Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-456/2021 15.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, nümayəndəsi Nümayəndə1 Hüseyn oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-127/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları 15 sentyabr 2014-cü il tarixli, 138 saylı torpaq icarəsi müqaviləsinə əsasən, Sumqayıt Bələdiyyəsi Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində ümumi sahəsi 45 kv m olan torpaq sahəsini kommersiya məqsədilə 24 iyul 2039-cu il tarixədək, 25 yanvar 2018ci il tarixli, 11 saylı torpaq icarəsi müqaviləsinə əsasən isə, Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən ümumi sahəsi 1200 kv m olan torpaq sahəsi sahibkarlıq məqsədilə 18 yanvar 2067-ci il tarixədək İddiaçı icarəsinə vermişdir. RX №1210481 seriyalı hüquqların dövlət qeydiyyatı haqqında 29.01.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrdən çıxarışa əsasən, Sumqayıt şəhəri, Çerkassi küçəsindəki 0,12 ha torpaq sahəsi üzərində icarə hüququ 18.01.2067-ci il tarixədək İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 12.03.2015-ci il tarixli Q-11 saylı məktubundan görünür ki, Memarlıq və Şəhərsalma idarəsində razılaşdırılmış eskiz layihəyə əsasən iddiaçıya məxsus Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən sahədə sahibkarlıq obyektinin tikintisinə etiraz edilməmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış icarə hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən 0,12 ha torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə tərəfindən inşa edilmiş 1200 kv.metr sahəsi olan tikilinin Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz sökülməsi nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 200000(iki yüz min)ABŞ dolları, dəymiş mənəvi ziyanın əvəzi olaraq 100000 (yüz min) manat məbləğində pulun ödənilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh 02 dekabr 2019-cu il tarixli məktubla cavab olaraq bildirmişdir ki, Sumqayıt şəhəri, Çerkassi küçəsində olan 0,12 ha torpaq sahəsində Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı söküntü barədə inzibati akt qəbul edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki,0 vətəndaş İddiaçı və Sumqayıt Bələdiyyəsi arasında 25 yanvar 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında 0,12 ha torpaq sahəsi icarə qaydasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX Seriyalı, ******* nömrəli Çıxarışa əsasən 29 yanvar 2018-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən tikintiyə icazə verilməsinin ümumi qaydaları tam təfsilatı ilə öz əksini tapmışdır. Qeyd olunan çıxarışa əsasən həmin müddətdən sonra iddiaçı tərəfindən tikinti niyyəti barədə Sumqayıt şəhər İcra Hakimiyyətinə hər hansı bir müraciət daxil olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə 200.000 (iki yüz min) ABŞ dolları məbləğində və dəymiş mənəvi ziyanın əvəzi olaraq 100.000 (yüz min) manat məbləğində kompensasiyanın cavabdeh tərəfindən ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması Sumqayıt şəhəri, Çerkassı küçəsində yerləşən 0,12 ha torpaq sahəsi icarə hüququ əsasında iddiaçının adına qeydə alınmışdır. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 1200 kv.m sahəsi olan tikili inşa etmişdir. Tikilinin inşası üçün iddiaçı və həyat yoldaşı Moskva şəhərində yerləşən mənzillərini 100.000 ABŞ dollarına satmışlar, "xxxx" ASC-dən 100.000 ABŞ dolları məbləğində külli miqdarda kredit vəsaiti götürmüşlər. Lakin həmin tikili inşasının başa çatmasına az qalmış 2016-cı ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən polis əməkdaşlarının və xüsusi texnikanın cəlb edilməsi ilə qanunsuz sökülmüş, nəticədə ona 200000 (iki yüz min) ABŞ dolları məbləğində maddi və 100.000 manat məbləğində mənəvi ziyan dəymişdir. İddiaçı ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı dəfələrlə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdeh tərəfindən verilmiş 02.12.2019-cu il tarixli cavab məktubunda ərizəsində qaldırdığı məsələyə aidiyyəti olmayan cavab verilərək müraciəti təmin olunmamışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurası iddiaçının şikayəti ilə əlaqədar hər hansı bir hərəkət etmədən, şikayətçi qismində iddiaçını Şuranın iclasına dəvət edərək dinləmədən, şikayəti üzrə Azərbaycan Respublikasının Konstitusiyasının, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin və digər aidiyyəti qanunvericilik aktlarının tələblərinə uyğun qaydada araşdırma aparmadan Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 02.12.2019-cu il tarixli məktubunda göstərilənlərlə eyni məzmunda 30 dekabr 2019-cu il tarixli, 06 saylı cavab məktubu ilə guya şikayətə cavab vermiş, bununla da vətəndaş və sahibkar kimi bir sıra hüquqları pozulmuşdur. Beləliklə, cavabdeh qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurduğu maddi və mənəvi zərərin ödənilməsindən imtina etdiyinə görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin əmlakını sökməsinin, yəni əmlak hüquqlarına müdaxiləsinin qanunsuz sayılması və cavabdeh tərəfindən ona vurulmuş ziyanın əvəzi olaraq kompensasiya ödənilməsinə dair qərar çıxarılmasından ibarətdir. Cavabdehin iddia tələbinə dair etirazı Sumqayıt şəhəri, Çerkassı küçəsində vətəndaşın icarəsində olan 0,12 ha torpaq sahəsində hər hansi söküntü barədə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən inzibati akt qəbul edilməmişdir. İddiaçı və Sumqayıt Bələdiyyəsi arasında 25 yanvar 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında 0,12 ha torpaq sahəsi icarə qaydasında İddiaçı adına qeydə alınmışdır. Qeyd olunan çıxarışdan sonra vətəndaş tərəfindən tikinti niyyəti barədə Sumqayıt şəhər İcra Hakimiyyətinə hər hansı bir müraciət daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-127/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova). Birinci instansiya məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, iddiaçının obyektinin məhz Sumqayıt şəhər İcra Hakimiyyətinin işçiləri tərəfindən sökülməsi halı iş materialları ilə və məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, söküntünün kim tərəfindən həyata keçirilməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı bu halın sübutu kimi fotoşəkillər təqdim etsə də, həmin fotoşəkillərdə bir ədəd texnikanın və iki nəfər polis əməkdaşının şəkli əks olunmuşdur. Göstərilən fotoşəkillər söküntünün cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən və ya İcra Hakimiyyətinin göstərişi ilə sökülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Eyni zamanda iddiaçıya tələb olunan məbləğdə ziyanın vurulması da təsdiq edilmir. Belə ki, iddiaçı göstərilən məbləğdə ziyan çəkməsini təsdiq edən sübut, o cümlədən inşaat materiallarının alınması, ustalara xərc çəkilməsi, abadlıq işlərinə sərf edilmiş vəsait barədə hər hansı sənəd təqdim etməyərək iddia tələbini ümumi ifadələrlə əsaslandırmışdır. Halbuki, iddia tələbi vurulmuş ziyanın ödənilməsi ilə bağlı olduğundan ziyanın yetirilməsini və həcminin məbləğini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yəni, maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması müəyyən edilməlidir. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-127/2021 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, vətəndaş Sumqayıt şəhər İcra Hakimiyyətinə hər hansı bir müraciət etməmişdir. Lakin Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin 12.03.2015-ci il tarixli Q-11 saylı məktubundan görünür ki, Memarlıq və Şəhərsalma idarəsinin razılaşdırılmış eskiz layihəyə əsasən ona məxsus ərazidə yerləşən sahədə sahibkarlıq obyektinin tikintisinə etiraz edilmir. Bununla da cavabdehin fikrinin əsassız olduğu görünür. Həmçinin, cavabdehin nümayəndəsi qeyd etmişdir ki, tikilinin sökülməsi ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti hər hansı inzibati akt qəbul etməmişdir. Akt qəbul etsə idi belə, ona məxsus obyektin cavabdeh tərəfindən sökülməsi üçün heç bir hüquqi zəmin yaranmır. Fərz edilsə ki, obyekt Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sökülməmişdir. Belə olduğu təqdirdə kim tərəfindən sökülməsi sualı yaranır. Məhkəmə nəzərə almamışdır ki, polis əməkdaşları yalnız dövlət orqanlarının göstərişi ilə söküntüyə nəzarət edir. Əgər söküntü heç bir dövlət orqanının göstərişi ilə həyata keçirilməyibsə, bu halda cinayət işi başlanılmalı idi. Buna görə də ona həm maddi, həm mənəvi ziyan dəyməklə yanaşı, mülkiyyət hüququndan da məhrum olur. Obyektin sökülməsi nəticəsində ona maddi ziyan dəyməklə yanaşı, mənəvi ziyan da dəymiş-onun mənəvi, psixoloji sarsıntılar keçirməyinə səbəb olmuşdur. 03 b)apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apelyasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. Məhkəmə icraat iştirakçılarının izahatlari Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, iddiaçı qeyd edilən torpaq sahəsini 2014-cü il tarixdə icarəyə götürmüş və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 1200 kv.metr sahəsi olan obyekt tikmişdir. Tikinti başa çatmaq üzrə olarkən, heç bir xəbərdarlıq olunmadan cavabdeh orqan tərəfindən sökülmüşdür. Cavabdehin söküntü ilə bağlı heç bir qərarı olmasa da, obyekt 2016-cı ilin fevral ayında İcra Hakimiyyətinin nəzarəti altında sökülmüşdür. İddiaçı cavabdehin səlahiyyətli nümayəndəsi Sahib müəllimin qəbulunda olmuş, ona dəymiş ziyanın ödəniləcəyi bildirilmişdir. Qeyri yaşayış sahəsinin tikintisi üçün cavabdeh tərəfindən qərar qəbul edilməsə də, eskiz layihə təsdiq edilmişdir. İddiaçı evini satmış və kredit götürərək tikinti aparmaq üçün 200.000 dollar xərc çəkmişdir. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının digər nümayəndəsi də apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə dair etirazla eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin birinci instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına görə, iddiaçının icarəyə götürdüyü 1200 kv m torpaq sahəsində ərizədə qeyd etdiyi kimi sahəsi 1200 kv m olan tikili inşa etməsi, həmin tikintinin məhz Sumqayıt şəhər İcra Hakimiyyətinin işçiləri tərəfindən sökülməsi halı iş materialları ilə və məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, söküntünün kim tərəfindən həyata keçirilməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı bu halın sübutu kimi fotoşəkillər təqdim etsə də, həmin fotoşəkillər söküntünün cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən və ya İcra Hakimiyyətinin göstərişi ilə sökülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Eyni zamanda, iddiaçıya tələb olunan məbləğdə zərərin vurulması da təsdiq edilmir. Belə ki, iddiaçı göstərilən məbləğdə zərər çəkməsini təsdiq edən sübut, o cümlədən inşaat materiallarının alınması, ustalara xərc çəkilməsi, tikintiyə sərf edilmiş vəsait barədə hər hansı sənəd təqdim etməyərək iddia tələbini ümumi ifadələrlə əsaslandırmışdır. Halbuki, iddia tələbi vurulmuş zərərin ödənilməsi ilə bağlı olduğundan zərərin yetirildiyini və həcminin məbləğini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yəni, zərərin ödənilməsi üçün ziyanın mövcud olması, onun qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması şərtdir. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında 2014-cü ildə Bələdiyyə tərəfindən ona icarəyə verilmiş Çerkassi küçəsində yerləşən 0.12 ha torpaq sahəsində cavabdeh ilə razılaşdırılmış eskiz layihəyə əsasən 1200 sahəsi olan obyekt inşa etdiyini və həmin obyektin 2016-cı il tarixdə cavabdehin əməkdaşları tərəfindən söküldüyünü bildirsə də, məhkəmə kollegiyasının sorğusuna əsasən təqdim edilmiş sənədlərdən görünür ki, 25 yanvar 2018-ci ildən əvvəl Çerkassi küçəsində yerləşən 0.12 ha torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsi ilə iddiaçı arasında hər hansı icarə müqaviləsi bağlanmamışdır. Belə ki, Sumqayıt Bələdiyyəsi ilə iddiaçı arasında 15 sentyabr 2014-cü il tarixdə bağlanmış 138 saylı torpaq icarəsi müqaviləsi, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində ümumi sahəsi 45 kv m olan torpaq sahəsinə dair olmuş, müqaviləyə əsasən, həmin torpaq sahəsi kommersiya məqsədilə 24 iyul 2039-cu il tarixədək iddiaçının icarəsinə verilmişdir. Həmçinin, işdən görünür ki, cavabdeh tərəfindən 0.12 ha torpaq sahəsində tikilinin inşa edilməsinə icazə barədə qərar qəbul edilməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsində obyektin tikintisi ilə əlaqədar "xxxx" ASC-dən 100000 ABŞ dolları kredit götürdüyünü bildirsə də, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq təqdim edilmiş 02 iyul 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçının bildirdiyi 100000 ABŞ dolları məbləğində kredit istehlak təyinatlı olmaqla mənzil alınması məqsədilə götürülmüşdür. Bundan əlavə birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 3 saylı İnzibati Ərazi Vahidi üzrə nümayəndəsi X2 ifadəsində bildirmişdr ki, iddia ərizəsində göstərilən obyektin bünövrəsi qoyulmuş, lakin tikintisi tam başa çatmamışdır. Söküntü ilə bağlı iddiaçı tərəflə onun arasında heç bir söhbət olmamış, icra hakimiyyətindən bununla bağlı hər hansı göstəriş verilməmişdir. Söküntünün kim tərəfindən aparılması ona məlum deyildir. Söküntüdən sonra tikinti materiallarını iddiaçı tərəf özü aparmışdır. Texnikanın kim tərəfindən həmin əraziyə gətirdiyindən xəbəri olmamışdır. Şahidin ifadəsi ilə yanaşı, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən yalnız söküldüyü iddia edilən tikilinin bünövrəsinin qoyulduğu görünür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). 1100-cü maddəyə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulması, 0.12 ha torpaq sahəsində iddiaçı tərəfindən sahəsi 1200 kv m olan obyektin tikilməsi və ən əsası həmin obyektin cavabdeh tərəfindən sökülməsi sübuta yetirilmədiyindən iddianı rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Qeyd olunanlara əsasən kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2- 1(118)-127/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-127/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-456/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-456/2021
15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver