Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-457/2024 24.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi hakim), Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə JN 257 KOD 30327058 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Quba rayonu, Aşağı Xuc kəndi ərazisində yerləşən 1.28 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla adına çıxarış və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(118)-3530/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: “Torpağa mülkiyyət hüququna dair” JN 257, KOD 30327058 saylı dövlət aktından görünür ki, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 1.28 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 13 nömrəli, 28 oktyabr 1998-ci il tarixli qərarı əsasında X1 və X3 mülkiyyətinə ayrılmışdır, torpaq sahəsinin 257 sahəsi 5000.02 kv.metr, 257Q hissəsi 7481.6 kv.metr kimi qeydə alınmışdır. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mübahisəli torpaq sahəsinə baxış keçirilməsinə dair müayinə aktında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi naturada (yerdə) 1.28 ha təşkil edir və baza məlumatlarında olan xəritə materiallarına əsasən (DWJ xəritələri və TEKUİS-ə əsasən) 0.50 ha təşkil edir; həmin torpaq sahəsi DWJ xəritələri və TEKUİS-ə əsasən elektron uçot xəritələrində kənd təsərrüfatı təyinatlı olub, kənd təsərrüfatına yararlı, çoxillik əkmə uqodiyalı torpaq sahəsi kimi göstərilmişdir; faktiki olaraq boş ərazidir; torpaq sahəsi Dövlət Aktında iki planşetdə göstərilsə də, DWJ xəritələri və TEKUİS-ə əsasən elektron uçot xəritələrində bir hissədən ibarət olub, 0.50 ha kimi göstərilmişdir; müayinə zamanı heç bir mübahisəli hal qeydə alınmamışdır. AZ-İ № 449492 saylı, 27 oktyabr 2010-cu il tarixli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X4 27 oktyabr 2010-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 20 oktyabr 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, X4 və ailə üzvünə məxsus Quba rayon Aşağı Xuc kəndində yerləşən, JN-257 KOD 30327058 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın verilməsinə əsas olan Quba rayon Aqrar İslahat Komissiyasının 13 nömrəli, 28 oktyabr 1998-ci il tarixli qərarı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. JN-257 saylı dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmişdir. Quba rayon Aqrar İslahat Komissiyasının 13 nömrəli, 28 oktyabr 1998-ci il tarixli qərarı əsasında X2, İddiaçı ümumi birgə mülkiyyət üzrə 1.28 ha torpaq sahəsi ayrılmış və dövlət aktına müvafiq qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 02 may 2023-cü il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “iddiaçıya və X2 JN-257 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərinə verilmiş və Quba rayon Aşağı-Xuc kənd ərazisində yerləşən 1.28 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpağa çıxarışın verilməsi öhədliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “Quba rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə JN 257 KOD 30327058 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Quba rayonu, Aşağı Xuc kəndi ərazisində yerləşən 1.28 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və ailə üzvü X7 rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 13 N-li qərarı ilə Quba Rayon Aşağı-Xuc kəndi ərazisindən 1.28 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmiş və adlarına mülkyyətini təsdiq edən JN-257 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir və həmin torpaq sahəsindən hal-hazıra kimi istifadə edərək, sahiblik edir. O, qeyd olunan Dövlət Aktına əsasən mülkiyyətini təsdiq edən çıxarış almaq üçün cavabdeh təşkilata müraciət etmiş, cavabdeh təşkilat 02 may 2023-cü il tarixli məktubu ilə təqdim etdiyi JN-257 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməməsini bildirərək, çıxarış verməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmaqla, onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, İddiaçı Quba rayonu, Aşağı Xuc kəndində yerləşən JN-257 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd olunan 1.28 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixində daxil olmuş ərizə ilə müraciət baxılmışdır. Müraciətə xx.xx.2023-cü il tarixli 3-21-3-24/2-P- 0064-8/2023 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Qeyd olunan JN-257 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış Dövlət Aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə JN-257 KOD 30327058 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 257/0.50 ha hissəsi bazada əks olunmuş, lakin bu cizgidə və bu yerləşmə yerində deyil. Digər 257Q/0.78 ha hissənin cizgisi bazada öz əksini tapmamışdır. Qeyd olunan səbəbdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.” Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(118)-3530/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Quba rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə JN 257 KOD 30327058 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Quba rayonu, Aşağı Xuc kəndi ərazisində yerləşən 1.28 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.(hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi cavabdeh orqanın DWJ xəritəsində 0.50 ölçüdə əks olunsa da, iddiaçı və ailə üzvlərinə Quba rayon Torpaq şöbəsinin və Dövlət Yerquruluşu Layihə İnstitutunun möhürü ilə tərtib edilərək təqdim edilmiş Dövlət Aktında 257 sahəsi 5000.02 kv.metr, 257Q hissəsi 7481.6 kv.metr, ümumilikdə 1.28 ha ölçüdə qeyd olunmuş, eyni zamanda torpaq sahəsi naturada da 1.28 ha təşkil edir. Bununla da cavabdeh inzibati orqanın imtinasında göstərdiyi dəlilin formal xarakter daşıdığı bir daha təsdiqini tapmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd olunmuşdur ki, JN-257 seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" elektron məlumat bazasında öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin sənəd üzrə olan kateqoriyası, yüksək gərginlikli elektrik və digər kommunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi “Quba rayon Aqrar İslahat Komissiyasının 13 nömrəli, 28 oktyabr 1998-ci il tarixli qərarı əsasında torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməməsinə əsaslanaraq iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Cavabdeh iddiaçının adına olan JN-257 KOD 30327058 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə bağlı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmaması, ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə dövlət aktının 0.50 ha hissəsinin bazada əks olunmasına, həmin hissənin cizgidə və yerləşmə yerində olmamasına, digər 0.78 ha hissənin cizgisinin bazada öz əksini tapmamasına istinad edərək, iddiaçıya müvafiq imtina cavabı vermişdir. Kollegiya hesab edir ki, bu hüquqların qeydə alınmasından imtinaya əsas ola bilməz. Belə ki, Dövlət Aktlarının qeydiyyat kitabı adından da göründüyü kimi, aktların qeydiyyatı aparılan kitab olmaqla, hüquqmüəyyənedici sənəd deyildir, qeydiyyat zamanı iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsünün səhv göstərilməsi həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinaya əsas ola bilməz. Bundan əlavə işdən görünür ki, iddiaçının adına JN-257 KOD 30327058 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir və həmin Aktdakı məlumatların həqiqiliyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Aktdan görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün cizgidə göstərilən sərhəd daxilində iddiaçıya və anasına 1.28 ha torpaq sahəsi ayrılmışdır. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 20 oktyabr 2023cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, X4 və ailə üzvünə məxsus Quba rayon Aşağı Xuc kəndində yerləşən, JN-257 KOD 30327058 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş və dövlət aktının verilməsinə əsas olan Quba rayon Aqrar İslahat Komissiyasının 13 nömrəli, 28 oktyabr 1998-ci il tarixli qərarı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. Quba rayon Aqrar İslahat Komissiyasının 13 nömrəli, 28 oktyabr 1998-ci il tarixli qərarı əsasında X2, İddiaçı ümumi birgə mülkiyyət üzrə 1.28 ha torpaq sahəsi ayrılmış və dövlət aktına müvafiq qeydiyyat aparılmışdır. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi müayinə aktından aydın olur ki, mübahisəli torpaq sahəsi naturada 1.28 ha təşkil edir, faktiki olaraq boş ərazidir, mübahisəli hal qeydə alınmamışdır. Beləliklə, mübahisəli torpaq sahəsi, yəni Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 1.28 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 13 nömrəli, 28 oktyabr 1998-ci il tarixli qərarı əsasında ayrılmış və buna dair “Torpağa mülkiyyət hüququna dair” JN 257, KOD 30327058 saylı dövlət aktı tərtib edilmişdir. Lakin həmin dövlət aktında 1.28 ha torpaq sahəsinin 257 sahəsi 5000.02 kv.metr, 257Q hissəsi 7481.6 kv.metr kimi qeydə alınmışdır. Göründüyü kimi torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmiş, iddiaçının bu torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğundur. Beləliklə, yuxarıda sadalanan sübutların tədqiqi nəticəsində müəyyən edilir ki, Dövlət Aktlarının qeydiyyat kitabındakı məlumat istisna olmaqla, bütün hüquqmüəyyənedici sənədlərə əsasən, iddiaçıya və ailəsinə aqrar islahat zamanı 1.28 ha pay torpağı ayrılmış və bununla əlaqədar onların adına “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.5-ci maddəsində də nəzərdə tutulmuşdur. Nəzərə almaq lazımdır ki, iddiaçının 1.28 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ yuxarıda sadalanan normaların tələblərindən irəli gələn hüquqmüəyyənedici sənədə- xx.xx.1998-ci il tarixli 13 nömrəli JN-257 nömrəli KOD 30327058 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsaslanır. Bu mənada, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Odur ki, hazırki iş üzrə iddiaçının sözügedən torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericilikdən irəli gələn əsaslar mövcuddur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ərizəyə dair texniki hissəyə münasibət bildirilməməsi dəlili ilə bağlı qeyd edir ki, həmin dəlil əsassızdır. Belə ki, cavabdeh inzibati orqanın müayinə aktı ilə müəyyən olunur ki, torpaq sahəsi ilə bağlı heç bir mübahisəli hal müəyyən edilməmiş, torpaq sahəsi naturada 1.28 ha təşkil edir, faktiki olaraq boş ərazidir. AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsi barədə məhkəmə kollegiyasına ərizə təqdim etmişdir. Ərizədə edilən dəyişikliyin– dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, kollegiya ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Quba rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 13 nömrəli qərarı ilə verilmiş JN-257, KOD 30327058 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Quba rayonu, Aşağı Xuc kəndi ərazisində yerləşən 1.28 ha torpaq sahəsi üzərində İddiaçı aid hissədə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-1(118)-3530/2023 nömrəli qərarı dəyişdirilsin İddia təmin edilsin. Quba rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 13 nömrəli qərarı ilə verilmiş JN-257, KOD 30327058 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Quba rayonu, Aşağı Xuc kəndi ərazisində yerləşən 1.28 ha torpaq sahəsi üzərində İddiaçı aid hissədə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.