Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-452/2022 22.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X16 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(118)-876/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur.
2. İddiaçının təqdim etdiyi Nəsimi rayon Hərbi Komissarlığının 14 oktyabr 1992-ci il tarixli arayışın kserosurətindən görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Dağlıq Qarabağda yaşayış məntəqələrinin müdafiəsi üzrə döyüşlərdə iştirak etmiş, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır.
3. İddiaçı cavabdehə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmiş, Müdafiə Nazirliyinin katibliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubu ilə mərkəzi arxivin arayışlarına əsasən xidmətini təsdiq edən sənəd və hərbi biletində xidməti barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuş, bildirilmişdir ki, mərkəzi arxiv arayışlarına əsasən xidmətini təsdiq edən sənəd və hərbi biletində xidməti barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
4. Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 217 nömrəli əmrində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək pul təminatı ilə təmin olunmuş “Azərbaycan Qarabağ” X13 dəstəsinin şəxsi heyətinin siyahısında X2 adı qeyd edilmiş, “Azərbaycan Qarabağ” X13 Dəstəsi komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Milli Ordusunun sıralarına yazılaraq 05 mart 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması və erməni silahlı birləşmələrinin hücumlarının qarşısının alınması məqsədilə Şuşa şəhərinə gedərək “Azərbaycan-Qarabağı könüllü müdafiə batalyonu”nda döyüşməyə başlamışdır. Şuşa rayonunun Kosalar kəndindəki postlarda durmaqla yanaşı xx.xx.1992-ci il tarixdə işğal olunmuş Kərkicahan kəndinə edilən hücumda və digər lokal döyüşlərdə iştirak etmişdir. Həmin döyüşlərdən birində sağ çiynindən qəlpə yarası almışdır. Onunla birlikdə hal-hazırda müharibə veteranı statusuna malik olan döyüşçü yoldaşları- qərargah rəisi, 2-ci qrup Qarabağ əlili X3, sıravi əsgərlər - X7, X8, X5, taqım komandiri X12 və bir çox digər şəxslər həmin döyüşlərdə iştirak etmişlər. Lakin o indiyədək müharibə veteranı adını və vəsiqəsini ala bilməmişdir. Həmin şəxslər şahid qismində izahat verməklə göstərdiyi faktları təsdiqləyə bilərlər. Verilmiş sorğuya cavab olaraq Müdafiə Nazirliyinin Katibliyi tərəfindən ona ünvanlanmış xx.xx.2021-ci il tarixli 4/3-1714 saylı cavab məktubunda ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bu cavabı qanunvericiliyin kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Nəsimi rayon hərbi komissarlığından Nəsimi rayon icra hakimiyyəti başçısına ünvanlanmış xx.xx.1992-ci il tarixli 1965 saylı arayışda bildirilir ki, “X6 həqiqətən də, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək dövr ərzində Dağlıq Qarabağda yaşayış məntəqələrinin müdafiəsi üzrə döyüşlərdə iştirak edib, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə yaralanıb”. Məhz bu sənəd onun döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edir və müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün əsasdır. M.Nağıyev adına (keçmiş Semaşko) adına xəstəxanadan ona verilmiş xx.xx.1996-cı il tarixli 284 saylı xəstəliyin çıxarışında sağ çiynindən qəlpə yarası aldığı bildirilir. Yuxarıda göstərilən sənədlərlə onun döyüşlərdə iştirak etdiyi təsdiq edilir və beləliklə də, qanunvericiliyin tələblərinə görə o, “Müharibə veteranı” adını və vəsiqəsini almalıdır.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(118)-876/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, veteran adı və müvafiq veteran vəsiqəsi əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə verilir. Lakin, hazırkı iş üzrə iddiaçının ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması hər hansı bir mötəbər sübutla təsdiq olunmur.
9. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilərək və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, tərəfindən edilmiş müraciəətə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən xx.xx.1992-ci il tarixli 1965 saylı “X6 həqiqətən də, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək dövr ərzində Dağlıq Qarabağda yaşayış məntəqələrinin müdafiəsi üzrə döyüşlərdə iştirak edib, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə yaralanıb” məzmunlu arayış Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilmişdir. Məhz bu sənəd onun döyüş əməliyyatlarında iştirak etməyini təsdiq edir və müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün əsasdır. Tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həmin arayışı alaraq Sumqayıt İnzibati Məhkəməsinə təqdim etmək üçün müraciət edilmiş, lakin Nazirlik məhkəməyə həmin arayışı poçt vasitəsilə göndərdiklərini bildirsələr də, arayış qərar çıxarılanadək məhkəməyə gəlib çatmamışdır.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli (Z.İsmayılovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki İşlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair) konstitusiya işində qeyd edilmişdir ki, “bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsi hesab edir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Lakin məhkəməyə təqdim edilmiş sənədlərlə onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının olması sübuta yetirilsə də hakim tərəfindən cavabdehi qane edən ədalətsiz bir qərar çıxarılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. “Hərbi qulluqçuların statusu haqqında” xx.xx.1991-ci il tarixli Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
14. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 8-ci yarımbənd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
16. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyyata buraxılması haqqında” 433 saylı Fərmanı, 23 yanvar 1996cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun 1996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı 29 sentyabr 1996-cı il tarixində qəbul edilmişdir.
17. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-452/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.
19. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası təşkil edir.
22. İddiaçı Nəsimi rayon hərbi komissarlığından Nəsimi rayon icra hakimiyyəti başçısına ünvanlanmış həqiqətən də, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək dövr ərzində Dağlıq Qarabağda yaşayış məntəqələrinin müdafiəsi üzrə döyüşlərdə iştirak etməsi, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə yaralanması barədə xx.xx.1992-ci il tarixli 1965 saylı arayışa istinad edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb edir.
23. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, mərkəzi arxivin arayışlarına əsasən xidmətini təsdiq edən sənəd və hərbi biletində xidməti barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, mərkəzi arxiv arayışlarına əsasən xidmətini təsdiq edən sənəd və hərbi biletində xidməti barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
24. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və bunu onunla əsaslandırmışdır ki, veteran adı və müvafiq veteran vəsiqəsi əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə verilir. Lakin, hazırkı iş üzrə iddiaçının ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması hər hansı bir mötəbər sübutla təsdiq olunmur.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. İş materiallarında olan Nəsimi rayon Hərbi Komissarlığının xx.xx.1992-ci il tarixli arayışında iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Dağlıq Qarabağda yaşayış məntəqələrinin müdafiəsi üzrə döyüşlərdə iştirak etmiş, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralandığı göstərilmişdir.
27. Bundan əlavə iş materiallarında olan M.Nağıyev adına (keçmiş Semaşko) adına xəstəxanadan iddiaçıya verilmiş arayışdan görünür ki, o, xx.xx.1996-cı il tarixli 284 saylı xəstəliyin çıxarışında sağ çiynindən qəlpə yarası aldığı göstərilmişdir.
28. Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 217 nömrəli əmrində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək pul təminatı ilə təmin olunmuş “Azərbaycan Qarabağ” X13 dəstəsinin şəxsi heyətinin siyahısında X2 adı qeyd edilmiş, “Azərbaycan Qarabağ” X13 Dəstəsi komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır.
29. Bundan əlavə işə apellyasiya qaydasında baxılarkən məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Qarabağ” Könüllü Özünümüdafiə dəstəsi Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 014№-li əmrinə əsasən yaradılıb və Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 076№-li əmri ilə “Azərbaycan Qarabağ” Könüllü Özünümüdafiə dəstəsi N №-li hərbi hissənin tabelyinə verilmişdir.
30. İşin yuxarıda qeyd edilən hallarına uyğun olaraq iddiaçının apellyasiya şikayətinin müvafiq dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 14-cü bəndində istinad edilən xx.xx.1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş və müvafiq münasibətləri tənzimləyən “Əsasnamə”nin tələblərinə əsasən hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmədiyi halda hərbi biletlər əsasında döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı verilə bilməz. Belə ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Bununla bağlı, döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməni təsdiq edən sənəd kimi yalnız hərbi biletə və oradakı qeydlərə istinad edilə bilməz. Belə ki, qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi yalnız hərbi biletdəki qeydlər özüözlüyündə yetərli deyildir, onunla yanaşı, həm də hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır.
31. Beləliklə, iş materiallarında olan sənədlərlə iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Dağlıq Qarabağda yaşayış məntəqələrinin müdafiəsi üzrə döyüşlərdə iştirak etməsi, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralanması halına istinad etsə belə, onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının öz tələbinin əsası kimi döyüş əməliyyatlarında iştirak etməsi faktına istinad etməsi ona müharibə veteranı adının verilməsi üçün yetərli sayıla bilməz. Baxılan mübahisəyə münasibətdə iddiaçı həm də əsaslandığı faktı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir.
32. Kollegiya qeyd edir ki, iddiaçının ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Odur ki, iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Belə ki, yuxarıda istinad olunan normalara əsasən iddiaçının qanunla müəyyən edilmiş qaydada təxris olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur.
33. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilməmişdir. Bu baxımdan iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən də iddianı təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(118)-876/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.