Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-46/2024 30.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X4 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müharibə əlili kimi orqanizmin funsiyalarının pozulmasının 31-60 % dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(118)-1476/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti 0215003AAFAT nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “diaqnoz əlillik təyin etmir” səbəbilə əlilliyin təyinindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının xx.xx.2022ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2012-ci il tarixli 413 nömrəli Qərar verilmişdir, həmin qərarda “Qəlpə yaralanmalarından sonra alınla sol gicgahın sərhəddində saq əlin barmaqlarının daraq faianqalannda və alt çənədə çənəaltı nahiyvəvə müvafiq proyeksiyada çapıq toxumaları və həmin nahiyyələrdə yumşaq toxumalarda vad cismlər (qəlpələr)" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başında və belində olan ağrılardan, baş gicəllənməsindən, yuxusuzluqdan şikayətlənmiş, sol gicgah, alt çənə, sağ əlin birinci barmağında çapıqlar izlənilmiş, nevroloji statusunda tərəfdən ocaqlı patalogiya, ətraflarda iflic, parez, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir. Təqdim edilmiş 1 saylı Xəstəxana 10.04,2019-cu il tarixli MRT müayinəsinin nəticəsi “L5- L1 fəqərə cisimlərinin deqenarativ və subxondral sklerotik dəyişiklikləri qeyd edilmiş. L1- L2 fəqərəarası diskin spinal kanal boyunca yuxarı doğru miqrasiyası izlənən sola meyilli arxa median yırtığı 8 mm qeyd edilmişdir. Sol lateral foramenal sinir kökçüyü sıxılmışdır” kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, 1991-1994-cü illərdə Azərbaycan Respublikası torpaqlarının bütövlüyü uğrunda gedən Birinci Qarabağ müharibəsi döyüşlərində fasiləsiz olaraq 3 il iştirak etmiş, gedən döyüşlər zamanı ağır yaralanmış, müharibə veteranıdır. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələnmələr, boyun alın gicgah nahiyyəsinin, çənə, sağ əlin çoxsaylı qəlpə yaralanması ilə bağlı tez-tez təkrarlanan (ayda azı 4 dəfə) epilepsiya diaqnozu ilə əvvəlki inzibati orqan yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında TibbiSosial Ekspertiza və Reabilitasi Xidmətinin 13 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2-ci dərəcəli əlillik təyin edilmişdir. Bunun əsasında Abşeron rayonu Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlilliklə bağlı xx.xx.2017-ci il tarixdə əlillik vəsiqəsi də verilmişdir. Ailəsilə birlikdə məcburi köçkündür, maddi durumu çox acınacaqlıdır. Ailədə 5 nəfərdirlər, sağlamlıq imkanları normal olmadığı üçün əmək müqaviləsi bağlayaraq hər hansı bir işdə çalışa bilmir. Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona imtina verilmişdir. Artıq bir ildir ki, qeyd olunan inzibati orqan tərəfindən onun əlilliyi ləğv edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, əvvəllərdə olduğu kimi xəstəliyi ilə əlaqədər tez-tez qıc olamalar, baş beyin nahiyəsində ağrılar, sinir pozğunluqları, aldığı yaraların yaratdığı psixi pozğunluqlar, nevromatik sindrom hələ də davam edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya xəstəxanasının xx.xx.2022-ci il tarixli çıxarışı ilə baş beyin üzvi xəstəliyi, travma mənşəli, nəticəsində kəskin astenonevrotik sindromu müəyyən edilmişdir. Digər tərəfdən həmin diaqnoz dəqiqləşdirilərək Sumqayıt şəhər Psixatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 16/63 saylı protokolu ilə də təsdiq edilmişdir. Müvafiq əlilliyin təyin edilməsinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, ona müharibə əlili kimi orqanizmin funsiyalarının pozulmasının 31-60 % dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36- Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, boyun alın gicgah nahiyyəsinin çənə sağ əlin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi, xx.xx.2022-ci il tarixli müayinə aktı əsasında baxılmış və “Xəstəliklərin BeynəlxalqTəsnifatı: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 -Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F06 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli...; Diaqnozunmətni: Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozğunluqlar, baş beyin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin astenonevrotik sindrom Essensial [birincili] hipertenziya, arterial hieprtenziya İİ dərc; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir. Bu səbəbdən də onun müraciəti müsbət həll edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1476/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, mütəxəssis rəyinin verilməsi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının mütəxəssislərinə həvalə edilmiş, mütəxəssisin qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. 27 avqust 1972-ci il təvəllüdlü İddiaçı hal-hazırda psixioloji xəstəlik mövcuddurmu? 2. Əgər iddiaçıda psixioloji xəstəlik mövcuddursa həmin xəstəliyin diaqnozu nədir?. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1476/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, mütəxəssis rəyinin verilməsi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının Həkim Psixiatriya Komissiyasının mütəxəssislərinə həvalə edilmiş, mütəxəssisin qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. 27 avqust 1972-ci il təvəllüdlü İddiaçı hal-hazırda psixi pozuntu varmı, əgər varsa hansı pozuntudur?. İddiaçıya 1 nömrəli Respublika Psixatriya xəstəxanası tərəfindən verilmiş 3985 nömrəli, xx.xx.2023-cü il tarixli Həkim psixiatr komissiyasının rəyi ilə üzvi şəxsiyyət pozuntusu, qıcolma tutulmaları ilə F07.0 diaqnozu qoyulmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(118)-1476/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə əlili kimi orqanizmin funsiyalarının pozulmasının 31-60 % dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.(hakim C.Məmmədov). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, xx.xx.2021-ci ildə iddiaçının əlilliyi başa çatmış, ikinci göndəriş xx.xx.2022-ci ildə olmuşdur. xx.xx.2022-ci ildə iddiaçı əyani müayinədə olmuş, xx.xx.2022-ci ildə isə əyani müayinə ilə göndərişdə olan xəstəlik öz əksini tapmadığından imtina barədə qərar qəbul olmuşdur. Əyani müayinədə ancaq göndərişdə olan diaqnoz üzrə yoxlama aparılır. Şəxsdə əlilliyə əsas verən başqa diaqnoz olanda bəzi hallarda əlillik təyin olunur. Bu zaman yeni Forma 88 olmalıdır. Qiymətləndirilmə tarixi 29 martdır, sonra əyani müayinəyə çağrılıb, əgər TSEK-lər arasında fikir ayrılığı olarsa, şəxs agentliyə göndərilir, agentlikdə araşdırılır və qiymətləndirilir, yenə fikir ayrılığı olarsa, bu zaman əyani müayinəyə çağrılır. Çox güman ki, bu işdə də elə olmuşdur, 29 martda qiymətləndirilib, 8 avqustda əyani müayinədə olub, sentyabrda isə qərar verilib. F07.0 kodunda yeni meyarlarda ağırlaşmasına, funksional dəyişikliklərinə baxılır. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, qıcolma tutmaları müharibə dövründə aldığı qəlpə yarasından sonra olmuşdur. Hazırda evdə müalicə alır, dərmanlar qəbul edir. Yenidən müraciət etsə, vaxt çox uzanır, 8 aydır ki, bu proses gedir. X3 yatanda qıcolma tutmadı, həkim nəzarətində idi. F070 kodu ilə poliklinikaya yenidən müraciət edər. Məhkəmə kollegiyasının növbəti iclasında iddiaçı məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, F07.0 kodu ilə poliklinikaya yenidən müraciət etmişdir. Göndərişi Sumqayıt Psixiatriya Xəstəxanası vermişdir. Yeni göndərişdə F07.0 kodu yazılmışdır. Məhkəmə kollegiyasının iclasında mütəxəssis məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli qərarından görünür ki, İddiaçı müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-“Qəlpə yaralanmalarından sonra alınla sol gicgahın sərhəddində, sağ əlin barmaqlarının daraq falanqalarında və alt çənədə çənəaltı nahiyyəyə müvafiq proyeksiyada çapıq toxumaları və həmin nahiyyələrdə yumşaq toxumalarda yad cisimlər (qəlpələr)” diaqnozudur, hərbi travmadır. İddiaçı müayinə zamanı 15 ildir ki, qıcolmalardan şikayəti olduğunu bildirmişdir. Forma-88-də travma mənşəli astenonevrotik sindrom, şəxsiyyət pozuntusu, qıcolmala tutulamaları ilə diaqnozları qeyd edilmişdir. Lakin müvafiq diaqnozlar iddiaçıda öz təsdiqini tapmamışdır. İddiaçının adına rəsmiləşdirilmiş Forma-88-də əsas diaqnoz və yanaşı xəstəliklər var, ağırlaşmalar ümumiyyətlə yoxdur. Əsas diaqnoz F07.0-dır. F06 XBT kodu vardır. F06.8 yoxdur, əsas diaqnoz F07.0 meyarlarda yoxdur. F06.5 diaqnozu tibbi sonuncu göndərişdə var. Tibbi göndərişdə ağırlaşmalar ümumiyyətlə qeyd edilməmişdir. İ10 yanaşı diaqnozu əlillik təyinatına əsas verir, müayinə ilə hədəf orqanlarının zədələnməsi aşkar edilməlidir. Y36.2 diaqnozu meyarlarda yoxdur. B90.9 diaqnozu meyralarda var, lakin iddiaçıda yoxdur. Çünki iddiaçıda tənəffüs çatışmazlığı qeyd edilməmişdir. F06.3 və F06.5 diaqnozları meyarlarda var, iddiaçıda aşkar edilməmişdir. Əsas diaqnoz F07.0 diaqnozu (üzvi mənşəli şəxsiyyət pozğunluğu) yoxlanılmış, iddiaçıda olması klinik təsdiqini tapmamışdır. F07.0 diaqnozu iddiaçıda öz təsdiqini tapsaydı belə, əlillik təyinatına əsas vermir, meyarlarda müvafiq kod yoxdur.
TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli Qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanun: Maddə 3. Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 nömrəli Fərmanı: ...6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; ... “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur). ...4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. ...6. Keçid müddəalar 6.1. Bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnaməsi: 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra–Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra–göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ...1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; ...2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya 1 nömrəli Respublika Psixatriya xəstəxanası tərəfindən verilmiş 3985 nömrəli, xx.xx.2023-cü il tarixli Həkim psixiatr komissiyasının rəyi ilə üzvi şəxsiyyət pozuntusu, qıcolma tutulmaları ilə F07.0 diaqnozu qoyulmuşdur. (qaydaların 7.6-cı bəndinin qeyd hissəsində F07.0 diaqnozu öz əksini tapmışdır) Belə olan halda İddiaçı “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarının 3.1.3-cü bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinin 31-60 faiz dərəcəsi ilə cavabdeh inzibati orqan tərəfindən müəyyən etmək olar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmiş, iddiaçının əlillik vəziyyəti növbəti dəfə 0215003AAFAT nömrəli xx.xx.2022-ci il tarixli göndəriş əsasında qiymətləndirilmiş və “diaqnoz əlillik təyin etmir” səbəbilə əlilliyin təyinindən imtina edilmişdir. Cavabdeh qərarın qəbul edilməsinə əsas kimi Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozğunluqlar, baş beyin üzvi xəstəliyi(travma mənşəli) nəticəsində kəskin asteno nevrotik sindrom Essensial (birincili) hipertenziya, arterial hieprtenziya İİ dərc; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsini qeyd etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının xx.xx.2022ci il tarixli qərarla müəyyən olunmuşdur ki, “...xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başında və belində olan ağrılardan, baş gicəllənməsindən, yuxusuzluqdan şikayətlənmiş, sol gicgah, alt çənə, sağ əlin birinci barmağında çapıqlar izlənilmiş, nevroloji statusunda tərəfdən ocaqlı patalogiya, ətraflarda iflic, parez, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir. ...Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaniə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. 12 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı tərəfindən məhkəmə kollegiyasına Sumqayıt Psixiatriya Xəstəxanasının TSEK-na ünvanlanmış 3.10.2023-cü il tarixli L00135840EUY nömrəli göndərişi təqdim olunmuş, bu səbəbdən məhkəmə kollegiyası tərəfindən iddiaçının ona “əlilliyin təyin edilməsi” barədə ərizəsinə cavabdeh tərəfindən baxılması və müvafiq inzibati aktın qəbul edilməsi üçün 20 (iyirmi) günlük müddət təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, “İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Sumqayıt Psixiatriya Xəstəxanasının L00135840EUY nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyar!arı”na uyğun olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Məktuba əlavə olunmuş İddiaçı dair tibbi-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-19353/2023 nömrəli qərarında aşağıdakılar müəyyən olunmuşdur. “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında ~15 ildir qıcolma tutmalarından əziyyət çəkdiyini, tutma zamanı özündə olmadığını, tutmanın ~2-3 gündən bir baş verdiyini, medikamentoz preparatlardan ~3-4 ildir ki, gündə 1 dəfə “Fenozepam” qəbul etdiyini bildirmiş, lakin tutmanın neçə müddət davam etdiyini, psixi xəstəxanalara müraciət səbəbini və orda müalicə həkiminin kim olduğunu bilmədiyini qeyd etmişdir. Təqdim olunan bəzi tibbi sənədlərdə funksional tutmalar haqqında məlumat qeyd olunmuş, baş-beynin instrumental müayinə nəticələri (MRT, KT, EEQ dalğaları) təqdim olunmamış, anamnestik olaraq klinik vəziyyəti haqqında ətraflı məlumat verə bilməmişdir. Müayinə zamanı başın təpə hissəsində, sağ əlin 1-ci barmağının dırnaq falanqası və alt çənə üzərində çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız, olmuşdur. Psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, qeyri səliqəli izlənilmişdir. Ünsiyyət zamanı verilən suallara yüksək tonla cavab vermiş, qıcolma tutmaları, qəbul etdiyi dərmanlar haqqında heç bir məlumat verə bilməmişdir. Psixi sənədlərdə qeyd olunan diaqnozların üzvi əsasını təsdiqləyən heç bir instrumental müayinə nəticələri təqdim olunmamışdır. Hazırda psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Sumqayıt Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli 16/63 nömrəli Tibbi rəyində diaqnoz “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin asteno-nevrotik sindrom” kimi qeyd olunmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 134 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 2868/23 nömrəli çıxarışında diaqnoz “Üzvi (kəllə-bevin travması) dissosiativ pozuntusu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Diamed Klinikasının xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Rezidual- orqanik əlamətləri qeyd olunur. Travmanın əlamətləri qeyd olunur. Təpə-ənsə nahiyəsində paroksizmal aktivliyi qeyd olunur. Hv-dən sonra-artır. (paroksizmal aktivlik artır). Hipoksiya qeyd olunur. Beyin aktivliyi aşağıdır” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəficəsi “Baş beynin qabığının parokzimliyi nəzərə çarpır; saq təpə-ənsə bölgələrdə fon yazıda kəskin-dalğalar paroksizmlərlə nəzərə çarpır, sınaqlarda amplitud yüksəlir. Epi- aktivlik inkar olunmur” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Rezidual-orqanik əlamətləri qeyd olunur. Travmanın əlamətləri qeyd olunur. Təpə-ənsə nahiyəsində paroksizmal aktivliyi qeyd olunur. Hv-dən sonra-artır. (paroksizmal aktivlik artır). Hipoksiya qeyd olunur. Beyin aktivliyi aşağıdır” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, iddiaçının xəstəlikləri nəzərə alınmaqla Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin iddiaçının əyani müayinəsində iştirak etməyən ekspert-həkimi mütəxəssis qismində cəlb edilməklə, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinə tapşırılmışdır. İddiaçıya Respublika Psixatriya xəstəxanası tərəfindən 5046 nömrəli, xx.xx.2024-cü il tarixli həkim psixiatr komissiyasının rəyi ilə üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə F07.0 diaqnozu qoyulmuşdur. Respublika Psixatriya xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli digər məktubla bildirilmişdir ki, əlavə məhkəmə-tibbi ekspertizasının aparılması və qoyulmuş suallara cavab verilməsi onların səlahiyyətinə aid deyildir. Bu səbəbdən Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə müraciət olunması tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli 413 saylı qərarından görünür ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin avqust ayında aldığı və xx.xx.2012-ci ildə Silahlı Qüvvələrin Məhkəmə Tibbi Eksperiza və X7 məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-“Qəlpə yaralanmalarından sonra alınla sol gicgahın sərhəddində sağ əlin barmaqlarının daraq falanqalarında və alt çənədə çənəaltı nahiyyəyə müvafiq proyeksiyada çapıq toxumaları və həmin nahiyyələrdə yumşaq toxumalarda yad cisimlər (qəlpələr)” diaqnozu qeyd olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına sorğu göndərilərək iddiaçı canlı müayinə olunmaqla, qeyd olunan diaqnozun müharibədə aldığı travma ilə səbəbli əlaqəsinin olması barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 2146 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir:
1. Təqdim edilən sənədlərdən aydın olur ki, vətəndaş İddiaçı 1992-ci ilin avqust ayında yaralanmış və SQ Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən xx.xx.2012-ci il tarixdə ’’Qəlpə yaralanmalarından sonra alınla sağ gicgahın sərhəddində, sağ əlin İ barmağının dırnaq falanqasında və alt çənədə çənəaltı nahiyyəyə müvafiq proyeksiyada çapıq toxumaları və həmin nahiyyələrdə yumşaq toxumalarda yad cismlər (qəlpələr)’’ diaqnozu təyin edilmişdir.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının Həkim Psixiatr Komissiyası tərəfindən ’’Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə F.07.0” diaqnozu təyin edilmişdir.
3. 1992-ci il avqust ayında yaralandığı müddətdən xx.xx.2023-cü il tarixədək müddət ərzində həkim psixiatr tərəfindən müayinə və ya müalicə olması ilə bağlı heç bir tibbi sənəd təqdim etməmişdir.
4. 08/1992-ci il tarixdən xx.xx.2023-cü il tarixədək psixi vəziyyəti ilə əlaqədar ambulator və stasionar müayinə və müalicə almamış və ya müalicə alması ilə əlaqədar tibbi sənəd təqdim edilməmişdir.
5. Bununla əlaqədar AZ.Res SN Respublika Psixiartiya xəstəxanası tərəfindən təyin edilmiş “Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə F07.0” diaqnozlu xəstəliyinin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi mümkün deyil. Məhkəmə kollegiyası işin araşdırılan halları ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi əyani müayinənin yalnız nəticə hissəsi ilə kifayətlənməyərək, prosedurun özünün müvafiq diaqnostik müayinə metodları əsasında aparılıb-aparıİmadığını aydınlaşdırmalı, həmin metodologiyanın şəxsin sağlamlığının real və obyektiv vəziyyətini qiymətləndirməyə uyğunluğunu müəyyənləşdirməli idi. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunaraq qəbul olunmuş qərarın məzmunu ilə müəyyən olunur ki, iddiaçı barədə müəyyən olunmuş diaqnozlarla bağlı instrumental müayinə nəticələri (MRT, KT, EEQ dalğaları) təqdim olunmamış, anamnestik olaraq klinik vəziyyəti haqqında ətraflı məlumat verilməmiş, diaqnozlar klinik olaraq öz təsdiqini tapmamışdır. Bundan başqa, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 2146 nömrəli məktubunda qeyd olunduğu kimi, iddiaçının 1992-ci il avqust ayında yaralandığı müddətdən xx.xx.2023-cü il tarixədək müddət ərzində həkim psixiatr tərəfindən müayinə və ya müalicə olması ilə bağlı heç bir tibbi sənəd təqdim etməməsi “Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə F07.0” diaqnozlu xəstəliyinin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsini istisna edir. Belə olan halda, cavabdeh haqlı olaraq iddiaçının əlilliyinin səbəb-əlaqəsini ona əlilliyin təyini üçün əsas olan xəstəliyin səbəb-əlaqəsi ilə eyniləşdirməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işin yuxarıda araşdırılan hallarına istinadən qeyd edir ki, iddiaçının ona müharibə əlili kimi əlillik təyin edilməli olması barədə tələbi qanunvericiliyin tələbi baxımından əsaslı deyildir. Kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Bununla da, İPM-in 14.3-cü maddəsinin tələbinə əsasən sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçıya əlilliyin təyin edilməsini istisna edən halların mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1476/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müharibə əlili kimi orqanizmin funsiyalarının pozulmasının 31-60 % dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.