Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-458/2021 29.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Günay Firdovsi qızının katibliyi, İddiaçı X1 iştirakı ilə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı ona Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-1(118)-168/2021 saylı qərarından iddiaçı X2 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona Müharibə veteranı adının verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmiqdir. İddiaçı ərizəsini onunla əsaslandırımışdır ki, o, 19.01.1974-cü ildə anadan olmuşdur. 22.09.1992-ci ildə hərbi xidmətə çağırılmışdır. Xidmətini Sərhəd Qoşunlarında keçmişdir. Bu müddət ərzində döyüş zonasına yerləşən zastavalarda hərbi xidmətini davam etmişdir. 1992-1994-cü illər ərzində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. X4 Xidmətinə göndərdiyi sorğulara cavab olaraq onun döyüşlərdə iştirakı barədə heç bir məlumatın olmaması göstərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-168/2021 saylı, 22 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əzizova). Qərardan narazı qalan idddaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apelyasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandıraraq qeyd etmişdir ki, o, 19.01.1974-cü ildə anadan olmuşdur. 22.09.1992-ci ildə hərbi xidmətə çağırılmış, xidmətini Sərhəd Qoşunlarında keçirmişdir. 1992-1994-cü illər ərzində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Onunla xidmət və döyüşdə bir yerdə olan əsgərlər döyüşdə olmağını təsdiq edə bilərlər. X4 Xidmətinə ünvanladığı məktublara əsasən toplanmış arxiv sənədləri ilə onun xidmət keçdiyi dövrdə döyüş əməliyyatlarında iştirakı təsdiq olunmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-168/2021 saylı, 22 aprel 2021-ci il tarixli qərarını iddliaçı rəsmi qaydada 25 may 2021-ci il tarixində aldığından həmin qərardan şikayət vermə müddəti ötürülməyib. Onun müraciətinə əsasən müvafiq arxiv sənədləri toplanılmış və məlum olmuşdur ki, o, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının hal-hazırkı N nömrəli hərbi hissə komandirinin (əvvəlki Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları idarəsinin N nömrəli hərbi hissə) 16.10.1992-ci il tarixli, 3-a nömrəli əmri ilə şəxsi heyətin siyahısına və bütün təminatlara daxil edilmiş. 06.11,1996-cı il tarixli, 300 nömrəli əmri ilə isə şəxsi heyətin siyahısından və bütün təminatlardan çıxarılmışdır. Onun tərəfindən döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar Dövlət Sərhəd Xidmətinə ünvanlanmış müraciət əsasında müvafiq arxiv sənədləri toplanmış və 18.02.2020-ci il tarixdə «Müharibə veteranı» və «Silahlı Qüvvələr veteranı» adının və vəsiqəsinin verilməsi komissiyasında baxılmışdır. Onun döyüş əməliyyatlarında iştirakı əmrlərlə təsdiq olunmadığından «Müharibə veteranı» vəsiqəsinin verilməsinin mümkün olmaması barədə onun ünvanına 27.02.2020-ci il tarixdə 4/17-254 nömrəli məktub göndərilmişdir. «Veteranlar haqqında» 28.06.1994-cü il tarixli, 841 nömrəli Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteram və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə» və bu Əsasnaməyə 28.09.2018-ci il tarixli, 422 nömrəli Qərarla edilmiş dəyişikliklərin tələblərinə əsasən «Müharibə veteranı» adı və vəsiqəsi yalnız döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olarkən (döyüş zonasına ezamiyyətə göndərilmiş və ezamiyyətdən geri qaytarılma) bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış şəxslərə (hərbi qulluqçulara) verilir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X2 apelyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7- ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə və bu Əsasənaməyə 28.09.2018-ci il tarixli 422 nğmrəli Qərarlr edilmiş dəyişikliklərin tələblərinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. İş materiallarında olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X2 xx.xx.1974-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Kadrlar Baş İdarəsinin 27.02.2020-ci il tarixli, 4/17-294 saylı imtina məktubundan görünür ki, iddiaçının Dövlət Sərhəd Xidmətinə ünvanladığı müraciəti əsasında müvafiq arxiv sorğuları toplanılaraq Dövlət Sərhəd Xidmətinin «Müharibə Veteranı» vəsiqəsinin verilməsi komissiyasına təqdim edilmiş və baxılmışdır. Toplanmış müvafiq arxiv sənədlərinə əsasən xidmət keçdiyi dövrlərdə birbaşa döyüş əməliyyatlarında iştirakı, yəni döyüş əməliyyatlarında iştirak etmək üçün döyüş bölgəsinə ezam olunma və ezamiyyətdən qaytarılma müvafiq əmrlərlə təsdiq olunmadığından ona müharibə veteranı vəsiqəsinin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin 2007№-li hərbi hissənin komandirinin 16.10.1992-ci il tarixli, 3-a №-li Əmrin çıxarışından görünür ki, Ağsu RHK-dan çağırılmış, sıravi X2 4-cü SZ-na atıcı vəzifəsinə təyin edilmiş, şəxsi heyətin siyahısına və bütün təminatlara daxil edilmişdir. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhər Qoşunları İdarəsinin 2007№-li hərbi hissənin komandirinin 06.11.1996-cı il tarixli, 300 №-li Əmrin çıxarışından görünür ki, X2 hərbi qulluqçuların qismən ehtiyyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin 29.06.1996-cı il tarixli Fərmanına əsasən 06.11.1996-cı il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmaqla Sərhəd Qoşunlarında xidmətdən Silahlı Qüvvələrin ehtiyyatına buraxılmış və hərbi uçota götürülmək üçün müvafiq RHK-ya göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İş materiallarına əsasən iddiaçının qaquni surətdə hərbi hərbi xidmətə qəbul edilməsi və təxris edilməsi barədə əmrlər mövcud olsa da, onun döyüş zonasına ezam olunması barədə əmrlər aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçıya ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirilmir və cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-1(118)-168/20121 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-458/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-458/2021
29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver