Məhkəmə qərarları › İş №2-1(105)-46/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-46/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-46/2022 03.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ona ayrılmış Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.125 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: torpaq sahəsinə çıxarışın verilməsi tələbi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı və vəkili X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ona ayrılmış Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.125 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli 2-1(118)- 150/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin verdiyi apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ona ayrılmış Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.125 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1953-cü ildə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş və indiyədək həmin kənddə yaşayır. 1979-cu ildə həmin kənddə onun tərəfindən fərdi yaşayış evi inşa edilmiş və kənd üzrə təsərrüfatbaşına kitablarda bu barədə müvafiq qeydiyyat aparılmışdır. Həmin fərdi yaşayış evi onun təsərrüfatının şəxsi mülkiyyətində, yerləşdiyi torpaq sahəsi isə qanuni istifadəsində olmuşdur. Həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və ona cavab olaraq bildirilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi həmin idarənin elektron baza kadastr məlumat bazasına əsasən JN-450 saylı kod 30107018 «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə» ilə digər şəxslərin adına qeydə alınmışdır. Bu səbəbdən də onun qeydiyyatla bağlı müraciətindən imtina olunmuş və bu barədə 29.03.2016-cı il tarixli məktub verilmişdir. Həmçinin, bildirilmişdir ki, həmin torpaq sahəsinə hüquqmüəyyənedici sənədlər yoxdur. Bu səbəbdən də o, Qusar Rayon Məhkəməsində iddia qaldıraraq Qusar rayon Aqrar İslahat Komissiyasının 02 may 2000-ci il tarixli 6/9 saylı qərarının, Qusar Gedəzeyxur kəndində yerləşən 0.24 hektar torpaq sahəsinin cavabdehlər X4, X2, X3, X1, X5 və X6 mülkiyyətinə verilməsinə dair hissədə etibarsız hesab edilməsi, həmin Qərar əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş kod 30107018 JN-450F saylı şəhadətnamənin ləğv edilməsini xahiş etmiş və Qusar Rayon Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli 2(029)-1579/2016 saylı qətnaməsi ilə iddiası qismən təmin edilərək Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.24 hektar torpaq sahəsinə dair cavabdehlər X4, X2, X9 (Şamiddin) qızının, X7 (Şamiddin) qızının, X14 (Şamiddin) qızının və X15 (Şamiddin) qızının adlarına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş kod 30107018 JN-450F saylı 17 avqust 2005-ci il tarixli şəhadətnamə ləğv edilmişdir. Qusar Rayon Məhkəməsinin həmin qətnaməsi apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra o yenidən cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona heç bir cavab verilməmişdir.

Cavabdehin etirazları:

3. Cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının müraciəti əsasında araşdırma aparılarkən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka aid hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. İddia ərizəsində göstərilən Qusar Rayon Məhkəməsinin 24.11.2016-cı il tarixli, 2(029)-1579/2016 saylı qətnaməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuşdur. Qusar Rayon Məhkəməsinin 24.11.2016-cı il tarixli, 2(029)- 1579/2016 saylı qətnaməsində göstərilən Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.24 hektar torpaq sahəsinə dair cavabdehlər X4, X2, X9 (Samiddin) qızının, X7 (Samiddin) qızının, X10 (Samiddin) qızının və X11 (Samiddin) qızının adlarına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş kod 30107018 JN-450F saylı 17 avqust 2005-ci il tarixli Şəhadətnamənin ləğv edilməsi ilə əlaqədar 5 saylı Xaçmaz Ərazi İdarəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitablarında müvafiq qeydlər aparılmışdır. Həmin qətnamə əsasında İddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüquqları müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.

Birinci instansiya məhkəməsində icraat:

4. Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-cı il tarıxlı 2-1(118)-150/2021 saylı qərarı ilə (hakim V.E.Əzizova) iddia təmin edilərək Qusar rayon Orconikidze adına sovxozun direktorunun 12 may 1978-ci il tarixli əmri ilə İddiaçı ayrılmış Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.125 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

5. Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-cı il tarıxlı 2-1(118)-150/2021 saylı qərardadı ilə (hakim V.E.Əzizova) İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı kod 30107018 JN-450F saylı 17 avqust 2005-ci il tarixli Şəhadətnamədə göstərilən 0.24 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası torpaq sahəsinin 115 kv.metrə aid hissəsində mümkün sayılmaması qərara alınmışdır.

6. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(118)-150/2021 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-cı il tarıxlı 2-1(118)-150/2021 saylı qərardadından apelyasiya şikayəti verilməmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

8. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Qusar rayonu Gedəzeyxur kəndində yerləşən fərdi yaşayış evinə və 0.24 hektar torpaq sahəsinə Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş 25.02.2016-cı il tarixli təsərrüfatbaşına kitabdan çıxarış əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması barədə müraciət etmiş olsa da, fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka aid hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2016-ci il tarixli Fərmanına əsasən siyahının 2.3-cü bəndində “yaşayış evlərinə” sözlərindən sonra “və (və ya) onların yerləşdiyi torpaq sahələrinə” sözləri əlavə edilmişdir. Göründüyü kimi iddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı müraciəti həmin dəyişiklikdən əvvəl olduğundan onun müraciətinə imtina verilmişdir. Qusar Rayon Məhkəməsinin 24.11.2016-cı il tarixli, 2(029)-1579/2016 saylı qətnaməsində göstərilən Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.24 hektar torpaq sahəsinə dair cavabdehlər X4, X2, X9 (Samiddin) qızının, X7 (Samiddin) qızının, X10 (Samiddin) qızının və X11 (Samiddin) qızının adlarına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş kod 30107018 JN-450F saylı 17 avqust 2005-ci il tarixli Şəhadətnamənin ləğv edilməsi ilə əlaqədar 5 saylı Xaçmaz Ərazi İdarəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitablarında müvafiq qeydlər aparılmış, lakin həmin qətnamə əsasında İddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüquqları müəyyən edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 11-ci maddələrinin tələbləri nəzərə alınmaqla daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması mümkün olduğundan, məhkəmə tərəfindən mülkiyyət hüquqi müəyyən edilmiş 0,125 ha torpaq sahəsinin yerləşdiyi yer belə məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd və ya sxemə belə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli 2- 1(118)-150/2021 saylı qərarının ləğv edilməsini xahiş edirlər.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında qeyd etmişdir ki, apellyasiya şikayətinə etiraz edir ona görə ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Qərarın qanuni və əsaslı, apellyasiya şikayətinin isə formal mülahizələrdən ibarət olması səbəbləri barəsində nümayəndə və vəkili ətraflı izah verəcəkdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X16 izahatında qeyd etdi ki, cavabdeh inzibati orqanın əvvəlki imtina cavabında göstərdiyi dəlil, yəni mübahisəli torpaq sahəsinə dair başqa şəxslərin adına şəhadətnamə olması barədə əsası məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri ilə aradan qalxmış, lakin bundan sonra cavabdeh tərəfindən hər hansı imtina bildirişi verilməmiş, eyni zamanda iddiaçının müraciəti də cavabsız saxlanılmışdır ki, bununla da cavabdeh hərəkətsizliyə yol vermişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi haqlı olaraq, iddiaçının istifadəsində olan 0.125 ha torpaq sahəsi üzərində mülkiyyət hüuquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair hissəsində iddiasını təmin edərək bu barədə qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.

12. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar olunmalarına baxmayaraq İdarənin nümayəndəsi məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişdir.

13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

15. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

16. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

17. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

18. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

19. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

20. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

21. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

22. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

23. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

24. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

22. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

25. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

26. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

27. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

28. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

29. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

30. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

31. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-). 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. (-).

33. 1 yanvar 1971-ci ildən 9 noyabr 1991-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 13. Torpaq sahələrinin istifadəyə verilməsi Torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da müvafiq xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. İstifadədə olan torpaq sahəsi başqasının istifadəsinə yalnız həmin sahə bu Məcəllənin 47-51-ci maddələrində nəzərdə tutulmuş qaydada alındıqdan sonra verilir. Maddə 92. Kənd yerlərində yaşayan fəhlələrə, qulluqçulara iş digər vətəndaşlara həyətyanı torpaq sahələri verilməsi Sovxozlar və digər dövlət kənd təsərrüfatı müəssisələri, idarələri və təşkilatları daimi işləyən fəhlələrə və qulluqçulara, habelə kənd yerlərində işləyən və sovxozun, yaxud digər dövlət kənd təsərrüfatı müəssisəsinin, idarəsinin, təşkilatının ərazisində yaşayan müəllimlərə, həkimlərə və başqa mütəxəssislərə həyətyanı sahələr üçun nəzərdə tutulan torpaqlardan, tikililərin yerləşdiyi sahə də daxil olmaqla, hər alləyə 0,25 hektaradək, suvarılan torpaqlarda isə bunun yarısı qədər həyətyanı torpaq sahələri və ya bostanlar verirlər. Həyətyanı sahələr və bostanlar sovxoz və ya digər kənd təsərrüfat müəssisəsi, idarəsi və təşkilatı müdiriyyətinin əmri ilə ayrılır. Kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərin yığıncağı nın qərarı ilə kolxoz kend yerlərində işləyən və kolxoz ərazisində yaşa. yan müəllimlərə, həkimlərə və digər mütəxəssislərə bu maddənin birin. ci hissəsində göstərilmiş ölçüdə həyətyanı torpaq sahələri verir. Kolxozlarda, sovxozlarda, digər dövlət kənd təsərrüfatı müəssisələrində, idarələrində və təşkilatlarında boş həyətyanı torpaqlar olduqda həmin tasərrüfatlam ərazisində yaşayan fəhlələrə, qulluqçulara, pensiyaçılara və əlillərə müvafiq surətdə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının, yaxud da sovxoz, müəssisə, təşkilat və idarə müdiriyyətinin kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən tesdiq edilən qərarı əsasında, tikililərin yerləşdiyi sahə də daxil olmaqla hər ailəyə 0,12 hektaradək, suvarılan torpaqlarda isə bunun yarısı qədər həyətyanı sahələr verilə bilər.

34. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi. Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. (-). Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

35. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. (-). Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (-). Apellyasiya instansiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hazırkı qərarın 14-26-cı bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Belə ki, iddiaçının məhkəməyə müraciət etməsinin əsası hazırki qərarın 1-2-ci bəndlərində istinad edilən hallarla bağlı olmuş və birinci instansiya məhkəməsi zamanı işə baxılarkən hazırki qərarın 4 və 5-ci bəndlərində şərh edilən nəticəyə gəlinmişdir.

38. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 noyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı Qusar rayonu Gedəzeyxur kəndində 1979-cu ildə fərdi yaşayış evi olmuş, qanuni istifadəsində isə 0.125 ha həyətyanı torpaq sahəsi olmuşdur. Həmin kənddə aqrar islahatları aparılarkən vətəndaşların həyətyanı torpaq sahələrinin inventarizasiyası aparılmış və həmin vaxt İddiaçı istifadəsində sənəd üzrə 0.125 ha, faktiki olaraq isə 0.24 ha olması müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi 03.02.2020-ci il tarixli qərardadında qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş arxiv arayışlarında göstərilən 0.125 ha, təsərrüfatbaşına kitabdan çıxarışda göstərilən 0.125 ha torpaq sahəsi ilə anası tərəfindən iddiaçıya vəsiyyət edilən 0.24 ha torpaq sahəsinin eyni və ya ayrı-ayrı torpaq sahələrinin olub-olmaması aydınlaşdırılmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçı izah etdi ki, təsərrüfatbaçına kitabdan çıxarışda və arxiv arayışlarında göstərilən 0.125 ha torpaq sahəsi ilə anası tərəfindən ona vəsiyyət olunan 0.24 ha torpaq sahələri eynilik təşkil edir. Vəsiyyətnamədə 0.24 ha torpaq sahəsi onun faktiki istifadəsində olan cəmi torpaq sahəsinin ölçüsü göstərilmişdir. Həmin kənddə onun cəmi 0.24 ha həyətyanı torpaq sahəsi, o cümlədən sənəd üzrə 0.125 ha vardır. Məhkəmə hesab edir ki, cavabdeh iznibati orqanın əvvəlki imtina cavabında göstərdiyi dəlil, yəni mübahisəli torpaq sahəsinə dair başqa şəxslərin adına şəhadətnamə olması barədə əsası məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə aradan qalxmışdır. Bundan sonra cavabdeh tərəfindən hər hansı imtina bildirişi verilməmiş, eyni zamanda iddiaçının müraciəti də cavabsız saxlanılmışdır ki, bununla da cavabdeh hərəkətsizliyə yol vermişdir. Qeyd olunan xüsusatlar nəzərə alınaraq iddia tələbi iddiaçının tələbinin sənəd üzrə istifadəsində olan 0.125 ha torpaq sahəsi üzərində mülkiyyət hüuquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair hissəsi təmin edilməlidir. İddia tələbinin qalan 0.115 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına dair hissəsi ayrıca qərardadla mümkün sayılmamışdır.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır və qeyd edir ki, hazırkı qərarın 8-ci bəndində öz əksini tapan cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz ona görə ki, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi 0.125 ha torpaq sahəsi iddiaçıya Qusar rayon Orconikidze adına sovxozun direktorunun 12 may 1978-ci il tarixli əmri ilə verilməsi iş materiallarında olan arxiv sənədi, o cümlədən cavabdehin özünün qeyd etdiyi məhkəmə qərarları ilə də təsdiq edilir. O ki, qaldı həmin sahə ilə bağlı cavabdehə müraciət olunmaması barədə apelyasiya şikayətinin dəlilinə, məhkəmə hesab edir ki, iddia tələbində qeyd edildiyi kimi iddiaçının müraciətinə cavab verilməməsilə bağlı məhkəmə kollegiyasının sorğusuna cavabdeh İdarənin 26.11.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 0.125 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı məhkəmə mübahisəsi mövcud olmuş, hazırda iş apellyasiya baxışında olduğundan məhkəmə prosesi başa çatdıqdan sonra məhkəmənin yekun qərarından asılı olaraq hüquqların dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır.

40. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 noyabr 2021-ci il tarixli qərarında vurğulamışdır ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

41. Beləliklə, məhkəmə kollegiyası hazırkı qərarın 32-35-ci bəndlərində istinad edilən qanun normalarının tələbləri baxımından cavabdeh İdarə tərəfindən iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə dair təqdim etdiyi sənədlərə əsasən istifadəsində olan torpaq sahəsinin iddiaçıya məxsusluğunu inkar edən sübutların təqdim edilməməsi, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni hesab edilə bilməz, ona görə də apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli 2-1(118)-150/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli 2-1(118)-150/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar