Məhkəmə qərarları › İş №2-1(105)-452/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-452/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-452/2025 30.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik məlumatlarının müvafiq elektron sistemə yerləşdirilməsi” tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2-1(118)-1188/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Sumqayıt Tibb Mərkəzi PHŞ 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin 11 mart 2024-cü il tarixli, 99 nömrəli arayışından görünür ki, X4 1 nömrəli uşaq poliklinikasında “Bronxial astma, ağır gedişli, infeksion allergik forma TC ll-ci dərəcə” diaqnozu ilə qeydiyyatda olmuşdur. 7 avqust 1993-cü il tarixdə xəstəyə sağlamlıq imkanı məhdudluğuna görə müavinət təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2-1(118)-930/2023 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı atası X2 vəfat etdiyi tarixdən, yəni 5 mart 2022-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 18 mart 2024-cü il tarixli, 3-17-4/2-H-7667/2024 nömrəli X3 göndərilmiş məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, 5 iyul 2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən 5 il müddətinə (5 iyul 2026-cı il tarixədək) ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Məlumat üçün bildirilmişdir ki, 1995-ci ilə qədər vətəndaşların sağlamlıq imkanlarının məhdudluğu Səhiyyə Nazirliyinin tabeliyində olan dövləti tibb müəssisələri (poliklinikalar) tərəfindən qiymətləndirilirdi. Bununla əlaqədar aidiyyəti üzrə dövlət qurumuna müraciət edilməsi tövsiyə olunmuşdur. İşin halları İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Bronxial-astma, ağır gedişli, infeksion allergik forma, tənəffüs çatışmazlığı İİ dərəcəli” diaqnozu ilə əlillik məlumatlarının müvafiq elektron sistemə yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada ərizə ilə müraciət edilərək, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Sumqayıt Tibb Mərkəzi PHŞ 1 Nömrəli Ailə Sağlamlıq Mərkəzinin Tibbi Sosial Ekspert Komissiyasına ünvanlandığı arayışa əsaslanaraq, uşaqlıq dövründə olan əlilliyin əlillik altsisteminə daxil edilməsinə köməklik göstərilməsini və bu barədə rəsmi məlumat verilməsini xahiş edilmişdir. Cavabdeh tərəfindən müraciət icra edilməmişdir. Ona görə də iddiaçı əlillik məlumatlarının müvafiq elektron sistemə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə əlaqədar olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddia tələbinə dair yazılı etirazın dəlilləri Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, məhkəmə DSMF-yə müvafiq sorğu ünvanlamış və həmin sorğuda qeyd edilmişdir ki, iddiaçının 7 avqust 1993-cü il tarixdən əlilliyə görə müavinət alması barədə məlumat aşkar edilməmişdir. “Əlillərin hüquqları haqqında” Qanunun 3.3-cü bəndinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İddianın mümkün hesab edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərarı Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2-1(118)-1188/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Könül Həbibova). Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, iddiaçıya 7 avqust 1993-cü il tarixdən əlilliyə görə (sağlamlıq imkanları məhdud uşaq kimi) müavinət təyin edilməsi barədə məlumatın mövcud olması öz təsdiqini tapmadığı üçün, iddia mümkün hesab edilməməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı irəli sürülmüş maddi-hüquq tələbin mövcud olması halı əsaslı sübutlarla təsdiq olunmadığından iddia mümkün sayılmamalıdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Sumqayıt Tibb Mərkəzi PHŞ 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin 11 mart 2024-cii il tarixli, 99 nömrəli arayışı ilə onun 1993-cü ildən sağlamlıq imkanı məhdudluğuna görə müavinət alması öz təsdiqini tapmışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkmə iclasında iştirak edən İddiaçı izahat verərək, apellyasiya şikayətini müdafiə etdi, izahatında əlavə olaraq bildirdi ki, 11-ci sinifə qədər xəstəliyi ilə əlaqədar müalicə aldığı poliklinika tərəfindən pulsuz dərmanlarla təmin edilmiş, ona hər ay iynə vurulmuş və s. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 3.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddia tələbi əlillik məlumatlarının müvafiq elektron sistemə yerləşdirilməsi barədə qərar qəbul edilməsi ilə bağlı olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Sumqayıt Tibb Mərkəzi PHŞ 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin 11 mart 2024-cü il tarixli, 99 nömrəli arayışından görünür ki, X4 1 nömrəli uşaq poliklinikasında “Bronxial astma, ağır gedişli, infeksion allergik forma TC ll-ci dərəcə” diaqnozu ilə qeydiyyatda olmuşdur. 7 avqust 1993-cü il tarixdə xəstəyə sağlamlıq imkanı məhdudluğuna görə müavinət təyin olunmuşdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi həmin Sağlamlıq Mərkəzinə sorğu göndərərək istinad olunan arayışın verilməsi üçün əsas olmuş sənədlərin 10 gün müddətində məhkəməyə təqdim edilməsi tələb edilmişdir (i/v 54). Lakin həmin sorğuya cavab daxil olmadan məhkəmə araşdırmanı başa çatdırmış və iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Qeyd olunmalıdır ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı ailə başçısını itirməyə görə əmək pensiyasını almaq hüququnu əldə etməkdir. Onun müvafiq iddiası Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə rədd edilsə də, 18 yaşına çatanadək sağlamlıq imkanları məhdud olan şəxs olması barədə əlillik altsisteminə yerləşdirildiyi barədə iddiası uğurlu olduğu təqdirdə onun həmin iddianı yenidən qaldırmaq imkanı yaranmış olacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan sorğu ilə yanaşı iddiaçının izahatında göstərdiyi kimi poliklinika tərəfidən həqiqətən də “bornxial astma” diaqnozu ilə bağlı iynə-dərmanla təmin edilib-edilməməsi halları aydınlaşdırılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz sayarkən məlumatların mövcud olması halına istinad etmişdir. Lakin bu hal iddianın mümkün sayılmaması üçün əsas ola bilməz, məhkəmə bu qənaətə gəldiyi təqdirdə iddianı mahiyyəti üzrə baxmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 3-cü bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Bununla da hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12-ci maddəsində təsbit olunmuş “İşin hallarının araşdırılması” prinsipinin pozulduğu müəyyən olunur. Qeyd olunmalıdır ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə yalnış olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən mübahisənin faktiki və hüquqi halları iddiaçı ilə təkrar müzakirə edilməli, yuxarıda göstərilən xüsusatlar araşdırıldıqdan sonra müvafiq qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2-1(118)-1188/2025 nömrəli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar