Məhkəmə qərarları › İş №2-1(105)-453/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-453/2025

26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-453/2025 26.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1699/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Könül Həbibova) xx.xx.2025-ci il tarixli 2-1(118)- 1699/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2012-ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik altsistemi”nə daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.2012-ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik altsistemi”nə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hərbi qulluqçu kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, ağır yaralanmışdır, xx.xx.2012-ci il tarixdən 2-ci dərəcə müddətsiz müharibə əlillidir. İddiaçının əlilliyi haqqında məlumat Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsıstemində olmadığı üçün cavabdehə bir çox vaxtlarda, həmçinin xx.xx.2023-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü il tarixlərdə ərizə ilə müraciət edərək, bu məlumatın “Əlillik altsistemi”nə daxil edilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən uzun müddət keçməklə müraciətinə biganə cavab verildiyi və müraciəti müsbət həllini tapmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbi məhkəmədən kənar həll edilmədiyi üçün iddiasının təmin edilməsini xahiş edir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının inzibati orqana müraciəti olmadığından iddia mümkünsüz hesab olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının inzibati orqana müraciəti yoxdur. Bu səbəbdən, iddia ərizəsinin mümkünlük məsələsinə baxılmalı və iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Ona görə də, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdi, apellyasiya şikayətinin rədd edilməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin araşdırılan hallarından görünür ki, iş üzrə İddiaçı iddia tələbinin əsası kimi ona xx.xx.2012-ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsinə istinad edərək, əlilliyinin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik altsistemi”nə daxil edilməsini xahiş etmiş, lakin çoxsaylı müraciətlərinə baxmayaraq, cavabdeh tərəfindən müraciətləri cavabsız qalmışdır. İnzibati işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfin nümayəndəsi bildirmişdir ki, hazırkı tələbin icrası üçün iddiaçı tərəfindən əlilliyin təyin edilməsini təsdiq edən müvafiq sənədlər təqdim edilərək, həmin sənədlər arxiv materiallarına öz təsdiqini tapmalıdır. Həmin arxiv sənədlər Dövlət Sosial Müdafiə Fondunun, həmçinin cavabdeh orqanın arxivlərində mövcuddur. Lakin buna baxmayaraq iddiaçının tələbi cavabdeh orqan tərəfindən icrasız qalmışdır. İşdə olan sənədlərdən görünür ki, İddiaçı M/V seriyalı 070525 nömrəli “Müharibə veteranı” vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının TSE-01 seriyalı 027051 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək “hərbi xidmət dövründə” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının TSE-01 seriyalı 614018 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət alması” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2008-ci il tarixli 498 nömrəli qərarından görünür ki, Sumqayıt ŞHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi Sumqayıt şəhəri vərəm əleyhinə dispanserdə müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: “Sağ ağciyərin infiltrativ vərəmi, parçalanma fazasında, BK (+) və xx.xx.1994-cü il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalın terapiya profilli hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik – diaqnoz: “Sağ ağ ciyərin yuxan payının infiltrativ vərəmi, sorulma və bərkimə mərhələsində. BK (- )” (Sumqayıt ŞHK-nın xx.xx.2008-ci il tarixli 4/2368 nömrəli arayışı, MN MHKH-ın terapiya profilli HHK-sı tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli 460 nömrəli xəstəlik haqqında şəhadətnamə, Sumqayıt şəhəri vərəm əleyhinə dispanserdən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. xx.xx.2008-ci il tarixli 171018 nömrəli (əlilliyə dair) vəsiqədən görünür ki, İddiaçı ikini qrup əlildir, əlillik səbəbi “Qarabağ” kimi göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2012-ci il tarixli TSE-02 seriyalı 254150 nömrəli arayışından görünür ki, İddiaçı “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ərizələrindən görünür ki, o, xx.xx.2012-ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemimi Əlillik alt sisteminə daxil edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1, 1.0.2, 1.0.3 və 1.0.17-ci bəndlərinə əsasən əlillik dedikdə - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, əlilliyi olan şəxs dedikdə - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq, əlilliyə görə ayrı-seçkilik dedikdəəlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən bu Qanuna uyğun olaraq, müyəssərliyə nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtina və əlilliyin müəyyən edilməsi dedikdə isə - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na dair 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “e-sosial” portalından əldə edilmiş xx.xx.2025-ci il tarixli əlillik barədə məlumatdan müəyyən edilir ki, mərkəzləşdirilmiş informasiya sistemində İddiaçı təyin olunmuş əlilliklə bağlı məlumat mövcud deyildir. Məhkəmə kollegiyası bununla bağlı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1 Hüquqi Şəxsinə sorğu ünvanlayaraq, iddiaçıya təyin edilmiş əlilliyin qiymətləndirilməsinin nəticələrinə dair məlumatın Mərkəzləşdirilmiş elektron informasiya sistemində hansı səbəbdən mövcud olmamasına dair məlumatı sorğu daxil olduğu gündən 5 iş günü müddətində məhkəməyə təqdim edilməsini tələb etmişdir. Lakin hazırkı vaxta kimi cavabdeh inzibati orqan məhkəmənin sorğusuna cavab verməmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan öz vəzifələrini layiqincə və vaxtında icra etmir. Nəticədə cavabdehin bu hərəkətləri iddiaçının qanunla qorunan hüquq və mənafelərini həyata keçirməsinə meneə yaradır. İddiaçıya xx.xx.2012-ci il tarixdən “Azərbaycan Respublikası müdafiəsi ilə əlaqədar” müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi işin mübahisəsiz halıdır, təsdiq edici sənədlər cavabdeh inzibati orqanın arxıvində mövcuddur. Lakin iddiaçıya dair bu məlumatın elektron informasiya sisteminin “Əlillik altsistemi”nə daxil edilməsi cavabdeh inzibati orqan tərəfindən həyata keçirilmir. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən yuxarıda qeyd olunan həmin prosedura riayət edilməmiş, bununla da həm inzibati icraatın, həm də iddiaçıya dair əlillik barədə məlumatın “Əlillik altsistemi”nə daxil edilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Bu kateqoriya işlər üzrə isə formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Belə ki, “analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-141/2024 nömrəli qərarı ilə iddiaçının müharibə əlili olması ilə bağlı məlumatın “Əlillik” (TSERAS) və “Zəfər” altsistemlərinə ötürülməsi barədə cavabdehə müraciət etməsi, lakin cavabdeh, əlilliyi ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik” altsistemində və Agentliyin arxivində heç bir məlumatın aşkar olunmadığını əsas gətirərək onun müraciətinin təmin edilməsindən imtina etmiş və ona əlilliyinin qiymətləndirilməsi istiqamətində inzibati icraatın aparılmasını təklif etmişdir. Həmin tələb üzrə iddia tələbi təmin edilmiş və bu barədə məlumatın “Əlillik” altsisteminə daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Qanununun 79-1-ci maddəsinə əsasən Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1699/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar