Məhkəmə qərarları › İş №2-1(105)-452/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-452/2021

25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-452/2021 25.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, “Yaşma” bağlar massivi ünvanında 0,6 ha torpaq sahəsində yerləşən, 52 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyata alınması Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, “Yaşma” bağlar massivi ünvanında 0,6 ha torpaq sahəsində yerləşən, 52 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli 2-1(118)-174/2021 saylı qərarından İddiaçı verdiyi apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, “Yaşma” bağlar massivi ünvanında 0,6 ha torpaq sahəsində yerləşən, 52 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 17.02.1976-16.04.2010-cu illərdə Sumqayıt Təhsil İdarəsində müxtəlif vəzifələrdə işləmiş 15.11.1988-ci ildə o, “Maarif” Bağçılıq Yoldaşlığına üzv qəbul edilmiş və ona “Yaşma’’ bağlar ərazisində 0,6 ha torpaq sahəsində yerləşən 52 saylı bağ sahəsi verilmişdir. Həmin torpaq sahəsinin ona verilməsini 15.11.1988-ci il tarixli, 1 saylı Protokoldan Çıxarış, 52 saylı bağ sahəsinin sxematik planından Çıxarış, “Maarif” Bağçılıq Yoldaşlığının adlı siyahısı təsdiq edir. O, 52 saylı bağ sahəsinə görə Sumqayıt şəhər Bələdiyyəsinin hesabına torpaq vergisini mütəmadi olaraq ödəmişdir. 52 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və Reyestrdən Çıxarışın verilməsi məqsədilə AR ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və cavabdeh İdarənin 22 iyul 2019-cu il tarixli məktubu ilə xahişi rədd edilmişdir. İmtina məktubunda səbəb kimi “Elektron kadastr baza məlumatları araşdırılarkən torpaq sahəsinin digər şəxsə məxsus olması müəyyən edilməsi, həmçinin ona məxsus 52 saylı bağ sahəsinin "xxxx" MMC-yə hazırlanmış torpaq sahəsinin plan və ölçüsü ilə üst-üstə düşməsi göstərilmiş, bu səbəbdən də, tələbi təmin edilməmişdir. O, cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, yuxarıda qeyd edilən sənədlər təsdiq edir ki, 52 saylı bağ sahəsi ona məxsusdur. Ona görə də Sumqayıt şəhəri, “Yaşma” Bağlar massivi ünvanında yerləşən 52 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmalıdır.

Cavabdehin etirazları:

3. Cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmış və elektron kadastr baza məlumatları araşdırılarkən müəyyən edilmişdir ki, torpaq sahəsinin digər şəxsə məxsus, ləğv edilmiş DT və XK tərəfindən "xxxx" MMC-nə hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədi ilə üst-üstə düşür. Ona görə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikasının qanunun 15-ci maddəsinə əsasən hüququn dövlət qeydiyyatından imtina edilmiş və bu barədə İddiaçı 22 iyul 2019-cu il tarixli **********55 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.

Birinci instansiya məhkəməsində icraat:

4. Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-cı il tarıxlı 2-1(118)-174/2021 saylı qərarı ilə (hakim C.B.Məmmədov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, “Yaşma” bağlar massivi ünvanında 0,6 ha torpaq sahəsində yerləşən, 52 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasının təmin edilməməsi qərara alınmışdır.

5. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(118)-174/2021 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

6. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən Abşeron rayon İcra Hakimiyyətinin 06.04.2021-ci il tarixli məktubuna istinad edərək ona ayrılan torpaq sahəsinin Abşeron rayon İcra Hakimiyyəti başçısının 777 saylı, 18.05.2012-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-yə icarə qaydasında qoyunçuluğun inkişafı məqsədi ilə 46 saylı “Cəlalı” adlanan yay otlaq sahəsindən, örüş sahədən ibarət olmaqla Abşeron rayonunun istifadəsində olan torpaqlardan 311,0 hektar hissəsinə 15 il müddətinə icarə qaydasında ayrılmış torpaq sahəsi daxilindədir. Sözügedən bağ sahəsinin 1988-ci ildə “Maarif’ bağçılıq cəmiyyəti tərəfindən ona ayrılması kifayət qədər sənədlərlə təsdiq edilsə də, məhkəmə qərəzli olaraq sənədləri araşdırmadan onlara hüquqi qiymət verməyərək yalnız İH-nin məktubuna əsaslanaraq hazırkı nəticəyə gəlmişdir. Hesab edir ki, məhkəmənin qərarı əsassızdır, ona görə də ləğv edilməklə iddisı təmin edilməlidir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apelyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

8. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı izahatında qeyd etmişdir ki, 17.02.1976-16.04.2010-cu illərdə Sumqayıt Təhsil İdarəsində müxtəlif vəzifələrdə işləmiş və “Maarif’ X2 Heyətinin 1 saylı Protokoluna əsasən 15.11.1988-ci ildə “Maarif’ Bağçılıq Yoldaşlığına üzv qəbul edilərək ona “Yaşma’’ bağlar ərazisində 0,6 ha torpaq sahəsində yerləşən 52 saylı bağ sahəsi verilmişdir. Həmin torpaq sahəsinin ona verilməsini 15.11.1988-ci il tarixli, 1 saylı Protokoldan Çıxarış, 52 saylı bağ sahəsinin sxematik planından Çıxarış, “Maarif’ Bağçılıq Yoldaşlığının adlı siyahısı təsdiq edir. O, 52 saylı bağ sahəsinə görə Sumqayıt şəhər Bələdiyyəsinin hesabına torpaq vergisini mütəmadi olaraq ödəmişdir. 52 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və Reyestrdən Çıxarışın verilməsi məqsədilə AR ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh özünün 22 iyul 2019-cu il tarixli məktubu ilə xahişini rədd etmiş və imtinaya səbəb kimi “Elektron kadastr baza məlumatlarında torpaq sahəsinin digər şəxsə məxsus olması müəyyən edilməsi göstərilmişdir. Cavabdehin imtinasını əsassız hesab edir və 52 saylı bağ sahəsi ona ayrılmaqla 30 il ərzində istifadəsində olsa da, heç bir tikili inşa etməmiş, sadəcə arabir gedib gəlmiş, həmçinin 2020ci ilədək bələdiyyəyə torpağa görə üzvlük haqqı da ödəmişdir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında qeyd etdi ki, iddiaçının 17.02.1976-16.04.2010-cu illərdə Sumqayıt Təhsil İdarəsində müxtəlif vəzifələrdə işləməsi iddiaçıya məxsus olan əmək kitabçası ilə təsdiq edilməklə “Maarif’ X2 Heyətinin 1 saylı Protokoluna əsasən 15.11.1988-ci ildə iddiaçının “Maarif’ Bağçılıq Yoldaşlığına üzv qəbul edilməsi və iddiaçıya “Yaşma’’ bağlar ərazisində, 0,6 ha torpaq sahəsində yerləşən 52 saylı bağ sahəsi verilmiş və iddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin hesabına torpaq vergisini mütəmadi olaraq ödəmişdir. Cavabdehin imtinasını əsassız hesab etdiklərindən apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər.

10. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 izahatında qeyd etmişdir ki, apelyasiya şikayətinin dəlillərilə ona görə razı deyillər ki, elektron kadastr baza məlumatlarında torpaq sahəsinin digər şəxsə məxsus, ləğv edilmiş DT və XK tərəfindən "xxxx" MMC-nə hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədi ilə üstüstə düşür. Bu elektron baza xəritəsinin elektron versiyasında təmsil etdiyi İdarənin sistemində görülür, kadastr və ünvan reyestr xidməti tərəfindən tərtib edilən sistemdən verilən xəritəni də təqdim etmişlər, hansı ki, həmin sistemə onların giriş imkanları yoxdur. Bu səbəbdən də “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikasının qanunun 15-ci maddəsinə əsasən hüququn dövlət qeydiyyatından imtina edilmiş və bu barədə İddiaçı 22 iyul 2019-cu il tarixli **********55 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Odur ki, apelyasiya şikayətınin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

13. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

14. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

15. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

16. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

17. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

18. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

19. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

20. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

21. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

22. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

23. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

24. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

25. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

26. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

27. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

28. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

29. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-). 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. (-).

31. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-). 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-). Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (-). Apellyasiya instansiya məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hazırkı qərarın 12-24-cü bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, iddiaçının məhkəməyə müraciət etməsinin əsası hazırki qərarın 1-2-ci bəndlərində istinad edilən hallarla bağlı olmuş və birinci instansiya məhkəməsi zamanı işə baxılarkən hazırki qərarın 4-cü bəndində şərh edilən nəticəyə gəlinmişdir.

34. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istədiyi torpaq sahəsinin koordinatları "xxxx" MMC-nin adına qeydiyyata alınmış torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatlarla üst-üstə düşür. Belə ki, Abşeron rayon İcra Hakimiyyətindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 06.04.2021-ci il tarixli məktubundan məlum olur ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 777 saylı, 18.05.2012-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-yə icarə qaydasında qoyunçuluğun inkişafı məqsədi ilə 46 saylı “Cəlalı” adlanan yay otlaq sahəsindən, örüş sahədən ibarət olmaqla Abşeron rayonunun istifadəsində olan torpaqlardan 311,0 hektar hissəsinə 15 il müddətinə icarə qaydasında torpaq sahəsi ayrılmışdır. Bundan başqa DƏDRX-in 2 saylı Ərazi İdarəsinin məhkəmənin sorğusuna əsasən verdiyi cavab məktubundan məlum olur ki, İddiaçı ayrılmış torpaq sahəsinin koordinatları "xxxx" MMC-nin adına verilmiş 05.02.2015-ci il tarixli, A537922 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlara əsasən cəmiyyətin istifadəsində olan 30.0 ha torpaq sahəsi ilə üstüstə düşür. Qeyd olunanlar həmçinin DƏDRX-in 2 saylı Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi “elektron kadastır baza xəritəsindən çıxarışda” da (ortofoto) öz əksini tapır. Beləliklə, iddiaçı sözügedən bağ sahəsinin 1988-ci ildə “Maarif’ bağçılıq cəmiyyəti tərəfindən ona ayrıldığını bildirsə də, həmin torpaq sahəsi ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ELAT-A MMC-nin adına tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunmuş koordinatlara əsasən torpaq sahəsinin sərhədləri daxilində olduğu müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirildiyindən iş üzrə bəyan olunan hüquqlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluq müəyyən edildiyindən inzibati orqan əsaslı olaraq imtina etmişdir. Buna görə də iddia təmin edilməməli və iddiaçıya izah edilir ki, "xxxx" MMC-nin qeydə alınmış hüquqlarını onun torpaq sahəsi ilə üst-üstə düşən hissədə mübahisələndirmək hüququ istisna edilmir.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır və qeyd edir ki, hazırkı qərarın 6-cı bəndində öz əksini tapan iddiaçının apelyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz ona görə ki, biroinci instansiya məhkəməsində müəyyən olunan halla bağlı məhkəmə kollegiyası tərəfindən də aparılmış əlavə araşdırmalar zamanı iddiaçıya ayrılan torpaq sahəsinin başqa hüquqi şəxsə icarəyə verilən torpaq sahəsinin hüquqları daxilində olması təsdiq edilmiş, bu baxımdan cavabdeh İdarənin imtinasının “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə uyğun olaraq əsaslı olmasına dair məhkəmənin qənaəti düzgündür.

36. Belə ki, məhkəmə kollegiyasının iclası zamanı da mübahisəli bağ sahəsinin elektron məlumat bazasında qeyd edilən "xxxx" MMC-yə icarəyə verilmiş torpaq sahəsinin hüdudları daxilində olmasına dair cavabdeh tərəfindən verilmiş 06.08.2021-ci il tarixli cavab məktubuna əlavə edilmiş “torpaq sahəsinin planı və ölçüsü” xəritəsindən də müəyyən olunur ki, Yaşma bağlar massivi “Maarif” b/y 52 nömrəli bağ sahəsinin faktiki yeri, “Maarif” b/y-nın təqdim etdiyi sxematik plana uyğundur. Həmçinin sorğular əsasında Abşeron rayon İH-dən və Abşeron rayon Dövlət Arxivindən alınmış cavablarla da müəyyən olunmuşdur ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 777 saylı, 18.05.2012-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-yə icarə qaydasında qoyunçuluğun inkişafı məqsədi ilə 46 saylı “Cəlalı” adlanan yay otlaq sahəsindən, örüş sahədən ibarət olmaqla Abşeron rayonunun istifadəsində olan torpaqlardan 311,0 hektar hissəsinə 15 il müddətinə icarə qaydasında torpaq sahəsi ayrılmış və sərəncam əsasında müvafiq sənədləşmə aparılmaqla icarə müqaviləsi rəsmiləşdirilmişdir.

37. Beləliklə, məhkəmə kollegiyası hazırkı qərarın 30-31-ci bəndlərində istinad edilən qanun normalarının tələbləri baxımından cavabdeh İdarə tərəfindən iddiaçının mübahisələndirdiyi bağ sahəsinə dair təqdim etdiyi sənədlərlə, bağ sahəsinin hüquqi şəxsin icarəsinə verilmiş torpaq sahəsinin hüquqları daxilində olması səbəbindən həmin bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni hesab edilməli, eyni zamanda birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi iddiaçıya ayrılmış torpaq sahəsinin sonradan hüquqi şəxsin icarəsinə verilən torpaq sahəsinin hüquqları ilə üst-üstə düşən hissəsində mübahisələndirmək hüququnun istisna edilməməsi nəzərə alınaraq apelyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(118)-174/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar