Məhkəmə qərarları › İş №2-1(105)-456/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-456/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-456/2022 30.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin Abşeron-Xızı regional filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin Abşeron-Xızı regional filialına qarşı ona hüququnun yarandığı 2008-ci il tarixdən 4 uşaq anası kimi 50 yaşından 25 il stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 2-1(118)-440/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 04 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya çoxuşaqlı ana kimi pensiya təyin edilməsindən imtina olunmuşdur.

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin Abşeron-Xızı regional filialına qarşı iddia qaldıraraq ona hüququnun yarandığı 2008-ci il tarixdən 4 uşaq anası kimi 50 yaşından 25 il stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun Düdəngi kəndində anadan olmuşdur. 1975-ci il tarixdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olmuşdur. 1981-ci il tarixdə həmin institututu bitirib Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun, Düdəngi kənd məktəbinə müəllimə təyin olunmuşdur. xx.xx.2006-cı il tarixdə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə yenidən hazırlanma kursunu bitirmişdir. xx.xx.2018-ci il taxidə Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə 60 yaşda təqaüdə çıxmışdır. Ailəlidir, 4 övladı var. xx.xx.1983-cü il taixdə X2, xx.xx.1986-cı il tarixdə X5, xx.xx.1991-ci il tarixdə isə əkiz övladları Cəfərov Sarvan və X3 dünyaya gəlmişlər. Övladları 18 yaşlarına qədər himayəsində olmuşdur. Son dövrdə ona məlum olmuşdur ki, onun 2008-ci il tarixdə, 4 uşaq anası kimi 50 yaşında (həmin dövrdə) qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyası almaq hüququ olmuşdur. Lakin o, 2008-ci il tarixdə əmək pensiyası almaq üçün müraciət etməmişdir. Qeyd olunan hüququndan istifadə etməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafə Fondunun Sumqayıt şəhər şöbəsinə xx.xx.2021-ci il tarixdə əmək pensiyasının yenidən hesablanmasına dair müraciət etmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X10 Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə müraciətinə cavab olaraq bildirilmişdir ki, ‘‘Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən pensiya yaşına çatmış hər bir vətəndaşın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vedikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sğorta stajı olduqda (2017-ci il iyulun 1-nədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Onun ərizəsinə əlavə etdiyi sənədlərdə 4 uşaq göstərildiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq yəni tətbiq edilməli olmayan “Əmək pensiyası haqqında” Qanunun normaları tətbiq edilməklə tam əsassız imtina verilmişdir. Bununla da onun Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquqları pozulmuşdur. Müraciətinə 2010-cu ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməli olduğu halda buna əməl olunmamışdır. 4 uşaq anası kimi 50 yaşında, 25 illik iş stajı ilə 2008-ci il tarixdən qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyasına çıxmalı idi. Qeyd olunanlara əsasən 4 uşaq anası kimi, 50 yaşında, 25 illik iş stajı ilə 2008-ci il tarixdən qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyasının (tələbəlik illəri və əlavə kurslar da daxil olmaqla) yenidən hesablanaraq ona verilməsi tələbi tam qanuni və əsaslıdır. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının vəzifəli şəxslərinin 4 uşaq anası kimi, 50 yaşında, 25 illik iş stajı ilə 2008-ci il tarixdən qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyasının (tələbəlik illəri və əlavə kurslarda daxil olmaqla) yenidən hesablanaraq ona verilməsi tələbi ilə bağlı hərəkətsizliklərinin və bununla bağlı imtinalarının qanunsuz hesab edilməsinə, 4 uşaq anası kimi, 50 yaşında, 25 illik iş stajı ilə 2008-ci il tarixdən qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyasının (tələbəlik illəri və əlavə kurslarda daxil olmaqla) yenidən hesablanaraq ona verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeçiliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının üzərinə qoyulmasına dair müvafiq qərar qəbul edilməlidir.

5. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tam əsassızdır və təmin edilməməlidir. İddiaçıya hüququ yarandığı tarixdən, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı daha sonra yenidən cavabdehə müraciət edərək 4 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etdiyini və pensiya almaq hüququnun 2008-ci il tarixində yarandığını və bu səbəbdən ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmalı olduğunu bildirmişdir. Fondun 1 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubunda iddiaçının 4 övladı olduğundan mövcud qanunvericiliyə əsasən ona çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların həmin Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.

6. Sumqayıt İnzibati Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 2-1(118)-440/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı 12 mart 2018-ci il tarixdən çoxuşaqlı ana kimi əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin Abşeron-Xızı regional filialının üzərinə qoyulması qərara alınmışdır. (hakim Leyla Mirzəyeva)

7. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında iddiaçının xx.xx.2017-ci ildən əvvəl inzibati orqana müraciət etməsi ilə bağlı və ya müraciət etməməsinin səbəbinin üzrlü olması ilə bağlı hər hansı bir sübut təqdim etməsə də, məhkəmə iclasında izahatında cavabdeh inzibati orqana müraciət edərkən çoxuşaqlı ana kimi pensiya təyin edilməsi üçün deyil, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etdiyini, sonradan çoxuşaqlı ana kimi pensiya hüququnun olmasından məlumatı olduğunu və yenidən hesablama ilə bağlı cavabdeh inzibati orqana xx.xx.2021-ci il tarixdə müraciət etdiyini qeyd etmişdir. Bu səbəbdən məhkəmə iddiaçıya 12 mart 2018-ci il tarixdən çoxuşaqlı ana kimi əmək pensiyasının yenidən hesablanaraq ödənilməsini qərara almışdır. Göründüyü kimi, iddiaçı ona çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının deyil yaşa görə əmək pensiyasının təyinatı ilə bağlı müraciət etmiş və xx.xx.2020-ci il tarixindən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən iddiaçıya çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi imkan xaricindədir. Məhkəmə qərarında iddiaçıya çoxuşaqlı ana kimi əmək pensiyasının hesablanmasına hansı dövrdə qüvvədə olan qanunverciliyin tətbiqinin mühüm əhəmiyyət daşıdığını qeyd etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1ci maddəsinin əvvəlki redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərdilər. Qeyd edilən maddəyə 2017-ci ilin 10 mart tarixli Azərbaycan Respublikası Qanunu (01 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, bu maddədən “heç bir müddət məhdudiyyəti” olmadan sözləri ilə çıxarılmış, yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərdə təyin edilir. Qeyd olunan normanın 01 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə tətbiqinə dair məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarı ilə hüquqi qiymət verilmiş və həmin qərarda mövqe ondan ibarət olmuşdur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci ilin 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlər baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci ildən qüvvədə olan 32.1-1-ci maddəsini əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir - tətbiq edərək ona 12 mart 2018-ci il tarixdən çoxuşaqlı ana kimi əmək pensiyasının yenidən hesablanaraq ödənilməsini qərara almışdır. Halbuki, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuş və iddiaçı tərəfindən ona pensiya təyin olunanadək çoxuşaqlı ana kimi yaşa görə pensiya təyin edilməsi ilə bağlı müraciət olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən iddiaçıya çoxuşaqlı ana kimi yaşa görə pensiya təyin edilməsi mümkün deyildir. Buna baxmayaraq məhkəmə iddia tələbindən kənara çıxaraq iddiaçının mövcud qanunverciliyə əsasən buna hüququ olmamasına baxmayaraq iddiaçıya xx.xx.2018-ci il tarixdən çoxuşaqlı ana kimi əmək pensiyasının yenidən hesablanaraq ödənilməsini qərara almışdır.

b) Apellyasiya şikayətinə etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər.

Tətbiq edilən hüquq

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (01 yanvar 2010-cu il tarixədək qüvvədə olan):

Maddə 8. Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası 8.1. Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; 4 uşağı olanlar - 50 yaşına çatdıqda; 5 uşağı olanlar - 49 yaşına çatdıqda; 6 uşağı olanlar - 48 yaşına çatdıqda; 7 uşağı olanlar - 47 yaşına çatdıqda; 8 uşağı olanlar - 46 yaşına çatdıqda; 9 uşağı olanlar - 45 yaşına çatdıqda; 10 və daha çox uşağı olanlar - 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq.

Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.

Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edildiyindən və qərardan yalnız cavabdeh apellyasiya şikayəti verdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına görə iddiaçıya pensiyanın təyin edilməsinin mümkün olmaması barədə cavabdehin dəlili əsassızdır. Çünki mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun müvafiq müddəalarının hazırda qüvvədə olan normaları deyil, iddiaçının 50 yaşının tamam olduğu vaxt qüvvədə olan normaları tətbiq olunmalıdır.

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 27 oktyabr 2009-cu il tarixdə edilmiş və 01 yanvar 2010-cu il tarixdən qüvvəyə minən dəyişikliyə uyğun olaraq çoxuşaqlı qadınların yaşa görə əmək pensiyası hüququnu tənzimləyən 8.1-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: “Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır”

19. Həmin dəyişiklik edilənədək isə Qanunun 8.1-ci maddəsi aşağıdakı redaksiyada idi: “Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 4 uşağı olanlar - 50 yaşına çatdıqda”.

20. Sözügedən maddəyə daha sonra da dəyişiklik edilmişdir və hazırda qüvvədə olan redaksiya aşağıdakı kimidir: “ 8.1. Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır”.

21. Hazırkı halda isə mübahisənin həlli baxımından iddiaçıya münasibətdə qanunvericiliyin 01 yanvar 2010-cu il tarixədək qüvvədə olan müddəalarının, yoxsa xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş müddəalarının, yaxud da hazırda qüvvədə olan normalarının tətbiq edilməli olduğu aydınlaşdırılmalıdır.

22. İşin hallarından isə görünür ki, iddiaçının çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 27 oktyabr 2009-cu il tarixli, 904-İİİQD saylı Qanunu qüvvəyə minənədək yaranmışdı.

23. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan əmək pensiyaları haqqında qanunvericiliyin sadalanan normalarından göründüyü kimi iddiaçıya çox uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edə bilmək üçün üç şərt tələb olunur: 4 uşağını doğub onları səkkiz yaşınadək tərbiyə etməsi; azı 5 il sığorta stajının olması; şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması.

24. Birinci şərtlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, iddiaçının övladları X5 28 yanvar 1986-cı ildə, X1 23 noyabr 1991-ci ildə, X2 24 avqust 1983-cü ildə, X4 23 noyabr 1991-ci ildə anadan olmuşlar.

25. İddiaçının 4 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etməsi yuxarıda qeyd edilən sənədlərlə təsdiq edilir.

26. 5 illik sığorta stajı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus ИТ-2294966 saylı əmək kitabçasından görünür ki, o, 28 avqust 1981-ci ildən 01 sentyabr 2006-cı ilədək kənd məktəbində, 08 noyabr 2018-ci ildən 03 yanvar 2019-cu ilədək Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyində işləmişdir.

27. Beləliklə, iş materiallarından müəyyən olunur ki, iddiaçı 5 ildən artıq sığorta stajına malikdir.

28. Şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması şərti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, 10 yanvar 2010-cu il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla iddiaçının 50 yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, qanunun tələblərini əsas götürdükdə iddiaçının 50 yaşı 2008-ci ilin iyul ayının 7-də tamam olmuş, həmin vaxt iddiaçı dörd uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadın statusuna malik olmuşdur. Lakin, iddiaçı cavabdehə 12 mart 2021-ci il tarixində müraciət etdiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələbləri baxımından pensiya məbləği ona 12 mart 2018-ci il tarixdən ödənilməlidir.

29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli 03/2020 nömrəli qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən və apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 2-1(118)-440/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar