Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-455/2021 11.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Abşeron rayon Məhkəməsinin 2(012)-4351/2018 saylı 06 noyabr 2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(118)-401/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 2(012)-4351/2018 saylı 06.11.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi öhgəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(118)-401/2021 saylı qərardadı ilə iddia geri götürülmüş hesab edilərək, iş üzrə icraata xitam verilmişdir. (hakim V.Əzizova) Qərardaddan narazı qalan iddiaçı ondan apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iş üzrə icraatın bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə bildirişlərini almamışdır. Səlahiyyətli nümayəndəsi isə vəkil olduğundan bir sıra məhkəmə proseslərində, istintaq orqanlarında ola bilər. Bu halda da məhkəməni lazımınca məlumatlandırmışdır. Bu isə əsas vermir ki, iddia geri götürülmüş hesab edilsin. TƏRƏFLƏRİN İZAHATLARİ Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin 30 gündən çox müddət ərzində ardıcıl və əsassız olaraq məhkəmə icraatından yayınma kimi qiymətləndirərək iddianın geri götürüldüyü qənaətinə gəlmiş və bu əsasla iş üzrə icraata xitam vermişdir. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil Sumqayıt İnzibati Məhkəməsinə ərizə ünvanlayaraq başqa məhkəmə iclasında iştirak etməsi ilə əlaqədar 12.04.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, 19.05.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasından əvvəl də elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində hüqiqi müdafiəçisi ilə bağlı olduğu vətəndaşın cinayət işi ilə bağlı görüşü olduğu üçün işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Eləcə də iş materiallarından görünür ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də, iddiaçıya göndərilmiş məhkəmə bildirişləri “ünvan tam deyil” qeydi ilə poçt şöbəsi tərəfindən çatdırılmadan geri qaytarılmışdır. Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə baxışının vaxtı barədə lazımi qaydada məlumatlandırılmamış tərəfin məhkəmə baxışına gəlməməsi onun məhkəmə icraatından yayınması kimi qiymətləndirilə bilməz. İPM-nin 55.3-cü maddəsinin tətbiqi iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırdığı və bundan sonra iddiaçı ardıcıl olaraq məhkəmə icraatından yayındığı halda mümkündür. İş materialları ilə müəyyən olunur ki, iddiaçı məhkəmə iclaslarının vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmamış, bundan əlavə iddiaçının vəkili isə ərizə təqdim edərək, işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə iş mahiyyəti üzrə baxılması üçün geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinin tələbinə görə inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(118)-401/2021 saylı qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-455/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-455/2021
11.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver