Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-460/2023 31.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X4 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin qərarının ləğv olunması və ona üçüncü dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2-1(118)-311/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 11 yanvar 2022-ci il tarixli, 260 nömrəli ”Xəstəlik haqqında Şəhadətnamə” yə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmiş İddiaçı xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə travma almış, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək SQ BKH-da “Barotravma nəticəsində (xx.xx.2020), Soltərəfli xroniki koxlear nevrit. Somatogen mənşəli asteno-nevrotik təzahürlər” diaqnozu ilə stasionar müalicədə olmuş, “Mülayim dərəcədə ifadə olunmuş dissosiativ-konversion pozuntu. Funksional tutmalarla. Sefalgik sindrom. Barotravma (xx.xx.2020) soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda eşitməməsi. Sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, "Sağ gözün sadə miopik astiqmatizmi. M1.0D, görmə itiliyi 1.0 olmaqla. Lokal parodontit" diaqnozlu xəstəliyin səbəb əlaqəsi isə “Ümumi xəstəlikdir” qeyd edilmişdir. İddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli 0215003AAE4X nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən iddiaçı son 1 il ərzində - xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində “Postkontuzion sindrom” xəstəliyi ilə ambulator müayinədə, xx.xx.2021-ci il tarixdə Bakı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur. TSEK-ə göndəriş zamanı əsas diaqnoz “F07.2 Postkontuzion sindrom, barotravma nəticəsində dissosiativ konversion pozuntu. funksional tutmalarla anamnezində (ayda 3-4 dəfə)” qoyulmuş, ağırlaşmalar “H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, barotravma (xx.xx.2020) soltərəfli xroniki koxlear nevrit. soltərəfli davamlı neyrosensor ağıreşitmə pıçıltı nitqinin sol qulaqda eşitməməsi sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə”, yanaşı xəstəliklər isə “K05.5 Digər paradont xəstəlikləri, lokla parodontit”, “H04.1 Göz yaşı vəzisinin digər xəstəlikləri, quru göz”, “F07.2 Postkontuzion sindrom, barotravma nəticəsində dissosiativ konversion pozuntu. funksional tutmalarla anamnezində (ayda 3-4 dəfə)”, “F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası, kardio nevroz” , “H52.2 Astiqmatizm, sağ gözün sadə miopik astiqmatizmi. M1.0D, görmə itiliyi 1.0 olmaqla” kimi müəyyən edilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilən xx.xx.2022-ci il tarixli 0215003AAE4X nömrəli göndəriş cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etməməsi – diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv olunması və ona üçüncü qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2008-ci il tarixdə AR SHXÇDX-nin Xaçmaz rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış və həmin tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Respublikası N saylı Hərbi Hissəsində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdə başalayan vətən müharibəsi zamanı xx.xx.2020-ci il tarixdə könüllü olaraq döyüşlərdə iştirak etmək üçün SHXÇDX-nin Abşeron rayon şöbəsinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdən Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu uğrunda gedən döyüşdə mərmi partlaması nəticəsində "Barotravma nəticəsində, soltərəfli kəskin koxlear nevrit. Somatogen mənşəli astenonevrotik təzahürlər” diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2020-ci il tarixdə ordu sıralarından tərxis olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Vətən Müharibəsi” zamanı döyüş tapşırığını layiqincə yerinə yetirilməsində fəal iştirak etdiyinə görə təltif olunmuşdur. Aldığı xəsarətlərlə əlaqədar əliliyin təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh xx.xx.2022-ci il tarixli qərarı ilə ona əlillik verilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin həmin qərarı qanunsuz və əsassızdır. Belə ki, ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş ambulator kitabçadan çıxarışda göstərilən F07.2, F06.5, F44.5 və S06.0 XBT-10 kodları üzrə "postkontuzion sindrom, baş beyin silkələnməsi nəticəsində dissosiativ konversion pozuntu. Funksional tutmalar anamnezində (ayda 3-4 dəfə). Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, barotravma (xx.xx.2020) soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda eşitməməsi. Sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Lokal parodontit. Astiqmatizm, sağ gözün sadə miopik astiqmatizmi. M 1.0D, görmə itiliyi 1.0 olmaqla, quru göz. Vegetativ sinir sisteminin somatoform disfiınksiyası, kardio nevroz” diaqnozu təyin olunmuş şəxslərin əksəriyyətinə 3-cü qrup əlillik təyin olunmuşdur. Qeyd edir ki, göstərilən xəstəliklər xronikidir. Müharibə bitəndən bu günə kimi onun sol qulağı tamamilə eşitmir, ayda 3-4 dəfə getdiyi yerdə yıxılır, huşunu itirir. Müharibədən sonra onda astiqmatizm yaranmışdır. Diaqnozdan da göründüyü kimi ürək ağrılarından əziyyət çəkir, nəfəs yolları daralır, yaddaş pozuntusunu yaşayır, yuxusuzluqdan əziyyət çəkir. Həkimlərin tövsiyəsinə görə beyin əməliyyatı olmalıdır ki, qulaqları yenidən eşitsin. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X3: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00- F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Postkontuzion sindrom, barotravma nəticəsində dissosiativ konversion pozuntu. funksional tutmalarla anamnezində (ayda 3-4 dəfə) Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, barotravma (xx.xx.2020) soltərəfli xroniki koxlear nevrit. soltərəfli davamlı neyrosensor ağıreşitmə pıçıltı nitqinin sol qulaqda eşitməməsi sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə Lokal parodontit Astiqmatizm, sağ gözün sadə miopik astiqmatizmi. M1.0D, görmə itiliyi 1.0 olmaqla, quru göz, Vegetativ sinir sisteminin somatoform disfunksiyası, kardıo nevroz; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2114/2022 nömrəli qərardadı ilə Abşeron rayon Mərkəzi Xəstəxanası məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs məhkəməyə təqdim etdiyi yazılı izahatında qeyd etmişdir ki, iddiaçı ikinci Qarabağ müharibəsi qazisidir. O, 44 günlük müharibə zamanı xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. Hərbi hosbitalda “barotravma nəticəsində qapalı kəllə beyin travması, hər iki qulağında koxlear nevrit” diaqnozu ilə müayinə və müalicə olmuşdur. xx.xx.2022-ci il tarixdən Abşeron Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində psixiatr kabinetində dispanser qeydiyyatındadır. xx.xx.2022-ci il tarixdə “Üzvi mənşəli (barotravma) üzvi mənşəli dissosiativ pozuntu, tez-tez baş verən fuksional tutmalarla, özünə xasarət cəhdləri" diaqnozu ilə Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən Forma 88 tərtib edilərək Tibbi Sosial Ekspert Komissiyasına təqdim olunmuşdur. Diaqnoz: “F07.2, F06.5 üzvi mənşəli dissosiativ pozuntu, tez-tez baş verən fuksional tutmalarla”. İddiaçı xx.xx.2022-ci il tarixdə professor F.İsmayılov tərəfində müayinə olunmuş və həmin diaqnoz bir daha təsdiqlənmişdir. İddiaçı bu diaqnozla bir neçə dəfə 1 saylı Rayon Psixiatrik Xəstəxanasında stasionar müalicədə olmuşdur. Hal-hazırda vəziyyəti ağırdır, hər ay poliklinikadan verilən güzəştli psixotrop dərman preparatlarından - “depakin krono 500, klonezepam, aminazin” qəbul edir. Son aylarda vəziyyəti pisləşmiş, dəfələrlə özünə qəsd etməyə cəhd etmişdir. xx.xx.2022-ci il tarixdə X10 toksikologiya şöbəsində dərman zəhərlənməsi diaqnozu ilə müalicə almışdır. Hal-hazırda qıcolma tutmalarının sayı çoxalmışdır. EEQ müayinəsi zamanı Bazal-diensefal strukturda dəyişikliklər qeyd olunur, hər iki beyin yarım kürəsində ləng dalğalar qeyd olunur. İddiaçının daimi müalicə və ciddi nəzarətə ehtiyacı var. Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2-1(118)-311/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və iddiaçıya 3-cü qrup əlilliyin təyin edilməsi (məhkəmə qərarı icra olunarkən qüvvədə olan əlillik meyarları nəzərə alınmaqla) öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim İ.Quliyev). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən, “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun qiymətləndirilməsinə baxmayaraq məhkəmə iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Hesab edir ki, məhkəmə qərarı ləğv edilməlidir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 nömrəli Fərmanı: (-).
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; (-).
“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1.“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur). (-).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2-ci bənd. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-) 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); (-). 2.3-cü bənd. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-) 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). 2.4-cü bənd. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: (-) 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79); (-). 2.5-ci bənd. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: (-) 2.5.20. anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8) (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnaməsi: 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. (-).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-). 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya üçüncü dərəcə əlillik təyin edilməsindən imtinası təşkil edir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının ekspert rəyindən görünür ki, iddiaçı “Postkontuzion sindrom, barotravma nəticəsində dissosiativ konversion pozuntu, funksional tutmalarla anamnezində (ayda 3-4 dəfə). Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, barotravma (xx.xx.2020) soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə pıçıltı nitqinin sol qulaqda eşitməməsi, sağ qulaqda 6(altı) metr məsafədən eşitməsi ilə Lokal parodontit. Astiqmatizm, sağ gözün sadə miopik astiqmatizmi, M1.0D görmə itiliyi 1.0 olmaqla, quru göz vegetativ sinir sisteminin somatoform disfunksiyası, kardionevroz” diaqnozda olan xəstəliklərdən əziyyət çəksə də, o, TSEK-də hərbi həkim ekspert komissiyası tərəfindən müayinə olunmaqla onun hazırkı vəziyyəti və əlillik dərəcəsi dəyərləndirilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya diaqnozun əlillik əlaməti təyin etməməsi barədə imtina cavabı versə də, bununla bağlı hər hansı əsaslandırma qeyd etməmiş, eyni zamanda iddiaçının xəstəliklərindəki ağırlaşmaları araşdırmayaraq onun hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşdən görünür ki, iddiaçının əlilliyi xx.xx.2022-ci il tarixli, 0215003AAE4X nömrəli göndəriş əsasında ilk dəfə TSEK-də xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə ona əlilliyin təyinindən imtina edilmişdir. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 31 may 2022-ci il tarixli qərarının 1-ci hissəsindən görünür ki, vətəndaşın (İddiaçı) müraciəti əsasında əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 260 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş dissosiativ-konversion pozuntu, funksional tutmalarla. Sefalgik sindrom. Barotravma (xx.xx.2020), soltərəfli xroniki koxlear nevrit, soltrərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda eşitməməsi, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə", diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Sağ gözün sadə miopik astiqmatizmi M1,0D, görmə itiliyi 1,0 olmaqla. Lokal parodontit” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi yüngül dissosiativ əlamətlər, döş qəfəsinin ön səthində dəri çapığı müəyyən edilmiş, anamnezdə tək-tək baş verən funksional tutmalara bənzər əlamətlər Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi dissosiativ pozuntu” kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi PHŞ xx.xx.2022-ci il tarixli 2907 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (barotravma) dissosiativ pozuntu” kimi və hərbi şəhadətnamədə qeyd olunmuş xx.xx.2021ci il tarixli BERA testinin nəticəsi “Sağ qulaqda 20 Db nHL-də, sol qulaqda 80 Db nHL-də V dalğa forması əldə edildi” kimi təqdim edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçı barəsində tərtib edilmiş 0215003AAE4X nömrəli göndərişdə əsas diaqnoz “F07.2 Postkontuzion sindrom, barotravma nəticəsində dissosiativ konversion pozuntu. funksional tutmalarla anamnezində (ayda 3-4 dəfə)” qoyulmuş, ağırlaşmalar “H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, barotravma (xx.xx.2020) soltərəfli xroniki koxlear nevrit. soltərəfli davamlı neyrosensor ağıreşitmə pıçıltı nitqinin sol qulaqda eşitməməsi sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə”, yanaşı xəstəliklər isə “K05.5 Digər paradont xəstəlikləri, lokla parodontit”, “H04.1 Göz yaşı vəzisinin digər xəstəlikləri, quru göz”, “F07.2 Postkontuzion sindrom, barotravma nəticəsində dissosiativ konversion pozuntu. funksional tutmalarla anamnezində (ayda 3-4 dəfə)”, “F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası, kardio nevroz” , “H52.2 Astiqmatizm, sağ gözün sadə miopik astiqmatizmi. M1.0D, görmə itiliyi 1.0 olmaqla” kimi qeyd edilmişdir. Cavabdehin etiraz və apellyasiya şikayətinin yeganə dəlili iddiaçı barəsində tərtib olunmuş 0215003AAE4X saylı göndərişdə qeyd olunan diaqnozun əlillik əlaməti təyin etməməsidir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin 04 noyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının real xəstəlik vəziyyəti ilə əlaqədar ona hansı diaqnozun müəyyən edilməli olması ilə bağlı məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsi tərəfindən verilmiş məhkəmə tibbi ekspertizasının 09 yanvar 2023-cü il tarixli, T 43/2023 nömrəli rəyindən görünür ki, iddiaçının iş materiallarında olan əlillik vəziyyətinin TSEK tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Postkontuzion sindrom, barotravma nəticəsində dissosiativ konversion pozuntu, funksional tutmalarla anamnezində (ayda 3-4 dəfə). Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, barotravma (xx.xx.2020) soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə pıçıltı nitqinin sol qulaqda eşitməməsi, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə Lokal parodontit. Astiqmatizm, sağ gözün sadə miopik astiqmatizmi, M1.0D görmə itiliyi 1.0 olmaqla, quru göz vegetativ sinir sisteminin somatoform disfunksiyası, kardionevroz” diaqnozda olan xəstəliklərdən əziyyət çəkdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə iddiaçıya təyin edilmiş əsas diaqnozun əlillik əlaməti təyin etməməsi ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, kollegiyanın icraatında olmuş 2-1(105)-301/2023 nömrəli iş üzrə cavabdeh tərəfindən XBT 10 F07.0 və F07.02 kodlu xəstəliklərdən əziyyət çəkən iddiaçı X8 xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmişdir. Başqa sözlə, cavabdeh eyni diaqnoz əsasında başqa iş üzrə iddiaçıya 2022-ci il tarixdən etibarən üçüncü dərəcəli əlillik təyin etsə də, hazırda həmin diaqnozun əlillik təyini üçün əsas olmadığını iddia edir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Cavabdeh apellyasiya şikayətində qeyd edilən digər işdəki mövqeyindən fərqli olaraq əlilliyin təyini zamanı diaqnozun əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli 0215003AAE4X nömrəli göndərişdə (Forma 88) qeyd edilən yanaşı xəstəliklər də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2, 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, əlilliyin təyin edilməsinə əsas verir. Belə ki, qeyd edilən Əsasnamənin: - 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-) 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); (-). - 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-) 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). - 2.4-cü bəndinə əsasən tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: (-) 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79); (-). - 2.5-ci bəndinə əsasən tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: (-) 2.5.20. anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8) (-). Beləliklə, müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli 0215003AAE4X nömrəli Forma 88 göndərişdəki əsas xəstəliyin ağırlaşması kimi qeyd edilmiş H90.3 kodlu xəstəlik Əsasnaməyə əsasən iddiaçıya üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsinə, yanaşı xəstəliklər kimi qeyd edilmiş H52.2 ikinci dərəcə əlilliyin, F45.3 diaqnozlu xəstəlik üçüncü dərəcə əlilliyin və ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmiş və sözügedən xəstəliklər X2 da daxil edilmişdir. X1 görünür ki, F45.3 kodlu “Vegetativ sinir sisteminin somatoform disfunksiyası, kardio nevroz” diaqnozlu xəstəlik Təsnifatın “Streslə bağlı və somatoform nevrotik pozğunluqlar (F40–F48)” bölməsinə aid olmaqla, bölmənin F45.3 yarımbölməsində “Vegetativ sinir sisteminin somatoform disfunksiyası” diaqnozlu xəstəliklərə, H52.2 kodlu “Astiqmatizm, sağ gözün sadə miopik astiqmatizmi. M1.0D, görmə itiliyi 1.0 olmaqla” diaqnozlu xəstəlik Təsnifatın “Göz alması əzələlərinin xəstəlikləri, gözlərin müştərək hərəkətinin, akkomodasiyanın və refraksiyanın pozğunluqları (H49–H52)” bölməsinə aid olmaqla, bölmənin H52.2 yarımbölməsində “Astiqmatizm” diaqnozlu xəstəliklərə, H90.3 kodlu “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, barotravma (xx.xx.2020) soltərəfli xroniki koxlear nevrit. soltərəfli davamlı neyrosensor ağıreşitmə pıçıltı nitqinin sol qulaqda eşitməməsi sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu xəstəlik Təsnifatın “Qulağın digər xəstəlikləri (H90–H95)” bölməsinə aid olmaqla, bölmənin H90.3 yarımbölməsində “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi” diaqnozlu xəstəliklərə aid edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, əlilliyin məhkəmə qərarı icra olunarkən qüvvədə olan əlillik meyarları nəzərə alınmaqla təyin edilməli olması qənaətinə gələrkən haqlı olmamışdır. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçıya əlilliyin təyin edilməsi məhkəmə qərarı icra olunarkən qüvvədə olan qanunvericiliyə görə deyil, göndərişin (Forma 88) tərtib edildiyi vaxt qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Belə ki, qanunvericiliyin tələbinə görə əlilliyinin qiymətləndirilməsi məhz müvafiq tibb müəssisələri tərəfindən tərtib edilmiş göndəriş əsasında həyata keçirilir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti göndərişin nə vaxtdan tərtib edilməsidir. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti göndərişin tərtib edilməsi ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilə bilər. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının əlillik vəziyyəti onun adına Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli 0215003AAE4X nömrəli göndəriş tərtib edilərkən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin tələblərinə müvafiq olaraq qiymətləndirilməlidir. Bundan əlavə, birinci instansiya məhkəməsi iddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsi nəticəsinə gəlsə də, qərarda əlilliyin səbəbini qeyd etməmişdir. Halbuki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 11 yanvar 2022-ci il tarixli, 260 nömrəli ”Xəstəlik haqqında Şəhadətnamə” dən görünür ki, iddiaçının F07.2 kodlu “Mülayim dərəcədə ifadə olunmuş dissosiativ-konversion pozuntu. Funksional tutmalarla” və H90.3 kodlu “Barotravma (xx.xx.2020) soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda eşitməməsi. Sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu xəstəlikləri Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar yaranmışdır və həmin diaqnozlu xəstəliklər üçüncü dərəcə əlilliyin təyininə əsas verir. H52.2 kodlu “Sağ gözün sadə miopik astiqmatizmi. M1.0D, görmə itiliyi 1.0 olmaqla. Lokal parodontit" diaqnozlu xəstəliyin səbəbli əlaqəsi isə ümumi xəstəlikdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, F07.2 və H90.3 kodlu xəstəliklər iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərdir. Kollegiya qeyd edir ki, iddiaçı tələbində əlillik səbəbini qeyd etmədən ona üçüncü dərəcə əliliyin təyin edilməsini xahiş etsə də, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ona əslində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsi niyyətindədir. Belə olan halda, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, cavabdehin qərarı ləğv edilməklə, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2-1(118)-311/2023 nömrəli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin və İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.