Məhkəmə qərarları › İş №2-1(105)-457/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-457/2022

08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-457/2022 08.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialına qarşı “ona 14 may 2021-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-1(118)-113/2022 nömrəli qərarından cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh inzibati orqana ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair ərizə ilə müraciət etmiş, müraciətə baxılmış və cavabdehin 15 may 2021-ci il tarixli **********7 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 3.2.1-ci maddəsinə əsasən ümumi iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Cavabdeh qeyd olunan sənəd təqdim edildiyi halda pensiya hüququna yenidən baxılacağını bildirərək müraciətin icrasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 14 may 2021-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin 15 may 2021-ci il tarixli **********7 nömrəli imtina məktubu qanunsuz və əsassızdır. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 3.2.1-ci bəndinə əsasən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; (-). Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edmişdir ki, iddiaçının yaşa görə əmək pensiyasına hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 57 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranmışdır. Lakin, qüvvədə olan pensiya qanunvericiliyinin tələbinə görə, iddiaçının həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. İş materiallarına əlavə edilən 424 nömrəli, xx.xx.2013-cü il tarixli arxiv arayışına müvafiq olaraq İddiaçı 1979-1993-cü il tarixlərində “Varlı həyat adına sovxoz” və “Şəhriyar adına sovxoz” da işləmişdir. Həmçinin, sözügedən arayışda xx.xx.1979-cu il tarixli, 197/9 nömrəli əmrlə “Varlı həyat adına sovxoz” –un 10 saylı briqadasına fəhlə qəbul edildiyi, xx.xx.1990-cı il tarixli 36/2-52 nömrəli əmrlə yeni yaradılmış “Şəhriyar adına sovxoz”-a keçirilməsi ilə əlaqədar olaraq işdən azad edildiyi, 1993-cü ilin fevral ayında son əmək haqqı aldığı və işdən çıxma əmri tapılmadığı qeyd edilmişdir. Sözügedən arayışa müvafiq olaraq İddiaçı ümumilikdə 15 il sosial sosial stajı vardır. Lakin, iddiaçının sözügedən kolxozlarda işlədiyi dövrlər ərzində əmək haqqı aldığı aylar nəzərə alındıqda onun ümumilikdə 10 il 01 ay sosial sığorta stajı vardır. İşin mühahisələndirilən ikinci halı iddiaçının sağlamlıq imkanları məhdud uşağa qulluq etməsindən ibarətdir. İddiaçı xx.xx.1998-ci il təvəllüdlü X4 qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməsini iddia etsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı xx.xx.1998-ci il təvəllüdlü Xumar Rzayevaya qulluq etdiyi dövrü şəhər (rayon) icra hakimiyyəti oqanlarının, yaxud şöbənin və ya idarənin nümayəndələrindən ibarət komissiya tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında sübut etməli və bunun əsasında İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etdiyi dövr onun sosial sığorta stajına daxil edilməlidir. Qulluğun faktiki olaraq həyata keçirilməsi haqında müayinə aktı mənzil idarələrindən, yerli icra hakimiyyəti orqanlarından alınan məlumatlara, qulluq göstərilən şəxsin və sair məlumatlara əsasən DSMF-nin şəhər (rayon) şöbələrinin işçiləri tərəfindən tərtib olunur. Qanunvericiliyin sözügedən tələblərinə müvafiq olaraq tərtib edilməmiş akt sübut qismində qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının Əmək pensiyaları haqqında Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq yaşa görə əmək pensiyası hüququ yarandığı 57 yaşda, yəni xx.xx.2021-ci il tarixdə qanunla yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına və 28800 manat pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-1(118)-113/2022 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı 14 may 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialının üzərinə vəzifə olaraq qoyulmuşdur (hakim L.Mirzəyeva) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh iddiaçının məhkəməyə təqdim etdiyi arxiv arayışı mötəbər sübut kimi qiymətləndirilməməlidir. Çünki, iddiaçının qeyd etdiyi “Varlı həyat adına sovxoz” və “Şəhriyar adına sovxoz” da işlədiyini təsdiq edən əmək kitabçası olmadığı və AR Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edildiyi üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunamüvafiq deyildir. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə), hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə), sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili şikayətin dəlillərini qəbul etməyərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.9-cu maddəsinə müvafiq olaraq İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Hazırki işdə də iddiaçının sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialı tərəfindən tərtib edilmiş akt təqdim olunmuşdur. Həmin aktla iddiaçının 15 il 00 ay 25 gün sığorta stajına malik olması təsdiq edilmişdir. Belə olan halda iddiaçı ona güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş yaş həddi ilə yanaşı zəruri olan sosial sığorta stajına malikdir. İddiaçı tərəfindən sözügedən akt məhkəmə araşdırması davam edən dövrdə əldə edilmiş, bu barədə cavabdeh məlumatlandırılmış, lakin cavabdehin nümayəndəsi iddiaya qarşı etirazı müdafiə etdiyini bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Hazırki mübahisənin predmetini cavabdehin iddiaçının 1979-1993-cü il tarixlərində “Varlı həyat” sovxozu və “Şəhriyar” sovxozunda əmək fəaliyyəti dövrlərinin sosial sığorta stajına daxil edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Azərbaycan Respublikası, Masallı rayonunda anadan olmuşdur. Abşeron rayonu, Məmmədli kəndi, Ə.Əliyev küçəsi, ev 25, mənzil 3-də qeydiyyatdadır. (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi) Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: 1) şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İşdə olan 3 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışlardan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X6 xx.xx.2006-cı il tarixində TSEK-də müayinədən keçmiş və sağlıq imkanları məhdudluğu müəyyən edilmişdir. Daha sonra müxtəlif illərdə yenidən müayinələrdən keçmiş və ona xx.xx.2016-cı ildə müddətsiz birinci dərəcəli əlillik təyin edilmiş, 09 yanvar 2017-ci il tarixli, 005 nömrəli əlillik vəsiqəsi verilmişdir. İş materiallarında olan iddiaçının qonşuluğunda yaşayan X7, X2, X3 və Abşeron rayon Məmmədli kəndi kommunal xidmətləri idarəsinin rəisi Yusifova Afət Ə.qızı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.1998-ci il təvəllüdlü xəstə uşağı X6 anadan olduğu tarixdən bu günə qədər iddiaçının himayəsindədir və ona qulluq edərək baxır. Həmçinin, ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialı tərəfindən tərtib edilmiş 1-ci qrup əlilə, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa və 70 yaşından yuxarı ahıla qulluq müddəti barədə aktda iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək, xx.xx.2008-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2016- cı il tarixədək uşaqlıqdan əlil və xx.xx.2016-cı il tarixdən hal-hazıradək İ qrup əlil olan övladı X4 qulluq etdiyi, qeyd olunan qulluğun Abşeron rayon Məmmədli kənd kommunal xidmətləri tərəfindən qonşuların iştirakı ilə tərtib edilmiş aktda da öz əksini tapdığı, əmək pensiyasının təyinatı zamanı sosial sığorta stajına hesablanacaq müddətin 15 il 00 ay 25 gün təşkil etdiyi qeyd edilmişdir. Beləliklə, iddiaçının sağlamlıq imkanları məhdud xx.xx.1998-ci il təvəllüdlü X5 8 yaşınadək tərtbiyə etməsi işin mübahisəsiz halıdır. İddiaçı cavabdeh inzibati orqana 30 aprel 2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, həmin dövrdə qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddi 62 yaş olmuşdur. İddiaçı xx.xx.1964– cü il təvəllüdlü olduğu üçün və ona “Əmək pensiyaları haqqında” qanunun 8.2-ci maddəsində qeyd olunan güzəşt şamil olunduğundan 57 yaşında yaşa görə əmək pensiyası hüququ qazanmışdır. Hazırda iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya yaşına çatması ilə bağlı birinci şərt ödənilir. İkinci şərtlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 25 il sığorta stajı olmalıdır. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin əsas dəlili iddiaçının 1979-1993-cü il tarixlərində “Varlı həyat” və “Şəhriyar” sovxozlarında əmək fəaliyyəti dövrlərinin əmək kitabçasında qeyd edilməməsidir. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Zamana görə qüvvədə olan SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Zamana görə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67.1-2-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Masallı rayon İcra Hakimiyyəti Masallı rayon Dövlət Arxivinin xx.xx.2013-cü il tarixli, 424 nömrəli arxiv arayışına əsasən idiaçı “Varlı Həyat” sovxozu və “Şəhriyar” sovxozunda fəhlə işləmişdir. Arayışda iddiaçının xx.xx.1979-cu il tarixli 197/9 nömrəli əmrlə “Varlı Həyat” sovxozunun 10 saylı briqadasına fəhlə qəbul edildiyi, xx.xx.1990-cı il tarixli 36/2-52 nömrəli əmrlə yeni yaradılmış “Şəhriyar” sovxozuna keçirilməsi ilə əlaqədar olaraq işdən azad edildiyi, xx.xx.1990-cı il tarixli, 4-55 saylı əmrlə “Şəhriyar” sovxozuna fəhlə qəbul edildiyi və 1993-cü ilin fevral ayında son əmək haqqı aldığı ( işdən çıxma əmri tapılmamışdır) qeyd edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Masallı rayon Dövlət Arxivi tərəfindən təqdim edilən sənədlərdən görünür ki: - “Varlı Həyat” sovxozunun xx.xx.1979-cu il tarixli, 197 nömrəli əmrinə əsasən, İddiaçı sovxoz fəhləliyinə qəbul edilməklə 10 nömrəli briqadaya fəhlə təyin edilmişdir; - “Varlı Həyat” sovxozunun xx.xx.1990-cu il tarixli, 36 nömrəli əmri ilə adları qeyd olunan şəxslərin sovxozun fəhlə heyətindən azad edilmələri və yeni yaranmış Şəhriyar” sovxozuna köçürülmələri qərara alınmış və həmin əmrin 52-ci bəndində İddiaçı adı qeyd edilmişdir; - Şəhriyar” sovxozunun xx.xx.1990-cı il tarixli, 04 nömrəli əmrinə müvafiq olaraq adları qeyd olunan şəxslərin “Varlı Həyat” sovxozunun xx.xx.1990-cu il tarixli, 36 nömrəli əmri ilə həmin sovxozun fəhləliyindən azad olunduqları üçün sovxoz fəhləliyinə qəbul edilmələri qeyd edilmiş və həmin əmrin 55-ci bəndində İddiaçı adı qeyd edilmişdir; - 1979-1993-cü illər üzrə iddiaçının əmək haqqı cədvəlindən görünür ki, o, 1978-ci ilin noyabr, dekabr ayları, 1980-1987-ci illər, 1988-ci ilin sentyabr ayı istisna olmaqla bütün aylar, 1989-cu ilin mart, may, iyun, iyul, avqust, sentyabr, oktyabr ayları, 1990-cı ilin yanvar, fevral ayları “Varlı Həyat” sovxozundan, 1993-cü ilin yanvar, fevral ayları Şəhriyar” sovxozundan əmək haqqı almışdır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının “Varlı Həyat” və Şəhriyar” sovxozlarında işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1979-1993-cü illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə “Varlı Həyat” və Şəhriyar” sovxozunda işlədiyi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Masallı filialının xx.xx.2013-cü il tarixli arxiv arayışı, həmçinin, adları qeyd olunan sovxozların əmrləri ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında və sovxoz əmrlərində göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bununla bağlı cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyini bildirdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsaslanmaqla göstərmişdir ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Qeyd edilən illərin əmək kitabçası ilə təsdiq olunmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının “Varlı Həyat” və Şəhriyar” sovxozlarında işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyin normalarına görə arxiv arayışı işçinin iş stajını təsdiq edən sübut kimi qəbul edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, qanuni məhkəmə qərarının ləğvinə səbəb ola bilməz. Odur ki, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-1(118)-113/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar