Məhkəmə qərarları › İş №2-1(105)-462/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-462/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-462/2022 23.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli imtinasının qeyri-qanuni hesab edilərək 60 yaşının tamam olmasının nəzərə alınaraq həmin vaxtdan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-1(118)- 431/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1961-ci ildə anadan olmuş,xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

2. İddiaçıya məxsus ИТ-İ ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətində onun xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilədək, xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilədək, xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilədək, o cümlədən xx.xx.1996-cı ildən xx.xx.2014-cü ilədək Bakı Metropolitenin Yol xidmətində yol montyoru (əvvəl 2-ci, sonra 3-cü və xx.xx.2004-cü il tarixdən isə 4-cü dərəcə) vəzifəsində tuneldə, yalnız gecə vaxtı, zərərli əmək şəraitində işlədiyi, "xxxx" QSC yaradıldıqdan sonra isə xx.xx.2014-cü il tarixdən "xxxx" QSC Yol xidməti əsaslı təmir hissəsinə 4-cü dərəcə ilə yol montyoru peşəsinə qəbul edilməsi (iş gecə tuneldə xüsusi zərərli iş şəraiti), hal-hazırda işləməsi qeyd edilmişdir.

3. Azərbaycan Respublikası "xxxx" QSC-nin A/260 saylı, 22 sentyabr 2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı Bakı Metropolitenin Yol xidmətində xx.xx.1996-cı il tarixdən xx.xx.2014-cü il tarixinədək yol montyoru peşəsində işləmişdir. xx.xx.2014-cü ildən "xxxx" QSC-nin Yol xidmətində yol montyoru peşəsində işləyir. İddiaçı güzəştli şərtlərlə əmək stajına və yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir, onun xüsusi zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajı 24 il 10 ay 16 gün təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5-ci Metropolitenlər bəndinə aiddir. Yol montyoru yol fəhləsi hesab edilir. Gecə saatlarına görə yol fəhləsinin əmək haqqına 40%, xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 təqvim günü verilir.

4. İddiaçının 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuş və o xx.xx.2021-ci il tarixli məktubla cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********9 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim edilən "xxxx" QSC-nin ona dair 22 sentyabr 2021-ci il tarixli, A/260 nömrəli arayışında xx.xx.1996xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində yol montyoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Metropolitenlər bəndində (21.5) nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

Birinci instansiya məhkəməsində icraat

6. İmtina ilə razılaşmayan iddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasını qeyri-qanuni hesab edərək 60 yaşının tamam olmasının nəzərə alınaraq həmin vaxtdan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixinədək hərbi xidmətdə olmuş, əmək fəaliyyətinə isə xx.xx.1982-ci ildən başlayaraq müxtəlif peşələrdə işləmişdir. xx.xx.1996-cı il tarixdən xx.xx.2014-cü il tarixinədək yalnız gecə vaxtlarında, xüsusi zərərli əmək şəraitində, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yol xidmətində yol fəhləsi peşəsində, xx.xx.2014-cü İl tarixdən isə hazıradək həmin QSC-nin Yol xidmətində yol montyoru peşəsində işləyir. Hər iki peşə üzrə iş saatları 23:30-dan saat 05:30-a kimi davam edir. Yalnız gecə vaxtlarında, xüsusi zərərli iş şəraitində uzun müddət işləyərək müvafiq iş stajına malik olduğundan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərlə birlikdə cavabdeh Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, təşkilatın xx.xx.2021-ci il tarixli, **********9 saylı cavabı ilə xüsusilə zərərli iş şəraitlərində işlədiyi yol montyoru vəzifəsi Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında” nəzərdə tutulmadığına İstinad edərək hüququnun olmasına baxmayaq ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina olunmuşdur. Tələb olunan əmək stajına malik olmağı cavabdehə təqdim etdiyi əmək kitabçasında, xüsusi zərərli iş şəraitində, tələb olunan (12 il 06 ay) müddətdəndə artıq, 25 ilə yaxın işləməsi haqqında "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli arayışı ilə təsdiq olunmasına, işlədiyi peşələrin Nazirlər Kabinetinin Qərarında əksini tapdığına baxmayaraq cavabdehin əsaslı müraciətindən imtina etməsi qeyri-qanunidir. Ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan iş stajına malik olmağı cavabdehə təqdim edilmiş əmək kitabçası və "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli arayışı ilə tam təsdiq olunur. "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli arayışına əsasən xx.xx.1996-cı il tarixdən xx.xx.2014-cü il tarixinədək Cəmiyyətin Yol xidmətində yol montyoru (İş yalnız gecə, 24% xüsusi zərərli əmək şəraitində), xx.xx.2014cü İl tarixdən Yol xidmətində yol montyoru peşəsində (yalnız gecə 24% xüsusi zərərli iş şəraitində) işləməsi, yol montyoru-yol fəhləsi hesab edildiyi, gecə saatlarına görə yol fəhləsinin əmək haqqına 40%, xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% əlavə Ödənc hesablanıldığı, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 ay təqvim gününün verildiyi qeyd olunmuşdur. Cavabdeh təşkilatın xx.xx.2021-ci il tarixli, imtinası Azərbaycan Respublikası Konstitusiyasının, Qanunlarına normativ hüquqi aktlarının tələblərinə ziddir. "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli Qərarının 21.5-ci bəndinə əsasən “metropolitenlərdə yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” güzəştli şərtlərlə əmək pensiyası hüququnu əldə edirlər.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

8. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı 24 sentyabr 2021-ci il tarixində Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. İmtinanın əsası kimi iddiaçının güzəştli iş stajının və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi göstərilmişdir. İddiaçı imtinadan narazı olduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sovet ordusunda həqiqi hərbi xidmət keçmiş, daha sonra xx.xx.1982-ci il tarixdən etibarən isə müxtəlif peşələrdə işləmiş, xx.xx.1996-cı il tarixdən xx.xx.2014-cü il tarixədək “Bakı Metropoliteninin Yol xidmətində” yol montyoru peşəsində işləmişdir. Hazırda da "xxxx" QSC-nin Yol xidmətində yol montyoru peşəsində işləyir. Hesab edir ki, qanunla tələb olunan ümumi və xüsusi iş stajı mövcud olduğundan güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı aparılmalıdır. İddiaçının xüsusi iş stajına daxil ediməsini iddia etdiyi illər: xx.xx.1996-cı il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" QSC-də yol montyoru işlədiyi dövr. xx.xx.2017-ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1.Qanunla müəyyən edilmiş yaş həddinə çatması 2.Ümumi və xüsusi iş stajının olması 3.Fərdi hesabın xüsusi hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5. Pensiya seçmək hüququ 5.3.Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3- cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbayan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanuni ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini nəmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci bəndinə əsasən bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il altı ay artırılır. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısında şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının əlavə edilməli olması göstərilmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. İddiaçının iş yeri barədə təqdim etdiyi "xxxx" QSC-nin 22 sentyabr 2021-ci il tarixli arayışında xx.xx.1996-cı il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr ərzində yol montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, və göstəricilərin siyahısının” Nəqliyyat bölməsinin Metropolitenlər bəndində (21.5) yol montyoru vəzifəsi nəzərdə tutulmamışdır. Bu səbəbdən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı qanunvericiliklə müəyyən edilmiş üç şərti qarşılamadığından xüsusi iş stajının mövcud olmaması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbi əsassızdır.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

9. Sumqayıt İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-1(118)-431/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2006cı il tarixədək 12 il 6 aydan artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən xüsusi iş stajı və 25 ildən artıq ümumi iş stajı vardır. Məhkəmə hesab etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası 23 yanvar 2007-ci ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı” haqqında Qanuna müvafiq olaraq təyin edilməlidir.

11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayətində iddia ərizəsinə qarşı etirazda göstərilən hallara təkrar olunmaqla yanaşı göstərilir ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli Əlavənin 2.4.1-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilərin xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 il olmalı; bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmalıdırlar. Hazırkı halda iş üzrə icraat materialları ilə də müəyyən olunur ki, iddiaçının güzəştli şərtlərlə işlədiyini iddia etdiyi illər xx.xx.1996-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrləri təşkil edir. Belə ki, nəzərə alınsa ki, sözügedən Qanunun tətbiqi üçün iş stajı xx.xx.2006-cı il tarixədək yaranmalıdır, bu zman hesab etmək olar ki, iddiaçının xx.xx.2006-cı il tarixədək iddia etdiyi güzəştli iş stajı 09 il 01 ay 06 gün təşkil edir (xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək).

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

14. İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

16. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

18. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir.

19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı": 21.5. Metropolitenlər - yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr:

21. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. İşdən görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

24. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifə olması “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na əsasən müəyyən edilməlidir. Həmin siyahıda da iddiaçının işlədiyi yol montyoru yol fəhləsi vəzifəsi qeyd olunan siyahının XXVİİİ.Nəqliyyat bölməsində 23002000 kodla qeyd olunmuş Metropolitenlər bəndinin 2300200a a) bəndində qeyd edilmiş yalnız gecə vaxtı tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr kodu altında göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası 23 yanvar 2007ci ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı” haqqında Qanuna müvafiq olaraq təyin edilməlidir.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etməklə yanaşı qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası “Vətəndaşların pensiya təminatı” haqqında Qanuna müvafiq olaraq deyil, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq təyin edilməlidir.

26. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Lakin, hazırkı halda iddiaçının həqiqi hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla xx.xx.2006-cı ilədək 25 il 4 ay ümumi iş stajı olsa da, onun istinad etdiyi yol montyoru vəzifəsi üzrə iş stajı xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək 09 il 01 ay 06 gün təşkil etmişdir ki, bu da həmin tarixədək tələb olunan 12 il 6 aylıq xüsusi sığorta stajından azdır.

27. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün eyni zamanda 4 əsas mövcud olmalıdır: a) iddiaçının 60 yaşına çatması; b) iddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c) iddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması; d) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsi.

28. İddiaçının 60 yaşına çatması və 25 ildən artıq ümumi iş stajının mövcud olması işin mübahisəsiz halıdır.

29. İddiaçının yuxarıda qeyd edilən əsaslarla (60 yaşına çatması, 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajının olması) ona pensiya təyin edilməsinə dair cavabdeh inzibati orqana müraciətinin təmin edilməməsinin yeganə əsası onun xx.xx.1996-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi yol montyoru vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Metropolitenlər bəndində (21.5) nəzərdə tutulmaması, bu səbəbdən güzəştli iş stajının olmaması çıxış edir.

30. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən əsasla iddiaçıya pensiya təyin olunmasından imtinasını əssassız hesab edərək qeyd edir ki, iddiaçının güzəştli arayışda göstərilən xx.xx.1996-xx.xx.2014-cü il tarixləri arasında, habelə həmin dövrdən halhazıradək işlədiyi “yol montyoru” vəzifəsi Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıda nəzərdə tutulan 21.5. Metropolitenlər – “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” vəifəsi ilə uyğunluq təşkil edir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş güzəştli arayışda iddiaçının “yol montyoru” kimi işlədiyi vəzifənin konkret olaraq siyahıda nəzərdə tutulan “yol fəhləsi” vəzifəsi olduğu qeyd olunmuş, iddiaçının işinin xüsusiyyəti isə "xxxx" QSC-nin A/64 saylı, 28 fevral 2022-ci il tarixli arayışında ətraflı təsvir olunmuşdur .

31. Belə ki, "xxxx" QSC-nin A/64 saylı, 28 fevral 2022-ci il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı xüsusi zərərli əmək şəraitində çalışdığı peşə üzrə əmək stajı 25 il 03 ay 20 gün təşkil edir və qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5-ci Metropolitenlər bəndinə aiddir ki, bu da xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 23000000 XXVİİİ.Nəqliyyat bölməsinin 23002000 2.Metropolitenlər bəndinin 2300200a a) yalnız gecə vaxtı tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr kodu altında göstərilmişdir. Həmin arayışda daha sonra göstərilir ki, yol montyoru – yol fəhləsi hesab edilir. Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olah iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 23:30-dan 05:30-dək) İddiaçı əmək haqqına 40%, xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 təqvim günü verilir. Yol montyoru peşəsinin əsas vəzifə və funksiyası metroploitenin istismarında olan yollarda aparılan cari və əsaslı təmir işlərinin (epür (fiqur proyeksiyalarının düz səth üzərində çertyoju) üzrə şpalların və əksqaçıcıların yerləşdirilməsi, relslərdə deşiklərin açılması və relslərin kəsilməsi, şpalların təmir edilməsi) yerinə yetirilməsi, yolun üst quruluşu elementlərinin yüklənməsi və boşaldılmasından ibarətdir.

32. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20-3 nömrəli 11 iyun 1997-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 18 iyun 1997-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmış (qeydiyyat nömrəsi 54) “Metropoliten sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif- İxtisas Sorğu kitabçası”nda 2, 3 və 4-cü dərəcə tunel fəhləsinin işinin xüsusiyyətləri kimi “Metropolitenin tunel qurğularının cari saxlanılması, təmiri və yenidən qurulması”, “Burların və pərçimləyicilərin dəyişdirilməsi, alətin hava kəməri şəbəkəsinə qoşulması”, “İnventar körpülərinin və taxtabəndlərin yığılması və sökülməsi”, “Tunel və şaxtaların hörmələrində qazma çəkicləri ilə şpurların qazılması” “Tıxacların və bolt birləşmələrinin dəyişdirilməsi. Yeraltı qurğuların divarlarının və novlarının mastikalı rulon materialları ilə izolyasiyası” və s. kimi işlər qeyd edilmişdir.

33. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir.

34. Məhkəmə kollegiyası iddiaçının işinin xarakteri haqqında onun işlədiyi müəssisə tərəfindən təqdim edilmiş arayışları, həmçinin, “Metropoliten sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasında göstərilən müvafiq peşənin (işin) xüsusiyyətlərini nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçının “yol montyoru” kimi işlədiyi vəzifə “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” vəzifəsinin tərkib hissəsi olmaqla güzəştli pensiya hüququ verən vəzifəyə aiddir.

35. İddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan sonuncu - fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsi ilə bağlı tələbə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan öz imtinasında bu halı göstərməsə də, iddia ərizəsinə etirazda imtinanın bu barədə də olmasını qeyd etməklə nə etirazın özündə, nə də apellyasiya şikayətində iddiaçının pensiya kapitalının məbləği və onun iddiaçıya minimum pensiya təyin etməyə imkan verib-verməsi ilə bağlı hər-hansı dəlil təqdim etməmişdir.

36. Halbuki cavabdehin özü tərəfindən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına dair birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq təqdim olunmuş xx.xx.2022-ci il tarixli məktubda İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalının 19963,23 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 34611,74 manat olmaqla cəmi pensiya kapitalının 54574,97 manat təşkil etdiyi göstərilmişdir ki, həmin məbləğ də iddiaçıya minimum pensiya təyin edilməsinə imkan verir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında verdiyi izahatında cavabdehin səlahiyyətli nümayəndəsi də bu halı təsdiq edərək iddiaçıya minimum pensiya təyin edilməsi üçün tələb olunan pensiya kapitalının 28 min manatdan artıq olmalı olduğunu bildirmişdir.

37. Beləliklə, işin yuxarıda qeyd edilən halları ilə müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan bütün şərtləri ödədiyindən ona əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunauyğundur.

38. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-1(118)-431/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar