Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-450/2024 09.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı "qeyri- yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması" tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2-1(118)- 2147/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 38 nömrəli sərəncamına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Xırdalan şəhəri, H.Əliyev prospekti ilə M.Hüseynzadə küçəsinin kəsişməsində 6 girişli, 16 mərtəbəli yaşayış binalarından ibarət kompleksin A və B bloklarının tikintisinə icazə verilmişdir. 18 oktyabr 2017-ci il tarixindən "xxxx" MMC-nin Nizamnaməsində edilmiş dəyişikliyə əsasən MMC-nin adı dəyişdirilərək “FAM-88" MMC olmuşdur. "xxxx" MMC Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 14 mart 2016-cı il tarixli, 38 nömrəli sərəncamına əsasən ünvan 1, 4-cü blok, 1-ci mərtəbəsində yerləşən, sahəsi 430 kv.m. olan qeyri-yaşayış sahəsini İddiaçı satmış və bununla bağlı tərəflər arasında 30 noyabr 2020-ci il tarixli, 015 nömrəli “Qeyri-yaşayış tikintisi haqqında” müqavilə bağlanmışdır. Qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı tərəfindən tam olaraq ödənilmiş və bununla bağlı ona maliyyə arayışı verilmişdir. İddiaçı ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. İnzibati orqan 09 iyun 2022-ci il tarixli, **********55 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş sənədlərdə göstərilən qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmənzilli yaşayış binası üzərində "xxxx" MTK-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı və sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmadığı müəyyən olunmuşdur. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1, 4-cü blok, 1-ci mərtəbəsində yerləşən, sahəsi 430 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli, 015 nömrəli qeyri-yaşayış tikintisinin alqı-satqısına dair müqavilədə nəzərdə tutulan ünvan 1 ünvanında yerləşən, sahəsi 430 kv.m. olan qeyriyaşayış sahəsinin dəyərini ödəmiş, həmin sahə onun istifadəsinə və sahibliyinə verilmişdir. Hal-hazırda həmin obyekti təmir edərək istifadə edir. Həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdeh idarəyə müraciət etmişdir. Lakin, cavabdeh orqan müraciətinə cavab verməmişdir. Hesab edir ki, həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2-1(118)-2147/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1, 4-cü blok, 1-ci mərtəbəsində yerləşən, sahəsi 430 kv.m. olan qeyri-yaşayış sahəsinin üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MMC ilə bağlanmış müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinin hazırkı iddiaya tətbiq edilməli olduğunu hesab edir. İş materialları ilə iddiaçının qeyri-yaşayış sahəsinin faktiki və hüquqi sahibi olması halı təsdiq edilmişdir. Bundan başqa, iddiaçı tərəfindən baxışın keçirilməsinə şərait yaratmamasına münasibətdə qeyd edir ki, cavabdehin həmin dəlili ağlabatan deyildir. Belə ki, iddiaçı özü mülkiyyət hüququnun qeydə alınmasında və baxışın keçirilməsində maraqlıdır və şərait yaratmaması üçün səbəb mövcud deyildir. Digər tərəfdən, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binada iddiaçı ilə eyni vəziyyətdə olan digər şəxslərə münasibətdə məhkəmə qərarları əsasında hüquqların ilkin qeydiyyatı həyata keçirilmişdir. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik hüququnun pozuntusu hesab edilə bilər. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a)Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, mübahisə predmeti olan qeyriyaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi halda qanunvericiliyin tələblərinə zidd olaraq üzərində hüquq qeydiyyata alınmamış binanın tərkib hissəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə qərar verilmişdir. "FAM-88“ MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən binaya dair müraciət edilmədiyindən sözügedən binanın istismarına icazə sənədinin mövcud olub-olmaması barədə Ərazi İdarəsində məlumat yoxdur. Məhkəmə bu sənədin mövcud olub-olmaması barədə lazımi araşdırma aparmamış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144-1-ci maddəsinin (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir) tələbinə əhəmiyyət verməmişdir. Məhkəmə qərarında göstərilmişdir ki, cavabdehə verilmiş sorğunun cavabında sözügedən ünvanda yerləşən binada iki ədəd qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Buna münasibətdə bildirir ki, məhkəmə tərəfindən ünvanlanmış sorğuda sözügedən ünvanda yerləşən binada binanın tərkib hissələri üzərində hüquqların qeydiyyata alınması barədə məlumat tələb olunmuş, lakin binanın kim tərəfindən inşa edilməsi qeyd edilməmişdir. Odur ki, sözügedən ünvanda qeydiyyatdan keçmiş iki qeyri-yaşayış sahəsinin olduğu barədə cavab məktubu və həmin daşınmaz əmlaklara dair sənədlərin surəti məhkəməyə ünvanlanmışdır. Həmin sənədlərin surətlərindən də görünür ki, qeyri-yaşayış sahələri “FAM-88" MMC tərəfindən inşa edilmiş binada deyil, eyni ünvada “R+R"xxxx"FAM-88 MMC tərəfindən inşa edilmiş binanın tərkib hissələri üzərində daşınmaz əmlakın dövlət reyestində hüquqların qeydiyyatı aparılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-) İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisə predmetini cavabdehin ünvan 1, 4-cü blok, 1-ci mərtəbəsində yerləşən, sahəsi 430 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.6-cı maddələrinə istinadla mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğunu, habelə mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binada iddiaçı ilə eyni vəziyyətdə olan digər şəxslərə münasibətdə məhkəmə qərarları əsasında hüquqların ilkin qeydiyyatının aparıldığını qeyd edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin faktiki hallarından görünür ki, iddiaçının üzərində hüququnu qeydə aldırmaq istədiyi qeyri-yaşayış sahəsi "xxxx" MMC tərəfindən inşa edilmiş ünvan 1 ünvanındakı çoxmənzilli yaşayış binasında yerləşir. İşə baxan məhkəmə bərabərlik hüququndan çıxış edərək mübahisəli qeyri-yaşayış sahəsi yerləşən binada qeyri-yaşayış sahələri üzərində şəxslərin mülkiyyət hüquqlarının qeydə alındığını, iddiaçıya münasibətdə isə cavabdeh inzibati orqanın fərqli davranışının bərabərlik hüququnun pozuntusu olduğunu bildirmişdir. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyası tərəfindən istismarına icazə verilməyən çoxmərtəbəli yaşayış binasının mənzili üzərində mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması tələbinə dair vahid məhkəmə təcrübəsini müəyyən edən (***) 2-1(102)-1842/2023 nömrəli qərar qəbul edilmişdir. Həmin iş üzrə mənzilə dair hüququn qeydə alınmasından cavabdehin imtinasının əsası tikinti obyektinin istismarına icazə sənədinin təqdim edilməməsi olmuşdur. Həmin qərarla formalaşan məhkəmə təcrübəsinə əsasən, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır? Hazırkı işdə də birinci instansiya məhkəməsi iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gəldiyindən, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini müəyyən edən 2-1(102)-1842/2023 nömrəli qərarında göstərilən halların ətraflı araşdırılması və işdə olan sübutlara düzgün hüquqi qiymət verilməsi zəruridir. Lakin, işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən istiqamətdə araşdırma aparılmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərdən görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının tikintiyə icazə verilməsi barədə xx.xx.2016-cı il tarixli, 38 nömrəli sərəncamına əsasən Xırdalan şəhəri, H.Əliyev prospekti ilə M.Hüseynzadə küçəsinin kəsişməsində tikinti işləri “FAM-88" MMC tərəfindən həyata keçirilmişdir. Binanın istismarına qanunamüvafıq qaydada Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi tərəfindən istismara hazırlıq sənədi verilmədiyindən Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən binanın istismarına icazə verilməmişdir. “FAM-88" MMC-nin rəhbərliyi tərəfindən yol verilmiş qanun pozuntuları ilə əlaqədar hazırda Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılmış, MMC-nin rəhbərliyi həbs olunmuşdur. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2023-cü il tarixli, 321332/2-16119 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının yaşayış və qeyri-yaşayış sahələri üzərində nə binanı inşa edən "xxxx" MMC-nin, nə də başqa şəxslərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eləcə də, sorğuya cavab olaraq təqdim edilən sənədlərdən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində 1 ünvanında "xxxx" MMC-dən daha öncə Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 194 saylı sərəncamına əsasən, “R+R” MTK tərəfindən çoxmənzilli yaşayış binasının tikintisi həyata keçirilmişdir. Həmin binanın cəmi iki qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Lakin bu inzibati orqanın özünün müstəqil olaraq formalaşdırdığı inzibati praktika olmamış, həmin qeydiyyatlar Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(85)-1974/2017 saylı və 2-1(85)-3865/2017 saylı qərarları əsasında aparılmışdır. Birinci instansiya məhkəməsi işin qeyd edilən xüsusatlarını təhrif etmiş, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində 1 ünvanında “R+R” MTK və "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binaları olduğu və cavabdeh inzibati orqan tərəfindən "xxxx" MMC tərəfindən inşa edilmiş binadakı yaşayış və qeyri-yaşayış sahələrinə dair çıxarış verilmədiyi halda, qərarda “......mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binada iddiaçı ilə eyni vəziyyətdə olan digər şəxslərə münasibətdə məhkəmə qərarları əsasında hüquqların ilkin qeydiyyatı həyata keçirilmişdir” nəticəsinə gəlməklə iddiaçıya münasibətdə cavabdeh inzibati orqanın fərqli davranışının bərabərlik hüququnun pozuntusu olduğunu bildirmişdir. Halbuki, işin sadalanan xüsusatları təsdiq edir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə fərqli inzibati praktika tətbiq edilməmiş, bərabər yanaşma və etimad hüququnun qorunması prinsipləri pozulmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə maddi hüquq normasının təbiqində də səhvə yol vermişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi işə baxan məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.6-cı maddələrini hazırkı işə tətbiq etmişdir. İstinad olunan həmin maddədə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Hazırkı işin hallarından isə görünür ki, reyestrdə qeydə alınması tələb edilən qeyriyaşayış sahəsi mənzil-tikinti kooperativi tərəfindən inşa edilən yaşayış binasında yerləşmir və qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının hər hansı qərarı qəbul edilməmişdir. Bu səbəbdən qeyd edilən normanın hazırkı mübahisəyə aidiyyəti yoxdur. Kollegiya qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi bina Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edildiyindən, hazırkı mübahisəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsi tətbiq edilməlidir. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dairtikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi ilə yanaşı tikinti obyektinin istismarına icazə həmin tikililər üzərində hüquqların qeydə alınması üçün əsas hesab edilir. Lakin hazırkı işdən görünür ki, “FAM-88" MMC tərəfindən inşa edilmiş binanın istismarına qanunamüvafıq qaydada Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi tərəfindən istismara hazırlıq sənədi verilmədiyindən Rayon İcra Hakimiyyəti tərəfindən həmin binanın istismarına icazə verilməmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2-1(118)-2147/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.