Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-457/2025 05.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-4700/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Könül Həbibova) xx.xx.2024-cü il tarixli 2-1(118)- 4700/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda xx.xx.1993-cü il tarixdə həlak olan X4 şəhid statusu adının və bununla bağlı müvafiq arayışın verilməsi öhdəliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “şəhid statusu adı və müvafiq arayışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda xx.xx.1993-cü il tarixdə həlak olan qızı - X4 şəhid statusu adının verilməsi və bununla bağlı müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının qızı - X8 xx.xx.1993-cü il tarixdə Füzuli rayonu Gorazilli kəndində erməni quldurlarının atdığı mərmidən çıxmış qəlpə nəticəsində ölmüşdür. Həmin vaxt qızı - X8 və digər ailə üzvləri də, həmin yerdə olmuşlar. X9 (iddiaçının qardaşı) Şəlalənin cansız bədənini qucağına götürərək döyüş bölgəsindən uzaqlaşdırmışdır. İddiaçı qızına şəhid statusunun verilməsi tələbi ilə cavabdehə müraciət etmiş, cavabdeh isə məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli qərarı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”na, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2, 8.1.2, 12.1-ci maddələrinə istinad olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1956-cı ildə Füzuli rayonu Gorazıllı kəndində anadan olmuş, 1974-cü ilə kimi həmin ünvanda qeydiyyatda olmuşdur. 1974-cü ildə Sumqayıt şəhərinə təhsil almaq məqsədilə gəlmiş, Sumqayıt şəhərində yerləşən 4 saylı peşə məktəbində təhsil almış, təhsil alarkən həmin peşə məktəbinin yataqxanasında qalmış və orada qeydiyyata düşmüşdür. 1979-cu ildə Sumqayıt şəhərində 5-ci mikrorayon ərazisindən 1 otaqlı mənzil almış və orada qeydiyyata düşmüşdür. 2014-cü ilə qədər orada yaşamış, 2014-cü ildən isə 9-cu mikrorayon ev 72 mənzil 91 ünvanda aldığı mənzildə ailəsi ilə birlikdə qeydiyyata alınmışlar. Həyat yoldaşı X6 xx.xx.1961-ci il tarixdə Füzuli rayonu Gorazıllı kəndində anadan olmuş, 1980-ci ildə Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində qeydiyyata alınmışdır. Vəfat edən övladı X8 21 iyul 1981-ci il tarixdə Sumqayıt şəhərində yerləşən 1 saylı doğum evində anadan olmuş, 6-cı sinifə qədər 5-ci mikrorayon ərazisində yerləşən 15 saylı orta məktəbdə təhsil almışdır. 1993-cü ilin iyun ayının 28-də yay tətili ilə əlaqədar istirahət etmək məqsədilə Füzuli rayonu Gorazıllı kəndinə babasıgilə qonaq getmişdir. İddiaçının deməsinə görə 2 iyul 1993-cü il tarixdə saat təxminən 04:30 radələrində kəndə düşmənlər tərəfindən hücum olunmuş və övladı X8 qaçarkən atılan tank mərmisinin qəlpəsi nəticəsində həyatını itirmişdir. Təqdim olunan sənədlərin araşdırılmasından sonra “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli Qərarının 1.1, 1.2 və 4.1-ci bəndlərini rəhbər tutaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə X4 şəhid, ailə üzvlərinə isə şəhid ailəsi statusunun verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş edirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehin apellyasiya şikayətinin dəlili iddia ərizəsinə etiraz ilə eyni məzmun daşımaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilməli olan maddi hüquq norması tətbiq edilməmiş, işə dair cavabdehin təqdim etdiyi etirazı nəzərə alınmadan və araşdırılmadan, işin tam, hərtərəfli və doğru həllinə yönələn digər zəruri prosessual hərəkətlər aparılmadan, faktlar nöqteyi-nəzərdən qanunsuz, əsassız və mahiyyəti üzrə düzgün olmayan qərar qəbul edilmişdir. Ona görə də, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)- 4700/2024 nömrəli qərarı ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, onun vəfat edən övladı X8 21 iyul 1981-ci il tarixdə Sumqayıt şəhərində yerləşən 1 saylı doğum evində anadan olmuş, 6-cı sinifə qədər 5-ci mikrorayon ərazisində yerləşən 15 saylı orta məktəbdə təhsil almışdır. xx.xx.1993-cü il tarixdə yay tətili ilə əlaqədar istirahət etmək məqsədilə Füzuli rayonu Gorazıllı kəndinə babasıgilə qonaq getmişdir. xx.xx.1993-cü il tarixdə saat 04:30 radələrində düşmənlər Füzuli rayonu Gorazıllı kəndinə hücum etmişlər və övladı X8 atılan mərmi qəlpəsi nəticəsində həlak olmuşdur. Övladını Sumqayıt şəhərində dəfn etmişlər. Onun övladı şəhid sayılır və şəhid statusu almaq üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh əsassız olaraq imtina etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və cavabdehin apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Vİİ-ЖГ seriyalı 427509 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, xx.xx.1981ci il təvəllüdlü X3 atası - İddiaçı, anası X10r. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-2821/2019 nömrəli qətnaməsi ilə xx.xx.1981-ci ildə anadan olmuş X3 xx.xx.1993-cü il tarixdə Füzuli rayonu Gorazıllı kəndində ölməsi faktı müəyyən edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, X8 xx.xx.1993-cü il tarixdə Füzuli rayonu Gorazıllı kəndində ermənilərin atdığı mərmi partlaması nəticəsində ölmüş və Sumqayıt şəhər qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. AZ-İ seriyalı 980392 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X8 xx.xx.1993-cü il tarixdə Füzuli rayonu Gorazıllı kəndində ölmüşdür. Ölüm səbəbi məhkəmə qətnaməsi əsasında olaraq qeyd edimişdir. İşdə olan qəzet materialının surətindən görünür ki, Sumqayıt şəhəri 15 nömrəli orta məktəbin şagirdi 12 yaşlı X8 xx.xx.1993-cü il tarixdə erməni quldurlarının Füzuli rayonu Gorazıllı kəndinə basqını nəticəsində vəfat etmiş, bu barədə qəzetdə “12 yaşlı Şəhid” adlı məqalə çap edilmişdir. X5 Sumqayıt Şəhər İcra Hakimiyyətinə verilmiş ərizəsindən görünür ki, X4 şəhid statusu, valideynlərinə şəhid ailəsi statusunun verilməsi xahiş edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-6/1-R-41-055 nömrəli X7 göndərilmiş məktubundan görünür ki, qaldırdığı məsələ məhkəmə baxışının predmetı olduğunu nəzərə alaraq aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məqsədəuyğun olması bildirilmişdir. Qubadlı rayon İcra Hakimiyyəti xx.xx.2024-cü il tarixli 5-62/2-316/2024 nömrəli məktubundan görünür ki, şəxsə şəhid statusu, şəhidin ailə üzvlərinə şəhid ailəsi statusunun verilməsi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” haqqında xx.xx.1993-cü il tarixli 697 nömrəli Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında xx.xx.1995-ci il tarixli 10 saylı Qərarına əsasən müvafiq icra hakimiyyəti orqanlarının arayışları əsasında Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Rayonun Xocik kənd sakini 1962-ci il təvəllüdlü X2 xx.xx.1993-cü ildə rayonun işğalı zamanı şəhid olmuşdur. Şəxs mülki şəxs olduğundan Nazirlər Kabinetinin Qərarına əsasən X1 mülki şəhid olması barədə arayışın verilməsi rayon icra hakimiyyətinin səlahiyyətlərinə aiddir. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdehin şəhid statusuna dair arayışın verilməsindən imtinası əsaslı olmamışdır. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.4-cü bəndinə əsasən Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab olunurlar. 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının xx.xx.1994-cü il tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Göründüyü kimi, xx.xx.1981-ci il təvəllüdlü X8 xx.xx.1993-cü il tarixdə Füzuli rayonu Gorazıllı kəndində şəhid olmuşdur. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və həmin Məcəllədə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 16.2-ci bəndindən görünür ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə xx.xx.2003-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir... Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. ...” Bundan əlavə, oxşar təcrübənin müəyyən edilməsi və müqayisəli təhlil üçün iddiaçı tərəfin şifahi vəsatəti əsasında Azərbaycan Respublikasının Qubadlı Rayon İcra Hakimiyyətinə müvafiq sorğu ünvanlanmışdır. Məhkəməyə göndərilmiş məktubdan görünür ki, rayonun Xocik kənd sakini 1962-ci il təvəllüdlü X2 xx.xx.1993-cü ildə rayonun işğalı zamanı şəhid olmuşdur. Şəxs mülki şəxs olduğundan Nazirlər Kabinetinin Qərarına əsasən X1 mülki şəhid olması barədə arayışın verilməsi rayon icra hakimiyyətinin səlahiyyətlərinə aiddir. Sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM 14.3). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iddiaçı hazırkı tələbində haqlı olmuş, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna ziddir və iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verərək, cavabdeh inzibati orqanının imtinasını əsassız hesab edərək, iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş, cavabdeh inzibati orqanın apellyasiya şikayəti formal xarakter daşımaqla, əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-4700/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-457/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-457/2025
05.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver