci bölüyündə başlamışdır. Sentyabr ayında İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar onları Toğanaya aparmışlar. Sonra isə Füzuli, Cəbrayıl, Qubadlı və Laçın istiqamətində döyüşlərdə iştirak etmişdirlər. Qubadlı rayonunun son kəndlərində gedən döyüşlərdə ayaqları yanmış və yaralanmışdır. Onu çadırlardan hazırlanmış tibb məntəqəsinə düşürmüş, tibbi yardım göstərmiş və adı yaralılar siyahısına qeyd olunmuşdur. Daha sonra onu Hospitala göndərmək qərarına gəlmişdirlər. Səhəri günü isə öz istəyi ilə döyüş yoldaşlarının yanına qayıdaraq 3-4 gün ayağında başmaqla döyüşlərdə iştirak etmişdir. Noyabr ayının 3-də artıq tağımla Laçın rayonunun Şəlvə dərəsi adlanan ərazidə olmuş və noyabr ayının 4-də hücuma keçmişlər. Noyabrın 10-a qədər döyüşdə iştirak etmişdir. Atəşkəs elan olunduqdan sonra noyabrın 28-ə kimi Laçın rayonunda olmuşdur. 28 noyabrda Gəncə N nömrəli hərbi hissəyə qayıtmışdırlar. Döyüşlərdə çoxlu sayda şəhid vermişdirlər. Həmin döyüşlərdə faəl iştirak etdiyi və fərqləndiyi üçün Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur. Onunla birlikdə döyüşdə iştirak edən əsgər yoldaşları “Laçının azad olunmasına görə” medalı ilə təltif olunsalar da, ona “Laçının azad olunmasına görə” medalı təqdim olunmamışdır. Döyüş yolunun bir olduğu əsgər yoldaşlarından İdrisov Mehran, Abdullayev Kənan və digərlərini misal çəkə bilər. Bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Laçın rayonu uğrunda gedən döyüşlərdə ı̇ ştı̇ rak etmədı̇ yı̇ üçün həmı̇ n rayonun medalı ı̇ lə təltı̇ f olunmamişdır.” Məsələ ilə bağlı aydındır ki, Nazirlik üzərinə düşən vəzifəni tam olaraq yerinə yetirməmiş, bununla bağlı onu dəvət edib heç bir araşdırma aparmadan şablon cavab vermişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində xx.xx.2020-ci ildə Abşeron rayon SHXÇX-dən həqiqi hərbi xidmətə çağrıldığını, N saylı hərbi hissənin 1-ci taborunun 1-ci bölüyündə xidmət etdiyin, sentyabr ayında ikinci Qarabağ başlanması ilə əlaqədar onları Toğanaya aparıldığlarını, sonra isə Füzuli, Cəbrayıl Qubadlı və Laçın istiqamətində döyüşlərdə iştirak etdiyini, Qubadlı rayonunun son kəndlərində gedən döyüşlərində ayaqlarının yandığını və yaralandığını göstərərək məhkəmədən ona “Laçının azad olunmasına görə” medalın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməsini xahiş etmişdir. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VİQD nömrəli Qanunu ilə təsdiq edilmişdir “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında əsasnaməyə əsasən “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanladığı “Laçının azad olunmasına görə” meydalının verilməsi ilə bağlı ərizəsi aidiyyəti üzrə N nömrəli hərbi hissənin “vətəndaşların müraciətlərinin vəziyyətinin yoxlanması komissiya”sı tərəfindən baxılmış və iddiaçının Laçın rayonu uğrunda gedən döyüşlərdə iştirak etmədiyinə görə “Laçının azad olunmasına görə” medal ilə təltif olunmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-359/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı “Laçının azad olunmasına görə” medalının verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin təhlilin nəticəsinə görə, hərbi qulluqçunun orden və medallarla təltif edilməsi yalnız təqdimatın verilməsi ilə nəticələnmir və digər qurumların və komissiyanın, habelə Azərbaycan Respublikası müdafiə nazirinin qiymətləndirilməsindən asılıdır və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aid edilmişdir. Məhkəmə tərəfindən maddi hüquq normalarını nəzərə almadan İddiaçı “Laçının azad olunmasına görə” medalının verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmasını qərara almışdır. İddiaçının arzuladığı tələbə uyğun inzibati orqanın üzərinə vəzifə qoyulması isə cavabdeh inzibati orqanın birbaşa diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Konstitusiyası Maddə 109. 23-cü bəndi Azərbaycan Respublikası Prezidenti dövlət təltifləri ilə təltif edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 16.2. Xidmət zamanı səy göstərdiklərinə və başqalarından fərqləndiklərinə görə hərbi qulluqçuların mükafatlandırılma hüququ vardır, vəzifə borcunun icrası zamanı mərdlik və şücaət göstərilməsinə, hərbi xidmət vəzifələrinin nümunəvi yerinə yetirilməsinə görə onlar Azərbaycan Respublikasının dövlət mükafatları ilə təltifə təqdim oluna bilərlər. Azərbaycan Respublikası Müdafiə nazirinin 17 may 2004-cü il tarixli 223 №li Əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimat Maddə 3. Silahlı Qüvvələrin hərbi qulluqçularının Azərbaycan Respublikası orden və medalları ilə təltif olunması Azərbaycan Respublikasının ordenlərinin statusuna və medalları haqqında əsasnamələrə uyğun olaraq (Əlavə №1) hərbi borcu yerinə yetirərkən göstərilən fədakarlıq və rəşadətə, döyüş hazırlığında əla göstəricilərə, yeni hərbi texnikanı əla mənimzəməyə qoşunlara (hissələrə, bölmələrə) nümunəvi rəhbərliyə, Silahlı Qüvvələr və dövlət qarşısında digər mühüm xidmətlərə görə həyata keçirilir. Maddə 7. Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərilir. X2 səlahiyyətində olan medallar üçün təqdimatlar isə Müdafiə nazirinə təqdim olunur. Maddə 10. Bütün təltif sənədləri “Silahlı Qüvvələrin şəxsi heyətinin təltif olunması və fəxri adlara təqdim edilməsi üzrə komissiyada baxıldıqdan sonra Azərbaycan Respublikasının Müdafiə nazirinə təqdim olunur. ...hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimat birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. ...təqdimat bilavasitə rəislərin rəylərindən sonra Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə təqdim edilir. ...kadr orqanları Azərbaycan Respublikasının orden və medalları ilə təltifə təqdim olunmuş şəxslərin fərdi uçotunu aparır. Azərbaycan Respublikasının 26 noyabr 2020-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Laçının işğaldan azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə Maddə 1. “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək, şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin adları qeyd edilmiş hərbi qulluqçuları “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: Maddə 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; Maddə 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; Maddə 74 İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Belə ki, hazırki inzibati iş üzrə iddiaçının iddia tələbi müvafiq medalın verilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən iddianın mümkün sayılması üçün zəruri olan şərtlər mövcud olmalıdır, yalnız bu halda iddia mümkün sayılmalıdır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Qeyd olunan qanunvericilik normalarının tələbindən görünür ki, “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VİQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Həmin Qanuna əsasən “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında əsasnaməyə əsasən “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş və şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Həmçinin, qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən hərbi qulluqçular vəzifə borcunun icrası zamanı mərdlik və şücaət göstərilməsinə, hərbi xidmət vəzifələrinin nümunəvi yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının dövlət mükafatları ilə təltifə təqdim oluna bilərlər, müvafiq medalla təltif edilmə isə məhz Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aiddir. Eyni zamanda qeyd olunmalıdır ki, hərbi qulluqçuların müvafiq medalla təltif edilməsi ilə bağlı sənədlərin hazırlanması qaydaları və proseduru, təltif edilmə ilə bağlı təqdimatın verilməsi və təltif edilmə ilə bağlı qaydalar müvafiq Təlimatda öz əksini tapmışdır. Belə ki, ilk öncə müvafiq təltif sənədlərin hazırlanması və tərtibi həyata keçirilir ki, bununla bağlı ümumi rəhbərliyi müvafiq cavabdeh inzibati orqanın kadrlar idarəsi tərəfindən həyata keçirilir. Daha sonra həmin sənədlərə müvafiq komissiyada baxıldıqdan sonra müsbət qərara qəbul olunduğu halda, həmin təltif sənədləri Azərbaycan Respublikası Müdafiə nazirinə təqdim olunur, haqqında müsbət qərara qəbul edilmiş təqdimatlar əsasında medal ilə təltif olunma barədə Azərbaycan respublikası Prezidentinə Müdafiə nazirinin təqdimatı layihəsi hazırlanır. Azərbaycan Respublikasının orden və medalları Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir. Göründüyü kimi, hərbi qulluqçuların müvafiq medalla təltif eidlməsi məhz Azərbaycan respublikasının Prezidentinin səlahiyyətinə aid olmuş, yalnız həmin təltif sənədlərinin hazırlanması və bununla bağlı təqdimat verilməsi cavabdeh inzibati orqanın səlahiyyətinə aid olmuşdur. İndiki halda isə iddia tələbinin predmeti məhz müvafiq medalın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasından ibarət olduğundan, həmin tələbin predmeti mahiyyət etibarilə cavabdeh inzibati orqanın səlahiyyətinə aid olmadığından, nəticə etibarilə cavabdeh inzibati orqan məhz həmin tələbə cavab verməli şəxs qismində çıxış etməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, müvafiq medalın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlı gəldiyi nəticə yalnış olmuşdur. Həmçinin, qeyd olunmalıdır ki, Müvafiq Sərəncamla hərbi qulluqçuların təltif edilməsinə əsas Laçın rayonu uğrunda gedən döyüşlərdə iştirak etməsi halı ilə yanaşı, həmçinin, onların göstərdiyi igidlik, şücaət göstərilməsi halları olmuşdur. Eyni zamanda hərbi qulluqçuların medalla təltif edilməsi ilə bağlı qaydalarda da şəxsin medalla təltif olunması onun xidməti vəzifələrinin icrası zamanı göstərdiyi rəşadət, fədakarlıq və digər xidmətlərinin olması kimi hallarla əlaqələndirilmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, hərbi qulluqçuların həmin medalla təltif edilməsi əsası kimi çıxış edən hərbi qulluqçunun şücaət və igidlik göstərməsi halı məhz cavabdeh iznibati orqanın qiymətləndirilməsi əsasında müəyyən edilməklə, onun xüsusi diskression səlahiyyət forması kimi qiymətləndirmə azadlığı ilə ehtiva olunur. Bundan əlavə, qeyd olunmalıdır ki, indiki halda cavabdeh inzibati orqanın imtinasının əsası iddiaçının Laçın rayonu uğrunda gedən döyüşlərdə iştirak etməməsi ilə bağlı hal çıxış etmişdir. İddiaçı tərəfindən isə hazırki inzibati iş üzrə qeyd olunan hallara dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən, hazırki iş üzrə iddiaçıya hüquqi yardım göstərilməklə, bununla bağlı cavabdeh inzibati orqanın imtinasının əsaslarının inzibati icraatın prinsipləri çərçivəsində (diskresion səlahiyyət və qiymətləndirmə azadlığı baxımından) yoxlanılmasının aparılması da mümkün olmamışdır. Belə ki, iddiaçının hüquqlarının müdafiəsinin təmin edilməsi üçün ilk növbədə müəyyən edilməli olan məhz onun müvafiq medalın verilməsinin əsas şərtlərindən biri olan müvafiq döyüşlərdə iştiark etməsi halının müəyyən edilməsidir. İndki halda isə qeyd edilən halın hazırki məhkəmə icraatı çərçivəsində iddia tələbinin predmeti baxımından araşdırılması mümkün olmamışdır. Həmçinin, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhz qeyd olunan hallarla bağlı uğurlu iddia növü seçməklə və mümkün hüquqi müdafiə vaistələrindən istifadə etməklə, özünün pozulduğunu ehtimal etdiyi hüquqlarının bərpasını və müdafiəsini həyata keçirmək hüququna malikdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia tələbini təmin etməklə, yuxarıda qeyd olunan halları diqqətdən qaçırmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticə etibarilə hazırki iddia tələbinin mümkünlük şərtlərinə düzgün qiymət verməmiş, iddia tələbinə mahiyyəti üzrə baxmışdır. Həmçinin, qeyd olunamlıdır ki, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələrində yoxlanılmalıdır. Göstərilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-359/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Laçının azad olunmasına görə” medalının verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-450/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-450/2023
23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver