Məhkəmə qərarları › İş №2-1(105)-461/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-461/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-461/2024 23.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iş üzrə (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2731/2023 nömrəli qərarından üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü Nəcəfov Hüseyn Cavid oğlu ünvan 1 ünvanında qeydiyyatdadırlar. RX seriyalı, ******* saylı, xx.xx.2012-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir. Sumqayıt şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Üçüncü şəxslər xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü Nəcəfov Hüseyn Cavid oğlunun onun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Nizami küçəsi, 9-cu məhəllə, 10 saylı evin, 15 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Nizami küçəsi, 9-cu məhəllə, 10 saylı evin, 15 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Hazırda nəvələri xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü Nəcəfov Hüseyn Cavid oğlu həmin mənzildə qeydiyyatdadırlar və hal-hazırda həmin mənzildə yaşamırlar. Oğlu Nəcəfov Cavid Elman oğlu xx.xx.2014-cü ildə X5 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü Nəcəfov Hüseyn Cavid oğlu anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-1370/2021 saylı qətnaməsi ilə idda təmin edilərək iddiaçı Əsli Əhmədova ilə cavabdeh Nəcəfov Cavid Elman oğlu arasında xx.xx.2014-cü ildə Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra xx.xx.2016-cı il təvəllüdlü Nəcəfov Hüseyn Cavid oğlu və xx.xx.2014-cü il təvəllüdlü X1 Əhmədovanın yanında saxlanılmışdır. Məhkəməm qətnaməsində göründüyü kimi üçüncü şəxslər xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü Nəcəfov Hüseyn Cavid oğlunun yaşayış yeri anaları X3 yaşayış yeri müəyyən edilmişdir. Hazırda üçüncü şəxslərin anaları həmin mənzildə yaşamadıqlarına görə və həmin mənzildə qeydiyyatda olmadığına görə üçüncü şəxslərində hazırki mənzilə olan qeydiyyatları ləğv olunmalıdır. Üçüncü şəxslərin onun evində qeydiyyatda olması səbəbindən mənzilə sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Üçüncü şəxslərin Sumqayıt şəhəri, Nizami küçəsi, 9-cu məhəllə, 10 saylı evin, 15 saylı mənzilində olan qeydiyyatlarının ləğvi ilə bağlı rəsmi qaydada Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-58/2-N-101xx/xx/2023 saylı imtina məktubunda ərizəsində göstərilən məsələ ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Sumqayıt şəhər Polis İdarəsinin qeydiyyat məsələləri bölməsinin iddiaya qarşı heç bir etirazı yoxdur. İddiaçının iddiası ilə əlaqədar qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2731/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, üçüncü şəxslər xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü Nəcəfov Hüseyn Cavid oğlunun iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Nizami küçəsi, 9-cu məhəllə, 10 saylı evin, 15 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan X6 və Nəcəfov Hüseyn Cavid oğlunun mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. X6 və Nəcəfov Hüseyn Cavid oğlunun qanuni nümayəndəsi üçüncü şəxs X5 məhkəmə iclasına dəvət olunmasına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. X6 və Nəcəfov Hüseyn Cavid oğlu iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı oğlu Nəcəfov Cavid Elman oğlu ilə 17 avqust 2014-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2014-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü Nəcəfov Hüseyn Cavid oğlu anadan olmuşlar. Xasiyyəti düz gəlmədiyindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1370/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah qeydi ləğv olunmuşdur. O ailə həyatı qurandan mülkiyyətçinin razılığı ilə mübahisəli mənzilə yaşamışdır. Özü Gürcüstan vətəndaşıdır, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi var. Övladları dünyaya gələndən sonra ataları Nəcəfov Cavid Elman oğlu həmin ünvanda qeydiyyatda olduğu üçün xx.xx.2014-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü Nəcəfov Hüseyn Cavid oğlu iddiaçının razılığı ilə həmin ünvana qeydiyyata alınıblar. İşə baxan məhkəmə heç bir səbəb olmadan uşaqlarını qeydiyyatdan çıxarmışdır. Onun məhkəmə iclasları barədə heç bir məlumatı olmamışdır. Hazırda hər iki övladının şəxsiyyət vəsiqələri qüvvədən düşüb. Onlar hər ikisi Sumqayıt şəhərində orta məktəbdə təhsil alırlar. Onların qeydiyyatdan çıxarılması və Azərbaycan Respublikasının vətəndaşı olmamağı uşaqlarına çətinlik yaradır. Belə uşaqları atası Nəcəfov Cavid Elman oğlu həmin ünvanda qeydiyyatdadır və orada yaşayır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş üçüncü şəxs X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 İ və İİ bəndi. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. ... “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. ... On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. ... Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, hazırki iş üzrə iddiaçının iddia tələbi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən daimi pasport qeydiyyatında olan nəvələrinin (yetkinlik yaşına çatmamış) qeydiyyatdan çıxarılması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, müvafiq fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, bu hüquq xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hazırda inzibati iş üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması tələb olunan şəxslər idiaçının nəvələri olmaqla, həmin mənzildə pasport qeydiyyatındadırlar və orada hazırda yaşamırlar (həmin mənzildə valideynləri arasında ailə münasibətlərinin pozulmasına qədərki dövrdə yaşamışlar). Həmin şəxslər-xx.xx.2016-cı il təvəllüdlü Nəcəfov Hüseyn Cavid oğlu və xx.xx.2014-cü il təvəllüdlü X6 müvafiq məhkəmə qətnaməsi ilə analarının himayəsində saxlanılmış, hazırda da faktiki olaraq, anaları ilə birgə başqa ünvanda yaşayırlar. Həmin uşaqların anaları xarici ölkə vətəndaşı olmaqla, müvəqqəti yaşayış yeri üzrə ünvan 3 ünvanında qeydiyyatda olmuşdur (xx.xx.2024-cü ilə kimi). İlk növbədə qeyd olunmalıdır ki, həmin uşaqlar mübahisə predmeti olan yaşayış sahəsində 2009-ci il tarixdən sonra pasport qeydiyyatına alındığından, qüvvədə olan qanunvericilik normalarının tələbinə əsasən həmin şəxslərin yaşayış sahəsinə dair istifadə hüququnun olub-olmaması halının müəyyən edilməsinə dair mübahisəli hüquq münasibəti məhz qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin normaları tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinin tələbinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Həmçinin, həmin qərardad qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Ailə Məcəlləsinin 89-cu maddəsində məhz baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, 90-cı maddəsində isə nəvələrin baba və nənəni saxlamaq vəzifəsi ehtiva edilmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən şəxs yaşayış yeri üzrə qeydiyyata alınır. Yetkinlik yaşına çatmayana şəxslərin yaşayış yeri isə məhz valideynlərinin yaşayış yeri sayılır. İndiki halda işin müstəsna halı ondan ibarətdir ki, uşaqların himayəsində qaldığı valideyn xarici ölkə vətəndaşı olmaqla, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri mövcud deyildir. Uşaqlar hazırda digər valideyni olan ataları ilə birlikdə iddiaçı nənələrinə məxsus olan mənzildə pasport qeydiyyatındadırlar. Uşaqların hazırda həmin evdə yaşamaması onların iradəsindən asılı olan səbəblərdən baş verməmişdir. Göründüyü kimi, indiki halda uşaqlar digər valideyn anasının himayəsində saxlanılsa da, həmin valideyn özü xarici ölkə vətəndaşı olmaqla, daimi pasport qeydiyyatında olduğu yer mövcud olmamışdır. Belə olan halda isə uşaqlar digər valideyn anasının himayəsində olması halı onların iddiaçıya məxsus olan mənzildən papsort qeydiyyatından çıxarılması üçün əsas olan hal kimi yanaşılması ilk növbədə uşaqların üstün mənafeyinə birbaşa təsir etməklə, onların təhsil, sağlamlıq və bir sıra digər hüquqlarının səmərəli şəkildə realizə edilməsinə maneçilik törədilməsinə gətirib çıxarda bilər. Başqa sözlə desək, qeyd edilən uşaq hüquqlarının realizəsinə məhz uşaqların daimi pasport qeydiyyatında olması halının təsiretmə ehtimalı vardır. Uşaqların həmin ünvanda digər valideyn ataları ilə birlikdə qeydiyyatda olduğu, habelə nənələrinə məxsus olan yaşayış evində qeydiyyatda olduqları halda (yuxarıda istinad edilən qanunvericilik normasının tələbi baxımından uşaqların nənənin ailə üzvi hesab oluna bildiyi halda), yalnız valideyn analarının (daimi yaşayış yeri olmayan və xarici ölkə vətəndaşı olan) himayəsində saxlanılması və onunla birlikdə yaşaması halının əsas götürülməklə, onların pasport qeydiyyatından çıxarılması məsələsinin həlli özlüyündə uşaqların üstün mənafeyinin təmin edilməsi prinsipinin tələblərinə zidd olmuş olar. İndiki halda uşaqlar digər valideyn-atalarının qeydiyyatda olduğu ünvanda onunla birlikdə qeydiyyatadadırlar. Belə olan halda digər valideyn-atalarının birgə nikahdan anadan olmuş övladlarının daimi pasport qeydiyyatında qalmalarını təmin etmək imkanı mövcuddur. Nəticə olaraq isə övladlarının yaşayış yeri üzrə qeydiyyatının ola bilməməsi kimi halların qarşısını almaq imkanı var, hansı ki bu imkan özlüyündə uşaqların hüquqlarının daha səmərəli şəkildə realizəsinə şərait yaratmış olacaqdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda mübahisə predmeti məhz uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsi təşkil etdiyindən, mübahisəli hüquq münasibəti formal yanaşma tətbiq edilməklə deyil, məhz uşaqların üstün mənafeyi, uşaq hüquqlarının ədalətli, səmərəli təmin edilməsinə şərait yaradılması, uşaq hüquqlarının səmərəli təmin edilməsində valideynlərin bərabər öhdəlik daşıması kimi prinsiplərin tələbləri əsas götürülməklə, tənzimlənməsi məqsədəmüvafiqdir. Qeyd edilən prinsiplərin tələbi əsas götürüməklə, məhkəmə kollegiyası hesab edir ki, indiki halda uşaqların himayəsində olduqları valideyn xarici ölkə vətəndaşı olduğundan, daimi qeydiyyatda olduğu yaşayış yeri olmadığından, indiki halda isə uşaqların digər valideyn ataları ilə birlikdə məhz atalarının qeydiyyatda olduğu ünvanda qeydiyyatda olduqlarından, habelə həmin yaşayış sahəsi isə onların ailə üzvi hesab edilə bilən nənələrinə (iddiaçıya) xüsusi mülkiyyət hüququ əsasında məxsus olduğundan, onların həmin evdə yaşamaması (hansı ki bu hal da onların iradəsinin nəticəsi kimi ortaya çıxmamışdır) mənzidən qeydiyyatdan çıxarılması üçün əsas kimi qəbul edilməməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaq barəsində bütün tədbirlərdə onun mənafeləri tam həcmdə nəzərə alınmalıdır. Konvensiyanın 18-ci maddəsinin tələbinə əsasən valideynlər uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti birlikdə daşıyırlar. Həmçinin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə mə ruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məs uliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən uşaq hüquqlarının səmərəli müdafiəsi, uşaqların üstün mənafeyinin təmin edilməsi və digər prinsiplərin tələbləri nəzərə alınmadan, formal yaşama tətbiq edilməklə, işin müstəsna hallarına uşaqların üstün mənafeyin baxımından əhəmiyyət verilməmiş, bununla da iş üzrə gəldiyi nəticə ilk növbədə uşaq hüquqlarının müdafiəsi ilə bağlı prinsiplərin tələblərinə və uşaq hüquqları haqqında qanunvericiliyin məqsədinə zidd olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin şikayəti əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmadığından, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2731/2023 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar