Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-459/2022 06.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Ceyranbatan ərazisində 0,12 ha torpaq sahəsi və 310,48 kv.m sahəsi olan birmərtəbəli tikinti obyekti üzərində iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(118)-228/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə Abşeron rayon Ceyranbatan bələdiyyəsinin 29 sentyabr 2006-cı il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı Ceyranbatan bələdiyyəsinin ərazisindən 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. xx.xx.2006-cı il tarixli alqı-satqı aktından görünür ki, Ceyranbatan bələdiyyəsi tərəfindən İddiaçı 0.12 ha torpaq sahəsi satımışdır. xx.xx.2006-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən torpaq alqı-satqısı üçün Ceyranbatan bələdiyyəsinin hesabına 648 manat ödənilmişdir. DTXK–nin Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin çıxarış İddiaçı məxsus torpaq sahəsinə dair tərtib edilmişdir. DTXK-nin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli rəydən görünür ki, İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsinə mülkiyyət hüququna dair sənədin verilməsinə etiraz edilməmişdir. Abşeron rayon İcra Hakimiyyət Başçısının xx.xx.2007-ci il tarixli sərəncamından görünür ki, İddiaçı məxsus Abşeron rayon Ceyranbatan qəsəbəsində yerləşən istehsalat obyektinin tikintisinə icazə verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 009 nömrəli xx.xx.2007-ci il tarixli icazədən görünür ki, İddiaçı məxsus Abşeron rayon Ceyranbatan qəsəbəsində yerləşən qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir . Cavabdeh tərəfindən iddiaçının müraciətinə 18 avqust 2021-ci il tarixli məktubla imtina cavabı verilərək bildirilmişdir ki, aparılan araşdırma zamanı Ceyranbatan Bələdiyyəsi tərəfindən X2 0,12 ha torpaq sahəsinin 29 sentyabr 2006-cı il tarixli, 08 nömrəli qərarı ilə ayrıldığı halda, alqı-satqı aktının 07 dekabr 2006-cı il tarixdə, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin isə 13 dekabr 2006-cı il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin hazırkı ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışı qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Həmçinin sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Qeyd edilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Ceyranbatan ərazisində 0,12 ha torpaq sahəsi və 310,48 kv.m sahəsi olan birmərtəbəli tikinti obyekti üzərində iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Ceyranbatan bələdiyyəsinin 29 sentyabr 2006-cı il tarixli qərarı ilə Abşeron rayonu Ceyranbatan ərazisindən sahibkarlıqla məşğul olmaq məqsədilə 0.12 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Alqı-satqı müvafiq olaraq "Torpaqların alqı-satqısına dair akt" la rəsmiləşdirilmişdir. Həmçinin torpaq sahəsi üzərində Abşeron rayon İcra Hakimiyyət Başçısının xx.xx.2007-ci il tarixli sərəncamı ilə istehsalat obyektinin tikintisinə icazə verilmişdir. Qeyd olunan torpaq sahəsinin və orada yerləşən tikinti obyektinin hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün iddiaçı müvafiq olaraq Cavabdehnə müraciət etmişdir.Cavabdeh orqan həmin torpaq sahəsi və orada yerləşən tikinti obyektinin üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan imtina etmişdir. Cavabdeh yazılı etirazında bildirmişdir ki, Ceyranbatan bələdiyyəsi tərəfindən İddiaçı 0.12 ha torpaq sahəsinin 29 sentyabr 2006-cı il tarixli 08 nömrəli qərarı ilə ayrıldığı halda alqı-satqı aktının 07 dekabr 2006-cı il tarixdə, ləğv edilmiş DTXK-nin Abşeron rayon şöbəsinin rəyinin isə 13 dekabr 2006-cı il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir.Həmçinin sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyi qeyd edilmişdir. Məhkəmə sorğusuna əsasən Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına Abşeron rayon İcra Hakimiyyəti tərəfindən etiraz edilmir. Həmin torpaq sahəsinin fərdi yaşayış evi deyil, istehsalat obyekti rayon İcra hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 397 saylı sərəncamı isasında inşa edilmişdir və sorğuya əlavə edilmiş sənədlərdə də torpaq sahəsində fərdi yaşayış evi deyil, istehsalat obyektinin olduğu aşkar qeyd olunur. Rayon icra Hakimiyyəti tərəfindən həmin qeyri-yaşayış obyektinin də dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın verilməsinə etiraz edilmir. Sumqayıt İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(118)-228/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia tələbinin 310,48 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbinə dair hissəsi mümkün sayılmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(118)-228/2022 nömrəli qərarı ilə iddianın təmin edilərək Abşeron rayonu Ceyranbatan bələdiyyəsinin xx.xx.2006cı il tarixli 08 saylı qərarı ilə Ceyranbatan ərazisində 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qərarında “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarına istinad etdməklə göstərmişdir ki, məhkəmə torpaq sahəsinin satılması barədə bələdiyyənin qərarının, DTXK-nin Abşeron rayon şöbəsinin rəyinin və iddiaçı tərəfindən ödənişin edildiyi tarixləri nəzərə alaraq hesab edir ki, sözügedən torpaq sahəsi iddiaçıya həiqətən də 2006-cı ildə satılmışdır. Lakin alqı-satqı aktının rəsmiləşdirilməsi vaxtında həyata keçirilməmişdir. Məhkəmə torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmasına dair dəlilə münaisbətdə qeyd etmişdir ki, cavabdeh həmin dəlili təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Şikayət iddiaya etirazla eyni əsaslandırılmış, torpaq sahəsinin satışının qanunla müəyyən edilmiş qaydada həyata keçirilmədiyi, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyi bildirilmiş, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 7.2-ci maddəsinə istinad edilməklə əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqlarının xüsusi mülkiyyətə verilə bilmədiyi göstərilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib təmin edilməsini, Sumqayıt İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(118)-228/2022 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, işin halları tam araşdırılmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Torpaq Məcəlləsinin 56.2-ci maddəsinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. Həmin Qanunun 7.2-ci maddəsində isə təsbit edilmişdir ki, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Torpaq Məcəlləsinin 12.1-12.4-cü maddələrinə görə torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. Həmin Məcəllənin 16.4-cü maddəsinə görə yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Həmin Məcəllənin 16.6 və 16.7-ci maddələrində isə təsbit edilmişdir ki, yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəniməişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki: “1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizənin baxılmamış saxlanılmasına və ya hüquqların dövlət qeydiyyatının dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda, qeydiyyat orqanı müvafiq qərar qəbul etməkdə haqlıdır”. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, cavabdehin bu barədə bildirməsinə, eləcə də məhkəmənin də xidməti vəzifəsinə görə araşdırmağa borclu olmasına baxmayaraq mübahisəli torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) və ondan irəli gələrək satılmasının mümkünlüyü ilə bağlı məsələ ümumiyyətlə araşdırılmamış və qiymətləndirilməmişdir. İşin hallarından göründüyü kimi cavabdeh imtinasında və iddia ərizəsinə qarşı etirazında sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyi bildirilmiş, həmin torpaqların xüsusi mülkiyyətə verilə bilmədiyini nəzərdə tutan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 7.2-ci maddəsinə istinad etmişdir. Birinici instansiya məhkəməsi isə cavabdehin əsas dəlillərindən olan torpaq sahəsinin örüş sahəsinə aid olması ilə bağlı dəlilə münasibətdə yalnız cavabdehin həmin dəlili təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməməsinə istinad etmiş, başqa sözlə həmin dəlil üzrə hər-hansı araşdırma aparmamışdır. Halbuki, məhkəmə cavabdehin bildirdiyi torpaq sahəsinin örüş sahəsinə aid olması ilə bağlı məsələni tam və hərtərəfli araşdırma aparmaqla müəyyənləşdirmək vəzifəsi daşımışdır. Bu, onun İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsində təsbit edilmiş mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borclu olması ilə bağlı xidməti vəzifəsindən irəli gəlir. Apellyasiya şikayətinin müvafiq dəlili ilə bağlı sorğuya cavabdehin xx.xx.2022-ci il tarixli, **********29 saylı cavab məktubunda sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyi göstərilmiş, torpaq sahəsinin keyfiyyət qrupu və bonitet balı barədə məlumatın verilməsi idarənin səlahiyyətləri xaricində olduğundan "xxxx" MMC-yə müraciət etmək tövsiyə olunmuşdur. Bununla yanaşı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olmasına dair elektronkadastr məlumatlarından çıxarışı da təqdim etmişdir. Bununla bağlı olaraq həmçinin kollegiya qeyd edir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Bu mənada, məhkəmə qərarının çıxarıldığı vaxt mübahisəli torpaq sahəsinin həqiqətən örüş sahəsinə aid olması ilə bağlı məsələ tam və dəqiq müəyyənləşdirilməlidir. Beləliklə, məhkəmə ilk növbədə mübahisəli torpaq sahəsinin kənd təsərrüfatına yararlı, azyararlı və ya yararsız olduğunu, eləcə də onun örüş sahəsinə aid olub- olmadığını dəqiq müəyyən etməli olduqları halda, bunun etməmişdir. Mövcud təcrübəyə əsasən torpağın kateqoriyası, habelə kənd təsərrüfatına yararlı, azyararlı və ya yararsız olması sübutların aidiyyətinə və mümkünlüyünə dair tələblərə uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabelyində "xxxx" MMC-nin mütəxəssisləri cəlb edilməklə müvafiq ekspertiza keçirilməklə həll edilməlidir. Birinci instansiya məhkəməsi özünün bu vəzifəsini yerinə yetirmədiyindən onun tərəfindən çıxarılmış qərar ləğv edilməklə iş təkrar baxışa qaytarılmalıdır. Təkrar baxış zamanı isə həmin halın aydınlaşdırılması təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, bu qaydada davranma yuxarıda da qeyd edildiyi kimi İPM-nin 12.1-ci maddəsindən irəli gələn məhkəmənin xidməti vəzifəsinə uyğun iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığına dəlalət edir. Beləliklə, təkrar baxış zamanı torpaq sahəsinin kənd təsərrüfatına yararlı, azyararlı və ya yararsız, eləcə də örüş sahəsi olub-olmadığı dəqiq müəyyən edildikdən sonra Torpaq Məcəlləsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tələblərinə uyğun olaraq onun xüsusi mülkiyyətə satılmasının mümkünlüyünə qiymət verilməli, eləcə də həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması məsələsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarının tələbləri nəzərə alınmaqla həll edilməlidir. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun qeydiyyata alınma bilməsi üçün iddiaçının torpaq sahəsinə münasibətdə torpağın kateqoriyası ilə bağlı tələblərə riayət etməklə hüquq əldə etdiyi təsdiq olunmalıdır. Başqa sözlə, torpağın kateqoriyası (məqsədli təyinatı) ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər ödənilmədikdə, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. İPM-in 87.7.1-ci maddəsinin tələbinə görə inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(118)-228/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Ceyranbatan ərazisində 0,12 ha torpaq sahəsi üzərində iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-459/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-459/2022
06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver