Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-461/2025 06.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (Açar sözlər: mülkiyyət hüququnun qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X16, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin e-2- 1(118)-1192/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları MH seriyalı, ******* nömrəli, 27 noyabr 2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Qusar rayonu, Çiləgir kəndində mülkiyyətində olan 0,2418 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 27.7 kv.m yaşayış, 68.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. 30 dekabr 2009-cu il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X1 rayonu, Çiləgir kəndində yerləşən 0,2418 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evin yalnız 0,13 ha həyətyanı torpaq sahəsini nəvəsi İddiaçı Səryal oğluna bağışlamışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 20 mart 2016-cı il tarixdə ölmüşdür. Cavabdehin imtina bildirişindən görünür ki, sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən, 0,13 ha torpaq sahəsinə dair tərəflər arasında razılaşdırılmış və notarial qaydada təsdiq olunmuş bölgü sxemi təqdim edilməmişdir. Bu səbəbdən də, torpaq sahəsinin texniki göstəricisini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır. 14 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, Qusar rayonu Notariat Kontorunda 4ə-1-185 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi əsasında İddiaçı bağışlanmış 0,13 ha torpaq sahəsinə İddiaçı faktiki istifadə vəziyyətinə uyğun qaydada həmin şəxsin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına müvafiq çıxarışın verilməsinə dair qərar qəbul edilməsini X13, X8, X11 və X14 xahiş etmişdirlər. Cavabdehin müayinə aktından görünür ki, Qusar rayonu, Çiləgir kəndi ərazisində yerləşən, 0,13 hektar torpaq sahəsinə yerində müayinə baxışı keçirilmiş, torpaq sahəsinin müayinə baxışı zamanı məlum olmuşdur ki, torpaq sahəsi faktiki olaraq hər tərəfdən hasara alınaraq istifadə olunur və üzərində 1 mərtəbəli fərdi yaşayış evi inşa olunmaqla cəmi 0,13 hektar ölçüdə təşkil edir. Torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaq sahələrinə aid olmaqla, mülkiyyət növü xüsusidir və X5 adına torpaq sahəsi ümumi 0,2418 hektar ölçüdə olmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********38-10301 reyestr nömrəli çıxarış verilmişdir. Torpaq sahəsi kommunikasiya xətlərinin qoruma zolağına düşmür. Qusar Rayon Məhkəməsinin e-2(029)-146/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X6 və üçüncü şəxs Qusar rayon Notariat ofisinə qarşı “vəsiyyət üzrə vərəsəlik zamanı mirasdan məcburi payın ayrılması” tələbinə dair, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X4 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X3 və üçüncü şəxs Qusar rayon Notariat ofisinə qarşı “mirasa dair vəsiyyət üzrə vərəsəlik müəyyən olunmaqla mirasın mülkiyyətə verilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə ilkin iddia təmin edilmiş, vəsiyyət üzrə vərəsəlik zamanı mərhum X5 miras kütləsinə daxil olan, Qusar rayonu Çiləgir kəndində yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.1118 ha həyətyanı torpaq sahəsinə dair X2 1/12 hissədə məcburi payı müəyyən edilmiş, qarşılıqlı iddia təmin edilmiş, X5 miras kütləsinə daxil olan, Qusar rayonu Çiləgir kəndində yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair vəsiyyət üzrə vərəsəlik müəyyən olunmaqla X4 miras payı 7/12 hissədə müəyyən olunaraq mülkiyyətinə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 30 dekabr 2009-cu il tarixdə bağlanmış və Qusar rayonu Notariat Kontorunda 4ə-1-185 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi əsasında ona bağışlanmış 0,13 ha torpaq sahəsinə dair onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar rayonu Çiləgir kəndində yerləşən 0.2418 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə onun nənəsi X7 məxsus olmuş və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat, **********38- 10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Onun nənəsi X10 özünün mülkiyyətində olan 0.2418 ha torpaq sahəsinin 0.13 ha hissəsini ona bağışlamaqla onların aralarında 30 dekabr 2009-cu il tarixdə bağışlama müqaviləsi bağlanmış və həmin müqavilə Qusar rayonu Notariat Kontorunda 4ə-1-185 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Bundan sonra onun nənəsi Zərbaf Xeyirbəyova ona bağışladığı 0.13 ha torpaq sahəsini ölçərək şifahi şəkildə təhkim etmiş və həmin torpaq sahəsindən istifadə etməklə ona sahiblik etməyə başlamışdır. Daha sonra isə ona bağışlanan 0.13 ha torpaq sahəsində həmin şəxsin tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Həmin evin layihəsi Qusar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmışdır. Onun nənəsi X10 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Bu yaxınlarda ona bağışlanmış 0.13 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ üzrə adına qeydiyyata alınması və adına müvafiq çıxarışın verilməsi üçün hüquqların dövlət qeydiyyatını həyata keçirən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarə xx.xx.2023-cü il tarixli 3-21-3-34/2- 5793/2023 saylı məktubla bildirmişdir ki, 0.13 ha torpaq sahəsinə dair tərəflər arasında razılaşdırılmış və notarial qaydada təsdiq olunmuş bölgü sxemi təqdim edilmədiyindən torpaq sahəsinin texniki göstəricisini əks etdirən torpaq sahəsinin plan və ölçüsünün və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır. Bu səbəbdən də həmin idarə tərəfindən bağışlama müqaviləsi əsasında onun əldə etdiyi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin həmin mövqeyini əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının konkret əsasları nəzərdə tutulmuşdur. Həmin maddədə hüquqların dövlət qeydiyyatının əsası kimi torpaq sahəsinin bölgü sxemi nəzərdə tutulmamışdır. Çünki, həmin sənəd texniki sənəd olmaqla torpaq sahəsinin ölçülərini özündə əks etdirir və hüquqmüəyyənedici sənəd deyil. O isə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının əsası kimi nəzərdə tutulan bağışlama müqaviləsini həmin idarəyə təqdim etmişdir. Həmin idarə imtinanın səbəbi kimi həmin Qanunun 11.1-ci maddəsinə istinad etmişdir. Həmin maddədə qeyd olunur ki, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Onun mülkiyyət hüququnu əldə etdiyi bağışlama müqaviləsi isə qanunla tələb olunan bütün şərtlərə əməl olunmaqla bağlanmış və müvafiq qaydada notariat orqanında təsdiq edilmişdir. Həmin müqavilənin forma və məzmununda hər hansı qüsur mövcud deyil. Bu səbəbdən də, onun bağışlama müqaviləsi əsasında əldə etdiyi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina olunması qanuni və əsaslı deyil. Bundan başqa, onun tərəfindən bölgü sxeminin təqdim edilməməsinin səbəbi odur ki, nənəsi Zərbaf Xeyirbəyova vəfat etmişdir. Lakin, həmin şəxs vəfat etməmişdən əvvəl özünün mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam hüququnu həyata keçirməklə 0.13 ha torpaq sahəsini ona bağışlamışdır. Ona bağışlanan torpaq sahəsi həmin vaxtdan etibarən sahibliyində və istifadəsindədir. Torpaq sahəsinə dair plan və ölçü sənədinin hazırlanması üçün qeydiyyat orqanının səlahiyyətli mühəndisi tərəfindən torpaq sahəsinə yerində baxış keçirilsə və torpaq sahəsi ölçülsə idi, bunu aydın şəkildə müşahidə edə bilərdi. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi bölgü sxeminin Ərizəni imzalayan şəxs haqqında məlumat təqdim edilməməsi onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına hüquqi maneə kimi qəbul edilə bilməz, həmin səbəbə görə bağışlama müqaviləsi əsasında əldə etdiyi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməsi qanunsuzdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı imtina bilirişinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, bölgü sxemi təqdim edilmədiyindən bağışlanmış və ayrılacaq torpaq sahələrinin hansı hissələrdən ibarət olması (istiqaməti) məlum deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-1192/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mərhum X7 məxsus olan 0,2418 ha torpaq sahəsindən iddiaçıya 0,13 ha torpaq sahəsi bağışlanmış olsa da, həmin ərazinin bölgüsü vərəsələr arasında rəsmi olaraq aparılmamışdır. Göründüyü kimi, iddiaçıya məxsus 0,13 ha torpaq sahəsinin faktiki ərazisi və yeri rəsmi sənədlərnən müəyyən edilməmişdir. Bu səbəbdən də, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi hazırkı halda mümkün deyil. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının konkret əsasları nəzərdə tutulmuşdur. Həmin maddədə hüquqların dövlət qeydiyyatının əsası kimi torpaq sahəsinin bölgü sxemi nəzərdə tutulmamışdır. Çünki, həmin sənəd texniki sənəd olmaqla torpaq sahəsinin ölçülərini özündə əks etdirir və hüquqmüəyyənedici sənəd deyil. O isə mülkiyyət hüququmun dövlət qeydiyyatına alınmasının əsası kimi nəzərdə tutulan bağışlama müqaviləsini məhkəməyə təqdim etmişdir. Ona bağışlanan torpaq sahəsi bağışlanan vaxtdan etibarən onun sahibliyində və istifadəsindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilən torpaq sahəsinin faktiki olaraq onun tərəfindən hər tərəfdən hasara alınaraq mübahisəsiz istifadə olunması və üzərində 1 mərtəbəli yaşayış evinin inşa olunmaqla ümumilikdə 0,13 ha ölçüdə təşkil etməsi qeyd edilmişdir. Bundan başqa onun nənəsi X5 hazırda sağ olan 4 nəfər vərəsəsi X13, X8, X11 və Yunusova Xədicə Binyəddin qızı Sumqayıt İnzibati Məhkəməsinə məktubla müraciət edərək Qusar rayonu Notariat Kontorunda 4ə-1-185 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi əsasında onun faktiki istifadə vəziyyətinə uyğun qayada həmin şəxsin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına müvafiq çıxarışın verilməsinə dair qərar qəbul etməsini xahiş emişlər. Bölgü sxeminin təqdim edilməməsi onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına hüquqi maneə kimi qəbul edilə bilməz, həmin səbəbə görə onun bağışlama müqaviləsi əsasında əldə etdiyi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunsuzdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ...... Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;..... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və çıxarışın verilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinə dair tərəflər arasında razılaşdırılmış və notarial qaydada təsdiq olunmuş bölgü sxemi təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Qusar rayonu, Çiləgir kəndində mülkiyyətində olan 0,2418 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 27.7 kv.m yaşayış, 68.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 məxsus olmaqla, onun adına mülkiyyət hüququ 27 noyabr 2008-ci il tarixdə dövlət qeydiyyatına alınmış, onun adına texniki pasport tərtib edilmişdir. Daha sonra X10 ilə iddiaçı (nəvəsi) arasında 30 dekabr 2009-cu il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanma müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,2418 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evin yalnız 0,13 ha həyətyanı torpaq sahəsi iddiaçıya bağışlanmışdır. Məhkəmə araşdırması zamanı bağışlanma müqaviləsinə aid notariat işi tələb edilərək, tədqiq edilmişdir. Qeyd edilən notariat işinin məzmunundan görünür ki, sözügedən daşınmaz əmlak üzrə qeydiyyatda olan iki nəfər şəxs vəfat etmiş, pasport qeydiyyatdında X10 və Əliyev Cavad saryal oğlu olmuş, Əliyev Cavad tərəfindən isə əmlakın bağışlanmasına etiraz etməməsinə dair notaril qaydada yazılı ərizə təqdim edilmişdir. İş materiallarından görünür ki, X10 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, onun vərəsləri qismində 5 nəfər övladı (X13, X15, X14, X11, X9) çıxış etmişdir. İş materiallarından görünür ki, vəfat etmiş X5 vərəslərindən X13, X15, X14, X11 tərəfindən məhkəməyə yazılı ərizə təqdim edilərək, analarının 0,13 ha torpaq sahəsini iddiaçıya bağışladığını, həmin sahə ölçülərək, iddiaçıya təhvil verildiyini, iddiaçı tərəfindən orada ev inşa edildiyini, həmin hissədə faktiki istifadə vəziyyətinə uyğun olaraq, iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına etirazlarının olmadığını bildirmişlər. Həmçinin, vərəsələr arasında məhz yerdə qalan 0,1118 ha torpaq sahəsi və onun üzərində yerləşən ev ilə bağlı vərəsəlik məsələlərinə dair mülki qaydada iddia tələbi irəli sürülmüşdür. İş materiallarından görünür ki, sözügedən torpaq sahəsi cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmişdir. Həmin aktın məzmununda qeyd edilmişdir ki, torpaq sahəsinin faktiki olaraq hər tərəfdən daş hasara alınaraq istifadə olunduğu, üzərində 1 mərtəbəli fərdi yaşayış evi inşa olunmaqla, 0,13 ha təşkil etdiyi, elektron uçot məlumat bazasında yaşayış məntəqələrinin torpaq sahələrinə aid olmaqla, mülkiyyət növü xüsusidir, X5 adına 0,2418 ha ölçüdə torpaq sahəsinə dair çıxarış verilmiş, kommunikasiya xəttlərinin qorunma zolağına düşmür. Həmçinin, cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən iddiaçıya məxsus olan 0,13 ha torpaq sahəsinin naturada yeri müəyyən edilməklə, mövcud vəziyyətə uyğun yeruqurluşu planından çıxarış tərtib edilmiş, koordinatları əks olunmuş və yerləşmə vəziyyətinə uyğun sxem tərtib olunmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan bölgü sxemi təqdim edilmədiyindən, bağışlanmış və ayrılacaq torpaq sahələrinin hansı hissələrdən ibarət olmasının (istiqamətinin) məlum olmaması halına əsaslanaraq, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edir. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmışdır. Həmçinin, məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi məhz bağışlanma müqaviləsinin predmeti olan ölçüdə (0,13 ha) naturada mövcuddur, əvvəlki mülkiyyətçiyə məxsus olan 0,2418 ha torpaq sahəsindən faktiki olaraq ayrı olmaqla, ayrıca daş hasar daxilində yerləşir. Eyni zamanda işin müəyyən edilmiş hallarından görünür ki, yerdə qalan 0,1118 ha torpaq sahəsinin əvvəlki mülkiyyətçisi vəfat etmiş, onun vərəsələri tərəfindən isə məhz yerdə qalan həmin ölçüdə torpaq sahəsi ilə bağlı vərəsəlik işi açılmaqla, mülki qaydada məhz həmin yerdə qalan ölçüdə olan torpaq sahəsi miras əmlak kimi qeyd edilmiş, ona dair tələb irəli sürülmüş, məhz yerdə qalan 0,1118 ha torpaq sahəsi üzərində vərəsələrin pay hüququ müəyyən edilmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vəfat etmiş əvvəlki mülkiyyətçinin vərəsələri iddiaçıya 0,13 ha torpaq sahəsinin bağışlanma müqaviləsi əsasında onun mülkiyyətinə verildiyini, məhz həmin ölçüdə olan torpaq sahəsinin iddiaçının istifadəsində olduğunu, orada ev inşa etdiyini, həmin hissə ilə bağlı aralarında həra hansı mübahisə olmadıqlarını bildirmişlər. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vərəsələr və iddiaçı arasında hər hansı mübahisə olmasa da, hazırda bölgü sxeminin tərtib edilməsinin məhz vərəsələrdən biri olan X4 xarici ölkədə yaşaması, bölgü sxeminin tərtib edilməsində iştirakının mümkün olmaması səbəbindən iddiaçının mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasında maneçilik yaranmışdır. Göründüyü kimi, indiki halda sözügedən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ yaranmış, sözügedən torpaq sahəsi uzun müddətdir ki, faktiki olaraq ayrılmış, hətta həmin hissədə ev inşa edilməklə, iddiaçının faktiki istifadəsində olmuş, naturada koordinatları və yerləşmə sxemi müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, notarial qaydada bölgü sxeminin tərtib edilməsində məqsəd torpaq sahəsinin faktiki ayrılmasının, faktiki yerinin və ona uyğun olaraq faktiki yerləşmə vəziyyətində koordinatlarının müəyyən edilməsi, ona uyğun plan və ölçü sənədinin tərtib edilməsindən ibarətir. Başqa sözlə desək, bölgü sxeminin tərtib edilməsi məhz ayrılan torpaq sahəsinin yerinin dəqiq şəkildə müəyyən edilməsinə xidmət edir. İndiki halda isə torpaq sahəsi iddiaçı tərəfindən müqavilə əsasında əldə etmiş (hansı ki bu hal mülkiyyət hüququnun yaranması əsası kimi çıxış edir),naturada yerdə qalan torpaq sahəsindən ayrılmış, faktiki olaraq daş hasar daxilində yerləşməklə, faktiki ayrı torpaq sahəsi kimi mövcud olmuş, cavabdeh tərəfindən də ayrılan torpaq sahəsinin faktiki yerləşmə mövqeyi və koordinatları müəyyən edilmiş, ona uyğun yerquruluşu planından çıxarış tərtib edilmiş, həmin faktiki istifadə vəziyyəti ilə bağlı isə yerdə qalan torpaq sahəsinin qanuni sahibləri ilə iddiaçı arasında mübahisə olmamışdır. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən işin faktiki halları inzibati icraat çərçivəsində tam araşdırılmamış, özü tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin faktiki olaraq daş hasar daxilində yerləşdiyini, həmin hasar daxilində olan hissənin ölçüsünün 0,13 ha olduğunu, həmin hissənin yerləşmə mövqeyini və koordinatlarını müəyyən edə bildiyi, habelə yerdə qalan torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin vərəslərinin faktiki istifadə vəziyyəti ilə bağlı hər hansı etirazlarının olmaması halına əhəmiyyət verməmişdir. Başqa sözlə desək, cavabdeh inzibati orqan heç bir mübahisə olmadığı halda, özünün müəyyən etdiyi faktiki istifadə vəziyyətinə (koordinatlar və yerləşmə mövqeyinə) uyğun mülkiyyət hüququnun dövlət qeydiyyatına almaq imkanına malik olduğu halda, öz öhdəliyini formal əsaslara istinad etməklə icra etməmişdir. Halbuki, inzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Başqa sözlə desək, cavabdeh inzibati orqan bölgü sxeminin müəyyən etdiyi halı aşkar şəkildə digər sübutlar əsasında müəyyən etmək imkanına malik olduğu halda, formal olaraq bölgü sxeminin olmaması halına istinad etmiş, bu hal isə inzibati icraat haqqında qanunvericiliyin tələbinə zidd olmuşdur. Nəticə etibarilə cavabdehin hərəkətləri iddiaçının mövcud olan mülkiyyət hüququndan məhrum olmasına, bu hüququnun məhdudlaşdırılmasına, dolayısı ilə mülkiyyət hüququnun realizəsinə maneçilik törədilməsinə gətirib çıxarda bilər. Bu baxımından kollegiya hesab edir ki, indiki halda cavabdeh inzibati orqan inzibati icraat zamanı işin faktiki hallarını tam araşdırmamış, imtina və etirazın əsası kimi istinad etdiyi hal formal xarakter daşıdığından, əsassız olmuş, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, işin halları tam aydınlaşdırılmamış, cavabdehin hərəkətlərinin qanuniliyi qanunvericilik normasının tələbi baxımından düzgün yoxlanılmamış, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-1192/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Qusar rayonu Notariat Kontorunda 4ə-1-185 reyestr nömrəsi ilə qeydə alınmış 30 dekabr 2009-cu il tarixli bağışlanma müqaviləsi əsasənda iddiaçıya verilmiş (bağışlanmış) Qusar rayonu Çiləgir kəndində yerləşən 0,13 ha torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-461/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-461/2025
06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver