Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-458/2024 20.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X2 ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “dövlət büdcəsinə ödənilən pul vəsaitinin geri qaytarılması barədə rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(118)-1530/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı X5 tərəfindən otel binasının tikintisinə çəkilən xərclər üzrə ödənilən ƏDV məbləğlərinin təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşdirilməsi nəticəsində onun şəxsi hesab vərəqəsində artıq ödəmə məbləği yaranmışdır. İddiaçı 30 may 2023-cü il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək, 14 iyun 2018-ci il tarixdən 17 yanvar 2020-ci il tarixədək olan dövr ərzində müxtəlif aralıqlarla alınan mallar üçün tərəfindən ödənilən ƏDV-nin əvəzləşdirilməsi nəticəsində, ümumilikdə, yaranmış 500.013,25 manat pul vəsaitinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh orqan 25 avqust 2023-ci il tarixli, **********374000 nömrəli məktubu ilə iddiaçının müraciətin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən əmlakın icarəyə verilməsindən əldə edilən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərə aid edilmiş və bu fəaliyyətdən əldə olunan gəlirlər Məcəllənin 155-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün vergitutma obyekti deyildir. Həmçinin, Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. İddiaçı tərəfindən qeyri-sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən otel binasının tikintisinə çəkilən xərclər üzrə ödənilən ƏDV məbləğlərinin təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşdirilməsi nəticəsində şəxsi hesab vərəqində artıq ödəmə yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, əvəzləşdirmə nəticəsində yaranmış artıq ödəmə məbləğlərinin qaytarılması qanunamüvafiq hesab edilməmişdir. Verilən imtina məktubu ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun tərəfindən dövlət büdcəsinə ödənilən 500.013,25 manat pul vəsaitinin geri qaytarılması barədə rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkar kimi (VÖEN: **********) bina tikintisi fəaliyyəti ilə məşğul olmuş və fəaliyyət dövründə podratçı təşkilatın yerinə yetirdiyi işə görə ƏDV ödəyərək əvəzləşdirmişdir. Bu dövrdə dövlət büdcəsinə artıq ödəmələr formalaşmışdır. Bundan sonra, iddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə DVX-nin 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət etmiş, lakin, cavabdeh əsassız səbəblərlə artıq ödəməni geri verməkdən imtina etmişdir. Cavabdeh imtinasında göstərmişdir ki, otel binasının tikintisinə çəkilən xərclər üzrə ödənilən ƏDV məbləğlərinin iddiaçının təqdim etdiyi ƏDV bəyannamələrində əvəzləşdirilməsi nəticəsində şəxsi hesab vərəqəsində artıq ödəmə məbləği yaranmış, bu baxımdan, əvəzləşdirmə nəticəsində yaranmış artıq ödəmə məbləğinin qaytarılması qanunamüvafiq hesab edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, artıq ödəmə məbləğinin qaytarılmasının hansı əsasa görə qanunamüvafiq hesab edilmədiyi göstərilməmişdir. VM-nin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 313 saylı Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” na uyğun olaraq təqdim etdiyi ərizəyə əsasən iddiaçının dövlət büdcəsinə artıq ödədiyi məbləğ, ümumilikdə, 500.013,25 manat təşkil edir. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(118)-1530/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilən 500.013,25 manat pul vəsaitinin geri qaytarılması barədə rəy verilməsi (maliyyə idarəsindən vəsaitin alınması üçün) öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim İsmayıl Quliyev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdehin artıq ödəmənin geri qaytarılmasından imtinasının əsasını “vergi ödəyicisi tərəfindən məhz qeyri-sahibkarlıq fəaliyyəti məqsədləri üçün çəkilən xərclər üzrə ödənilən ƏDV məbləğlərinin təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşdirilməsi nəticəsində şəxsi hesab vərəqəsində artıq ödəmə məbləği yaranması” təşkil edir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının əlaqəli fəaliyyəti ilə bağlı məhkəmə mübahisəsi olmuş, vergi orqanının iddiaçı barədə qəbul etdiyi ƏDV məbləğlərinin büdcəyə hesablanması barədə qərarları ləğv edilmiş və məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, iddiçının fəaliyyəti sahibkarlıq fəaliyyətidir və iddiaçının ƏDV məbləğlərini əvəzləşdirmək səlahiyyəti vardır. Göründüyü kimi cavabdeh inzibati orqanın dəlilləri qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilədə təkzib olunur. Bundan başqa, cavabdeh inzibati orqan imtinasını əsaslandırmamış, müəyyən etdiyi halın əsaslarını göstərməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu, iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə, iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin “qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirin ƏDV-nin məqsədləri üçün vergitutma obyekti olmamasına dair” dəlilini əsassız sayaraq qeyd edir ki, iddiaçı fərdi sahibkar kimi bina tikintisi fəaliyyəti ilə məşğul olmuş və fəaliyyət dövründə podratçı təşkilatın yerinə yetirdiyi işə görə ƏDV əvəzləşdirmişdir. Vergi Məcəlləsinin 154.6-cı maddəsinə əsasən “aksizli, məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər” ƏDV-nin ödəyiciləri sayılır. İddiaçı ƏDV ödəyicisi olduğu və apardığı əməliyyat ƏDV-yə cəlb edilən əməliyyat hesab edildiyi üçün (xidmətin alışı) Vergi Məcəlləsinin 175.1-ci maddəsi əsasında əvəzləşdirmə aparmağa haqlıdır. Bundan başqa, ƏDV əvəzləşdirilməsi üçün digər bir əsas Vergi Məcəlləsinin 175.1.3-cü maddəsində öz əksini tapır: “Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur”. Kommersiya fəaliyyəti və ya sahibkarlıq fəaliyyəti dedikdə, şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət başa düşülür. Bundan başqa, cavabdeh icraat zamanı geniş araşdırma aparıldığını qeyd etsə də, bu araşdırmanın nədən ibarət olması və qeyd olunan halın nə ilə müəyyən edildiyini əsaslandırmamışdır. Şikayətdə yalnız Vergi Məcəlləsinin müvafiq maddələrinə istinad edilmiş, lakin müvafiq maddələr işin hallarına uyğunlaşdırmaqla tövsifi verilməmişdir. Bu da öz növbəsində, işin cavabdeh tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmadığını deməyə əsas verir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, hazırda iddiaçı onun barəsində vergi orqanı tərəfindən kameral qaydada qəbul edilmiş qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarlarla hesablanmış vergi məbləğinin artıq ödəmə olduğundan geri qaytarılması barədə rəy verilməsini tələb edir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... borcludur. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV (mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan redaksiyası) 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının,faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”: ...
3. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün müraciət və tələb olunan sənədlər 3.1. Vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. 3.2. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin sığortaedənin və ya sığortalının qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır.
4. Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların hərəkətləri 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; (-) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisə predmeti iddiaçı tərəfindən 2018-ci ilin iyun ayından 2020-ci ilin yanvar ayınadək olan dövr ərzində dövlət büdcəsinə artıq ödənilən 500.013,25 manat pul vəsaitinin geri qaytarılması barədə rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Cavabdeh qeyd edilən artıq ödəmənin geri qaytarılmasından imtinanın əsası kimi iddiaçının daşınmaz əmlakın (otel binasının) icarəyə verilməsi fəaliyyəti ilə məşğul olduğunu və Vergi Məcəlləsinin 93.3-cü maddəsinə əsasən əmlakın icarəyə verilməsindən əldə edilən gəlirin qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərə aid edildiyini və bu fəaliyyətdən əldə olunan gəlirlərin Məcəllənin 155-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün vergitutma obyekti olmadığını qeyd etmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən xx.xx.2017-ci tarixdən xx.xx.2023-cü il tarixədək, ümumilikdə, 1.462.123,99 manat ƏDV məbləği əvəzləşdirilmiş və həmin tarixə qeyd olunan həcmdə artıq ödəməsi yaranmışdır. Sonradan başqa bir vergi mübahisəsinin predmeti olan 3 kameral vergi yoxlaması qərarı ilə iddiaçının şəxsi hesab vərəqəsində həmin məbləğlər azaldılaraq onun xx.xx.2023-cü il tarixə 571.313,40 manat artıq ödəməsi mövcud olmuşdur və iddiaçı cavabdeh orqana xx.xx.2023-cü il tarixli müraciətində həmin artıq ödəmənin bir hissəsinin, yəni 500.013,25 manat pul vəsaitinin geri qaytarılmasını tələb etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən, eləcə də cavabdehin nümayəndəsinin məhkəmə iclasında izahatından müəyyən edilir ki, cavabdeh vergi orqanı, ümumilikdə, ƏDV əvəzləşdirilmələrinin tərəflərindən qanunsuz sayılaraq, kameral qaydada müvafiq qərarlar qəbul edildiyini, bu baxımdan, iddia tələbinin əsassız olduğunu bildirir. Halbuki, xx.xx.2023-cü il tarixdə mövcud olan 571.313,40 manat ƏDV əvəzləşdirilməsi cavabdeh tərəfindən mübahisələndirilməmiş, həmin məbləğə münasibətdə müvafiq qərar qəbul edilməmişdir. Kollegiya qeyd edir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının,faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə tənzimlənir. Belə ki, Vergi Məcəlləsinin: 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. 87.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibati cərimələr üzrə borclar istisna olmaq şərti ilə, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının,faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” nın 2.1-ci bəndində qeyd edilir ki, vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (Vergi Məcəlləsinin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Qeyd olunan hüquq normalarının tələblərindən müəyyən edildiyi kimi vergi ödəyicisinin artıq ödəməsinin sonrakı öhdəliklər üzrə ödəmələr hesabına aid edilməsinə yalnız vergi ödəyicisinin razılığı ilə yol verilir. Lakin, hazırkı işdə iddiaçının onun artıq ödəməsinin sonrakı öhdəlikləri üzrə ödəmələrə aid edilməsi ilə bağlı razılıq verdiyi müəyyən edilməmişdir. Əksinə, iddiaçı bu artıq ödəməsinin ona qaytarılması ilə bağlı vergi orqanına ərizə ilə müraciət etmiş, digər tərəfdən, ona kameral qaydada hesablanmış vergilərlə razı olmadığı üçün bu barədə vergi orqanının qəbul etdiyi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarları məhkəmə qaydasında mübahisələndirmişdir. Həmçinin, qanunverici artıq ödənilmiş vergilərin geri qaytarılmasını tələb etmək hüququnu vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 illik müddətlə məhdudlaşdırmışdır. Bu baxımdan, iddiaçı cavabdeh orqana xx.xx.2023-cü il tarixli müraciətində tələbetmə müddəti keçməyən - xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində həyata keçirdiyi 500.013,25 manat pul vəsaitinin geri qaytarılmasını tələb etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə bu məzmunda iddia qaldırmışdır. Qeyd olunan məbləğin tələb edilməsinə münasibətdə Vergi Məcəlləsinin 85.5-ci maddəsində nəzərdə tutulmuş 5 illik müddətin ötürülmədiyi cavabdeh tərəfindən də mübahisələndirilmir. İşin sadalanan hallarına əsasən kollegiya hesab edir ki, cavabdeh vergi orqanın “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının,faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” nın tələbləri baxımından, iddiaçının iddia etdiyi artıq ödəmənin qaytarılması barədə rəy vermək öhdəliyi vardır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün hüquqi nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(118)-1530/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.