Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-450/2025 30.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2-1(118)-1047/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AA******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1984-cü il tarixdə doğulmuşdur.
2. Elektron informasiya sisteminin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatına əsasən iddiaçıya 29 yanvar 2003-cü il tarixdə “OS-Göz almasının zədədən sonrakı subatrofiyası” diaqnozu ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir.
3. Azərbaycan Respublikası Sumqayıt Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 07 mart 2003-cü il tarixli qərarına əsasən iddiaçıya 29 yanvar 2003-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur.
4. 31 iyul 2014-cü il tarixli, AZ-İ seriyalı, 704695 nömrəli “Ölüm haqqında şəhadətnamə” yə əsasən iddiaçının X1 28 iyul 2014-cü il tarixdə ölmüşdür.
5. İddiaçı 29 dekabr 2023-cü il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, onun əlilliyə görə əmək pensiyasının ailə başçısını itirməyə görə pensiya növünə keçirilməsini xahiş etmişdir.
6. Cavabdehin 18 yanvar 2024-cü il tarixli, 3-17-1/2-B-11670/2024 nömrəli məktubu ilə müraciətin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxsin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi TSE-0 AR 535749 saylı tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışın surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən ilkin əlilliyi 29 yanvar 2003-cü il tarixdə (18 yaşından sonra) müəyyən olunduğu üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
7. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasını əsassız hesab etməklə, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsinə səbəb olan diaqnozun uşaqlıqdan aldığı xəsarətlə bağlı olması səbəbindən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uşaq yaşlarında gözündən ağır zədə almış, bir gözü görmə qabiliyyətini tamamilə itirmiş, uşaqlıqda aldığı bu xəsarət cavabdeh tərəfindən qiymətləndirilməklə, 2003-cü ildən müddətsiz 3-cü dərəcəli əlillik təyin olunmuşdur. Məhz buna görə hərbi xidmətə yararsız hesab olunaraq təxris edilmişdir. İddiaçı əlilliyi ilə bağlı sosial müavinət alır və başqa yerdən gəliri yoxdur, valideynləri ilə bir ünvanda yaşayır. X1 28 iyul 2014-cü tarixdə ağciyər ödəmi xəstəliyindən dünyasını dəyişmişdir. O, sağlığında əmək pensiyası almışdır. İddiaçı uşaqlıqdan sağlamlıq imkanları məhdud olan bir övlad kimi mərhum anasına hesablanan pensiyanın iddiaçıya təyin edilmiş pensiya ilə əvəzləşdirilməsi və ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin ünvanlanan 18 yanvar 2024-cü il tarixli məktubda cavabdeh xahişi təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinası ilə razılaşmayaraq bildirir ki, o, uşaq yaşlarında aldığı bu xəsarətlə bağlı uzunmüddətli müalicələr almış, 18 yaşına çatana kimi hərbi xidmətə çağırışla bağlı həkim müayinələrində olmuş və iddiaçı hərbi xidmətə yararsız sayılmışdır. İddiaçıya hər dəfə əlillik dərəcəsi təyin olunanda əlilliyin səbəbi kimi həmin əlilliyin “uşaqlıqdan” olması qeyd edilmişdir və bu fakt da onu təsdiq edir ki, o, əlillik dərəcəsini uşaq yaşlarından almaq imkanında olmuş və gözlənti hüququ həmin dövrdən yaranmışdır.
9. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2-1(118)-1047/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsinə səbəb olan diaqnozun uşaqlıqdan aldığı xəsarətlə bağlı olması səbəbindən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Könül Həbibova).
11. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, işdə olan sənədlərə görə iddiaçının 18 yaşından yuxarı əlilliyi olan şəxs olması mübahisə doğurmur. Mübahisə onun əlilliyinin məhz 18 yaşına çatanadək müəyyən edilməsi ilə bağlıdır. Sumqayıt ƏSMM tərəfindən verilmiş 24 iyul 2007-ci il tarixli, 126266 nömrəli vəsiqədən görünür ki, iddiaçı uşaqlıqdan 3-cü qrup əlildir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən – hərbi bilet, məktəbin məzun albomu və digər sənədlərlə də bu hal öz təsdiqini tapır. Bununla belə, iddiaçı 18 yaşı tamam olduqdan sonra rəsmi qaydada, müvafiq orqanın qərarı ilə əlilliyi olan şəxs hesab edilmişdir. Qanunverici isə əlilliyi olan şəxs statusunun əldə edilməsini məhz əlilliyin qiymətləndirilməsini həyata keçirən orqanın müvafiq qərarı ilə şərtləndirmişdir. Əlilliyin 18 yaşına çatanadək mövcud olmasına və mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, yalnız onun təyinat tarixinin 18 yaşından sonraya təsadüf etməsini əsas götürməklə iddiaçının tələbinin təmin olunmasından imtina olunması, qanunun formal və ifrat tətbiqi halını yaradar, bununla da, iddiaçıya münasibətdə ədalətlilik prinsipinin pozulmasına səbəb olardı.
12. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iş üzrə məhkəmə xx.xx.2024cü il tarixdə qərardad qəbul edərək məhkəmə-tibbi ekspertizası təyin etmişdir. Məhkəmətibbi ekspertizasının T833/2024 nömrəli rəyində diaqnozun hansı yaşda yaranması barədə hər hansı tibbi sənəd olmadığından yaranma müddəti barədə məlumat verilməsinin mümkün olmaması qeyd edilmişdir. Nəticədə, iddiaçıya 18 yaşına çatanadək xəstəliyə görə sosial müavinətin təyin olunmasına və ödəniş aparılmasına dair hər hansı məlumat mövcud deyildir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; ... Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.1-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.1- 1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.
18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; ... Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (iddiaçıya əlilliyin təyin edildiyi tarixdə qüvvədə olmuşdur): 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur;
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir; ... 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; ... Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
24. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
27. İşdən görünür ki, iddiaçının hazırkı tələbi onun əlilliyə görə əmək pensiyasının ailə başçısını itirməyə görə pensiya növünə keçirilməsi barədədir.
28. İddiaçı hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olduğundan, onun vəfat etmiş ailə başçısının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.
29. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçı 18 yaşına çatanadək qanunvericiliklə tələb edilən qaydada sağlamlıq imkanları məhdudluğu müəyyən edilmədiyindən, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmamışdır.
30. Hazırkı iş üzrə iddiaçının 18 yaşından yuxarı əlilliyi olan şəxs olması mübahisə doğurmur.
31. Mübahisə onun əlilliyinin məhz 18 yaşına çatanadək müəyyən edilməsi ilə bağlıdır.
32. Tibbi-Sosial Ekspert Komissiyasının iddiaçı barəsində 29 yanvar 2003-cü il tarixli müayinəsinə dair məlumatına əsasən iddiaçıya “OS-Göz almasının zədədən sonrakı subatrofiyası” diaqnozu əsasında müddətsiz üçüncü dərəcəli əlillik təyin edilərkən diaqnozun uşaqlıqdan alındığı da qeyd edilmişdir.
33. Nəticə etibarilə, əlilliyin qiymətləndirilməsi üzrə müstəsna səlahiyyətli inzibati orqanın qərarlarında göstərilənlər o qənaətə gəlməyə imkan verir ki, iddiaçının əlilliyinə əsas verən, onun müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki pozuntular onda 18 yaşına çatanadək mövcud olmuşdur.
34. Bununla belə, iddiaçı 18 yaşı tamam olduqdan sonra rəsmi qaydada, müvafiq orqanın qərarı ilə əlilliyi olan şəxs hesab edilmişdir. Qanunverici isə əlilliyi olan şəxs statusunun əldə edilməsini məhz əlilliyin qiymətləndirilməsini həyata keçirən orqanın müvafiq qərarı ilə şərtləndirmişdir.
35. Bu halda, 18 yaşı tamam olmamış şəxsin əlilliyinin müəyyən edilməsi üçün onun qanuni nümayəndəsinin həmin orqana müraciət etməsi, bundan sonra isə əlilliyi müəyyən edən orqanın bu barədə qərar verməsi vacibdir. Hazırkı halda, iddiaçının 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə valideynlərinin əlilliyi müəyyən edən orqana müraciət etməsinə dair işdə sübut olmamasına və 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə inzibati aktın (arayışın) olmamasına baxmayaraq, onun uşaqlıqdan müvafiq göz xəstəliyi təsdiq olunduğundan, o, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə bərabər statuslu hesab edilməklə, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olmuşdur.
36. İddiaçının əlilliyinin müəyyən edilməsi barədə qərarın 29 yanvar 2003-cü ildə (18 yaşdan sonra) qəbul edilməsi, həmin tarixdən əlilliyi olan şəxs hesab edilməsi və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olmaması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillinə münasibətdə məhkəmə kollegiyası təsdiq edir ki, yuxarıda istinad olunan qanunvericiliyin müəyyən etdiyi ümumi qaydaya görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Şəxsin əlilliyinin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilməsi barədə inzibati orqanın qərarı hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
37. Həmçinin, nəzərə almaq lazımdır ki, analoji mübahisəyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (***) 2- 1(102)-2925/2023 nömrəli qərarında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan əldə olunması halına münasibətdə xüsusi yanaşma tətbiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən məsələyə münasibətdə daha əvvəlki qərarlarda əks olunmuş kassasiya məhkəməsinin mövqeyi əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli müdafiəsinin təmin edilməsi baxımından inkişaf etdirilməlidir. Nəzərə alınmalıdır ki, əlillik anadangəlmə xəstəliklərin və ya çatışmazlıqların, yaxud sonradan qazanılmış xəstəliklərin və ya zədənin, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqların səbəb olduğu əqli və ya fiziki qüsurlar nəticəsində yaranır. Əlilliyin qiymətləndirilməsi və bunun nəticələrindən irəli gələn əlilliyin müəyyən olunmasına və ya imtinaya dair qərar qəbul edilməsi səlahiyyəti TSEK-ə məxsusdur. Əlilliyin qiymətləndirilməsinə dair fəaliyyət isə orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə həyata keçirilir. Kollegiya qeyd edir ki, əlilliyə səbəbiyyət verən xəstəliklər və ya çatışmazlıqların anadangəlmə və ya sonradan qazanılmış olmasının fərqləndirilməsi bu qəbildən olan mübahisələr üzrə mühüm əhəmiyyət kəsb edir. Birinci halda, şəxsin cəmiyyət həyatında digər şəxslərlə bərabər tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissi pozuntuları onun doğulduğu andan mövcud olur, digər halda isə həyatın sonrakı dövrlərində müxtəlif amillərin təsiri altında əldə edilir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin məqsədi ona yönəlmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vəfat etmiş şəxsin övladları sırasından həm də o şəxslərə verilsin ki, onlar 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olsunlar. Hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərtlərdən biri 18 yaşına çatanadək əlilliyin müəyyən edilməsidir. Kollegiya qeyd edir ki, əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığı mötəbər sübutlarla təsdiq olunduqda, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Bu halda da şəxs qanunun məqsədləri baxımından 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxs kimi qəbul edilməlidir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Kollegiya hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığının mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı.
38. İşin hallarından müəyyən olunur ki, Tibbi-Sosial Ekspert Komissiyasında aparılan müayinənin nəticəsinə görə iddiaçının müddətsiz əlillik təyininə əsas verən diaqnozunun uşaqlıqdan yaranması göstərilmişdir. Bununla da, iddiaçının əlilliyi sonradan qazanılmış xəstəliklər və ya zədələr, eləcə də onlarla əlaqədar çatışmazlıqlar səbəbindən deyil, anadangəlmə xəstəlik və çatışmazlıq səbəbindən yaranmışdır.
39. Bununla bağlı qərar 29 yanvar 2003-cü ildə qəbul edilsə də, tibbi-sosial ekspertiza müayinəsinin nəticəsinə görə qüsur anadangəlmə olmuş və məhz bu qüsur əlilliyin müəyyən edilməsinə səbəb olmuşdur.
40. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin müddəası və həmin müddəada öz əksini tapmış (maddiləşmiş) ictimai maraq şəxsin 18 yaşına çatanadək əlilliyinin müəyyən olunmasını tələb edir. İddiaçı da təyinat tarixinin 18 yaşından sonra baş verməsinə baxmayaraq, əlilliyin anadangəlmə olmaqla 18 yaşadək əldə edildiyini bildirir və bu halın nəzərə alınmasını tələb edir.
41. Beləliklə, ailə başçısını itirməyə görə pensiya təyin edilməsi məsələsində həm fərdi, həm də ictimai maraq baxımından həlledici olan əlilliyin 18 yaşına çatanadək meydana gəlməsinin müəyyən olunması halıdır. Belə olan halda, prosesin hər iki iştirakçısına münasibətdə ədalətli yanaşma məhz bu məqam nəzərə alınmaqla təmin olunmalıdır.
42. Kollegiya hesab edir ki, əlilliyin əslində uşaqlıqdan mövcud olmasına və mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, yalnız onun təyinat tarixinin 18 yaşından sonraya təsadüf etməsini əsas götürməklə iddiaçının tələbinin təmin olunmasından imtina olunması, qanunun formal və ifrat tətbiqi halını yaradar, bununla da, iddiaçıya münasibətdə ədalətlilik prinsipinin pozulmasına səbəb olardı.
43. O da nəzərə alınmalıdır ki, əlilliyin 18 yaşınadək təyin olunması məsələsi, bir qayda olaraq, şəxslərin özlərinin deyil, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin hərəkətlərindən asılı olur. Belə ki, həmin şəxslər sözügedən dövrdə uşaq olduqlarından əlilliyin təyinatı ilə bağlı müraciət onların təmsil edən valideynlər və ya digər qanuni nümayəndələr tərəfindən edilməli idi. Belə müraciətlərin bəzən vaxtında edilməməsi əlilliyin təyinat tarixinin 18 yaşdan sonraya təsadüf etməsinə gətirib çıxarır. Bu mənada, əlilliyi olan şəxslərin özlərinin birbaşa iradəsi və hərəkətləri ilə bağlı olmayan halların onların barəsində hüquqların həyata keçirilməsində məhdudiyyətlər yaratması ədalətlilik prinsipi ilə uzlaşmır.
44. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları və vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə, düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilmir. Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2-1(118)-1047/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.