Məhkəmə qərarları › İş №2-1(105)-461/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-461/2020

18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-461/2020 18.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və X1 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin xx xxxxxx 2018-ci ildən əvvəlki 3 (üç) illik dövr üçün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(118)-869/2020 saylı qərarından cavabdeh tərəfindən tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin xx xxxxxx 2018-ci ildən əvvəlki 3 (üç) illik dövr üçün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin prosessual hüquq varisi kimi Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi filialı cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 1971-cı ildə Naxçıvan MR Ordubad rayonunda anadan olmuş, əvvəlcə Sovet Ordusu sıralarında, daha sonra isə, 1992- 1993-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. xx xxxxxx 2018-ci il tarixdə ona müharibə veteranı vəsiqəsi və müharibə veteranı statusu verilmişdir. O, müharibə veteranı kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Bununla bağlı DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Həmin təşkilat tərəfindən isə iddiaçıya xx xxxxxx 2018-ci il tarixdən, yəni müharibə veteranı vəsiqəsi aldığı gündən müavinət təyin edilmişdir. Bununla bağlı cavabdeh orqana ərizə ilə müraciət edərək müavinətin əvvəlki üç illik müddət üçün də təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh özünün xx xxxxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının xahişini təmin etməkdən imtina etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(118)-869/2020 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı kimi müavinətin xx.xx.2018-ci ildən əvvəlki üç illik dövr üçün iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X3 üzərinə qoyulmuşdur. (hakim V.Əzizova) Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” qərarı ilə təsdiq edilmiş 1 №-li əlavənin 4-cü hissədində deyilir ki, “Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir “ Həmin Əsasnamənin 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən həyata keçirilir. Qeyd olunan sosial müavinətin təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. Sosial müavinət almaq hüququ veteran vəsiqəsini aldığı tarixdən yarandığı üçün vətəndaşın veteran vəsiqəsi olmadığı dövrdə, xx.xx.2018-ci il tarixindən əvvəlki dövrdə sözügedən sosial müavinətə hüququ yaranmamışdır. Bu fakt öz təsdiqini müharibə veteranı vəsiqəsində yazılan “vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir” müddəasında da tapır. Yəni, güzəşt və imtiyazlardan istifadə hüququnun yaranması vəsiqənin sahibi olmaq anıyla şərtləndirilmişdir. Tərəflərin izahatları Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edib onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı cavabdehin apelyasiya şikayətinə etiraz edərək, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(118)-869/2020 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etdiyinə görə iddiaçıya xx.xx.2012-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən etibarən ona müharibə veteranları üçün nəzərdə tutulan müavinət ödənilməyə başlamışdır. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etməsi, bu əsasla iddiaçıya xx.xx.2018-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilməsi işin mübahisəsiz hallarına aiddir. İşin yeganə mübahisələndirilən halı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin nə vaxtdan ödənilməsidir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun müddəalarına müvafiq olaraq veteran vəsiqəsi veteranlıq statusunu təsdiq edən sənəddir. Müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin və Əsasnamənin Silahlı Qüvvələrə tətbiqinə dair Müdafiə Nazirinin 4 saylı xx xxxxxx 1998-ci il Əmri ilə təsdiq edilmiş ‘Təlimat’ın tələblərinə uyğun olaraq verilir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Bu müddəanın məzmunundan aydın olur ki, aylıq müavinətlər onun almaq hüququnun yarandığı gündən, lakin “Sosial müavinətlər haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra təyin edilir və ən çoxu müraciət edilməzdən əvvəlki 3 il üçün ödənilir. Belə olan halda, hazırki iş üzrə cavabdehin “iddiaçının sosial müavinət alması hüququnun onun veteran vəsiqəsinın aldığı vaxtdan yaranması” ilə bağlı mövqeyi əsassızdır. Belə ki, hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etdiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. “Sosial müavinətlər haqqında” Qanun isə xx.xx.2006-cı il tarixdən qüvvəyə minmişdir. Belə olan halda, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçının müraciət etməzdən əvvəlki 3 il üçün ona təyin olunmuş müavinəti tələb etmək hüququ vardır. Beləliklə, birinci instansiya məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 1 saylı X3 apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(118)-869/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 1 saylı regional ərazi filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(118)-869/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar