Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-453/2021 25.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Şabran XDS İK-nin 13.05.1982-ci il tarixli qərarı ilə X4 ayrılmış Şabran rayon Qəndob kəndində yerləşən 0,125 ha torpaq sahəsi və onun üzərində yerləşən evin iddiaçının mərhum əri X4 məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2-1(118)-232/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 04.10.2019-cu il tarixli ərizə ilə müraciət edərək, məhkəmə qətnaməsi əsasında dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi 18 oktyabr 2019-cu il tarixli, **********23 saylı məktubla ərizəyə cavab verərək bildirmişdir ki, ərizəyə əlavə edilmiş Şabran rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli, 2(031)-1024/2018 saylı qətnaməsi ilə Dəvəçi rayonu XDS İcraiyyə Komitəsinin 13.05.1982-ci il tarixli Qərarı ilə Şabran rayon Gəndob kəndi ərazisində X4 ayrılmış torpaq sahəsinə və onun üzərində tikilmiş evə, İddiaçı 7/12 hissədə pay, hər övladına 1/12 hissədə pay müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqların dövlət qeydiyyatının həyata keçirilməsini təmin edir. Həmin qətnamə ilə daşınmaz əmlak üzərində mülkiyyət hüququ müəyyən edilməmişdir və bununla da qətnamənin icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə aid deyildir. Bununla razılaşmayan İddiaçı (bundan sonra iddiaçı) DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı 30 oktyabr 2019-cu il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməyə müraciət edərək cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin üzərinə onun mülkiyyətində olan Şabran şəhəri Gəndob kəndində yerləşən torpağa və üzərində tikilmiş evin 7/12 pay hissəsinə hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göstərilən iddia Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19.02.2020-ci il tarixli qərardadı ilə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə uyğun olaraq ona iddia tələbinin dəqiqləşdirilməsini təklif etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Şabran (keçmiş Dəvəçi) XDS İK-nin 13.05.1982-ci il tarixli qərarı ilə X4 ayrılmış Şabran rayon Qəndob kəndində yerləşən 0,125 ha torpaq sahəsi və onun üzərində yerləşən evin mərhum əri X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1970-ci ildə X7 ilə ailə qurmuşdur. Birgə nikahdan 4 övladları vardır. Dəvəçi rayon XDS İK-nin 13.05.1982-ci il tarixli qərarı ilə həyat yoldaşı X4 fərdi mənzil tikintisi üçün Gəndov kəndində 0,125 ha torpaq sahəsi ayrılmışdır. Həmin evin tikintisini başa çatdırandan sonra 1987-ci ilin fevral ayında evə dair texniki pasport verilmişdir. Texniki pasportda mülkiyyətçi kimi həyat yoldaşı X7 qeyd edilmişdir. Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 19.11.1998-ci il tarixli qərarı ilə yaşadıqları torpaq sahəsinə JN-565A KOD 30404018 qeydiyyat nömrəli torpaq şəhadətnaməsi verilmişdir. Həmin torpaq şəhadətnaməsində iddiaçının həyat yoldaşı, özü və övladları mülkiyyətçi kimi qeyd edilmişlər. 01.12.2014-cü il tarixdə iddiaçının həyat yoldaşı X7 vəfat etmişdir. Həyat yoldaşı vəfat edəndən sonra o, kiçik oğlu ilə birlikdə həmin evdə yaşayır. Təxminən 2015-ci ilin əvvəllərində oğlu ona qarşı kobudluq etməyə, daha sonra təhqir etməyə başlamışdır. İddiaçı oğlunun hərəkətlərindən Şabran rayon Polis Şöbəsinə müraciət etmişdir. Bu münaqişə səbəbindən onların arasında pay bölgüsü zərurəti yaranmışdır. Şabran rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli 2(031)-1024/2018 saylı qətnaməsi ilə Dəvəçi rayon XDS İK-nin qərarı ilə Şabran rayon Gəndov kənd ərazisində X4 ayrılmış torpaq sahəsinə və onun üzərində tikilmiş evə iddiaçının 7/12 hissədə payı müəyyən edilmişdir. 04.10.2019-cu il traixdə o, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi ilə əlaqədar ərizə ilə müraciət etmişdir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 19.10.2019-cu il tarixli **********23 saylı məktubu ilə ona cavab verilmişdir ki, Şabran rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli 2(031)-1024/2018 saylı qətnaməsi ilə iddiaçının və övladlarının payları müəyyən edilsə də, mülkiyyət hüququ müəyyən edilməmiş və həmin idarənin üzərinə mülkiyyət hüquqlarının qeydə alınması barədə öhdəlik qoyulmamışdır. Bununla bağlı iddiaçıya imtina cavabı verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2-1(118)-232/2021 saylı qərarı ilə iddia təmin edilərək Şabran (keçmiş Dəvəçi) XDS İK-nin 13.05.1982-ci il tarixli qərarı ilə X4 ayrılmış Şabran rayon Qəndob kəndində yerləşən 0,125 ha torpaq sahəsinin və onun üzərində yerləşən evin iddiaçının mərhum əri X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh ƏMDX yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. (hakim V.Əzizova) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2-1(118)-232/2021 saylı qərarında göstərildiyinə tam əks olaraq İddiaçı tərəfindən Şabran (keçmiş Dəvəçi) XDS İKnin 13.05.1982-ci il tarixli qərarı ilə X4 ayrılmış Şabran rayon Qəndob kəndində yerləşən 0.125 ha torpaq sahəsi və onun üzərində yerləşən evin iddiaçının mərhum əri X4 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi ilə bağlı müraciəti olmadığından, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçirilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmiş, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı məzmunda imtina cavabı verilməmişdir və bununlada inzibati akt mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 2.2.1-2, 2.4-cü maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Birinci instansiya məhkəməsi Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 22.2-ci maddəsinə istinad edib, göstərilən və digər maddi normalarında müəyyən edilmiş əsas tələblərə riayət edilməsinin vacibliyinə əhəmiyyət verməyərək iş üzrə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Belə ki, həmin qanunun 22.2-ci maddəsində göstərilir “müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. ” Göründüyü kimi, bu normada mülkiyyət hüququnun anlayışı verilir. “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və va digər əsya hüququnu əldə etmiş şəxs”. Qeyd etmişdir ki, X4 ayrılması barədə Şabran (keçmiş Dəvəçi) XDS İK-nin 13.05.1982-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmamışdır və sözügedən mülkiyyət əldə edilmiş sənəd kimi hesab edilmir. Məhkəmə qərarında X4 və onun ailə üzvlərinin adlarına (6 nəfər) müvafiq Aqrar İslahat Komissiyasının qərarı ilə 0.13 ha ölçüdə torpaq sahəsinə dair JN-292A KOD 30404018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin olduğu qeyd edilir. Bildirilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən islahat zamanı vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Belə olan halda, X4 və onun ailə üzvlərinin adlarına 0.13 ha (adambaşına 0.0216 ha) torpaq sahəsinə Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin olduğu halda, məhkəmə tərəfindən ilkin torpaqayırma sənədi əsasında - Şabran (keçmiş Dəvəçi) XDS İK-nin 13.05.1982-ci il tarixli qərarı ilə X4 ayrılmış Şabran rayon Qəndob kəndində yerləşən (fərqli ölçüdə) 0.125 ha torpaq sahəsi və onun üzərində yerləşən evin iddiaçının mərhum əri X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi qoyulur. Məhkəmə qərarında X4 və onun ailə üzvlərinin adlarına olan 0.13 ha ölçüdə torpaq sahəsinə dair JN-292A KOD 30404018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Şabran (keçmiş Dəvəçi) XDS İK-nin 13.05.1982-ci il tarixli qərarı ilə X4 ayrılmış 0.125 ha torpaq sahəsinin eyni və ya fərqli daşınmaz əmlak olub-olmadığını aydınlıq gətirməmişdir. Eyni daşınmaz əmlak nəzərdə tutulduğu halda həmin torpaq sahəsinin ümumi ölçüsündə və mülkiyyətçilərin sayı, o cümlədən payları tam fəqlidir. JN-292A KOD 30404018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qüvvədə olduğu halda, mülkiyyət sənədi ləğv edilmədən Şabran (keçmiş Dəvəçi) XDS İK-nin 13.05.1982-ci il tarixli qərarı ilə X4 ayrılmış Şabran rayon Qəndob kəndində yerləşən 0.125 ha torpaq sahəsi və onun üzərində yerləşən evin iddiaçının mərhum əri X4 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi qeyri mümkün olacaqdır. Digər halda Şabran (keçmiş Dəvəçi) XDS İK-nin 13.05.1982-ci il tarixli qərarı ilə X4 ayrılmış Şabran rayon Qəndob kəndində yerləşən 0.125 ha torpaq sahəsi və onun üzərində yerləşən ev JN-292A KOD 30404018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən fərqli daşınmaz əmlak hesab edilirsə həmin əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınmamış hesab edilir və Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 22.2-ci maddəsinə ziddiyyət təşkil edir. Bununla göstərilən daşınmaz əmlak miras kütləsinə daxil edilə bilməz. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edib onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən iddiaçının izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işin hallarından görünür ki, iddiaçı iddia tələbini dəyişdirilməsi barədə ərizə təqdim edərək, “Şabran XDS İK-nin 13.05.1982-ci il tarixli qərarı ilə X4 ayrılmış Şabran rayon Qəndob kəndində yerləşən 0,125 ha torpaq sahəsi və onun üzərində yerləşən evin iddiaçının mərhum əri X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırki iddia tələbindən də göründüyü kimi qaldırılmış iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3.-cü maddəsində deyilir ki, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İstinad olunan qərarda qeyd edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Lakin işin hallarından iddiaçının hazırki iddia üzrə torpaq sahəsi və onun üzərində yerləşən evin mərhum ərinə məxsus olması barədə arayışın verilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdən öncə eyni tələbi əks etdirən müvafiq ərizə ilə cavabdehə müraciət etməsi müəyyən olunmur. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Şabran rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli 2(031)-1024/2018 saylı qətnaməsinə əsasən, Şabran şəhəri Gəndob kəndində yerləşən torpağın və üzərində tikilmiş evin 7/12 pay hissəsinə hüquqların dövlət qeydiyyatı haqqında çıxarış və texniki pasportun verilməsi ilə bağlı 04.10.2019-cu il tarixdə cavabdehə müraciət etmişdir. İddiaçının müraciətinə cavab olaraq cavabdeh bildirmişdir ki, Şabran rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli qətnaməsi ilə onun daşınmaz əmlak üzərində mülkiyyət hüququ müəyyən edilmədiyindən qətnamənin icrası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə aid deyildir. Göründüyü kimi, iddiaçının 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciətinin məzmunu qətnamə əsasında torpaq sahəsinə və evə dair öz payına uyğun olaraq çıxarış verilməsi ilə bağlı olmuş, mərhum ərinin adına arayış verilməsi barədə müraciət etməmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin əlavə edilməsi əsasında aparılır. İstinad olunan normadan da göründüyü kimi hüquqlarının dövlət qeydiyyatının aparılmasını arzulayan hüquq sahibi ilk öncə belə bir ərizə ilə inzibati orqana müraciət etməlidir. Hazırki halda isə iddiaçı iddia tələbində göstərilən məsələ ilə bağlı inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə tərəfindən qeyd edilən hal araşdırılmamış, bununla da iddianın mümkünlüyünə hüquqi qiymət verilməmişdir. Qeyd olunanlar isə o nəticəyə gəlməyə əsas verir ki, işə baxan məhkəmə qaldırılmış iddianın mümkünlüyünü yoxlamadan, mahiyyəti üzrə baxıb qərar qəbul etmişdir. İPM-nin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Həmçinin kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, Dəvəçi rayon XDS İK-nin 13.05.1982-ci il tarixli 11 nömrəli iclas protokoluna əsasən, Gəndob kənd sakini X4 fərdi mənzil tikintisi üçün Gəndob kəndində 012,5 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə Gəndob üzümçülük sovxozunun 11.03.1982-ci il tarixli 66 nömrəli əmri və Gəndob kənd XDS İcraiyyə Komitəsinin 11.03.1982-ci il tarixli 5 nömrəli qərarı nəzərə alınaraq ona həmin sahədə layihə əsasında yaşayış sahəsi 56 kv m, faydalı sahəsi isə 90 kv m olan iki otaq, mətbəx və eyvandan ibarət fərdi mənzil tikintisinə icazə verilməsi qərara alınsa da, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən islahat zamanı X1 qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Belə ki, JN-292A KOD 30404018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 19.11.1998-ci il tarixli 08 saylı qərarı ilə 0.13 ha torpaq sahəsi Gəndob kənd sakinləri X7, İddiaçı Əhməd qızı, X2, X6. X3 və X8 birlikdə X1 birgə mülkiyyətinə verilmişdir. Belə olan təqdirdə kollegiya qeyd edir ki, 0.13 ha torpaq sahəsi hazırda iddiaçı və ailə üzvlərinin birgə mülkiyyətində olduğundan, həmin torpaq sahəsinin mərhum ərinə mülkiyyət hüququ əsasında məxsus olmasına dair arayış alınmasına heç bir zərurət yoxdur. İddiaçı, o cümlədən digər qanun üzrə vərəsələr X1 ölümü ilə əlaqədar ona məxsus hissədə miras payı qəbul etmək üçün ilk öncə notariat kontoruna müraciət etməli, daha sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almalıdırlar. Fərdi yaşayış evinə dair hissədə isə kollegiya qeyd edir ki, Dəvəçi rayon XDS İK-nin 13.05.1982-ci il tarixli 11 nömrəli iclas protokoluna əsasən, Gəndob kənd sakini X4 layihə əsasında yaşayış sahəsi 56 kv m, faydalı sahəsi isə 90 kv m olan iki otaq, mətbəx və eyvandan ibarət fərdi mənzil tikintisinə icazə verilsə də, sonradan həmin yaşayış evi mərhumun adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Odur ki, iddiaçı fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında mərhum ərinə məxsus olması barədə arayış verilməsinə dair tələblə ilk olaraq cavabdeh inzibati orqana müraciət etməli, imtina cavabı aldığı təqdirdə bu barədə məhkəmədə iddia qaldırmalıdır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apelyasiya şikayəti isə qismən təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2-1(118)-232/2021 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-453/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-453/2021
25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver