Məhkəmə qərarları › İş №2-1(105)-454/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-454/2021

22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-454/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (açar sözlər: özəlləşdirmənin ləğvi, çıxarışın etibarsız hesab olunması) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Qurbanova Səkinə Ağakərim qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və üçüncü şəxs X6 qarşı “mənzilin özəlləşdirilməsinin ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən cıxarışın etibarsız hesab edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 21 aprel 2021-cı il tarıxlı 2-1(118)-655/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayit Ərazi İdarəsinə və üçüncü şəxs X6 qarşı “mənzilin özəlləşdirilməsinin ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən cıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil 18.05.2003-cü il tarixdə SMK zavodu tərəfindən 23 saylı order əsasında anası X4 verilmişdir. Anası 10.09.2018-ci il tarixdə vəfat etmiş, anasının vəfatından sonra 23.08.2019-cu il tarixdə Sumqayıt 2 saylı ASAN Xidmət Mərkəzində o, qardaşları Nadir və Şamil Səfərovla vərəsə kimi qeydə alınmaqla miras əmlakını qəbul etmişlər. Mübahisəli mənzil əldə olunduğu gündən yeganə yaşayış sahəsi və ünvanı olaraq orada yaşamışdır. Uzun illər xəstə anasına qulluq etmiş və mənzilə dair kommunal xərcləri ödəmişdir. 2020-ci ilin yanvar ayında ƏMDK DƏDRX-dən vərəsələrin payının müəyyən olunaraq çıxarışların verilməsi tələb olunduqda ona məlum olmuşdur ki, miras artıq qardaşı X5 adına Çıxarış verilməklə rəsmiləşdirilmişdir. Hesab edir ki, Mülki Məcəllənin mirasdan məcburi pay almaq anlayışı və mənzilin özəlləşdirməsindən sonra mülkiyyətçinin digər ailə üzvlərinin istifadə hüququnun pozulması və ya ona maneçilik yaradılması səbəbindən özəlləşdirmənin ləğvi tələb oluna bilər.

Cavabdehin etirazları:

3. Cavabdeh 07 avqust 2020-ci il tarixində məhkəməyə ünvanladığı etirazında qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, S.Vurğun küçəsi 1 ünvanında yerləşən yataqxananın 10 saylı mənzili qanunvericiliklə tələb olunan hüquq müəyyən edici sənədlər: order, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2№-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzil özəlləşdirməyə razılıqları barədə ərizələr əsasında X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmələr qaydasında həll edildiyi İddiaçı bildirilmiş və bu barədə ona 27 yanvar 2020-ci il tarixli **********83 qeydiyyat nömrəli cavab göndərilmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiasının mümkün sayılmaması haqqında qərardad qəbul edilməsi xahiş edilir. Birinci instansiya məhkəməsində icraat:

4. Sumqayıt İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(118)-655/2021 saylı qərarı (hakim V.E.Əzizova) ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

5. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(118)-655/2021 saylı qərarın ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

6. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(118)-655/2021 saylı qərarı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisi tərəfindən DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə ünvanlanmış 22.08.2019-cu il tarixli 5442 saylı məktubundan görünür ki, 10.09.2018-ci il tarixdə vəfat etmiş Həsənli Minayənin vərəsəsi X8 müraciət etmiş və vərəsələr siyahısına daxil edilmiş və M.Həsənlidən miras qalmış ünvan 3 ünvanına dair hüquqmüəyyənedici sənədin (çıxarış) verilməsini xahiş etmişdir. Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisi tərəfindən məhkəmənin sorğusuna ünvanlanmış 07.04.2021-ci il tarixli 953 saylı məktubdan görünür ki, miras qalmış əmlaka dair hüquqmüəyyənedici sənəd M.Həsənlinin vərəsəsi – oğlu X6 verilmişdir. Göründüyü kimi DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi qanunsuzluq edərək onun razılığı olmadan Ş.A.Səfərovun adına çıxarış vermişdir. Sənədlərdən görünür ki, o, M.Həsənlinin oğludur və qanuni vərəsələrindən biridir, belə olan təqdirdə mübahisəli mənzilin yalnız X5 adına keçirilməsi əsassız olmuş, beləliklə də cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin qanunsuz hərəkəti ilə onun hüqüqları kobud şəkildə pozulmuşdur.

b) apelyasiya şikayətinə qarşı etirazlar

7. apelyasiya şikayətinə qarşı cavabdeh və ya üçüncü şəxs etiraz təqdim etməmişlər.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək əlavə olaraq qeyd etdi ki, o, 1994-cü ildən Rusiya Federasiyasına işləmək üçün getmiş, 1998-ci ildə məhkəmənin qətnaməsi əsasında ata və anası arasındakı nikah ləğv olunmuş, ata evləri satılmış, anası Leninqrad şəhərinə onun yanına gəlmiş, qardaşı Şamil Səfərov isə həmin vaxtdan Sumqayıt şəhəri, 20-ci məhəllə, 54 saylı evdə yerləşən 4 saylı mənzildə yaşamış və hazırda da orada yaşayır. 2003-cü ildə anası Sumqayıt şəhərinə qayıdarkən onun verdiyi pulla H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsi 1 saylı ünvanda yerləşən yataqxananın 10 saylı mənzilini almış və bu barədə 23 nömrəli order də vardır. Anası qətlə yetirildiyi tarixədək mübahisəli mənzildə tək yaşamış, o da mütəmadi olaraq həmin evə öz evi kimi ildə 3-4 dəfə gəlib və hər dəfə 1 ay olmaqla anasının yanında yaşamış, bir övlad kimi anasına qayğı göstərmiş, maddi sıxıntı çəkməyinə imkan verməmişdir. Qardaşı Şamil isə bir dəfə də olsun anası ilə maraqlanmamış, qayğısına qalmamışdır. O, 2018-ci ilin oktyabr ayında anasının 40 mərasiminə kimi Azərbaycana gəlmiş və həmin vaxtdan sözü gedən ünvanda yaşayır. O, 2019-cu ildə ünvan 5v qəsəbəsi, S.Vurğun küçəsi 1 saylı ünvanda yerləşən yataqxananın 10 saylı mənzilinə istifadə hüququnun tanınması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş olsa da, məhkəmə tərəfindən iddiası təmin edilməmiş, həmin məhkəmə qətnaməsindən vermiş olduğu apelyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. Həmin vaxt ona vərəsəliklə bağlı məsələnin həll etmək üçün müraciət etməsi bildirildiyindən qardaşları ilə birlikdə Sumqayıt “ASAN xidmət”in notarusuna müraciət etmişlər və orada onlara bildirilmişdir ki, vərəsəliyin rəsmiləşdirilməsi üçün sənədlər DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə sorğu olunmuş və cavabını gözləyirlər. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdeh orqan tərəfindən özəlləşdirmə ilə bağlı müraciət edən qardaşı Şamil Səfərov tək vərəsə kimi qəbul edilərək sonuncunun adına Çıxarış verilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X2 iddianı qəbul etməməyək qeyd etdi ki, İddiaçı ünvan 6 ünvanda yerləşən 10 saylı mənzilə dair verilmiş reyestrdən çıxarışın ləğv olunması ilə əlaqədar 21 yanvar 2020-ci il tarixli ərizə ilə 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və ona rəsmi cavab verilərək mübahisəli mənzilin mənzil fondunun özəlləşdirilməsi haqqında Qanunun tələblərinə müvafiq olaraq özəlləşdirildiyi üçün təmsil etdiyi İdarənin iddiaçının hüquqlarının pozulmasına dair hər hansı hərəkət və ya hərəkətsizliyi olmamışdır. Bu səbəbdən də apelyasiya şikayətinin təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.

10. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə üçüncü şəxs X8 məhkəmə iclasına gəlməmişdir.

11. Məhkəmə kollegiyası apelyasiya şikayətində qeyd edilənlərin, eləcə də məhkəmə iclasında verdiyi izahatındakı xüsusatların araşdırılması üçün İddiaçı işin baxılmasının təxirə salınaraq iş üzrə üçüncü şəxs olan qardaşı Ş.Səfərovun iştirakının da təmin edilməsinə dair fikiri soruşularkən İddiaçı qəti şəkildə qardaşı ilə üz-üzə gəlmək istəmədiyini vurğulayaraq işin baxılmasının üçüncü şəxs Ş.Səfərovun iştirakı olmadan yekunlaşdırılmasını bildirmişdir.

12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

14. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

15. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

16. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

17. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

18. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

19. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

20. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

21. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

22. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

23. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

24. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 25 Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

26. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

27. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

28. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu : Maddə 7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

29. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0., 8.0.11. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hesab olunur.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 695.1-ci maddəsinə əsasən kirayəçinin öldüyü halda kirayə müqaviləsi üzrə hüquq münasibətləri, əgər başqa kirayəçilər varsa, onlarla davam etdirilir. Başqa kirayəçilər olmadıqda kirayə müqaviləsi üzrə hüquq münasibətləri vərəsələrlə davam etdirilir. Növbəti kirayəçinin və ya vərəsənin qanunla müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləməklə kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin ləğvinə dair bildiriş vermək hüququ vardır.

Apelyasiya instansiya məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, işdə olan sənədlərdən görünür ki: - SMK zavodunda 92 saylı sexdə xadimə işləyən X4 ünvan 6, 10 saylı otaq 23 nömrəli A seriyalı 18.05.2003-cü il tarixli orderlə verilmiş və sonuncunun ailə üzvü kimi 30.12.1972-ci il təvəllüdlü X8 göstərilmişdir. - X3 10 sentyabr 2018-ci ildə vəfat etməsinə dair AZ-İ № 971132 seriyalı ölüm haqqında şəhadətnamə 19 sentyabr 2018-ci ildə Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.08.2020-ci il tarixli 2(102)- 2910/2020 saylı qərarı ilə qüvvədə saxlanılmış Sumqayıt Apelyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(105)-3859 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6280/2019 saylı 02 avqust 2019-cu il tarixli qətnaməsi üzrə İddiaçı cavabdeh X6 qarşı yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddiasının rədd edilməsi barədə qətnaməsi qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 22.02.2021-ci il tarixli məktubu ilə məhkəməyə mübahisələndirilən mənzilin özəlləşdirilməsinə əsas olan sənədlər – mənzilin orderi, X5 5 nəfər ailə üzvü tərkibinə (həyat yoldaşı, yetkinlik yaşına çatmayan qızı və iki oğlu) dair forma 2 arayışı, mənzilin özəlləşdirilməsinə həyat yoldaşı R.F.Quliyevanın 03.09.2019-cu il tarixli razılıq ərizəsi, avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə Azərbaycan Respublikasının qeydiyyat orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarına dair məlumata dair arayış və M.S.Həsənlinin ölüm haqqında şəhadətnaməsi təqdim olunmuşdur. - Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı evdə yerləşən 10 saylı mənzil X5 adına **********25 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla 16 dekabr 2019-cu il tarixində tam pay hüququ ilə rəsmiləşdirilmişdir.

33. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırki qərarın 32-ci bəndində göstərilən sənədlər əsasında Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı evin 10 saylı mənzili X8 tərəfindən özəlləşdirilərkən cavabdeh İdarə tərəfindən hazırki qərarın 28-29-cu bəndlərində istinad olunan normaların tələbləri pozulmamışdır.

34. Hazırki qərarın 6-cı bəndində qeyd edilən iddiaçının apelyasiya şikayətinin dəlillərilə bağlı kollegiya qeyd edir ki, həmin dəlillər əsassızdır ona görə ki, iddiaçının notariat ofisinə müraciət etməklə mərhum anasının vərərsəsi olmasının müəyyən edilməsi mübahisəli mənzilə dair hər hansı bir hüquq əldə etməsinə əsas ola bilməz. Yəni iddiaçının anası vəfat edərkən mübahisəli mənzil mərhum M.Həsənlinin mülkiyyətində olmamış və həmin mənzil miras kütləsinə daxil olmamışdır. Sonuncu adı çəkilən mənzilin kirayəçisi olmuş, vəfat edəndən sonra isə mənzildə qeydiyyatda olmaqla kirayəçinin hüquq və vəzifələrini iş üzrə üçüncü şəxs Ş.A.Səfərov 5 nəfər ailə üzvü tərkibində (həyat yoldaşı, yetkinlik yaşına çatmayan qızı və iki oğlu) daşımış, İddiaçı isə mübahisəli mənzilin orderində adı olmamış, eyni zamanda sonuncu mənzilə istifadə hüququnun tanınmasını məhkəmə qaydasında tələb etmiş olsa da, həmin iddia tələbi hazırkı qərarın 32-ci bəndində istinad edilən məhkəmə qərarlarına əsasən hər üç instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir.

35. Məhkəmə kollegiyası hazırki qərarın 13-20-ci qeyd olunan prosessual hüquq normalarının, eləcə də 28-29 bəndlərində istinad edilən qanun normalarının tələbləri baxımından bu nəticəyə gəlir ki, dövlət və yaxud ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının mənzil sahəsinə dair orderi və ya mənzil kirayə müqaviləsi, yaxud mənzilin verilməsinə dair sərəncam daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı üçün əsasdır, 30-cu bənddə istinad edilən maddi hüquq normasının tələbindən isə müəyyən edildiyi kimi kirayəçinin öldüyü halda kirayə müqaviləsi üzrə hüquq münasibətləri, əgər başqa kirayəçilər varsa, onlarla davam etdirilir. Başqa kirayəçilər olmadıqda kirayə müqaviləsi üzrə hüquq münasibətləri vərəsələrlə davam etdirilir. Yəni, hazırki halda iddiaçının mübahisəli mənzilin nə orderinə əsasən, nə də ki, digər əsasla mübahisəli mənzilə istifadə hüququnun olmaması səbəbindən kirayə müqaviləsi üzrə hüquq və vəzifələri müəyyən edilmir, digər tərəfdən üçüncü şəxs ailə üzvlərilə mübahisəli mənzilin kirayəçiləri qismində çıxış etdiklərindən kirayə müqaviləsi üzrə hüquq və vəzifələr daşıdığından, mənzilin kirayəçisi olmuş M.Həsənlinin vəfatından sonra sonuncunun vərəsələrindən biri olan İddiaçı mübahisəli mənzilin kirayə müqaviləsi üzrə hüquq münasibətinin davam etdirilməsinə qanunu əsaslar olmamışdır.

36. Beləliklə, kollegiyanın hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilməz, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərar əsaslı olmuş və iddianın rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgündür. Ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(118)-655/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(118)-655/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar