Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-461/2022 01.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu,hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(118)-790/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı xx.xx.1959-cu ildə Qubadlı rayonu Mahmudlu kəndində anadan olmuşdur.
2. N saylı hərbi hissə komandirinin N nömrəli 1706.1993-cü il tarixli əmrdən çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin maddi-təminat taburunun hərbçilərinin o cümlədən, ərzaq anbarının rəisi İddiaçı xx.xx.1993-cü ildən həqiqi hərbi xidmətə çağırılması, müddətdən artqı hərbi xidmətdə sayılması, nizamnaməyə əsasən müvafiq vəzifələr təyin olunub xidməti vəzifələrinin icrasına başlanılması əmr edilmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivi tərəfinfən verilmiş xx.xx.2021-ci il tarixli 4/2-1899 saylı məktubundan N №-li hərbi hissə komandirinin N .-cü il tarixli 170 №-li əmrilə (əsas: §-6, səh-45) İddiaçı xx.xx.1993-cü il tarixdən müddətdən artıq hərbi xidmətdə sayılmaqla Maddi təminat taborunda ərzaq anbarı rəisi vəzifəsinin icrasına başlamışdır. Qubadlı RHK-nın çağırışçısı, MTT-nun hərbi qulluqçusu İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 309 nömrəli əmrilə (§-10, səh-14, əmrdə adının qarşısında xx.xx.1994”0 mişdir) ştatdan kənar edilməklə bütün müavinatlardan çıxarılmış və ilkin istintaq materialı toplanıb hüquq mühafizə orqanlarına verilmişdir. Hərbi hissəni özbaşına tərk etmiş, Qubadlı RHK-nın çağırışçısı, maddi təminat taborunun hərbi qulluqçusu, sıravi İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Qərargahının xx.xx.1994-cü il tarixli müvafiq Direktivinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 316 №li əmrilə xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılaraq sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir.
4. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli 574 nömrəli qərarından görünür ki, İddiaçı diaqnozu – “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir.
5. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan 03 dekabr 2021-ci il tarixli məktubla müraciəti təmin etməkdən imtina edərək bildirmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab etməklə ona xx.xx.1993-cü ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin tərkibində müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmətləri ilə bağlı ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ilin avqust ayının 19-dan 1ci Qarabağ müharibəsinə qatılaraq bir sıra döyüş əməliyyatlarında iştirak etmiş və döyüş zonasında xidmət keçərkən mərmi partlaması nəticəsində 1993-cü ilin oktyabr ayında çoxsaylı qəlpə yaralan xəsarətləri və baş beyin silkələnməsi, keçirilmiş qapalı kəllə-beyin travmasınm davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya, qıcolma əlamətləri ilə, kəskin hərəkət-kardinator pozğunluğu ilə müşahidə olunan sinir xəstəliyi ilə bağlı əmək qabiliyyətini itirmişdir. 2014-cü ildə ona 1-ci qrup, xx.xx.2016-cı ildə 5 il müddətinə 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. 2-ci qrup Qarabağ müharibəsi əlilliyinin təyin olunması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və ekspertiza rəyi əsasında aparılmışdır. Azərbaycan Respublikası SHXÇX-nin Qubadlı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışı ilə də onun xx.xx.1993-cü ildən 1993-cü ilin oktyabr ayına kimi döyüş tapşırığını yerinə yetirməyi təsdiq olunur. Lakin onun hərbi xidmətdə olmağına və yaralanmağına baxmayaraq ona veteran vəsiqəsi verilməmişdir. İddiaçı veteran statusunun verilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, həmin müraciətə verilmiş xx.xx.2021-ci il tarixli məktubda onun guya hərbi hissəni özbaşına tərk etməyi qeyd edilmiş (halbuki o aldığı xəsarətlərlə bağlı həmin vaxt hospitalda olmuşdur) və bu səbəbdən də xahişi təmin olunmamış, ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməli və müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri:
8. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2021-ci tarixli 4/2-1899 nömrəli arayışına əsasən İddiaçı fevral 1994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respubl kası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidməti yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya aministiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxiərə “Müharibə veteram” adı verilə bilməz. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Sumqayıt İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(118)-790/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlərlə İddiaçı döyüş əməliyyatlarında iştriak etməsi və yaralanması öz təsdiqini tapsa da, onun qanunauyğun şəkildə təxris edilməsini təsdiq edən sübut təqdim edilməmişdir.
11. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilərək və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri: 12.İddiaçı apellyasiya şikayətində iddia ərizəsinə istinad edərək göstərmişdir ki, o, xx.xx.1959-cu ildə Qubadlı rayonunun Mahmudlu kəndində anadan olmuş və 1993-cü ilin avqust ayının 19-dan 1-ci Qarabağ müharibəsinə qatılaraq bir sıra döyüş əməliyyatlarında iştirak etmiş və döyüş zonasında xidmət keçərkən mərmi partlaması nəticəsində 1993-cü ilin oktyabr ayında çoxsaylı qəlpə yaraları xəsarətləri və baş beyin silkələnməsi, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya, qıcolma əlamətləri ilə, kəskin hərəkət-kardinator pozğunluğu ilə müşahidə olunan sinir xəstəliyi ilə bağlı o, əmək qabiliyyətini itirmiş və 2014-cü ildə ona 1 illik əlillik dərəcəsi və xx.xx.2016-cı ildə 5 illik 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Qeyd etmişdir ki, 2-ci qrup Qarabağ Müharibəsi əlilliyinin təyin olunması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi həkim Komissiyasının qərarı və AR ET RAB-nin ekspertiza rəyi əsasında aparılmışdır. Lakin 5 il müddətinə təyin edilmiş əlillik dərəcəsi xx.xx.2021-ci il tarixdə başa çatdıqdan sonra ona əlillik dərəcəsi təyin edilməmişdir. AR SHXÇX-nin Qubadlı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışı ilə də onun xx.xx.1993-cü ildən 1993-cü ilin oktyabr ayına kimi döyüş tapşırığını yerinə yetirməyi təsdiq olunur. Lakin onun hərbi xidmətdə olmağına və yaralanmağına baxmayaraq ona veteran vəsiqəsi verilməmişdir. Halbuki onun bu xidmətləri ona veteran statusunun verilməsi üçün əsasdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə cavabdehə lazımi qaydada məlumat verilsə də onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. “Hərbi qulluqçuların statusu haqqında” xx.xx.1991-ci il tarixli Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
16. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 8-ci yarımbənd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
18. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanı
1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin: .... 1.2. İİ dərəcə əlilliyə görə – 6 600 manat;
2. Müəyyən edilsin ki: 2.2. bu Fərmanın 5.1-ci bəndi nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsi bu Fərmanın 1-ci hissəsində müəyyən edilmiş məbləğlərdə sığorta ödənişi almış və barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçulara və daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilmir. 5.1. bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlərin verilməsini bu Fərmanın 4.1-ci bəndində nəzərdə tutulan qaydaya uyğun olaraq təmin etsin; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyinin müəyyən edilməsi ilə əlaqədar sığorta ödənişinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısını bir ay müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 271 nömrəli Qərarı ilə təsdiq edilmiş “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası” 2.4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Fərmanın 8-ci hissəsinə uyğun olaraq təqdim etdiyi siyahıda qeyd olunan, barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan hərbi qulluqçulara və daxili işlər orqanları əməkdaşlarına da sığorta ödənişi proaktiv təyin edilir və bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq bu barədə onlara məlumat verilir. 2.7. Fərmanın 1-ci hissəsinə əsasən sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında müraciət edildikdə, bu Qaydanın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində qeyd olunanlardan əlavə sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı da təqdim edilir. 2.14. Sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarında qeyd edilən əlillik dərəcəsinə uyğun olaraq, bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan məbləğlərdə sığorta ödənişi təyin edilir.
20. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-461/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.
22. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir.
24. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası təşkil edir.
25. Cavabdeh isə imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidməti yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya aministiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxiərə “Müharibə veteram” adı verilə bilməz. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna ziddir.
26. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu qərarında onunla əsaslandırmışdır ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlərlə İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi və yaralanması öz təsdiqini tapsa da, onun qanunauyğun şəkildə təxris edilməsini təsdiq edən sübut təqdim edilməmişdir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri bilir.
28. İşdən görünür ki, N saylı hərbi hissə komandirinin N nömrəli 1706.1993-cü il tarixli əmri ilə N nömrəli hərbi hissənin maddi-təminat taburunun hərbçilərinin o cümlədən, ərzaq anbarının rəisi İddiaçı xx.xx.1993-cü ildən həqiqi hərbi xidmətə çağırılması, müddətdən artqı hərbi xidmətdə sayılması, nizamnaməyə əsasən müvafiq vəzifələr təyin olunub xidməti vəzifələrinin icrasına başlanılması əmr edilmişdir.
29. Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli 4/2-1899 saylı məktubunda N №-li hərbi hissə komandirinin N .-cü il tarixli 170 №-li əmrilə (əsas: §-6, səh-45) İddiaçı xx.xx.1993-cü il tarixdən müddətdən artıq hərbi xidmətdə sayılmaqla Maddi təminat taborunda ərzaq anbarı rəisi vəzifəsinin icrasına başlamışdır. Qubadlı RHK-nın çağırışçısı, MTT-nun hərbi qulluqçusu İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 309 nömrəli əmrilə (§-10, səh-14, əmrdə adının qarşısında xx.xx.1994”0 mişdir) ştatdan kənar edilməklə bütün müavinatlardan çıxarılmış və ilkin istintaq materialı taplanıb hüquq mühafizə orqanlarına verilmişdir. Hərbi hissəni özbaşına tərk etmiş, Qubadlı RHK-nın çağırışçısı, maddi təminat taborunun hərbi qulluqçusu, sıravi İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Qərargahının xx.xx.1994-cü il tarixli müvafiq Direktivinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 316 №-li əmrilə) xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılaraq sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir.
30. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon Bölməsinin 24 iyun 2022-ci il tarixli, 180 saylı arayışından görünür ki, 1959-cu il təvəllüdlü İddiaçı həqiqətən də xx.xx.1993-cü il tarixdən oktyabr 1993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmət keçmişdir.
31. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli 574 nömrəli qərarından görünür ki, İddiaçı diaqnozu – “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir.
32. Eləcə də iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6915/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası təmin edilərək cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulunun tutulması qət edilmişdir.
33. İşə apellyasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Hərbi prokurorluğuna sorğu verilərək İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidməti yerini özbaşına tərk etməyə, fərariliyə və ya gigər hərbi cinayətlərə görə məhkum edilibedilməməsi barədə ətraflı məlumatın müvafiq təsdiqedici sənədlərin surətləri əlavə edilməklə təqdim edilməsi, habelə Dövlət Tibbi-Sosial Ekspertiza və Resbilitasiya Agentliyinə sorğu verilərək İddiaçı ilk dəfə hansı tarixdən əlillik təyin edilməsi, əlilliyin səbəbi və sonuncu müayinənin nəticəsi barədə məlumatin müvafiq sənədlər əlavə edilməklə qısa müddət ərzində məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur.
34. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Resbilitasiya Agentliyi 27 iyul 2022-ci il tarixli məktubla sorğuya cavab olaraq bildirmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2013-cü ildə “ümumi xəstəlik” səbəbi ilə ilkin təyin olunmuş ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2015-ci ildə bir il müddətinə uzadılmışdır. Növbəti dəfə vətəndaşın əlillik səbəbi dəyişdirilmiş və xx.xx.2016-cı ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə beş il müddətinə (xx.xx.2021-ci ilədək) ikinci dərəcə əlillik barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə İddiaçı xx.xx.2021-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində xx.xx.2021-ci ildən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “keçirilmiş qapalı kəlləbeyin travmasının (baş beynin əzilməsi) davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya tez-tez təkrarlanan (ayda 5-6 dəfə) qıcolma tutmaları ilə. Xoşxassəli kəllədaxili hipertenziya”. Diaqnozu-anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərar verilmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının N nömrəli hərbi hissədə xidmət keçməsi hərbi hissənin nizami hissə üzrə əmrləri ilə təsdiq olunduğundan və iddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə hərbi hissə döyüş əməliyyatlarında iştirak etdiyindən, habelə iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan yuxarıda istinad edilən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən ona mühribə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur.
36. Belə ki, iddiaçının “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmiş Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli 574 nömrəli qərarı inzibati akt kimi ləğv olunmamış, geri çağırılmamış və hazırda qüvvədədir. İddiaçı xx.xx.2021-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Resbilitasiya Agentliyində əyani müayinə olunmaqla onun barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilsə də, iddiaçının ən azından xx.xx.2014-cü il tarixdən sonuncu müayinə tarixinədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs statusunda olması işin mübahisəsiz halıdır.
37. Bundan əlavə, iddiaçı hazırkı iş üzrə apellyasiya baxışı zamanı müvafiq bank kartından çıxarışı və e-sosial.gov.az portalından məlumat vərəqini təqdim edərək ona cari ilin 02-03 avqust tarixlərində hazırkı qərarın 18-19-cu bəndlərində istinad edilmiş normalara uyğun olaraq 6600 manat məbləğində birdəfəlik ödəmə verildiyini bildirmişdir.
38. Həmçinin Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli sorğuya cavabda bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etməsi ilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir.
39. Beləliklə də iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halda qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan cavabdehin ona münasibətdə veteran adının və vəsiqəsinin verilməsindən imtinası qanunvericiyin tələblərinə uyğun olmamışdır.
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(118)-790/2022 nömrəli qərarı ləğv edilsin və yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.