Məhkəmə qərarları › İş №2-1(105)-459/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-459/2025

31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-459/2025 31.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “JN 3169 KOD 30800027 saylı, xx.xx.2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən iddiaçılara məxsus 0.0898 ha torpaq sahəsi üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla adlarına çıxarış, plan-ölçü sənədinin verilməsi və eyni zamanda torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum X9 və X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 2- 1(118)-1613/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçılara və onların ailə üzvlərinə aqrar islahat zamanı birgə mülkiyyət hüququ əsasında kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və müvafiq dövlət aktı verilmişdir, onlar müxtəlif vaxtlarda torpaq sahəsini hissə-hissə satmış, hazırda istifadələrində mübahisə predmeti olan iki planşetdə qeyd edilmiş, iki hissədən ibarət torpaq sahəsi qalmışdır. Torpaq sahələrinin faktiki istifadəsi ilə bağlı mübahisə mövcud deyil, ancaq sənəd üzrə üst-üstə düşmə var. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “İddiaçı1 qızı və anası - İddiaçı2 adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixli JN- 3169 nömrəli Torpağa Mülkiyyət Hüququna dair X23 rayonu, Mehdiabad qəsəbəsində yerləşən cizgidə göstərilmiş sərhəd daxilində 0.0898 hektar kənd təsərrüfatı istehsalı olan torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4943/2024 nömrəli qərardadı ilə X9, İddiaçı2, X11, İddiaçı1 zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4943/2024 nömrəli qərardadı ilə X9 və X6 iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. İddiaçı2 məhkəməyə ərizə təqdim edərək, iş üzrə birgə iddiaçı qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “JN 3169 kod 30800027 saylı, xx.xx.2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən iddiaçılara məxsus 0.0898 ha torpaq sahəsi üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla adlarına çıxarış, plan-ölçü sənədinin verilməsi və eyni zamanda torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum X9 və X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 rəsmi qaydada ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək xahiş etmişdir ki, Abşeron rayonu, 1 nömrəli DNK-nun 01 oktyabr 2005-ci il tarixli 4/Ə-2074 nömrəli alqı-satqı müqaviləsi ilə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən cizgidə göstərilmiş sərhəd daxilində 0.0898 hektar kənd təsərrüfatı istehsalı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilsin. Cavabdeh əsassız olaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən cizgidə göstərilmiş sərhəd daxilində 0.0898 hektar kənd təsərrüfatı istehsalı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilmişdir, imtina məktubunu iddiaçı xx.xx.2024-cü il tarixdə imza çəkməklə rəsmi qaydada cavabdehdən şəxsən götürmüşdür. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, Abşeron rayonu, 1 nömrəli DNK-nun 01 oktyabr 2005-ci il tarixli, 4/Ə-2074 nömrəli alqısatqı müqaviləsi ilə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən cizgidə göstərilmiş sərhəd daxilində 0.0898 hektar kənd təsərrüfatı istehsalı olan torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Bildirilir ki, Abşeron rayonu, 1 nömrəli DNK-nun 01 oktyabr 2005-ci il tarixli 4Ə-2074 nömrəli alqı-satqı müqaviləsinə əsasən cizgidə göstərilmiş sərhəd daxilində 0,0898 hektar kənd təsərrüfatı istehsalı torpaq sahəsi alınmışdır, həmin ildən torpaq sahəsi onların sahibliyində və istifadəsindədir. Qeyd olunan torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixli, JN-3169 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh əsassız və qanunsuz olaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən cizgidə göstərilmiş sərhəd daxilində 0,0898 hektar kənd təsərrüfatı istehsalı olan torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etmişdir. İmtina səbəbi ilə bağlı qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixli, JN-3169 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı torpaq sahəsinin cizgiləri açıq-aydın göstərilmişdir. Dövlət Aktının arxiv əsaslarının aşkarlanmaması ilə bağlı olaraq bildirilir ki, sənədlərin saxlanması və qorunması onun vəzifəsi deyildir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı1 və digərlərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 22 may 2024-cü il və 16 iyul 2024-cü il tarixli müraciətləri olmuşdur. Aparılan araşdırma zamanı: JN-3169 nömrəli dövlət aktında göstərilən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin mövcud olduğu və yerinin dəyişdirildiyi; Müraciət üzrə əlavə olunmuş JN-3169 nömrəli dövlət aktının arxiv əsaslarının aşkarlanmadığı müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş JN – 3169, KOD 30800027 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Abşeron rayonu, 1 nömrəli DNK-nun 01 oktyabr 2005-ci il tarixli, 4Ə-2074 nömrəli alqı-satqı müqaviləsi əsasında X9, İddiaçı2, X11 və İddiaçı1 0,0898 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 16 sentyabr 2024-cü il tarixli, 3-16-5/6-11-1134/24 nömrəli məktubu ilə Abşeron rayonu 1 saylı dövlət notariat ofisində 01 oktyabr 2005-ci il tarixdə 4Ə-2074 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 2-1(118)-1613/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, JN 3169 kod 30800027 saylı, xx.xx.2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən iddiaçılara məxsus 0.0898 ha torpaq sahəsi üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla adlarına çıxarış, plan-ölçü sənədinin verilməsi və eyni zamanda torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum X9 və X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, JN 3169, KOD 30800027 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın tərtib edilməsinə əsas sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş müayinə aktında torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki ölçüsünün 0.0898 ha olduğu qeyd edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, təkrar araşdırma zamanı mübahisə predmeti olan torpaq sahələrinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və digər iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Eyni zamanda məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirdiki, ona və ailə üzvlərinə aqrar islahat zamanı torpaq sahəsi ayrılmışdır. Onlar müxtəlif vaxtlarda torpaq sahəsini hissə-hissə satmış, hazırda istifadələrində iki hussədən ibarət 0.0898 ha torpaq sahəsi qalmışdır, hər kəs öz torpağından istifadə edir, qonşular arasında hər hansı problem yoxdur. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarı “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il, 818 nömrəli Fərmanı

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin. 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin.

Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində3 nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).

“İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin JN 3169 KOD 30800027 saylı, xx.xx.2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən iddiaçılara məxsus 0.0898 ha torpaq sahəsi üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla adlarına çıxarış, plan-ölçü sənədinin verilməsi və eyni zamanda torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum X9 və X7 məxsus olması barədə arayışın verilməsindən imtinası təşkil edir. İddiaçıların hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdeh iddiaçıların müraciətinə imtina cavabı vermiş və hazırda da apellyasiya şikayətində həmin dəlillərə və əlavə olaraq yeni bir dəlilə istinad etmişdir: 1) Müraciət üzrə əlavə olunmuş JN-3169 nömrəli dövlət aktının arxiv əsaslarının aşkarlanmaması; 2) JN-3169 nömrəli dövlət aktında göstərilən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin mövcud olması və yerinin dəyişdirilməsi; 3) Təkrar araşdırma zamanı mübahisə predmeti olan torpaq sahələrinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsinin müəyyən edilməsi. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddia ərizəsi tərtib edilərkən iddiaçılara düzgün hüquqi yardım edilməmişdir. Aaraşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçılara və onların ailə üzvlərinə aqrar islahat zamanı birgə mülkiyyət hüququ əsasında kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və müvafiq dövlət aktı verilmişdir, onlar müxtəlif vaxtlarda torpaq sahəsini hissə-hissə satmış, hazırda istifadələrində mübahisə predmeti olan iki planşetdə qeyd edilmiş, iki hissədən ibarət torpaq sahəsi qalmışdır. Torpaq sahələrinin faktiki istifadəsi ilə bağlı mübahisə mövcud deyil, ancaq sənəd üzrə üst-üstə düşmə var. Məhkəmə kollegiyası işin halları ilə bağlı aşagıdakıları qeyd edir. İş materiallarından görünür ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “İddiaçı1 qızı və anası - İddiaçı2 adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixli JN-3169 nömrəli Torpağa Mülkiyyət Hüququna dair X23 rayonu, Mehdiabad qəsəbəsində yerləşən cizgidə göstərilmiş sərhəd daxilində 0.0898 hektar kənd təsərrüfatı istehsalı olan torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş JN – 3169, KOD 30800027 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Abşeron rayonu, 1 nömrəli DNK-nun 01 oktyabr 2005-ci il tarixli, 4Ə-2074 nömrəli alqı-satqı müqaviləsi əsasında X9, İddiaçı2, X11 və İddiaçı1 0,0898 ha torpaq sahəsi verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 2-1(118)-4943/2024 nömrəli qərardadı ilə X9, İddiaçı2, X11, İddiaçı1 zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, X9 və X11 vəfat etmişdir. Bu səbəbdən də Sumqayıt İnzibati Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2- 1(118)-4943/2024 nömrəli qərardadı ilə X9 və X6 iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Bundan sonra İddiaçı2 məhkəməyə ərizə təqdim edərək, iş üzrə birgə iddiaçı qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə birinci instansiya məhkəməsinin protokol qərardadı ilə icraata qəbul edilmiş, İddiaçı2 hazırki iş üzrə birgə iddiaçı qismində tanınmışdır. İddiaçılar tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, “JN 3169 kod 30800027 saylı, xx.xx.2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən iddiaçılara məxsus 0.0898 ha torpaq sahəsi üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla adlarına çıxarış, plan-ölçü sənədinin verilməsi və eyni zamanda torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum X9 və X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh inzibati orqanın 1-ci dəlili müraciət üzrə əlavə olunmuş JN-3169 nömrəli dövlət aktının arxiv əsaslarının aşkarlanmaması ilə bağlıdır. Həmin dəlilin araşdırılması məqsədilə apellyasiya məhkəməsində icraat zamanı müvafiq sorğular edilməklə aşağıdakı məlumatlar əldə olunmuşdur: İş materiallarına əlavə olunmuş JN – 1020, KOD 30800027 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Abşeron rayonu X13 1998-ci il 10 noyabr tarixli, 21 nömrəli qərarı ilə X9, İddiaçı2, X11 və İddiaçı1 0,54 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə olunmuş 17 may 2003-cü il tarixli, 3M-340 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X9, İddiaçı2, X11 və İddiaçı1 tərəfindən 0,54 ha torpaq sahəsinin 0,20 ha hissəsi X1. Bundan sonra 0,34 ha torpaq sahəsinə dair X9, İddiaçı2, X11 və İddiaçı1 adına JN- 1885, KOD 30800027 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş 11 sentyabr 2003-cü il tarixli, 3M-618 nömrəli alqısatqı müqaviləsindən görünür ki, X9, İddiaçı2, X11 və İddiaçı1 tərəfindən 0,94 ha torpaq sahəsinin 0,10 ha hissəsi X22 və X4. İş materiallarına əlavə olunmuş 11 sentyabr 2003-cü il tarixli, 3M-619 nömrəli alqısatqı müqaviləsindən görünür ki, X9, İddiaçı2, X11 və İddiaçı1 tərəfindən 0,94 ha torpaq sahəsinin 0,0543 ha hissəsi X3. Bundan sonra 0,19 ha torpaq sahəsinə dair X9, İddiaçı2, X11 və İddiaçı1 adına JN- 1995, KOD 30800027 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş 01 oktyabr 2005-ci il tarixli, 4Ə-2074 nömrəli alqısatqı müqaviləsindən görünür ki, X9, İddiaçı2, X11 və İddiaçı1 tərəfindən 0,19 ha torpaq sahəsinin 0,10 ha hissəsi X2. Bundan sonra 0,0898 ha torpaq sahəsinə dair X9, İddiaçı2, X11 və İddiaçı1 adına JN-3169, KOD 30800027 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib olunmuşdur. İddiaçılar hazırda sonuncu Dövlət Aktı əsasında onlara məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını, eyni zamanda torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum X9 və X7 məxsus olması barədə arayışın verilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinin verilməsinə əsas olmuş ilkin sənədlər və aparılmış alqı-satqılar arxivdə aşkarlandığından cavabdeh inzibati orqanın sözügedən dəlili əsassız olmaqla iddiaçıların hüquqlarının qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur. Cavabdeh inzibati orqanın mübahisələndirdiyi Dövlət Aktının mötəbərliyi məhkəmə kollegiyası tərəfindən qəbul edilir. Kollegiya əlavə olaraq qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Məhkəmə kollegiyası cavabdehin 2-3-cü dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara əsasən torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Cavabdeh inzibati orqan JN-3169 nömrəli dövlət aktında göstərilən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin mövcud olması və yerinin dəyişdirilməsi, mübahisə predmeti olan torpaq sahələrinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi halına istinad etmişdir. Kollegiya həmin dəlilləri əsassız hesab etməklə qeyd edir ki, iş materiallarına əlavə olunmuş 10 may 2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından göründüyü kimi torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki istifadə ölçüləri eyni olmaqla, 0,0898 ha-dır. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan müayinə aktı cavabdeh inzibati orqan tərəfindən verilmişdir. Beləliklə də, sözügedən dəlil inzibati orqanın özü tərəfindən təkzib edilmiş olur. Əlavə olaraq qeyd olunan halların araşdırılması məqsədilə məhkəmə kollegiyası tərəfindən cavabdeh inzibati orqana sorğu ünvanlanaraq JN:3169, KOD 30800027 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunan torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki yerləşmə vəziyyəti barədə, o cümlədən yerləşmə koordinatları müəyyən edilərək hansı torpaq sahələri ilə üst-üstə düşməsi barədə, iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə koordinatları müəyyən edilməklə ətrafındakı torpaqlar barədə (sənəd nömrələri və mülkiyyətçi adları göstərilməklə) məlumat verilməsi və qeyd olunan məlumatları özündə əks etdirən rəngli orto-foto görüntülərin ən qısa zaman ərzində məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Sorğuya cavab olaraq göndərilmiş 31 may 2025-ci il tarixli, 3-21-3-32/2-8738/2025 nömrəli məktubdan görünür ki, elektron məlumat bazasına müayinə olunan torpaq sahələrinin bir hissəsi JN-1884, JN-1019A, JN-1956A nömrəli dövlət aktlarının sənəd üzrə yerləşməsi ilə üst-üstə düşür. Həmçinin əlavə olunmuş orto-foto görüntüdən aydın olur ki, istinad olunan torpaq sahələri və iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsi ayrı-ayrı torpaq sahələridir. Eləcə də yuxarıda qeyd olunan sənədlərdən də göründüyü kimi ətrafdakı torpaq sahələri iddiaçılar tərəfindən satılmışdır. Cavabdeh inzibati orqan tərəfindən ünvanlanmış məktubda torpaq sahələrinin sənəd üzrə yerləşmə vəziyyətinin üst-üstə düşməsinə istinad olunmuşdur. Kollegiya hesab edir ki, sözügedən uyğunsuzluqlar cavabdeh inzibati orqan tərəfindən aradan qaldırılmalıdır. Belə ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il, 818 nömrəli Fərmanının 2.3-cü bəndi: torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.2 torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; Göründüyü kimi torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə sənəd üzrə yerləşmə vəziyyəti arasında uyğunsuzluq aşkar olunduğu təqdirdə həmin uyğunsuzluğun aradan qaldırılması ilk növbədə cavabdeh inzibati orqanın vəzifəsidir. Beləliklə də, kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın 2-3-cü dəlilləri də əsassız olmaqla iddiaçıların mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olmuşdur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan imtina məktubunda JN-3169 nömrəli dövlət aktında göstərilən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin mövcud olması və yerinin dəyişdirilməsi, müraciət üzrə əlavə olunmuş JN-3169 nömrəli dövlət aktının arxiv əsaslarının aşkarlanmaması halına istinad etmiş, iddia tələbinə etirazda da qeyd olunan dəlilləri əsas götürmüşdür. Lakin apellyasiya şikayətində yeni bir hala mübahisə predmeti olan torpaq sahələrinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsinin müəyyən edilməsi halına istinad olunmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdeh nəzərə almalıdır ki, şəxsin müraciətinin təmin edilməsindən imtina ilə bağlı hər dəfə yeni dəlillərə istinad etməkdə haqlı sayıla bilməz və belə hal bir tərəfdən, şəxsin səmərəli müdafiə hüququnun təmin olunması, digər tərəfdən isə, prosessual qənaət prinsipinin tələbləri baxımından yolverilməzdir. Nəzərə almaq lazımdır ki, iddiaçıların sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – JN 3169 KOD 30800027 nömrəli, 26 may 2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsaslanır. İstinad olunan həmin normada 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan JN 3169 KOD 30800027 nömrəli, 26 may 2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı iddiaçıların torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin qanunun mötəbərlik prezumpsiyasından bəhs edən 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində hüququ təsdiq edən həmin Dövlət Aktı qüvvədə olduğu müddətdə, yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar həmin Dövlət Aktının qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu bir tərəfdən icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən, digər tərəfdən isə mülki dövriyyənin təhlükəsizliyinin təmin olunması məqsədlərindən irəli gəlir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilən dövrdə belə aktın verilməsi səlahiyyətinə malik olan və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmişdir və həmin aktın həqiqiliyinin və mötəbərliyinin təmin olunması onun məsuliyyət sferasına aid edilməlidir. Bununla bağlı, həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən qəbul olunmuş qərarın qanunauyğunluğuna və məzmununa apriori inancı (qərarın qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Bu baxımdan, səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvafiq sənəd, hazırkı mübahisəyə münasibətdə “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən imtinada və şikayətdə istinad edilən əsaslar üzərindən hüququn qeydiyyata alınmasından, eləcə də müvafiq çıxarışın verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Sadalanan maddi hüquq normalarını hazırkı işin hallarına tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən təqdim edilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən mötəbər sənəd hesab olunur. Həmçinin iş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 362175 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X14 14 iyun 2023-cü ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 777157 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X9 30 noyabr 2015-ci ildə ölmüşdür. Hazırki iş üzrə mübahisəli torpaq sahəsi JN – 3169, KOD 30800027 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Abşeron rayonu, 1 nömrəli DNKnun 01 oktyabr 2005-ci il tarixli, 4Ə-2074 nömrəli alqı-satqı müqaviləsi əsasında X9, İddiaçı2, X11 və İddiaçı1 ayrıldığından iddiaçılar sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını, eyni zamanda torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum X9 və X7 məxsus olması barədə arayışın verilməsini tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi də yuxarıda qeyd olunan hallara əsasən iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 2-1(118)-1613/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar