Məhkəmə qərarları › İş №2-1(105)-462/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-462/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-462/2021 01.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə İddiaçı və onun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə2 və üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “30 iyun 1998ci il tarixdən 17 aprel 2000-ci il tarixədək olan xidmətdə olduğu müddəti hərbi xidmət dövrünə daxil edilməsi barədə məlumat vərəqinin doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(118)-208/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 30 iyun 1998-ci il tarixdən 17 aprel 2000-ci il tarixədək olan xidmətdə olduğu müddəti hərbi xidmət dövrünə daxil edilməsi barədə məlumat vərəqinin doldurularaq DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi göstərilmişdir ki, İddiaçıu xidmət illərinin hesablanmasına yenidən baxılmış və məlum olmuşdur ki, hesablamada heç bir səhvə yol verilməmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-1990-cu illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 24 may 1991-ci il tarixdə N №li hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmətə başlamış və həmin hərbi hissədə N iyul 1992-ci il tarixədək, yəni AR Silahlı Qüvvələrinin N №li hərbi hissədə xidmətə keçirilənədək xidmət etmişdir (N №li hərbi hissə N №li hərbi hissənin bazasında yaradılmışdır). Xidmətdə olduğu dövrlərdə iddiaçıya 24 may 1991-ci il tarixdə N №li hərbi hissədə "kiçik çavuş" hərbi rütbəsi, 13 may 1992-ci il tarixdə "gizir" hərbi rütbəsi, bundan sonra AR MN-nin 0172 №li 07 noyabr 1999-cu il tarixli Əmri ilə ona "leytenent" hərbi rütbəsi, 10 dekabr 2001-ci il tarixdə HHQ və HHMQ Komandanının 11/R N2-1İ 10 dekabr 2001-ci il tarixli Əmri ilə "baş leytenent" hərbi rütbəsi, 03/R №li 225 iyun 2005-ci il tarixli Əmri ilə "kapitan" hərbi rütbəsi, AR MN-nin 0110RT №li 23 dekabr 2009-cu il tarixli Əmri ilə "mayor" hərbi rütbəsi, AR MN-nin 1-ci müavini BQR-nin 0870 №li N iyul 2018-ci il tarixli Əmri ilə "polkovnik-leytenent" hərbi rütbəsi verilmişdir. N №li hərbi hissədə xidmət edərkən N avqust 1992-ci il tarixdən iddiaçı AR MN-nin 329 №li N avqust 1992-ci il tarixli Əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmadan Riqa Aviasiya Universitetinə təhsil almaq üçün göndərilmişdir. Riqa Aviasiya Universitetinə MNnin xətti ilə 1992-ci ildə təhsil almağa 50 nəfər göndərilmişdi və onların arasında yeganə hərbi qulluqçu iddiaçı olmuşdur. Riqa Aviasiya Universitetində 3 il təhsil aldıqdan sonra iddiaçı, həmin Universitetdən geri çağırılmış və yarımçıq qalan təhsilini AR MN-nin xətti ilə AR Milli Aviasiya Akademiyasında davam etdirmişdir. İddiaçı, 30 iyun 1998-ci il tarixdə AR Milli Aviasiya Akademiyasını bitirdikdən sonra bir müddət qeyri-rəsmi (yəni heç bir əmr olmadan) sərəncamda qalmış və 17 aprel 2000-ci il tarixdə N №li hərbi hissədə "enmə zonasının rəhbəri" təyin edilmişdir. Həmin vaxtdan xidmətinin sonunadək, yəni 09 yanavar 2019-cu il tarixədək HHQ-nin müxtəlif hərbi hissələrində xidmət keçmiş və 09 yanvar 2019-cu il tarixdən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi onun 30 iyun 1998-ci ildən 17 aprel 2000-ci ilədək olan xidmət dövrü pensiya təyin edilrəkən nəzərə alınmamışdır. Hansı ki, həmin dövrdə iddiaçının sərəncamda olması barədə AR MN-nin müvafiq rəsmi Əmri yoxdur. Belə olan halda həmin dövürdə iddiaçı, xidmətdə olan kimi hesab edilməlidir. Lakin bu edilməmişdir. Bu isə iddiaçının konstitusion hüquqlarını kobud şəkildə pozur. Bununla əlaqədar iddiaçı, AR MN-nin Hüquq İdarəsinə, Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə, Maliyyə Büdcə İdarəsinə, o cümlədən MN-nin Mərkəzi Arxiv İdarəsinə müraciətlər etmişdir. Lakin müraciətlərinin heç bir müsbət nəticəsi olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(118)-208/2021 saylı qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır (hakim İsmayıl Quliyev). Qərardan iddiaçı apelyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli 2-l(108)-208/2021 saylı qərarının ləğv edilməsini, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsini məhkəmə prosesinə üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini, 30 iyun 1998-ci il tarixdən 17 aprel 2000-ci il tarixədək olan xidmətdə olduğu müddəti hərbi xidmət dövrünə daxil edilməsi barədə məlumat vərəqinin doldurulaaraq DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsini AR MN-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, 30 iyun 1998-ci il tarixdən 17 aprel 2000-ci il tarixədək olan xidmətdə olduğu müddəti hərbi xidmət dövrünə daxil edilməsi barədə məlumat vərəqinin doldurularaq DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi üçün cavabdeh AR Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin cabandeh AR MN tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi göstərilmişdir ki, guya İddiaçı xidmət illərinin hesablanmasına yenidən baxılmış və məlum olmuşdur ki, hesablamada heç bir səhvə yol verilməmişdir. Cavaddehin bu imtina cavabından narazı qalaraq Sumqayıt İnzibati Məhkəməsinə məcburetməyə dair iddia ərizəsi ilə müraciət etmişdir. Təssüflər osun ki, Sumqayıt İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli 2- l(108)-208/2021 saylı qərarı ilə onun iddia tələbi əsassız hesab edilərək təmin edilmədən saxlanılmışdır. Hesab edir ki, məhkəmənin mübahisə üzrə qəbul etdiyi qərar həm maddi, həm də prosessual normaların pozulması ilə qəbul edildiyindən apelyasiya qaydasında ləğv edilməli, mübahisə üzrə tamamilə yeni məzmunda qərar qəbul edilməlidir. APELYASİYA ŞİKAYƏTİNƏ ETİRAZ Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi apelyasiya şikayətinə etirazında aşağıdakıları qeyd etmişdir: “...Müdafiə Nazirliyi iddiaçının “Azal” Dövlət Konsernin Milli Aviasiya Akademiyasını bitirməsi barədə məlumatı yalnız, F.H.Bhmədovun şəxsi işi (qeyd şəxsi işindəki xidməti siyahısı 16.12.1999-cu il tarixdə tərtib edilmişdir) Müdafiə Nazirliyinə daxil olandan və 17.04.2000-ci il tarixdən sonra olmuşdur. Belə ki, İddiaçı adına verilmiş Yavər Əliyev adına Milli Aviasiya Akademiyasının 02.04.1999-cu il tarixli 042328 nömrəli diplomundan müəyyən edilmişdir ki, ona dövlət imtahan komissiyasının 30.06.1998-ci il tarixli qərarı ilə mühəndis pilot ixtisası verilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanununun 38.2.1-ci maddəsinə əsasən xarici ölkələrdə hərbi təhsil almaqla və ya beynəlxalq təşkilatda müvafiq vəzifəyə təyin edilməklə əlaqədar - təhsil və ya müvafiq vəzifədə xidmət müddəti həqiqi hərbi xidmət müddətinə daxil edilir. Məhz bu normaya istinadən iddiaçıya 12.02.1996-cı il tarixdən 30.06.1998-ci il tarixədək olan dövr onun sərəncamda olma dövrü kimi qəbul edilmiş, uzun müddət xidmətinə və müvafiq “məlumat vərəqi”nə daxil edilmişdir. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmət zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aiddir. İddiaçının 30.06.1998-ci il tarixdən 17.04.2000-ci il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olmaması, Müdafiə Nazirliyinin və onun tabeliyində olan hərbi hissə və müəssisələrin ştatında nəzərdə tutulmuş vəzifələrə təyin olunmaması, xidməti vəzifələrin icra etməməsi və təminatda (əşya, ərzaq, tibb və pul) olmaması, qəyd olunan dövrün onun həqiqi hərbi xidmət illərinə daxil edilməklə, uzun müddət xidmət vaxtının hesablanması qanunvericiliyin tələblərinə ziddir və iddianın təmin edilməsi mümkünlüyünü istisna edir”. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil apelyasiya şikayətinin təmin edilməsini və iddiaçının 30 iyun 1998-ci il tarixdən 17 aprel 2000-ci il tarixə qədər heç yerdə işləməməsini, sərəncamda qaldığı üçün gözlədiyini nəzərə alaraq Sumqayıt İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli 2-l(108)-208/2021 saylı qərarının ləğv edilməsini, iddiaçının 30 iyun 1998-ci il tarixdən 17 aprel 2000-ci il tarixədək olan xidmətdə olduğu müddəti hərbi xidmət dövrünə daxil edilməsi barədə məlumat vərəqinin doldurularaq DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsini AR MNnin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətinin dəlillərini əssasız hesab edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(118)-208/2021 saylı qərarı ləğv edilməli, iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş“Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 20-ci maddəsinə əsasən hərbi xidmətin sonu aşağıdakı günlər sayılır: bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün; hərbi xidmətdən buraxılmazdan qabaq həqiqi hərbi xidmətdə saxlanılmaqla dövlət idarələrində, müəssisələrində və təşkilatlarında işləmiş hərbi qulluqçular üçün — həqiqi hərbi xidmətdən buraxılmasına dair əmrin imzalandığı gün. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. Eyni zamanda həmin qanunun 38.2-ci maddəsi hərbi qulluqçuların sərəncamda olma müddətlərini müəyyən edir. 38.2. Hərbi qulluqçular aşağıdakı müddətlərdə sərəncamda olurlar: 38.2.1. xarici ölkələrdə hərbi təhsil almaqla və ya beynəlxalq təşkilatda müvafiq vəzifəyə təyin edilməklə əlaqədar – təhsil və ya müvafiq vəzifədə xidmət müddətində; 38.2.2. ştatların ixtisarı və ya təşkilati-ştat tədbirləri ilə əlaqədar və “Azərbaycan Respublikası Silahlı X1”ndə nəzərdə tutulmuş qaydada vəzifədən kənar edildikdə (barəsində cinayət təqibi həyata keçirilən hərbi qulluqçulardan başqa) – 4 aydan artıq olmamaq şərti ilə; 38.2.3. xəstəliyə görə 4 aydan artıq müalicədə olduqda – həmin müalicə müddətində; 38.2.4. hamiləliyə və ya doğuşa, yaxud 3 yaşınadək uşağa qulluq etmək üçün ödənişsiz məzuniyyətə çıxdıqda - məzuniyyət müddətində; 38.2.5. 3 yaşınadək uşağı təkbaşına böyüdən kişi cinsli hərbi qulluqçu uşağa qulluq etmək üçün ödənişsiz məzuniyyətə çıxdıqda - məzuniyyət müddətində. 38.3. Bu Qanunun 38.2-ci maddəsində nəzərdə tutulmuş sərəncamda olma müddəti həqiqi hərbi xidmət müddətinə daxil edilir. İş materiallarına əsasən müəyyən olunur ki, N №li hərbi hissədə xidmət edərkən N avqust 1992-ci il tarixdən iddiaçı AR MN-nin 329 №li N avqust 1992-ci il tarixli Əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmadan Riqa Aviasiya Universitetinə təhsil almaq üçün göndərilmişdir. Riqa Aviasiya Universitetinə MN-nin xətti ilə 1992-ci ildə təhsil almağa 50 nəfər göndərilmişdi və onların arasında yeganə hərbi qulluqçu iddiaçı olmuşdur. Riqa Aviasiya Universitetində 3 il təhsil aldıqdan sonra iddiaçı, həmin Universitetdən geri çağırılmış və yarımçıq qalan təhsilini AR MN-nin xətti ilə AR Milli Aviasiya Akademiyasında davam etdirmişdir. İddiaçı, 30 iyun 1998-ci il tarixdə AR Milli Aviasiya Akademiyasını bitirdikdən sonra bir müddət qeyri-rəsmi, yəni heç bir əmr olmadan sərəncamda qalmış və 17 aprel 2000-ci il tarixdə N №li hərbi hissədə "enmə zonasının rəhbəri" təyin edilmişdir. Həmin vaxtdan xidmətinin sonunadək, yəni 09 yanavar 2019-cu il tarixədək HHQ-nin müxtəlif hərbi hissələrində xidmət keçmiş və 09 yanvar 2019-cu il tarixdən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmçinin 30 iyun 1998-ci il tarixdən 17 aprel 2000-ci il tarixə qədər heç yerdə işləməmiş, hərbi qulluqçu statusunda qalmaqda davam etmişdir. İş materiallarindan da göründüyü kimi İddiaçı Hacəhməd oğlunun həmin dövrdə hər hansı başqa ışdə işləməsini təsdiq edən sənəd təqdim edilməmişdir. 25 dekabr 1991-ci il tarixli “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qeyd olunanlara əsasən İddiaçı 30 iyun 1998-ci ildən 17 aprel 2000-ci ildək olan xidmət dövrü pensiya təyin edilərkən nəzərə alınmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə əsasən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 3-cü şəxs qismində işə cəlb edilməsini zəruri hesab etməmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(118)-208/2021 saylı qərarı tamamilə ləğv edilərək, iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(118)-208/2021 saylı qərarı tamamilə ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı iddiası təmin edilsin. İddiaçı münasibətdə 30 iyun 1998-ci il tarixdən 17 aprel 2000-ci il tarixədək olan müddətin onun ümumi iş stajı kimi hərbi xidmət dövrünə daxil ediməsi barədə yeni məlumat vərəqəsinin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar