Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-461/2021 26.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ "xxxx" firmasının cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (açar sözlər: söküntünün qanunsuz hesab edilərək vurulmuş maddi və mənəvi ziyan tələbinə dair) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, iddiaçı "xxxx" firmasının rəhbəri X6 və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı "xxxx" firmasının cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “söküntünün qanunsuz hesab edilərək vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2-1(118)-114/2021 saylı qərarından iddiaçı firmanın rəhbəri F.A.Ağayevin verdiyi apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı "xxxx" firmasının rəhbəri F.A.Ağayev cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “söküntünün qanunsuz hesab edilməsi və söküntü nəticəsində firmaya dəymiş 60.000 manat maddi və 50.000 manat mənəvi zərərin cavabdehdən tutularaq iddiaçı firmanın xeyrinə ödənilməsinə” dair qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, 1996-cı ildə "xxxx" firmasını X10 alqısatqı müqaviləsi əsasında almış və Sumqayıt Şəhər İcra Hakimiyyətinin 09.06.2000-ci il tarixli sərəncamı ilə Sumqayıt şəhəri, Koroğlu prospekti, 12-ci mikrorayon, 29 nömrəli evin qarşısında yerləşən dayanacaqda "xxxx" firmasına obyekt quraşdırılmasına icazə verilmişdir. Firma tərəfindən həmin dayanacaqda 17 kv.metr ölçüdə köşk-pavilyon inşa edilmiş və istifadə edilmişdir. Lakin 2011-ci ilin aprel ayında həmin obyekt Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən qeyri-qanuni olaraq sökülmüş və söküntü işi aparılan zaman orada polis əməkdaşları və İcra Hakimiyyətinin işçiləri iştirak etmişlər. Bunu sübut edə biləcək foto və video çəkilişləri mövcuddur. Obyekt heç bir rəsmi qərar olmadan, qabaqcadan heç bir məlumat və xəbərdarlıq edilmədən, tamamilə özbaşına, içindəki bütün mal və məhsullarla birlikdə sökülüb məhv edilmişdir. Söküntü işi aparıldıqdan sonra iddiaçı tərəfindən dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayət edilsə də, onlara bildirilmişdir ki, şəhərdə yenidənqurma işləri aparılır, tezliklə obyektin tikintisinə icazə veriləcək və hətta yardım da ediləcəkdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən onlara təqdim edilmiş 23.02.2015-ci il tarixli məktubdan görünür ki, İcra Hakimiyyəti tərəfindən aparılan yenidənqurma işləri ilə əlaqədar hal-hazırda şəhərin mərkəzi prospektlərində və əhalinin ümumi istifadəsində olan ərazilərdə vaxtı ilə ayrılmış torpaq sahələrində yerləşən müxtəlif növ obyektlərin yenidən qurulması məsələlərinə baxılır və onların müraciətlərinə ərazilər üzrə layihələndirmə işləri başa çatdıqdan sonra baxılacaqdır. Bununla da Sumqayıt Şəhər İcra Hakimiyyəti firmaya məxsus obyektin sökülməsini etiraf edir və tezliklə bu pozuntunun aradan qaldırılmasına vədlər verir.
Cavabdehin etirazları:
3. Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti iddiaya etirazında qeyd etmişdir ki, göstərilən tikilinin sökülməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir yazılı və ya şifahi göstəriş verilməmiş, hər hansı inzibati akt qəbul edilməmişdir. Həmin obyektin kim tərəfindən sökülməsi barədə iddiaçıda məlumat yoxdur. Buna görə hazırkı mübahisə ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti cavabdehlik daşıya bilməz. Eyni zamanda iddiaçının müraciətləri nəzərə alınaraq sahibkarlığa kömək kimi iddiaçıya şəhərin baş planına uyğun ərazilərdən müasir tələblərə cavab verəcək ticarət obyektinin tikintisi məqsədilə yerlərin ayrılması təklif olunmuş, lakin o, bu təklifə razılaşmamışdır. İddiaçının istifadə etdiyi obyekt müvəqqəti xarakterli olduğu və müasir memarlıq üslubuna cavab vermədiyi üçün ərizəçinin daimi torpaq sahəsi ilə təmin olunması məqsədilə aidiyyəti üzrə bələdiyyəyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər. Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2-1(118)-114/2021 saylı qərarı (hakim V.E.Əzizova) ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
5. Qərardan narazı qalan iddiaçı firmanın rəhbəri X11 apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2-1(118)-114/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
6. İddiaçı firmanın rəhbəri X11 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2011-ci ilin aprel ayında Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən obyekt heç bir rəsmi qərar olmadan, qabaqcadan heç bir məlumat və xəbərdarlıq edilmədən tamamilə özbaşına, içindəki bütün mal və məhsullarla birlikdə sökülüb məhv edilməsini məhkəmə nəzərə almamış və iddiası təmin edilməmişdir. Obyektin sökülməsi nəticəsində ona maddi ziyan dəyməklə yanaşı, mənəvi ziyan da dəymiş, onun mənəvi psixoloji sarsıntılar keçirməsinə səbəb olmuşdur. Onu da qeyd edir ki, 03.11.2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanuvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mülkiyyətin toxunulmaması hüququ pozulmaqla ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməlidir.
b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. apelyasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı firmanın rəhbəri X11 apelyasiya şikayətində qeyd edilənləri müdafiə edərək əlavə olaraq göstərdi ki, 2011-ci ilin aprel ayında Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən obyekt heç bir rəsmi qərar olmadan, qabaqcadan heç bir məlumat və xəbərdarlıq edilmədən, tamamilə özbaşına, içindəki bütün mal və məhsullarla birlikdə sökülüb məhv edilmişdir. Bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti qabaqcadan məlumat verməli idi və əgər məlumat versə idi, öz mal və məhsullarını çıxarardı və bununla da ona daha az maddi ziyan dəyərdi, məhkəmə bu halı nəzərə almadan iddianı təmin etməmişdir. Hesab edir ki, məlum məhkəmə qərarı ilə ona dəymiş ziyan təmin edilmədiyindən məhkəmənin qərarı ləğv edilməklə iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməlidir.
Tədbiq edilən hüquq
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
10. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
11. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
12. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
13. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
14. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
15. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
16. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
17. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
18. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
19. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
20. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
21. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
22. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
23. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
24. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
25. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
26. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hazırkı qərarın 9-20-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, işdə olan sənədlərdən görünür ki: - 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən "xxxx" firması (VÖEN **********) 27.11.1992-ci il tarixdə qeydiyyata alınmış, əvvəlki qanuni təmsilçisi X4 olmuş, 17.12.2019-cu ildən isə hazırkı qanuni təmsilçisi X8r (i.v.4-6). - 05.12.2019-cu il tarixli "xxxx" firmasındakı payın alqı-satqı müqaviləsindən görünür ki, 27.11.1992-ci il tarixdə qeydiyyata alınmış "xxxx" firmasındakı 100% payı olan X4 həmin payı 100 manat məbləğinə X1 (i.v.12). - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 09 mart 1994-cü il tarixli, 216 saylı sərəncamından görünür ki, "xxxx" firmasına Koroğlu prospekti, 12-ci mikrorayon 29 nömrəli evin qarşısında olan dayanacağın bir tərəfində memarlıq və şəhərsalma idarəsi ilə razılaşdırılmış layihə cizgisi əsasında metal konstruksiyalardan, plastik və digər yüngül maqteriallardan ticarət köşkü olan pavilyon quraşdırmağa icazə verilmişdir (i.v.9). - Sumqayıt şəhər İcra Hakimiyyətinin F.Ağayevə ünvanlanmış 23.02.2015-ci il tarixli, A-25/11 saylı məktubundan görünür ki, hal-hazırda şəhər ərazisində aparılan bərpa, abadlıq və yenidənqurma işləri ilə əlaqədar şəhərin mərkəzi prospektlərində və əhalinin ümumi istifadəsində olan ərazilərdə vaxtı ilə ayrılmış torpaq sahələrində yerləşən müxtəlif növ obyektlərin yenidən qurulması, ərazilər üzrə yenidən planlaşdırılması məsələlərinə baxılır. Bu məqsədlə yeni, müasir memarlıq üslublarında layihələr işlənir və hal-hazırda bu istiqamətdə işlər davam etdirilir. Ərazilər üzrə layihələndirmə işləri başa çatdıqdan sonra müraciətdə qeyd edilən məsələyə aidiyyəti struktur tərəfindən baxıla bilər (i.v.24). - Sumqayıt şəhər İcra Hakimiyyətinin F.Ağayevə ünvanlanmış 27.01.2020-ci il tarixli, A-2-150 saylı məktubundan görünür ki, müraciətdə qaldırılmış məsələ ilə bağlı bundan əvvəl daxil olmuş ərizələr əsasında məktubla müfəssəl cavab verilmişdir (i.v.25).
30. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, iddiaçının obyektinin məhz Sumqayıt şəhər İcra Hakimiyyətinin işçiləri tərəfindən sökülməsi halı iş materialları ilə və məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, söküntünün kim tərəfindən həyata keçirilməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı bu halın sübutu kimi fotoşəkillər və disk təqdim etsə də, həmin fotoşəkillərdə bir ədəd texnikanın və iki nəfər polis əməkdaşının şəkli əks olunmuşdur, lakin bu fotoşəkillər söküntünün cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən və ya İcra Hakimiyyətinin göstərişi ilə sökülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Eyni zamanda iddiaçıya tələb olunan məbləğdə ziyanın vurulması da təsdiq edilmir. Belə ki, iddiaçı göstərilən məbləğdə ziyan çəkməsini təsdiq edən sübut, o cümlədən inşaat materiallarının alınması, ustalara xərc çəkilməsi, abadlıq işlərinə sərf edilmiş vəsait barədə hər hansı sənəd təqdim etməyərək iddia tələbini ümumi ifadələrlə əsaslandırmışdır. Halbuki, iddia tələbi vurulmuş ziyanın ödənilməsi ilə bağlı olduğundan ziyanın yetirilməsini və həcminin məbləğini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yəni, zərərin ödənilməsi üçün zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
31. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 6-cı bəndində öz əksini tapan iddiaçının apelyasiya şikayətində göstərilən hallar əsaslı hesab edilə bilməz ona görə ki, iddiaçının tələbi 2011-ci ildə firmaya məxsus köşkün sökülməsi nəticəsində firmaya dəymiş ziyan tələbi olduğu halda, həmin tarixdə "xxxx" firmasının nizamnamə kapitalındakı payı 100% olmaqla X3 məxsus olmuş və yalnız 2019-cu ildə sonuncu tam olaraq payını hazırkı iddiaçı X1.
32. Bundan əlavə məhkəmə kollegiyasının iclası zamanı iddiaçı F.A.Ağayevə mübahisələndirdiyi köşkün firmanın balansında olmasına dair, eyni zamanda həmin köşkün inşası ilə çəkilən xərclər, köşkün firmanın mülkiyyətində olmasına dair çıxarışın, köşkün sökülməsi zamanı içində olması iddia edilən mal və məhsullar və s. barədə müvafiq rəsmi və hesabat sənədlərinin təqdim edilməsi təklif edilsə də, iddiaçı tərəfindən istinad edilən hallara dair heç bir sənəd təqdim edilməmiş, yalnız "xxxx" firmasının təsisçisi olmuş X2 və atası X5 firmanın təsisçiliyinin sonuncunun adına keçirilməsinə dair Ədliyyə Nazirliyinə ünvanlanmış 1996-cı il sentyabr tarixli ərizələrini təqdim etmiş, lakin bu sənədlərin də aidiyyəti orqana təqdim edilərək qeydiyyatdan keçirilmədiyi müəyyən edilmişdir.
33. Apelyatorun mülkiyyət hüququnun toxunulmazlığına dair apelyasiya şikayətinin dəlili də əsaslı hesab edilə bilməz ona görə ki, hazırkı qərarın 26-cı bəndində istinad edilən kostitusion normalara görə mülkiyyətin toxunulmazlığı və dövlət tərəfindən müdafiə olunması prinsipi o halda pozula bilərdi ki, iddiaçının iddia etdiyi firmaya məxsus köşk mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş olardı.
34. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, 2011-ci ildə iddiaçının aidiyyəti olmayan firmaya məxsus olmuş köşkün sökülməsi ilə bağlı firmanın həmin ərəfədə rəhbəri olmuş şəxslə hansı qaydada mübahisənin tənzimlənməsi iddiaçı tərəfindən müvafiq sənədlərlə sübut oluna bilmədiyi üçün hazırkı qərarın 27-ci bəndində istinad edilən maddi hüquq normalarının tələbləri baxımından birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür və iddia tələbinin qanuni əsasları müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamışdır. İddiaçının apelyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilməz, ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2-1(118)-114/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
"xxxx" firmasının rəhbəri F.A.Ağayevin apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2-1(118)-114/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.