Məhkəmə qərarları › İş №2-1(105)-456/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-456/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-456/2023 11.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Laçın Rayon İcra Hakimiyyətinə qarşı “iddiaçıya məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin verilməsinin bərpa olunması, almadığı illərə görə məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb iddiaçıya ödənilməsi, həmçinin uşaqlarına doğulduğu gündən almadıqları məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2-1(118)-1964/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçıya məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin verilməsinin bərpa olunması, almadığı illərə görə məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb iddiaçıya ödənilməsi, həmçinin uşaqlarına doğulduğu gündən almadıqları məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırımışdır ki, xx.xx.1976-cı ildə Laçın rayonunun Minkənd kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatdadır və Sumqayıt şəhəri, “Asfaltzavod” və “Körpü” ərazisi üzrə məhəllə komitəsi ərazisində yerləşən fərdi yaşayış evində məskunlaşmışdır. Ona AA № 346869 saylı məcburi köçkün vəsiqəsi də verilmişdir. Ailəlidir, üç övladı var. 2006-cı ildə X2 ilə faktiki nikah münasibətinə daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahları xx.xx.2007-ci il tarixdə rəsmiləşmişdir. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü Əli İsgəndərli, xx.xx.2009-cu il təvəllüdlü Uğur İsgəndərli və xx.xx.2010-cu il təvəllüdlü Ramazan İsgəndərli anadan olmuşlar. İddiaçı 2007-ci il tarixə qədər məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcini almışdır. Sonradan iddiaçıya yemək xərcinin verilməsi dayandırılmışdır. Uşaqlarına da yemək xərci verilmir. Lakin iddiaçı məcburi köçkün hesab olunduğundan övladları da məcburi köçkün hesab olunmalıdırlar. İddiaçı cavabdeh orqana bununla bağlı müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2-1(118)-1964/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin ödənilməsi rayon icra hakimiyyətinin fəaliyyət istiqamətlərinə aid deyil. Belə ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də yerli icra hakimiyətlərinə həmin səlahiyyətin verilməsi nəzərdə tutulmamışdır. Hesab olunur ki, qeyd olunan tələb ilə bağlı qanunsuz fəaliyyətin növündən asılı olaraq nəzarət funksiyasına malik olan qurumlara müraciət olunmalıdır. Yəni məcburi köçkünlər üçün yemək xərcinin ödənilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aiddir Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində göstərir ki, o, hazırkı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin vaxt iddia tələbi üzrə cavabdeh orqan kimi Azərbaycan Qaçqınların və X5 üzrə Dövlət Komitəsini qoymuşdur. İddia tələbi təmin olunmamışdır. Həmin qərardan o, Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsindən ona izah olunmuşdur ki, Laçın rayon İcra Hakimiyyətini cavabdeh qoymaqla yenidən məhkəməyə müraciət etsin. Ona görə də o, Laçın rayon İcra Hakimiyyətini cavabdeh qoymaqla məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia tələbi mümkün sayılmalıdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: ...dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydası Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarınımüəyyən edir.

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: ... 2.2. məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin ödənilməsinin ümumi qaydaları aşağıdakılardır: 2.1. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər; 3.3. aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyatakeçirilir; 3.4. aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; 3.5. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iddiaçını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşin hallarından müəyyən edilir ki, iddiaçı ona məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin verilməsinin bərpa olunması, almadığı illər üçün məcburi köçhünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ona ödənilməsi, həmçinin uşaqlarına məcburi köçkün vəsiqəsinin verilməsi və uşaqlarına doğulduqları gündən almadıqları məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərcinin hesablanıb ona ödənilməsi üçün köməklik göstərilməsi ilə bağlı cavabdeh Laçın Rayon İcra Hakimiyyətinə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir. Cavabda bildirilmişdir ki, ona vahid aylıq müavinət Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.2-ci (2.Aylıq müavinət aşağıdakı) məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.2 məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə) bəndinin tələbinə əsasən şamil olunmur. Həmin məsələyə məhkəmə qaydasında baxılması üçün müvafiq məhkəmə orqanlarına müraciət etmək tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh hazırki iddia tələbinə cavab verən orqan deyil, yəni məcburi köçkünlər üçün yemək xərcinin ödənilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aiddir. Məhkəmə kollegiyası qərardadla razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclası zamanı iddiaçı izahat verərək bildirmişdir ki, o, hazırkı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmin vaxt iddia tələbi üzrə cavabdeh orqan kimi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsini qoymuşdur. Lakin iddia tələbi təmin olunmamış, qərardaddan apellyasiya şikayəti vermiş və orada ona izah olunmuşdur ki, Laçın rayon İcra Hakimiyyətini cavabdeh qoymaqla yenidən məhkəməyə müraciət edə bilər. İddiaçı eyni zamanda birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmadığını, bu səbəbdən də məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmişdir. Kollegiya qeyd edir ki, yuxarıda istinad olunan qanunverciliyin tələbinə görə əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları, o cümlədən Laçın rayon İcra Hakimiyyəti aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə, elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Yuxarıda istinad edilən “Qayda”nın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Yəni, mübahisə edilən müavinəti almaq hüququ olan şəxslərin yekun tərkibinin və dairəsinin müəyyən edilməsi, eləcə də həmin hesabat (siyahı) üzrə ödənişin aparılması məqsədi ilə aidiyyəti quruma sifarişin verilməsi Komitənin səlahiyyət dairəsinə aid edilmişdir. Müavinətin ödənilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qeyd edilən tənzimləmə həmin müavinətin hansı mərhələdə və hansı qurum tərəfindən dayandırılmasının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Lakin, iş materiallarından görünür ki, iddiaçının bu barədə bildirməsinə, cavabdehin məktubuna baxmayaraq birinci instansiya məhkəməsi iddiaçıya verilmiş müavinətin hansı qurum tərəfindən (Laçın Rayon İcra Hakimiyyəti, yaxud Qaçqınların və X4 üzrə Dövlət Komitəsi) və hansı tarixdən dayandırımasının müəyyən edilməsi istiqamətində hər-hansı araşdırılma aparmamış, bununla əlaqədar sübutlar əldə edilərək işə əlavə edilməmişdir. Halbuki, İPM-nin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bundan əlavə, İnzibati Prosessual Məcəllənin 12.1, 13 və 48.1-ci maddələrin tələbləri baxımından yuxarıda qeyd olunan xüsusatlara dair işə baxan birinci instansiya məhkəməsi tərəfindən zəruri hüquqi dəyərləndirmə aparılmamış, eyni zamanda iddiaçıya hüquqi yardım göstərilməmişdir. Halbuki, Ali Məhkəmənin Plenumunun istinad edilən xx.xx.2015ci il tarixli, 5 nömrəli qərarına əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.1, 3.2 və 3.3-cü bəndlər). Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddiaçıya hüquqi yardım göstərməmiş, müvafiq hüquqi təkliflər verməmiş, bununla da prosessual pozuntulara yol vermişdir. Qeyd olunmalıdır ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir.

Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2-1(118)-1964/2023 nömrəli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar