Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-458/2025 29.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X6, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona xəstəliyinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-238/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının məlumatından görünür ki, İddiaçı əlillik təyin edilməsindən imtina edilib. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və X10 publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, T637/2023 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı tibbi sənədlərinə əsasən o, hazırda “Uzun sürən postravmatik stress pozuntusu depressiv daxilolmalarla” xəstəliyindən əziyyət çəkir. İddiaçı düçar olduğu xəstəlik müalicə ilə reablitasiya olunan deyildir. Xəstəliklər kəskinləşdikdə şəxs əlavə müalicəyə cəlb oluna bilər. Orqanizminin funksiyalarının neçə faizinin pozulması sualı əlilliyin təyininə aid olduğundan onlar məhkəmə-tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və X10 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, T65/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Psixi Sağlamlıq Mərkəzi” phş-də qeyd edilən “Uzun sürən posttravmatik stress pozuntusu depressiv daxilolmalarla” diaqnozu şəxsin əyani müayinəsi zamanı öz təsdiqini tapmadığından, aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nm hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və X10 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, T387/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” Phş müalicə müəssisəsi olmadığından İddiaçı hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı, lakin əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün onun adına “Psixi Sağlamlıq Mərkəzi” Phş-də müəyyən edilmiş “Uzun sirən posttravmatik stress pozuntusu depressiv daxilolmalarla” diaqnoz şəxsin əyani müayinəsi zamanı ünsiyyət əsnasında suallara sakit, adekvat cavab vermiş, hadisələri təfsilatı ilə danışmış, emosional labillik və astenik-qtcıqlı əlamətlər qeyd olunmuş, bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi təhsilinə və şəxsiyyətinə bağlı olmuş, hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Mülayim dərəcədə ifadə olunmuş nevrasteniya, distimiva əlamətləri ilə” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psix.oprodu.ktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Odur ki, əlillik, dərəcəsinin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 140 saylı rəyindən görünür ki, Yoxlanılan şəxs İddiaçı hal-hazırda İİ Qarabağ müharibəsi zamanı aldığı barotravma (kontuziya) və qəlpə yaralarından sonra yaranmış uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 07.2 və F43.1) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırki müayinə zamanı yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntular - (anamnestik məlumatlara görə könüllü olaraq İİ Qarabağ döyüşlərində iştirak etdiyi zaman xx.xx.2020-ci il tarixdə Suqovuşan istiqamətində mina partlaması nəticəsində huşunu itirməklə barotravma və qəlpə yaraları xəsarətini alması, əvvəl Naftalan Mərkəzi Rayon Xəstəxanasında müalicədə, sonradan MN Hərbi Hospitalına təxliyyə edilərək müayinə və müalicələdə olduğunu, qəlpə yaralanmasına görə əməliyyat keçirdiyini, şəhadədətləndirilərək “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntu depressiv daxilolmalarla. Boyun və sol bud nahiyəsinin qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə). Sol çənəaltı nahiyənin kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə). Vertebrogen lumbalgiya remissiya mərhələsində. Sol gözün qarışıq astiqmatizmi Hm 0,50 D və M 0,50 D nəticəsində görmə itiliyinin 05 qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sağ gözün görmə itiliyi 1,0 olmaqla” diaqnozu ilə "Xəstəliklər cədvəli"nin 17b maddəsinin İİ qrafasına əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi, təxris edildikdən sonra onda əsəbilik, qıcıqlara qarşı həssaslıq, beynində sıxıntı, səs-küy götürə bilməməsi, bədənində ağrıların olması, gün ərzində əhval-ruhiyyəsinin enməsi, yuxu pozuntusu, yuxusunda döyüş yoldaşlarının şəhid olmaları səhnələrini görərək çox narahat halda oyandığını, vəziyyəti ilə əlaqədar Bakı şəhər 2 nömrəli X2 “Uzun sürən posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla” diaqnozu təyin edilərək orada dəfələrlə müalicələrdə olması, həmçinin AR SN-nin Respublika Psixiatriya Xəstəxanasında dəfələrlə stasionar müalicədə olması və ona “Posttravmatik stress pozuntusu” diaqnozu təyin edilməsi, Respublika Neyrocərrahiyyə Xəstəxanasında xx.xx.2022-ci il tarixdə müayinədə olduğu zaman onda “Keçirilmiş döyüş travmasından sonrakı qalıq əlamətlər (xx.xx.2020). Boyun nahiyəsinin yumşaq toxumalarının çoxsaylı metal qəlpələri. Alın mərkəz bölgədə kəskin dalğalı paroksizmlər. Asteno-nevrotik sindrom” diaqnozunun təyin edilməsi, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda “Odlu silahla yaralanmadan sonra sol üzünün alt çənə nahiyəsində daxili çapıq toxuması. Boynunun sol tərəfli, yumşaq toxumalarda çox sayda müxtəlif ölçüdə qəlpələri, sol körpücükün orta 1/3-nin bitirmiş sınığı. Sol bazu oynağının açıcı-bükmə yaxınlarının kontrakturası. Əzələ atrofiyası, daimi ağrı sindromu ilə” diaqnozu ilə müalicədə olması, Psixi Sağlamlıq Mərkəzində xx.xx.2022-ci tarixdə t.e.d., professor Fuad İsmayılov tərəfindən müayinə olunaraq ona “Posttravmatik stress pozuntusu” diaqnozunun təyin edilməsi, təkrarən Psixi Sağlamlıq Mərkəzində xx.xx.2022-ci tarixdə t.e.d., professor Fuad İsmayılov tərəfindən müayinə olunması və onda “Postkommosion sindrom. Posttravmatik stress pozuntusu” diaqnozu təyin edilməsi, hazırda ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etdiyini, aldığı müalicələrə baxmayaraq əsəbilik, daxili gərginlik, tez-tez baş ağırlarından əziyyət çəkdiyini, qıcıqlara dözümsüzlük, yuxusuzluq, yuxusunda döyüş yoldaşlarının şəhid olmaları səhnələrini görməsinin hələdə davam etdiyini, əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olması, hazırki müayinə zamanı sağlamlığı ilə bağlı əsəbilik, daxili gərginlik, tez-tez baş və boyun nahiyəsindəki ağırlarından əziyyət çəkdiyini, qıcıqlara dözümsüzlük, yuxusuzluq, yuxusunda qanlı müharibə səhnələri, döyüş yoldaşlarının şəhid olmaları səhnələrini görməsinin hələdə davam etdiyini, əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olduğunu, arasıra beynində intihar barəsində fikirlər dolaşdığını bildirir. Sorğu-sual gedişatında yoxlanılan şəxsdə affektiv gərginliyin artması, tez yorulması və əsəbiliyi aşkar biruzə verməsi və s.) sübut edir. Qoyulmuş suallara cavab olaraq ekspert komissiyasının üzvləri bildirir ki, təqdim edilmiş tibbi sənədlərin tədqiqi və təhlili, həmçinin yoxlanılan şəxsin hazırki müayinə zamanı onun psixi vəziyyəti belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı hal-hazırda “İİ Qarabağ müharibəsi zamanı aldığı barotravma (kontuziya) və qəlpə yaralarından sonra yaranmış uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla’’ (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar F07.2 və F43.1) müəyyən edilir. Qərarda qoyulmuş digər suallara cavab olaraq ekspert komissiyasının üzvləri bildirir ki, həmin suallar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin əlilliyin təyin edilməsindən imtina etməsinin qanunsuz hesab edilməsi, ona xəstəliyinə uyğun olaraq əlillik dərəcəsinin təyin olunmasının cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X7 könüllü olaraq iştirak etmiş, 16 oktyabr 2020-ci il tarixdə Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı partlayış travması almışdır. Xəstəliyi ilə əlaqədar 23 oktyabr 2020-ci il tarixdə Silahlı Qüvvələrin Baş X13 bölməsinə stasionar müalicəyə qəbul olunmuş və ona 11 dekabr 2020-ci il tarixdə “Boyunun sol yarısının kor qəlpə yaralanması və sol budun yuxarı 1/3-nin yumşaq toxumalarının kor qəlpə yaralanması” diaqnozu qoyulmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisinin 23 fevral 2022-ci il tarixli, 190 nömrəli göndərişi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbihəkim komissiyası tərəfindən verilmiş 02 mart 2022-ci il tarixli, 2774 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də qoyulan diaqnoz “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla. Boyun və sol bud nahiyyəsinin kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə). Sol çənəaltı nahiyyənin kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə)” kimi qeyd edilmiş, həmçinin göstərilmişdir ki, “...xx.xx.2022-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş Psixiatrı Tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, “Posttravmatik stress pozuntusu F43.1" diaqnozu təyin olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir.” 07 sentyabr 2022-ci il tarixdə Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş Psixiatrı Tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş və “Postkommosion sindrom F07.2; Posttravmatik stress pozuntusu F43.1” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarında F43.1 diaqnozu posttravmatik stress pozuntusu olmaqla stresslə əlaqədar və somatoform pozuntulara aid edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Şamaxı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1” XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35- Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər... Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu depressiv daxil olmalarla sol üçlü sinirin mandibulyaris şaxəsinin posttravmatik neyropatiyasının semsor pozulmalarla olan qalıq əlamətləri sol budun bayır dəri sinirinin posttravmatik neyroatiyasının hissi pozulmalarla şəklində olan qalıq əlamətləri Sol bud nahiyəsinin və boynun sol yarısının yumşaq toxumalarının kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili–cərrahi işlənməsindən sonrakı vəziyyət sol bud sümüyünün sümükdaxili yad cismi \metal qəlpə\ Sol yanaq nahiyəsinin sol çənəaltı nahiyəsinin yumşaq toxumalarının kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincilicərrahi işlənməsindən sonrakı vəziyyət yumşaq toxumaların yad cisimləri metal qəlpə\ çeynəmə funksiyasının pozulması ilə əsaslarla baxılmış və “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir. Bakı şəhər 2 nömrəli X3 xx.xx.2023-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və diaqnozun mətni: uzun sürən posttravmatik stress pozuntusu depressiv daxilolmalarla; mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir. Bundan əlavə İddiaçı əyani müayinədə olmuş və xx.xx.1993-cü il təvəllüdlü X9 əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 05 aprel 2023-cü il tarixli, 3-17-4/3-3-2042/2023 nömrəli qərar qəbul edilmişdir. Daha sonra İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 2774 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla. Boyun və sol bud nahiyəsinin kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə). Sol çənəaltı nahiyənin kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə), "diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. “Vertebrogen lumbalgiva remissiva mərhələsində. Sol gözün qarışıq astiomatizmi Hm 0,50D və M 0,50D nəticəsində görmə itiliyinin 0.8-ə qədər azalması, korreksiva ilə 1.0 olmaqla, sağ gözün görmə itiliyi 1.0 olmaqla.’’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi PHŞ xx.xx.2022-ci il tarixli 1254 nömrəli tibbi rəyində diaqnozu “Posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası PHŞ xx.xx.2022xx.xx.2022-ci il tarixli 4218/22 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnozu "Posttravmatik stress pozuntusu" kimi müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X5 PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 4465/22 nömrəli xəstəlik tarixindən çıxarışda diaqnozu "Uzun sürən mülayim dərəcəli posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla" kimi müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi PHŞ xx.xx.2022-ci il tarixli 8608 nömrəli Tibbi rəyində diaqnozu "Postkommosion sindrom. Posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X5 PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 6622/22 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnozu “Uzun sürən posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla” kimi müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X5 PHŞ xx.xx.2022- xx.xx.2022-ci il tarixli 8788/22 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnozu "Uzun sürən posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla.” kimi müəyyənləşdirilmişdir. Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı İddiaçı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaş pozulmasından şikayətlənmişdir. Ünsiyyət əsnasında suallara sakit, adekvat cavab vermiş, hadisələri təfsilatı ilə danışmış, emosional labillik və astenik-qıcıqlı əlamətlər qeyd olunmuşdur. Bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi təhsilinə və şəxsiyyətinə bağlı olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Mülayim dərəcədə ifadə olunmuş nevrasteniya, distimiya əlamətləri” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-238/2025 nömrəli,xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “xəstəliyinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi” öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəxsə əlillik təyin edilməsi şəxsin sağlamlıq vəziyyətində mövcud olan faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun gəlinmiş nəticəyə dair aktın qəbul edilməsi ilə bağlıdır. Məhkəməpsixiatrik ekspertizasının keçirilməsi və nəticəsi İddiaçı barəsində onun sağlamlıq vəziyyətinə uyğun əlilliyin təyin edilməsi üçün sözügedən aktın hüquqi əsasını təşkil edir. Göründüyü üzrə əlilliyin təyin olunması iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçıda müvafiq tibbi göndərişdə əks olunmuş xəstəliklərin mövcudluğu onun barəsində tərtib edilmiş müvafiq tibbi sənədlər (əyani müayinənin nəticələri, müalicə və s. aid), habelə məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi, həkim-psixiatr rəyləri əsasında öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Yəni, qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəf iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinə etirazının dəlilləri təşkil edir. İddiaçının apellyasiya şikayətinə dair etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İdiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, 28 yanvar 2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiə edilməsi ilə bağlı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. Bənd 7.5 Nеvrоtik, strеslə əlaqədar və sоmаtоfоrm pоzuntular Bənd 7.5.1. posttravmatik stres pozuntusu -XBT kodu F43.1 Qiymətləndirmə: 7.5.1.1. 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.5.1.2. 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət; 7.6 Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Bənd 13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri Bənd 13.1 Digər osteopatiyalar Bənd 13.1.3 boynun, döş qəfəsinin, qarnın, belin aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları- XBT kodu S 10-S 39 Qiymətləndirmə:: 13.1.3.1.mülayim funksional pozuntularla;13.1.3.2. təzahür edən pozuntularla (məsələn, onurğa sütununun böyük hissələrinin hərəkətsizliyi, ağır skolioz) gəzmənin əhəmiyyətli dərəcədə pozulması;13.1.3.3. onurğanın funksiyasının ağır pozuntuları, gəzmək və oturmaq qabiliyyətinin əhəmiyyətli dərəcədə pozulması ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə orqanizmin funksiyasının pozulma faizinə uyğun olaraq əlilliyin təyin edilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtinasını onunla əsaslandırmışdır ki, əlilliyin təyin edilməsi üçün əsas olan xəstəlik diaqnoz öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının barəsində müvafiq tibb müəssisəsi tərəfindən tibbi göndəriş tərtib edilmiş, həmin tibbi göndərişdə iddiaçı barəsində əsas diaqnoz xəstəliyi “Posstravmatik stress pozuntusu,uzun sürən posttravmatik stress pozuntusu depressiv daxilolmalarla (XBT kodu F43.1)”, ağırlaşmaları “Depressiv epizod,uzun sürən posttravmatik stress pozuntusu depressiv daxilolmalarla (XBT kodu F32)”, yanaşı xəstəlikləri “Oynaqların kontrakturası,uzun sürən posttravmatik stress pozuntusu depressiv daxilolmalarla (XBT kodu M24.5)”, “Boynun çoxsaylı açıq yaraları, uzun sürən posttravmatik stress pozuntusu depressiv daxilolmalarla (XBT kodu S11.7)”, “Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi,uzun sürən posttravmatik stress pozuntusu depressiv daxilolmalarla (XBT kodu M62.5)”, “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr,uzun sürən posttravmatik stress pozuntusu depressiv daxilolmalarla (XBT kodu Y36.2)” kimi qeyd edilmişdir. Həmçinin, Mərhəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş müvafiq şəhadətnamənin məzmunundan görünür ki, iddiaçı barəsində qoyulmuş diaqnoz xəstəlik “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu pepressiv daxilolmalarla. Boyun və sol bud nahiyəsinin kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı,yumşaq toxumaların yad cismi (metal qəlpə). Sol çənəaltı nahiyənin kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı,yumşaq toxumaların yad cismi (metal qəlpə)” kimi əks olunmuş, habelə travma haqqında arayışın məzmununda da atılan mərmi nəticəsində “Boyunun sol yarısının kor qəlpə yaralanması və sol budun yuxarı 3/1-nin yumşaq toxumalarının kor qəlpə yaralanması” diqnozu ilə xəsarət aldığı qeyd edilmişdir. İş materiallarından görünür ki, “X12” PHŞ-nin tərəfindən həkim psixiatr komissiyası tərəfindən iddiaçı əyani müayinə olunmuş, onun barəsində məhz XBT F43.1 olan “Posttravmatik stress pozuntusu”, F07.2 olan “Postkomission sindrom”olan diaqnoz xəstəliklərin və onların əlamətlərinin aşkar olunması barədə rəy verilmişdir. İş materiallarından görünür ki, “X8 və Ortopediya İnstitutu” tərəfindən iddiaçı barəsində XBT kodu S11.7, Y36.2,S42.0,M24.5,M62.5,R52.2 olan diaqnoz xəstəliklərin olması barədə arayıpş tərtib edilmişdir. İş materiallarında olan ambulator kartadan çıxarış və digər sənədlərdən görünür ki, iddiaçı qeyd edilən diaqnoz xəstəliklərlə bağlı stasionar müalicədə olmuşdur. İş materiallarında olan və tədqiq edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli ekspert rəylərinin məzmunundan görünür ki, iddiaçı barəsində “uzun sürən posttravmatik stress pozuntusu depressiv daxilolmalarla” diaqnoz xəstəliklər və onların əlamətləri aşkar olunur, həmin xəstəliklər reabilitasiya olunmur, kəskinləşdikdə əlavə müalicəyə cəlb oluna bilər, iddiaçıda hal-hazırda “İİ Qarabağ müharibəsi zamanı aldığı barotravma (kontuziya) və qəlpə yaralarından sonra yaranmış uzunmüddətli posttravmatik stress pozuntusu,depressiv daxilolmalarla” (Psixi və davranış pzountularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar F07.2 və F43.1) müəyyən edilir. Həmçinin, kollegiya onu qeyd edir ki, hazırki iş üzrə məhkəmə araşdırması zamanı qeyd edilən ekspert rəylərindən başqa, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ekspert rəyləri tərtib edilsə də, həmin ekspert rəyləri cavabdehin nümayəndəsinin iştirakı ilə tərtib edildiyindən və bu hal özlüyündə həmin rəyin mötəbərliyini şübhə altına alan hal kimi çıxış etdiyindən, işin üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi zamanı həmin rəylərin əsas götürülməsi məqsədəmüvafiq deyildir. Göründüyü kimi iddiaçıda müvafiq tibbi göndərişdə əks olunmuş xəstəliklərin mövcudluğu iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi sənədlər (əyani müayinənin nəticələri, müalicə və s. aid), habelə məhkəmə araşdırması zamanı tədqiq edilmiş həkim-psixiatr komissiyasının rəyləri, ekspert rəyləri əsasında öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin halı təkzib edən (müvafiq rəylərin əksinə dair halları müəyyən edən) heç bir dəlilə istinad edilməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş əsas diaqnoz və ağırlaşmaları (XBT kodu F43.1, S11.7) əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən müvafiq 187 nömrəli Qərarda əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. İndiki halda cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan davranış pozuntuları və psixoproduktiv əlamətlərin olmadığını qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə qədim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan həmin hala formal olaraq istinad etməklə, ümumi söz şəklində ifadə etmişdir. Nəticə etibarilə cavabdehin imtina, etiraz və şikayətin dəlili kimi istinad etdiyi hallar (davranış pozuntu əlamətlərini olmaması və s.) iş materialları əsasında təkzib olunmaqla, öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin mütəxəssis və ekspert rəyi, müvafiq tibbi sənədlər əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən həmin xəstəliklərin (ağırlaşmalarının) əlilliyin təyin edilməsi üçün əsas olmadığı halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı barəsində diaqnoz qoyulmuş xəstəliyin əlilliyin təyin edilməsinə əsas olması ilə bağlı hissədə işin hallarına düzgün hüquqi qiymət vermiş, iddiaçı barəsində əlilliyin təyin edilməsi barədə gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda iddiaçı barəsində qeyd edilən diaqnoz xəstəliyin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı” aldığı travma ilə əlaqədar yaranması halı da iş materiallarına olan sənədlər (Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş müvafiq şəhadətnamə, travma haqqında arayış, ekspert rəyi və s.) əsasında öz təsdiqini tapır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən həmin hala hüquqi qiymət verilməmişdir. Bu baxımından qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı əlilliyin səbəbli əlaqəsi ilə bağlı hissədə iddiaçının hüquqi marağının nədən ibarət olması aydınlaşdırılmış, ona uyğun olaraq, kollegiya tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilməklə, məhz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı” səbəb əlaqə ilə əlaqədar olaraq əlilliyin təyin edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, indiki halda iddiaçının əlilliyin təyin edilməsinə əsas olan xəstəliklərin məhz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı” aldığı travma nəticəsində baş verməsi iş materialları əsasında təsdiq olunduğundan, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia təmin edilməlidir. Eyni zamanda kollegiya əlilliyin təyinat tarixi ilə bağlı hissədə onu qeyd edir ki, həmin halın müəyyən edilməsi zəruri olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən həmin hala hüquqi qiymət verilməmişdir. Bu baxımından kollegiya qeyd etməyi zəruri edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən əlillliyin təyin edilməsi müvafiq tibbi göndərişin tərtib edilməsi əsasında deyil, məhz həmin tibbi göndəriş rəsmiləşdirildikdən sonra, cavabdeh tərəfindən müvafiq qiymətləndirmə aparılmaqla, bu barədə qərar qəbul edilməsi əsasında həyata keçirilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində müvafiq tibbi göndəriş xx.xx.2023cü il tarixdə rəsmiləşdirilmiş, həmin göndəriş əsasında cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyəti qiymtləndirilmiş və xx.xx.2023-cü il tarixdə “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən həmin qərarın iddiaçıya çatdırılması barədə hər hansı sənəd mövcud oladığından iddia müddəti ilə bağlı məsələni mübahisələndirilmədiyi qeyd edilmişdir. Kollegiya hesab edir ki, iddianın mümkünlüyü ilə bağlı məsələnin həlli üçün həmin halın hazırki inzibati iş üzrə nəzərə alınması məqsədəmüvafiqdir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən öz təşəbbüsü ilə iddiaçının əyani müayinəsi yenidən aparılmış və onun nəticəsinə dair diaqnoz əlillik əlaməti təyin etmir əsası ilə əlilliyin təyin edilməsindən imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi qeyd edilən qərar müvafiq tibbi göndəriş əsasında iddiaçının əlillik vəziyyətinin qiymtləndirilməsinin nəticəsini ehtiva etməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, yuxarıda istinad edilən qnaunvericilik normasının tələbinə əsasən əlilliyin hansı tarixdən müəyyən edilməsi üçün məhz müvafiq tibbi göndəriş əsasında iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinin nəticəsini ehtiva edən əlilliyin təyin edilməsindən imtina barədə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın tarixi əsas götürülməli, həmin tarixdən əlillik təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-238/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 28 yanvar 2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funsiyasının pozulması faizinə uyğun olaraq əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.