Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-451/2024 18.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 59 yaş 7 aydan güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Rəhimov Elman Gülbaba oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 59 yaş 7 aydan, yəni hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən qüvvədə olan qanunvericiliyə uyğun əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-881/2024 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1963-cü ildə anadan olmuşdur. Cavabdehin 3-17-1/2-H-129390/2023 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdən göründüyü kimi etibarnamə üzrə nümayəndəsi olduğunuz İddiaçı ümumi iş stajı 25 ildən az (22 il 10 ay (xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövr və 2006-2022-ci illər üzrə cəmi 16 il 7 ay)) təşkil edir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28177,84 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, həmin tarixədək İddiaçı ümumi iş stajı 20 ildən az (17 il 10 ay 10 gün), güzəştli iş stajı isə 10 ildən az (6 il 2 ay 23 gün) təşkil edir. Eyni zamanda bildiririk ki, sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində nəzərdə tutulmuşdur. Qanunun qeyd olunan maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunda ali təhsil müddətinin hazırda qüvvədə olan qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona 59 yaş 7 aydan, yəni hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən qüvvədə olan qanunvericiliyə uyğun əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1963-cü ildə anadan olmuş, xx.xx.1980ci ildən xx.xx.1982-ci ilədək Bakı 2 nömrəli Tibb Məktəbində tam əyani formada/ təhsil almış, xx.xx.1999-cu ildən xx.xx.2011-ci ilədək Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin SPİD laboratoriyasında feldşer-laborant peşəsində işləmiş və xx.xx.2011-ci ildən hal-hazıradək Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayıt regional laboratoriyasında feldşer-laborant peşəsində işləyir. İddiaçının xx.xx.2022-ci ilədək ümumi stajı 25 il, güzəştli stajı 23 il 01 ay 24 gün təşkil edir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdehdən xahiş etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. İmtina qanunsuzdur və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 ii sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır.Bildirilir ki, Mərkəzi Filialın xx.xx.2022 tarixli **********7 nömrəli məktubunda iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən onun ümumi iş stajınm 25 ildən az (22 il 1 ay 1 gün (xx.xx.1999-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər və 2006- 2022-ci illər üzrə cəmi 15 il 10 ay) təşkil etdiyi qeyd olunmuşdur. Bundan başqa həmin məktubda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi də qeyd olunmuşdur. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 34560,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23290,23 manat təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-881/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 59 yaş 7 aydan, yəni hüququnun yarandığı 26 noyabr 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən qüvvədə olan qanunvericiliyə uyğun əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək Bakı 2 nömrəli Tibb Məktəbində əyani təhsil aldığına görə iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahına uyğun olaraq ümumilikdə 10 ildən çox güzəştli iş stajına malikdir (Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 08-167 nömrəli, xx.xx.2023-cü il tarixli arayış). Eyni zamanda onun əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi müddət 25 ildən çoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 530 nömrəli, 13 may 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya münasibətdə 26 noyabr 2022-ci il tarixində tələb olunan ən azı 10 il güzəştli staj tamamlanmışdır. Belə olan halda qanunvericilik normasının təhlilindən göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində hər hansı bir maneə mövcüd deyildir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2022-ci ilə qədər iddiaçının ümumi stajı 25 ildən yuxarıdır. Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixli redaksiyasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən ümumi staja zərurət yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində edilmiş dəyişikliyin bir hissəsinin (pensiya kapitalının götürülməsi) pensiyaya çıxmaq şərtlərinin yüngülləşdirməsinə, digər hissəsinin (qadınlar üçün ümumi sığorta stajının 20 ildən 25 ilə qaldırıması) ağırlaşmasına yönəldilməsi konstitusion prinsiplərə ziddir. Çünki xüsusi şərtlərlə pensiyanın təyin edilməsində əsas məqsəd şəxsin zərərli sahədə işləməsi ilə bağlıdır. Başqa sözlə desək zərərli sahədə səhhətinə mənfi təsir göstərmiş şəxsin əlavə olaraq ümumi sığorta stajına zərurət yoxdur. Qeyd olunanlara əsasən qanuna edilmiş yeni dəyişikliyə əsasən xüsusi şərtlərlə əmək pensiyasının təyinatı zamanı ümumi staja zərurət yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, iddiaçı R.X6 təqdim etdiyi ДТ-İ № 763571 nömrəli diplomun surətinə əsasən iddiaçının təhsilinin əyani və ya qiyabi olmasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda araşdırma aparılmamışdır. Məhkəmə öz qərarında xx.xx.2022-ci ildən sonra xüsusi şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün 25 il ümumi stajının olub-olmamasından asılı olmayaraq xüsusi sahələrdə işləmiş kişilər üçün azı 12 il 6 ay, qadınlar üçün isə azı 10 il sığorta stajının olmasının kifayət olduğunu, Qanunun 9.1-ci maddəsində qeyd olunan şərtlər daxilində ifadəsinin isə yalnız yaş həddi ilə bağlı (7-ci maddənin qeyd hissəsində göstərilmiş 6 ay yaş həddinin artırılması ilə əlaqədar) olan hala aid olduğunu qeyd etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-881/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (yeni redaksiyada) Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri .... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokt oranturada və klinik ordinaturada təhsil müddəti .... “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılması apellyasiya baxıçının predmetini təşkil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya 59 yaş 7 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, X4 ümumi iş stajı 25 ildən az (22 il 10 ay (xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövr və 2006-2022-ci illər üzrə cəmi 16 il 7 ay) təşkil edir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28177,84 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən həmin tarixədək İddiaçı ümumi iş stajı 20 ildən az (17 il 10 ay 10 gün), güzəştli iş stajı isə 10 ildən az (6 il 2 ay 23 gün) təşkil edir. Eyni zamanda bildiririk ki, sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində nəzərdə tutulmuşdur. Qanunun qeyd olunan maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunda ali təhsil müddətinin hazırda qüvvədə olan qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən iddiaçıya 2 saylı siyahı üzrə qeyd edilən yaşdan güzəştli şərtlər pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) qanunla tələb olunan pensiya yaşının tamam olması, 2) azı 25 il ümumi iş satjı və azı 12 il 6 ay güzəştli iş stajına malik olması. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, pensiya yaş həddinə 59 yaş 7 ay tamamında çatmışdır. Cavabdeh inzibati orqan iddiaçıya münasibətdə 22 il 1 ay 1 gün ümumi iş stajına və azı 12 il 6 ay güzəştli iş stajına malik olması halını qəbul etmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə ümumi iş stajının 25 ildən az olması və fərdi hesabın sığorta hissəində qeydə alınan pensiya təminatına imkan verən məbləğdə pensiya kapitalına malik olmaması halına istinad edərək, iddiaçının müraciətini təmin etməmiş, habelə iddiaçının təhsil aldığı xx.xx.1980-xx.xx.1982-ci illərə aid dövrü ümumi iş stajına daxil etməmiş, əsas kimi iddiaçının təhsilini təsdiq edən diplomun surətində təhsilin əyani və ya qiyabi forması olmasının qeyd edilməməsi halına istinad etmişdir. İş materiallarında olan iddiaçıya aid əmək kitabçasında əks olunmuş qeydlərin məzmunundan görünür ki, Sumqayıt Gigiyena və Epidemiologiya Mərkəzində xx.xx.1999-cu ilxx.xx.2011-ci il tarixədək (iş satjı 11 il 6 ay 6 gün), Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayıt Regional laboratoriyasına xx.xx.2011-ci il tarixədək işə qəbul olunmuş, hazıradək həmin müəssisədə çalışır (59 yaş 7 ay tamamında olan dövrədək iş stajı 11 il 5 ay 26 gün), ümumilikdə işlədiyi həmin dövrlər 23 il 1 gün təşkil edir. İş materiallarında olan iddiaçıya aid diplomun və təhsil müəssisəsi tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, iddiaçı xx.xx.1980-ci il tarixli 109 saylı əmrlə Azərbaycan SSR Səhiyyə Nazirliyi Bakı 2 nömrəli Tibb məktəbinin “Feldşer laborant” şöbəsinə daxil olmuş, əyani təhsil almış, xx.xx.1982-ci il tarixli 89 saylı əmrlə həmin məktəbi bitirmişdir (təhsil aldığı dövr 2 tədris ili). Həmçinin, iş materiallarında olan Respublika Qiçslə Mübarizə Mərkəzi tərəfindən təqdim edilmiş arayışın məzmunundan görünür ki, iddiaçının 12 aprel 2023-cü il tarixə tibb sahəsində İİV infeksiya üzrə iş stajının 23 il 6 ay olduğu qeyd edilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında qeyd edilmiş dövrləri və təhsil aldığı dövrləri (2 il), o cümlədən işəgötürən tərəfindən verilmiş arayışı nəzərə aldıqda, iddiaçının azı 25 il ümumi iş stajına malik olması şərti 59 yaş 7 ay tamamında ödənilir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının qanunla tələb olunan ümumi iş stajına malik olmaması ilə bağlı arqumenti əsassız olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının təhsil aldığı dövrün təhsil formasının əyani və ya qiyabi olub-olmamasını müəyyən edə bilmədiyində nəzərə almamışdır. Halbuki, təhsil müəssisəsi tərəfindən bu hala dair arayış təqdim edilmiş, təhsilin formasının əyani olması qeyd edilmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin hissədə də arqumenti yalnış olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə pensiya kapitalı ilə bağlı şərtin ödənilməməsi əsasına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçının 59 yaş 7 ay tamamı olan vaxtda (26 sentyabr 2022-ci il tarixdə) qüvvədə olan əmək pensiyası haqqında qanunvericilikdə həmin şərt güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan şərt kimi nəzərdə tutulmamışdır. Belə ki, əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən 29 iyun 2022-ci il tarixdən həmin şərti ehtiva edən norma qüvvədən düşmüşdür. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hissədə də cavabdhein arqumenti əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi ümumi iş stajına dair şərtin ödənilib-ödənilməməsi hissəsində mövqeyi yalnış olsa da, iş üzrə gəldiyi nəticə düzgün olduğundan, həmin halın məhkəmə qərarının ləğv edilməsi üçün əsas hesab edilməməsi məqsədəmüvafiqdir. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, birinci instansiya məhkəməsi qərarın nəticə hissəsində “59 yaş 7 aydan, yəni hüququnun yarandığı 26 noyabr 2022-ci il tarixdən…” sözlərini qeyd etmişdir. İş materiallarından görünür ki, iddiaçının 59 yaş 7 ayı məhz 26 sentyabr 2022-ci il tarixdə tamam olmuşdur. Göründüyü kimi indiki halda birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə texniki səhvə yol verilmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının pensiya hüququ 59 yaş 7 ayda yarandığından, birinci instansiya məhkəməsi məhz həmin yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı nəticəyə gəldiyindən, yol verilmiş həmin texniki səhv iş üzrə gəldiyi nəticəyə təsir etmir. Belə olan halda yanlışlıq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 76.1ci maddəsinə əsasən aradan qaldırılmalı, qərarın nəticə hissəsindən “...,yəni hüququnun yarandığı 26 noyabr 2022-ci il tarixdən...” sözləri çıxarılmalıdır. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı iddia tələbində məhz 59 yaş 7 aydan, yəni pensiya hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və ödənilməsini xahiş etmişdir. Göründüyü kimi indiki halda iddiaçının hüquqi marağı məhz ona 59 yaş 7 ay tamamında güzəştli şərtlər yaşa görə pensiya təyin edilməsi və ödənilməsi ilə bağlı olmuş, 59 yaş 7 ay isə 26 sentyabr 2022-ci il tarixdə tamam olduğu halda, iddia tələbində “yəni 26 noyabr 2022-ci il tarixdən” qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası İPM-in 52-ci maddəsini tələbini əsas götürərək, hesab edir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından, iddiaçının hüquqi marağının məhz 59 yaş 7 aydan ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və ödənilməsi ilə bağlı olduğundan, birinci instansiya məhkəməsinin qərarın nəticə hissəsində iddiaçıya 59 yaş 7 ayından kimi qeyd edilməsi işin hallarına (iddiaçının hüquqi marağına) uyğun olmuşdur. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı, nəticə hissəsində yol verilmiş texniki xəta düzəldilməklə, dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-881/2024 nömrəli qərarı- qərarın nəticə hissəsindən “yəni hüququnun yarandığı 26 noyabr 2022-ci il tarixdən” sözləri çıxarılmaqla-dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-451/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-451/2024
18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver