Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-460/2022 07.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “borcun ümidsiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2-1(118)-1264/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməyə əsasən iddiaçı xx.xx.2016-cı il tarixdə 2 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (VÖEN **********).
2. Şəxsi hesab vərəqəsindən görünür ki (çap tarixi xx.xx.2022), İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixə vergilər və maliyyə sanksiyaları üzrə qalıq borcu 99264.94 manat, faiz borcu 40091.65 manat, AR-nın CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işi üzrə tələbetmə müddəti ötmüş borcu isə 40489.36 manat təşkil edir.
3. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək 40489.36 manat vergi borcunun tələbetmə müddəti ötdüyündən silinməsini xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətə cavab verərək bildirmişdir ki, vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı başlanılmış cinayət işi digər cinayət işi ilə bir icraatda birləşdirilmiş və hazılrda sonuncu cinayət işinin istintaqı davam edir. Cinayət işinin istintaqı davam etdirildiyindən müraiciət nəzərə alınmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia qaldıraraq iddiaçıya məxsus şəxsi hesab vərəqəsinin “AR-nın CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi”ndə olan 40.489,36 manat vergilər üzrə borcun ümdisiz borc qismində silinməsi öhdəliyinin cavabdeh vergi orqanının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, cəmiyyətin xx.xx.2022- ci il tarixə vergi borcu aşağıdakı kimidir: Vergi borcu: 99164.94 manat, Maliyyə sanksiyası: 100 manat, Faiz borcu: 42901.83 manat, AR-nın CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi: 40489.36 manat. Qeyd olunan “AR-nın CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi”ndə mövcud olan 40489.36 manat vergi borcu 2016-cı ilin iyul ayı üzrə kameral vergi yoxlaması nəticəsində hesablanmış 468968,43 manat ƏDV-nin ödənilməmiş hissəsidir. Yuxarıda göstərilən 40489.36 manat vergi borcunun tələbetmə müddəti bitmişdir. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda (93.1.1.); bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə 93.1.2); qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə (93.1.3). Göründüyü kimi, hər hansı vergi növü üzrə hesablanmış vergi məbləği və faiz, tətbiq edilmiş maliyyə sanksiyası hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutula bilər, bununla bağlı qanunla müəyyən edilmiş məcburiyyət tədbirləri həyata keçirilə bilər. 5 illik müddət bitdikdən sonra isə hesablanmış vergi, faiz borcu və tətbiq edilmiş maliyyə sanksiyası üzrə qalıq borc ümidsiz borc qismində silinməlidir. Göstərilənlərə əsasən qeyd etməlidir ki, 2016-cı ilin iyul ayı üzrə hesabat dövrü xx.xx.2016-cı il tarixdə, 5 illik müddət isə xx.xx.2021-ci il tarixdə bitmişdir ki, bu da həmin hesabat dövrü üzrə qalıq borcun ümidsiz borc kimi silinməli olduğunu göstərir. Hazırkı işin hallarından göründüyü kimi, cəmiyyətin şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 40489.36 manat borc üzrə tələbetmə müddəti xx.xx.2021-ci il tarixdə bitdiyindən silinməlidir. Bununla əlaqədar olaraq cavabdeh vergi orqanına müraciət etsələr də, hər hansı müsbət nəticə əldə edə bilməmişik. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə iddia tələbinin həcmini artıraraq, iddiaçıya məxsus şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə”sində olan 99164.94 manat, “AR-nın CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi”ndə olan 40.489,36 manat, ümumilikdə isə 139654.3 manat vergilər üzrə borcun ümdisiz borc qismində silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 139654.3 manat vergi borcu 2016-cı ilin iyul ayı üzrə kameral vergi yoxlaması nəticəsində hesablanmış 468968,43 manat ƏDV-nin ödənilməmiş hissəsidir və tələbetmə müddəti keçmişdir. 2016-cı ilin iyul ayı üzrə hesabat dövrü xx.xx.2016-cı il tarixdə, 5 illik müddət isə xx.xx.2021-ci il tarixdə bitmişdir ki, bu da həmin hesabat dövrü üzrə qalıq borcun ümidsiz borc kimi silinməli olduğunu göstərir.
8. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı MMC tərəfindən külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı araşdırılaraq Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə xx.xx.2017-ci il tarixdə ********* nömrəli cinayət işi başlanmışdır. İstintaq zamanı ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və hazırda sonuncu cinayət işinin istintaqı davam etdirilir. Əlavə olaraq göstərilir ki, vergidən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən cinayət işinin başlanılmasına dair qərar qəbul edilmişdirsə, iş üzrə yekun qərar qəbul edilənədək tələbetmə hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsi həyata keçirilmir. Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Həmçinin Vergi Məcəlləsinin 85.5-2-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2- ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. Həmçinin vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, Vergi məcəlləsinin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir.Göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş olunmuşdur.
9. Sumqayıt İnzibati Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2-1(118)-1264/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçınə məxsus şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə”sində olan 99164.94 manat, “Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc vərəqəsi”ndə olan 40.489,36 manat, ümumilikdə isə 139654.3 manat vergilər üzrə borcun ümdisiz borc qismində silinməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə olunması qərara alınmışdır.
10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayətində etirazın dəlillərinə istinad edilir və göstərilir ki, İddiaçı MMC tərəfindən külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı araşdırılaraq Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə xx.xx.2017-ci il tarixdə ********* nömrəli cinayət işi başlanmışdır. İstintaq zamanı ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və hazırda sonuncu cinayət işinin istintaqı davam etdirilir. Vergidən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən cinayət işinin başlanılmasına dair qərar qəbul edilmişdirsə, iş üzrə yekun qərar qəbul edilənədək tələbetmə hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsi həyata keçirilmir. Şikayətdə göstərilir ki, məhkəmə inzibati mübahisə üzrə lazımi araşdırma aparmadığı üçün, iş materiallarında mövcud olan sənədləri araşdırmadığı üçün və işin hallarının araşdırılması üzrə vəzifələrini icra etmədiyi üçün işin faktiki halları baxımından yalnış hallar müəyyən etmiş və haqlı olmayan nəticəyə gəlmişdir. Şikayət onunla əsaslandırılır ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yalnış tətbiq etməklə iddia tələbinin təmin olunmasl üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Şikayətdə daha sonra Avropa İnsan hüquqları Məhkəməsinin bir sıra işlər üzrə qərarlarına istinad edərək birinci instansiya məhkəməsi tərəfindən ədalətli məhkəmə araşdırılması aparılmadığı, Konvensiyasının 6.1 bəndinin tələblərinin pozulduğunu göstərilir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
15. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 85.4-cü maddəsinə görə, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. 85.5-2-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; (93.1.1) bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə (93.1.2) qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə (93.1.3)
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
18. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarı
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən 139654.3 manat vergilər üzrə borcun ümdisiz borc qismində silinməsi ilə əlaqədardır. İddiaçı Vergi Məcəlləsinin 85.4-cü maddəsinə isatinad etməklə həmin borcun tələb edilməsi ilə bağlı 5 illik müddətin xx.xx.2021-ci il tarixdə bitməsinə istinad etməklə həmin borcun silinməsini tələb edir, cavabdeh isə iddiaçı tərəfindən külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı araşdırılaraq dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı ilə bağlı xx.xx.2017-ci il tarixdə araşdırılaraq CM-nin 213.2.2-ci maddəsi ilə cinayət işinin başlanması və digər cinayət işi ilə bir icraatda birləşdirilərək hazırda sonuncu cinayət işinin istintaqının davam etdirilməsinə istinad etməklə cinayət işinin başlanılmasına dair qərar qəbul edilmişdirsə iş üzrə yekun qərar qəbul edilənədək tələbetmə hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsinin həyata keçirilmədiyini bildirir.
23. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu öz qərarında onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 85.5-2-ci maddəsində vergi, maliyyə sanksiyası və faizlər üzrə 5 illik tələbetmə müddətinin axımının dayandırılmasına əsas olan hallar sadalanmış, lakin vergi borcu ilə bağlı cinayət işinin mövcud olması və davam etməsi həmin müddətin axımını dayandıran hal qismində nəzərdə tutulmamışdır. Qanunla müəyyən edilmiş tələbetmə müddəti bitdiyi halda, vergi orqanı həmin borcları ümidsiz borc qismində silməmiş və nəticədə iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
24. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir.
25. Konstitusiya Məhkəməsi sözügedən qərarında həmin məsələyə dair özünün hüquqi mövqeyinə belə ifadə etmişdir ki, vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə Azərbaycan Respublikası VM-in 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, VM-in 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir.
26. Məhkəmə araşdırması nəticəsində iddiaçının şəxsi hesab vərəqəsindən müəyyən olunmuşdur ki, ümidsiz borc kimi silinməsi tələb olunan 139654.3 manat borc 2016-cı ilin iyul ayı üzrə kameral vergi yoxlaması nəticəsində hesablanmış 468968,43 manat ƏDV-nin ödənilməmiş hissəsidir. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən həmin borcun tələb etmə müddəti bitmişdir.
27. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 177.2-ci maddəsinə ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir.
28. Cavabdehin müvafiq cinayət işi üzrə yekun məhkəmə qərarı qəbul edilmədiyindən tələbetmə hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsinin həyata keçirilməməsi barədə dəlilinə gəldikdə isə, kollegiya qeyd edir ki, sorğuya cavab olaraq Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubla qeyd edilən cinayət işi üzrə icraatın xx.xx.2022-ci il tarixədək dayandırıldığı bildirilsə də, həmin tarixdən sonra cinayət işi üzrə hər-hansı istintaq hərəkətinin aparılıb-aparılmaması barədə hər-hansı məlumat təqdim edilməmiş, cavabdehin nümayəndəsi də bu barədə hər hansı məlumatının olmadığını bildirmişdir.
29. Göründüyü kimi, artıq iddiaçı tərəfindən külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə cinayət işinin özünün başlanılmasından da 5 ildən artıq müddət keçmiş, cinayət işi üzrə icraat xx.xx.2022-ci il tarixədək dayandırılsa da həmin tarixdən sonra da hər-hansı yekun qərarın qəbul edilməsi barədə məlumat təqdim edilməmişdir. Belə olan halda isə cavabdehin müvafiq imtinasının dəlilləri qanunvericilikdən irəli gəlməməklə yanaşı, iddiaçı vergi ödəyicisinin vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək hüququnun (VM-nin 15.1.7-ci maddəsi) əsassız olaraq məhdudlaşdırılması və əhəmiyyətsiz edilməsi kimi qiymətləndirilməlidir. Halbuki, vergi ödəyicisinin borcun ümidsiz borc kimi silinməsini tələb etmək hüququ yuxarıda istinad edən normalardan irəli gəlir. Vergi qanunvericiliyinin tələblərinə əsasən isə Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb etmə müddəti yalnız hüquq mühafizə orqanlarının qərarına əsasən təyin edilmiş səyyar vergi yoxlamalarının əhatə etdiyi dövrlər və Vergi Məcəlləsinin tələblərinin pozulması ilə bağlı məsuliyyətə cəlb etmə müddəti hesablanan zaman nəzərə alınır (Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələri)
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2-1(118)-1264/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.