Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-452/2024 17.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı (Açar sözlər: məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi) Sədrlik edən və məruzəçi-hakim X4, hakimlər Quliyev İsmayıl Rza oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-976/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Zəngilan rayon İHB Zəngilan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli məktubundan görünür ki, iddiaçının 1991-1995-ci illər Qıraq Müşlan kənd təssərrüfatbaşına kitablarında qeydiyyatı olmadığına görə məcburi köçkün hesab olunmur. Zəngilan rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zəngilan rayon İHB-nin Zəngilan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 29 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 1991-1995-ci illərdə Zəngilan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təsərrüfatbaşına kitablarında qeydiyyatda olmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-25365-1222 nömrəli və Zəngilan rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 202-3878/222 nömrəli məktublarından görünür ki, o, xx.xx.2001-ci il tarixdə rayonun Qıraq Müşlan kəndində pasport qeydiyyatına almınısınız. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinin xx.xx.2022-ci il tarixli, 784 nömrəli məktubunda isə qeyd edilir ki, Zəngilan rayon hərbi komissarlığının hərbi uçot sənədləri işğal zonasında qaldığı üçün onun hərbi qeydiyyatı ilə bağlı məlumat verilməsi mümkün olmamışdır.Nəticədə 1993-cü ilin oktyabr ayının 29-da Zəngilan rayonundan məcburi köçkün düşməsini təsdiqləyən sənədləri olmadığına görə ona məcburi köçkün vəsiqəsi alması üçün RİH tərəfindən arayışın verilməsi mümkün deyildir. Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx xxxxx 1968-ci il təvəllüdlü İddiaçı, övladları-X11, X10 məcburi köçkün ststusuna malik olmadıqları üçün yemək xərci müavinəti almamışlar. X6 isə vahid aylıq müavinəti 2018-ci ilin iyul ayından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə komunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilmə”si Qaydasının 2.1 bəndinə əsasən dayandırılmışdır. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Abşeron–Xızı rayonlararası bölməsi tərəfindən verilmiş 18 avqust 2023-cü il tarixli məktubundan görünür ki, 1968-ci il təvəllüdlü Zəngilan rayonu Qıraq Müşlan kəndində daimi pasport qeydiyyatında olan İddiaçı və onun övladları xx.xx.1993-cü il təvəllüdlü X11, xx.xx.2001-ci il təvəllüdlü X1 Abşeron Rayon Bölməsində məcburi köçkünlərin 1993-cü ildən qeydə alınmış siyahılarında Zəngilan rayon sakini kimi qeydiyyatda olmuş və bu səbəblərdən də müxtəlif İllərdə arayışları təsdiqlənmişdir. Qeyd edilmişdir ki, vətəndaşın bölməyə müraciəti zamanı Azərbaycan Respublikasının məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 2.4.1.4 bəndinə əsasən məcburi köçkün olub-olmamasına dair Zəngilan rayon İcra Hakimmiyətinin arayışı əsasında vətəndaşın statusu olmadığı müəyyənləşdirilmiş və Abşeron-Xızı Rayonları Bölməsində siyahılardan çıxarılmışdır. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, İddiaçı məcburi köçkün olduğunu təsdiq edən sənədlərin əsilləri ilə məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduğu Komitənin rayon nümayəndəliyinə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zəngilan rayon Polis Şöbəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, xx.xx.1968-ci ildə Zəngilan rayonu, Q.Müşlan kəndində anadan olmuş Vət. Hacıyev X8 rayonu, Q.Müşlan kəndində xx.xx.2001-ci il tarixdə pasport qeydiyyatına alınmışdır. Vət. İddiaçı 1993-cü il tarixdən 2001-ci il tarixə kimi hansı ünvanda daimi pasport qeydiyyatında olması barədə Zəngilan RPŞ-nın Q və ŞVQ-nun arxivində heçbir məlumat aşkar olunmadı. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” yə uyğun olaraq yerli icra hakimiyyəti başçısı aparatının strukturunda Qaçqınlar və Məcburi köçkünlərlə iş şöbəsi fəaliyyət göstərirdi, lakin Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” də Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı bölməsində qeyd olunan şöbə ləğv edilmişdir. İddiaçı də sözügedən arayış Rayon İcra Hakimiyyətində vaxtilə fəaliyyət göstərmiş Qaçqınlar və Məcburi köçkünlərlə iş şöbəsi tərəfindən verilmişdir. Həmin arayışın verilməsinə əsas olan sənədlər (qeydiyyat vərəqəsindən çıxarış da daxil olmaqla) Rayon İcra Hakimiyyətində saxlanılmadığından müvafiq məlumatların verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 2.6 bəndinin tələblərinə əsasən “məcburi köçkün" statusu verilməsi haqqında ərizə təqdim edən, lakin özü barəsində məlumat, tələb edilən sənədləri verməkdən imtina edən və ya status verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verən şəxsə “məcburi köçkün” statusu verilməsindən imtina edilir. Bildiririk ki, İddiaçı məcburi köçkün olduğunu təsdiq edən sənədləri Komitənin rayon nümayəndəliyinə təqdim etməsi tövsiyyə olunmuş, lakin vətəndaş sənədlərini təqdim etmədiyi üçün ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) yerilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sorğuda adı qeyd olunan İddiaçı qeydiyyat ünvanı ünvan 2parılan monitorinq prosesi zamanı onun ailə üzvlərinə dair araşdırılma aparılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, onun ailəsinin adı qeydiyyata alınsa da, İddiaçı və ailə üzvləri məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir. Zəngilan rayonu Qıraq Müşlan kəndinə köçürüləcək şəxslərin siyahısı mövcüd olmadığından, həmçinin İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəsi olmadığından, bu kateqoriyada olan şəxslərin (Zəngilan rayonunda qeydiyyatı olan, məcburi köçkün statusu olmayan) Zəngilan rayonuna köçürülməsi prosesinə məcburi köçkün statusu olan şəxslər köçürüldükdən sonra mövcud normativ hüquqi aktlara uyğun olaraq baxılacaqdır. Əlavə olaraq qeyd edirik ki, göstərilən hallar ona məcburi köçkün statusunun verilməsi üçün əsas deyildir. Zəngilan rayonu Zəngilan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2023-cü il 16 avqust tarixli 43 nömrəli məktubunda İddiaçı, X3 və X5 məcburi köçkün hesab olunmadığı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 202- 2278-1222 nömrəli məktubunda İddiaçı xx.xx.2001-ci il tarixində Zəngilan rayonuna qeydiyyata düşməsi barədə məlumat verilmişdir. Məlumat üçün bildiririk ki, İddiaçı məcburi köçkün statusunun verilməsi ilə bağlı Komitəyə müraciət etmiş, onun müraciətinə xx.xx.2022-ci il tarixli 01/5147 nömrəli məktubla cavablandırılaraq bildirilmişdir ki, məcburi köçkün olduğunuzu təsdiq edən sənədlərinizin əsilləri ilə məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduğu Komitənin rayon nümayəndəliyinə mövcüd Qaydaların tələblərinə əsasən müraciət etməsi tövsiyyə olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə və Zəngilan Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona məcburi köçkünlük statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində yalnız Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin saxlanılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cu ildə ailəsi ilə birlikdə Zəngilan rayonundan 1-ci Qarabağ müharibəsi ilə ələqadər məcburi köçkün düşmüşdür. Həmin tarixdən bu günədək də Xırdalan şəhəri, 28-ci məhəllə, bina 4 mənzil 15 ünvanında məcburi köçkün kimi məskunlaşmışdır. Orta məktəbi də Zəngilan rayonunda bitirmiş, Zəngilan rayon hərbi komissarlığından da hərbi xidmətə yollanmışdır. Hazırda da Zəngilan rayon hərbi komissarlığında qeydiyyatdadır. 2022-ci ildə məcburi köçkün kimi məskunlaşdığı evdən çıxarılması ilə bağlı Abşeron rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılmışdır. Ona görə də məcburi köçkün kimi ev növbəsinə durmağı, evlə təmin olunması üçün Zəngilan Rayon İcra Hakimiyyətinə və Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Lakin hər iki qurum ona məcburi köçkün kimi siyahıda olmadığı və bu barədə arxiv sənədlərinin mövcud olmadığını əsas gətirmişlər. Bütün ailə üzvlərinin, yaxın qohumların hamısı məcburi köçkündür və müvafiq vəsiqə ilə təmin olunmuşlar. Yalnız onun məcburi köçkün vəsiqəsi yoxdur. Məcburi köçkün statusunun təsdiqlənməsi barədə vəsiqə verilməsi üçün cavabdehə müraciət etsə də, Qaçqınların və X9 üzrə Dövlət Komitəsi 20,09.2022-ci il tarixli 01/5147 nömrəli imtina məktubu vermişdir. Zəngilan Rayon İcra Hakimiyyəti başçısının Zəngilan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi isə onun təsərrüfatbaşına kitablarda qeydiyyatının olmadığını əsas gətirmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə” Komitəyə daxil olmuş müraciəti Komitənin 01/5147 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, məcburi köçkün olduğunu təsdiq edən sənədlərin əsilləri ilə məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduğun Komitənin rayon nümayəndəliyinə müraciət etməsi tövsiyə edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-976/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasınının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məcburi köçkün statusunun verilməsi isə onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təmanatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Qüvvədə olan Qaydaların şərtlərinə əsasən iddiaçının məcburi köçkün statusu alması üçün tələb olunan sənədlırin siyahıdı konkret göstərilmişdir. İddiaçı həmin sənədlərdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinin və işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayışı təqdim etməmişdir. Belə ki, iddiaçı hərbi biletini itirdiyini bildirərək onun əvəzində Zəngilan rayon hərbi komissarlığı tərəfindən verilmiş xx.xx.1993-cü il tarixədək qüvvədə olan arayışı təqdim etmişdir ki, həmin arayışın özündən də göründüyü kimi xx.xx.1993-cü il tarixədək etibarlı olmuşdur. Zəngilan rayon Zəngilan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi isə iddiaçının 1991-1995-ci illərdə Qıraq Müşlan kəndi üzrə təsərrüfatbaşına kitablarda qeydiyyatının olmadığını bildirmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Zəngilan rayonu Qıraq Müşlan kəndində xx.xx.2001-ci ildən qeydiyyatdadır. Beləliklə, iddiaçıya məcburi köçkün statusunun verilməsi üçün qanuni əsas yaranmamışdır. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarına düzgün hüquqi qiymət verməmiş, işi hərtərəfli araşdırmamış və nəticədə ədalətsiz məhkəmə qərarı qəbul etmişdir. Ümumiyyətlə məhkəmə qərarının əsaslandırıcı hissəsindən məhkəmənin mövqeyi anlaşılan deyildir. Qaçqınların və X9 üzrə Dövlət Komitəsi yalnış icra hakimiyyəti başçısının arayışının olmaması əsası ilə ona məcburi köçkün vəsiqəsi vermir. Ancaq məhkəmə bundan kənara çıxaraq öz mülahizəsi ilə SHXÇDX-nən arayışının xx.xx.1993cü il tarixinədək etbarlı olmasına istinad edir. Digər tərəfdən məhkəmə qərarında göstərir ki, “Zəngilan rayon Zəngilan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi isə onun 1991-1995-ci illərdə Qıraq Müşlan kəndi üzrə təsərrüfatbaşına kitablarda qeydiyyatının olmadığını bildirmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, o, Zəngilan rayonu Qıraq Müşlan kəndində xx.xx.2001-ci ildən qeydiyyatdadır. Məhkəmə bu qənaətə gəlməkdə tamamilə haqsızdır. Məhkəməyə təqdim etdiyim səs yazısında onun və ailə üzvlərinin təsərrüfat kitabın hansı səhifəsində qeydiyyatda olduğu göstərilir. İddia ərizəsində də, şifahi qaydada məhkəmədən 1991-1995-ci illərdə Qıraq Müşlan kəndi üzrə tərrüfatbaşına kitabının məhkəməyə gətirilməsini tələb etsə də, məhkəmə bunu etmədi. Ancaq cavabdehin yalan, həqiqətə uyğun olmayan məlumatı ilə kifayətləndi. Halbuki məhkəmə həmin məlumatın doğruluğunu yoxlamalı və təsərrüfat başına kitabı tədqiq etməli idi. Bundan başqa onun 2001-ci ildən Zəngilan rayon qeydiyyatında olmağı isə tamamilə cəfəngiyatdır. Məhkəməyə təqdim etdiyi sənədlərdə Zəngilanda doğulmağı, orta məhkəmətə getməyi, hərbi qeydiyyatda olmağı görünür. Necə ola bilər ki, orta məktıbə Zəngilanda gedən bir insan yalnız 2001-ci ildə, Zəngilan rayonu işğal altında olanda qeydiyyata düşsün. Məhkəmə bu xüsusatı da araşdırmadan yalan məlumatlar əsasında qərar qəbul edib. Ona görə də məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, toplanılmış sənədlərə isə düzgün hüquqi qiymət verməmişdir. Düzgün və ədalətli qərar qəbul edilməsi üçün 1991-1995-ci illərdə Qıraq Müşlan kəndi üzrə təsərrüfatbaşına kitab məhkəmə gətirilməli və məhkəmə tərəfindən tədqiq edilməlidir. Bu yolla məhkəmə obyektiv həqiqəti müəyyən edəcəkdir. Bu günə kimi də məcburi köçkünlərə şamil olunan imtiyazlardan istifadə etməməyi isə, maddi cəhətdən buna ehtiyacımın olmaması, dövlət büdcəsinin daha çox ehtiyacı olan şəxslərə çatımlılığını düşünməyilə bağlıdır. Bugünkü gündə də onun həmin imtiyazlara ehtiyacı yoxdur. Yalnız və yalnız məcburi köçkün kimi qeydiyyata alınaraq ata-baba yurdu olan Zəngilanda məskunlaşa bilməyi üçün bu iddianı qaldırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: ... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 148 saylı 08 iyul 1999-cu il tarixli Fərmanı
2. Müəyyən edilsin ki: “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusuhaqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində, 11-ci maddəsinin ikinci hissəsinin beşinci abzasında və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; həmin Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi həyata keçirir; həmin qanunun 9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;..... Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Bənd 2.4. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 2.4.1. Rayonun işğal zamanı yaşı 18-dən yuxarı olan kişilər üçün: 2.4.1.1. Ərizə forması; 2.4.1.2. Şəxsiyyət vəsiqəsinin və hərbi biletin surəti (əsli ilə birlikdə); 2.4.1.3. Hərbi biletini itirmiş şəxslər işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra SHXÇDX) yerli baş idarə, idarə, şöbə və bölmələri və ya Daxili İşlər Nazirliyinin (bundan sonra DİN) rayon şöbəsi tərəfindən verilmiş arayış; 2.4.1.4. Məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış; 2.4.1.5. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil. Bənd 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlifişlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi məcburi köçkün statusunun və vəsiqəsinin verilməsindən ibarət olmuşdur. Cavabdeh imtinasını və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı məcburi köçkün olduğunu təsdiq edən sənədlərin əsilləri ilə məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduğu Komitənin rayon nümayəndəliyinə müraciət etməsi tövsiyə edilmiş, həmin sənədlər iddiaçı tərəfindən təqdim edilməmiş, həmin sənədlərin mövcudluğu aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1968-ci il tarixdə Zəngilan rayonu Qıraq Müşlan kəndində anadan olmuşdur. İddiaçı xx.xx.2001-ci il tarixdə Zəngilan rayonu Q.Müşlan kəndində pasport qeydiyyatına alınmışdır. İddiaçı və ailə üzvlərinə hazırki vaxtadək məcburi köçkün satusun malik olmaqla bağlı aylıq yemək xərci ödənilməmiş, bununla bağlı idniyədək heç bir müraciətləri olmamışdır. İddiaçı və onun ailə üzvləri barəsində 1991- 1995-ci illər Q.Müşlan kənd təsərrüfatbaşına kitablarda qeydiyyatı olmamışdır. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaçı barəsində məcburi köçkün status ilə bağlı müvafiq arayışın verilməsinin mümkün olmamasına səbəb onun Zəngilan rayonu Q.Müşlan kəndində xx.xx.2001-ci il tarixdə pasport qeydiyyatına düşməsi, Zəngilan rayonunda hərbi qeydiyyatda olması barədə məlumatın əldə edilməsinin və 1993-cü ilin oktyabr ayının 29-da Zəngilan rayonundan məcburi köçkün düşməsini təsdiqləyən sənədlərin əldə edilməsinin mümkün olmaması olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, Zəngilan rayonu İHB-nın Zəngilan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən iddiaçının 1991-1995-ci illər Q.Müşlan kənd təsərrüfatbaşına kitablarda qeydiyyatı olmadığı üçün məcburi köçkün hesab olunmadığı, ona görə də oğlu və qızı da məcburi köçkün hesab olunmadığı, iddiaçının xx.xx.2001-ci il tarixdə Zəngilan rayonuna qeydiyyata düşməsi öz təsdiqini tapdığını əsas götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı məhz xx.xx.2001ci il tarixdə Zəngilan rayonu Q.Müşlan kəndində pasport qeydiyyatına alınmış, 1993-cü il tarixdən 2001-ci il tarixə kimi hansı ünvanda daimi pasport qeydiyyatında olması barədə ünvan 4əlumat aşkar edilməmişdir, iddiaçının qeydiyyata alınmasına əsas verən xx.xx.2005-ci il tarixdə aldığı AZE03824049 nömrəli şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkasının təqdim edilmiş, həmin kartoçka məlumatlarında nikahın bağlandığı tarix və qeydiyyat orqanının adı qrafasında xx.xx.1993, Xətai VVDQ, yaşayış yerinə gəlmə tarixi kimi xx.xx.2001-ci il, Forma 9 qrafasında tarixi kimi xx.xx.2001 qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müvafiq ərazi nümayəndəliyindən iddiaçı barəsində istinad edilən təsərrüfatbaşına kitabların qeydiyyat kitabı tələb edilərək, baxış keçirilmiş, həmin kitabların məzmununda iddiaçının anası və digər yaxın qohumları barəsində məlumat mövcud olsa da, iddiaçı barəsində hər hansı məlumat aşkar edilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı və onun ailə üzvləri cavabdeh inzibati orqanın Abşeron rayon bölməsində məcburi köçkünlərin 1993-cü ildə qeydə alınmış siyahılarında Zəngilan rayon sakini kimi qeydiyyatda olmuş və bu səbəblərdən də müxtəlif illərdə arayışlar təsdiqlənib, vətəndaşın bölməyə müraciəti zamanı müavfiq Qaydaların 2.4.1.4cü bəndinə əsasən məcburi köçkün olub-olmamasına dair Zəngilan rayonu İcra Hakimiyyətinin arayışı əsasında vətəndaşın status olmadığı müəyyənləşdirilmiş və Abşeron-Xızı Rayonları Blməsində siyahılardan çıxarılmışdır. Məhkəmə kollegiyası onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının dispozitiv şərtinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. İndiki halda iddiaçıya münasibətdə qeyd edilən normanın dispozitiv şərtlərinin mövcudluğu aşkar edilməmişdir. Başqa sözlə desək, iddiaçının daimi yaşayış yerinin məhz Zəngilan rayonu Qıraq Müşlan kəndi olması, məlum səbəblərdən daimi yaşayış yerini tərk etməyə məcbur olaraq, başqa yerə köçməsi halının müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həyat yoldaşı ilə 1993-cü i tarixdə məhz Bakı şəhəri Xətai rayonu qeydiyyat şöbəsində rəsmi nikah bağlamışdır. İddiaçı 2001-ci ildə Zəngilan rayonu Q.Müşlan kəndi üzrə daimi pasport qeydiyyatına alınmış, 2001-ci il tarixədək Zəngilan rayonu üzrə pasport qeydiyyatında olması barədə məlumat aşkar edilməmiş, habelə 2001-ci il tarixdə Zəngilan rayonu Q.Müşlan kəndində pasport qeydiyyatına alınmasına dair sənədlərin məzmununda həmin yaşayış yerinə gəlmə tarixi kimi xx.xx.2001-ci il qeyd edilmişdir. İddiaçı barəsində müvafiq kənd üzrə təsərrüatbaşına kitabların məzmununda heç bir məlumat aşkar edilməmişdir. İddiaçıya məcburi köçkün statusu ilə bağlı aylıq yemək xərci ödənilməmiş,habelə onun ödənilməsi ilə bağlı hazırki vaxtadək heç bir müraciəti olmamışdır. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hallar əsasında iddiaçının daimi yaşayış yerinin 29 oktyabr 1993-cü il tarixədək məhz həmin kəndin olması halını müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə qeyd eidlməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçının daimi yaşayış yerinin 29 oktyabr 1993-cü il tarixədək məhz həmin kəndin olması halını müəyyən edən hər hansı məlumat və ya sənədin olması aşkar edilməmişdir. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş halları əsasında iddia tələbinin əsaslılığını müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda şəxsə məcburi köçkün statusunun verilməsi üçün məhz müvafiq Qaydalarda əks olunmuş sənədlərin təqdim edilməsinin zərurliyi imperativ norma kimi müəyyən edilmişdir. Hazırki halda iddiaçıya münasibətdə cavabdehin imtina hərəkətlərinin əsasını məhz iddiaçı tərəfindən məcburi köçkün olmasını təsdiq edən müvafiq Qaydalarda əks olunmuş sənədlərin təqdim edilməməsi ilə bağlı hallar təşkil etmişdir. Həmin Qaydaların dispoztiv şərtlərinə əsasən rayonun işğal zamanı yaşı 18-dən yuxarı olan kişilər üçün: ərizə forması;şəxsiyyət vəsiqəsinin və hərbi biletin surəti (əsli ilə birlikdə), hərbi biletini itirmiş şəxslər işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra SHXÇDX) yerli baş idarə, idarə, şöbə və bölmələri və ya Daxili İşlər Nazirliyinin (bundan sonra DİN) rayon şöbəsi tərəfindən verilmiş arayış, məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış; 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil təqdim edilməlidir. İndiki halda isə iddiaçı barəsində həmin sənədlərin təqdim edilməsinin mümkünlüyü müəyyən edilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, həmin sənədlərin təqdim edilməsinin mümkünsüzlüyü iddiaçı barəsində bu halları təsdiq edən məlumatların aşkar edilməməsi, habelə bu hallara dair hər hansı dolayı sübutların mövcud olmaması, əksinə həmin halı təkzib edən məlumatların aşkar edilməsi (xx.xx.2001-ci il tarixdə pasport qeydiyyatına alınması, məcburi köçkün statusu ilə bağlı aylıq yemək xərci almaması, 2001-ci ilədək Zəngilan rayonu üzrə pasport qeydiyyatında olması barədə məlumatın aşkar edilməməsi və s.) ilə bağlı ortaya çıxmışdır. Qeyd edilən hallar isə özlüyündə iddiaçının apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halları təkzib edir. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə məcburi köçkün statusunun verilməsi ilə bağlı yuxarıda istinad edilən qanunvericilik normasının dispozitiv şərtləri mövcud olmadığından, cavabdehin imtina əsası və hərəkətləri qanuni və əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə qanuni və əsaslı olmuş, iddiaçının apellyasiya şikayəti əsassız olmuşdur. Beləliklə, qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-976/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.