Məhkəmə qərarları › İş №2-1(105)-463/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-463/2021

14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-463/2021 14.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarsı “Cavabdeh başçısının 09.03.2018-ci il tarixli, 69 №-li sərəncamının ləğv edilməsi” tələbinə dair iş üzrə Аçar sözlər: icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsinə dair sərəncamın ləğv edilməsi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Seyidqulu oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarsı “Cavabdeh Başçısının 09.03.2018-ci il tarixli, 69 №-li sərəncamının ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2021cı il tarıxlı 2-1(118)-256/2021 saylı qərarından Cavabdeh nümayəndəsi R.Q.Qubatovun verdiyi apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ləğv edilmiş 23.05.2013-cü il tarixli 348 saylı sərəncamın və ona uyğun digər sənədlərin bərpa edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə 08.10.2020-ci il tarixdə ərizə verərək icarə müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh Başçısının sərəncamının ona aid olan hissədə ləğv edilməsi və ləğv edilmiş 23.05.2013-cü il tarixli 348 saylı sərəncamın və ona uyğun digər sənədlərin ona aid hissədə bərpa edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə 26.04.2021-ci il tarixli ərizəsində Cavabdeh Başçısının 09.03.2018-ci il tarixli, 69 nömrəli sərəncamının ona aid olan hissədə ləğv edilməsi xahiş edilmişdir.

İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kənd təsərrüfatı məqsədi ilə X5 saxlanılmış, Abşeron rayon 1 №-li Zeytunçuluq sovxozu ərazisində 7.8 hektar torpaq sahəsi ayrılması üçün Cavabdehnə müraciət etmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 №-li qərarı ilə təsdiq edilmiş "Örüş otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydalarına" uyğun olaraq 23 may 2013-cü il tarixli 348 №-li Cavabdeh sərəncamı ilə Abşeron rayonuna təhkim edilmiş, X5 saxlanılmış Abşeron rayonu 1 №-li Hövsan Zeytunçuluq sovxozu ərazisindən kənd təsərüüfatı məqsədi ilə 7.8 hektar 99 (doxsan doqquz) il müddətinə torpaq sahəsi icarə qaydasında müraciəti əsasında ona verilmişdir. Verilmiş sərəncam əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən həmin əraziyə baxış keçirilmiş, 23.05.2013-cü il tarixdə 103 saylı rəy tərtib edilmişdir. Tərtib edilmiş sənədlərə uyğun 23.05.2013-cü il tarixli 348 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında Cavabdeh ilə onun arasında icarə müqaviləsi bağlanmışdır. İcarə qaydasında kənd təsərrüfatı məqsədi ilə 99 (doxsan doqquz) il müddətinə torpaq sahəsinin seçilməsi barədə akt tərtib edilmiş, həmin akt və toplanmış sənədlərə uyğun 13.05.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı ərazi idarəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü barədə № AA018025 saylı şəhadətnamə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış almışdır. Cavabdeh ilə bağladığı torpağın icarə müqaviləsinə əsasən "İcraçı" kimi icarə haqqı və müqavilədə nəzərdə tutulan digər vəzifələri tam olaraq yerinə yetirmişdir. Lakin Cavabdeh "İcarəyə verən" kimi müqavilə şərtlərini birtərəfli qaydada pozaraq Mülki və Torpaq qanunvericiliyinin tələblərinə məhəl qoymadan 23.05.2013-cü il tarixli 348-saylı Cavabdeh Başçısının sərəncamını ləğv etmişdir. O, bundan xəbər tutduqdan sonra İcra Hakimiyyəti Başçısına İcarə Müqaviləsini və sərəncamın bərpa edilməsi məqsədilə müraciət etmiş, lakin 25.10.2019-cu il tarixli 1714 saylı başçının müavini İlham Quliyevin imzası ilə ona cavab verilərək icarəsində olan 7.8 ha torpaq sahəsi üzərində icarə hüququna xitam verildiyi bildirilmişdir. O, Cavabdeh bu qərarı ilə razı deyildir, həmin qərarı düzgün hesab etmir. Çünki, həmin torpaq sahəsini səmərəli istifadə etmək üçün əvvəldən yararlı hala salmaq lazımdır ki, sonradan həmin torpaqdan istifadə etmək mümkün olsun. Həmin müddət ərzində torpağın münbitləşdirilməsi ilə məşğul olmuşdur. Cavabdehin etirazları:

5. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçıya icarəyə verilmiş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sahələri olduğundan təyinatına uyğun istifadə edilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmışdır. Lakin torpaq sahələri iddiaçıya ayrıldığı müddətdən bu günə kimi təyinatı üzrə istifadə edilmir, icarə haqqları ödənilmir. Qeyd olunan nöqsanların aradan qaldırılması üçün iddiaçıya edilən xəbərdarlıqlar, yazılı bildirişlər nəticə vermədiyindən Cavabdeh başçısının 09.03.2018-ci il tarixli, 69 nömrəli sərəncamına əsasən icarə müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-cü maddəsinə görə kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 44-cü maddəsinə görə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Həmin Məcəllənin 73-cü maddəsinə görə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə. 2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir.

3. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). 4. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. 2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir. 3. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. 4. Məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi barədə qərar qəbul edərkən, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqların keyfiyyətinin yaxşılaşdırılmasına çəkdikləri xərclərin ödənilməsi və ya onların torpaqdan səmərəsiz istifadə etməsi nəticəsində vurduqları zərərin ödənilməsi barədə göstərişlər də verə bilərlər. 5. Torpaq sahələri üzərində istifadə və ya icarə hüququna xitam verilməsi barədə məhkəmənin, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından qanunvericfikdə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə şikayət vermək olar. 6. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. Qeyd olunanlara əsasən torpaq sahəsindən uzun illər istifadə edilmədiyindən, icarə haqları ödənilmədiyindən iddiaçı ilə hüquq münasibətlərinə xitam verilmişdir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

Birinci instansiya məhkəməsində icraat:

6. Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2021-cı il tarıxlı 2-1(118)-256/2021 saylı qərarı ilə (hakim C.B.Məmmədov) iddia tələbi təmin edilməklə Cavabdeh Başçısının 09.03.2018-ci il tarixli, 69 №-li sərəncamının İddiaçı aid olan hissədə ləğv edilməsi qərara alınmışdır.

7. Qərardan narazı qalan Cavabdeh nümayəndəsi R.Q.Qubatov apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2-1(118)-256/2021 saylı qərarının ləğv edilərək inzibati işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

8. Cavabdeh nümayəndəsi R.Q.Qubatov tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən guya icarə şərtlərinə əməl edilməsinə baxmayaraq onunla icarə hüquq münasibətlərinə xitam verilməsi barədə iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir, iddiaçı müqavilədə nəzərdə tutulduğu qaydada icarə haqlarının ödənişi həyata keçirmir və ümumiyyətlə torpaq sahəsindən icarəyə götürüldüyü tarixdən icarə hüqüquna xitam verilən günədək istifadə etməmişdir, torpaq kənd təsərrüfatı torpaq sahəsi olmasına baxmayaraq orada heç bir kənd təsərrüfatı məhsullarının əkini, istehsalı həyata keçirilməmişdir. Rayon İcra Hakimyyətində yaradılmış “Torpaqların təyinatı üzrə səmərəli istifadəsinə və mühafizəsinə nəzarətin gücləndirilməsi və kənd təsərrüfatı təyinatlı torpaqların münbit qatının korlanması hallarının qarşısının alınması” məqsədilə RİH üzrə 24 noyabr 2016-cı il tarixli 316 saylı sərəncamla yaradılmış komissiya tərəfindən mütəmadi olaraq X4 hüquqi və fiziki şəxslərin icazəsinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin məqsədli təyinatına uyğun istifadə edilib edilməməsi daim diqqətdə saxlanılır və qanunvericiliyin, bağlanmış torpaq icarə müqavilələrinin tələblərini pozaraq torpaqdan təyinatına uyğun istifadə etməyən hüquqi və fiziki şəxslərin torpaq sahələri üzərində icarə hüquqlarına xitam verilməsi üçün qanunamüvafiq tədbirlər həyata keçirilir. Növbəti dəfə aparılan müşahidələr zamanı Komissiyanın fəaliyyəti çərçivəsində 02 mart 2018-ci il tarixində Bakı şəhərinin inzibati ərazisindən Abşeron rayonuna təhkim edilmiş dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqların bir hissəsinə bilavasitə naturada baxış keçirilməklə torpaqların faktiki istifadə vəziyyəti son 3 illik müşahidələrin nəticələri ilə müqayisəli şəkildə araşdırılmış və araşdırma nəticəsində adları aşağıda qeyd olunan fiziki və hüquqi şəxslərin icarəsində olan 425.074 ha torpaq sahəsindən 277.69 ha sahənin təyinatı üzrə istifadə olunmadığı müəyyən edilmişdir. Keçirilmiş monitorinqlə bağlı komissiya tərəfindən akt tərtib edilmiş, istifadəsiz saxlanılmış kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində icarə hüquqlarına xitam verilməsi məqsədəmüvafiq hesab edilmiş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin və «Yerli İcra hakimiyyəti haqqında» Əsasnamənin 28-ci maddəsinin tələblərini rəhbər tutaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən hazırlanmış **********05 nömrəli reyestrdən çıxarışa əsasən "xxxx" MMC-nin içərisində olan 24,0 ha torpaq sahəsi üzərində **********07 nömrəli reyestrdən çıxarışa əsasən "xxxx" MMC-nin icarəsində olan 72,7636 ha torpaq sahəsindən istifadə olunmayan 46,34 ha torpaq sahəsi üzərində; **********79 nömrəli reyestrdən çıxarışa əsasən fiziki şəxs X3 icarəsində olan 15 ha torpaq sahəsi üzərində; **********20 nömrəli reyestrdən çıxarışa əsasən fiziki şəxs X2 icarəsində olan 44,54 ha sahədən istifadə olunmayan 14,62 ha torpaq sahəsi üzərində; **********68 nömrəli reyestrdən çıxarışa əsasən fiziki şəxs X2 icarəsində olan 17,83 ha sahədən istifadə olunmayan 11,75 ha torpaq sahəsi üzərində, **********67 nömrəli reyestrdən çıxarışa əsasən hüquqi şəxs "xxxx" MMC-nin icarəsində olan 11,6821 ha sahədən istifadə olunmayan 0,90 ha torpaq sahəsi üzərində, **********92 nömrəli reyestrdən çıxarışa əsasən "xxxx" MMC-nin icarəsində olan 30,1683 ha torpaq sahəsindən istifadə olunmayan 5,72 ha torpaq sahəsi üzərində; **********58 nömrəli reyestrdən çıxarışa əsasən fiziki şəxs İddiaçı icarəsində olan 7,8 ha torpaq sahəsi üzərində; **********59 nömrəli reyestrdən çıxarışa əsasən fiziki şəxs X1 icarəsində olan 52,07 ha torpaq sahəsi üzərində; **********58 nömrəli reyestrdən çıxarışa əsasən fiziki şəxs X1 icarəsində olan 88,93 ha sahədən istifadə olunmayan 39,20 ha torpaq sahəsi üzərində və **********80 nömrəli reyestrdən çıxarışa əsasən hüquqi şəxs "xxxx" MMC-nin icarəsində olan 60,29 ha torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi barədə yuxarıda qeyd olunan sərəncam verilmişdir. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir. Lakin yuxarıda qeyd olunan hallar nəzərə alınmayaraq Sumqayıt İnzibati Məhkəməsi 26.04.2021-ci il tarixli 2-1(118)-256/2021 saylı qərarı ilə iddiaçının iddiası təmin etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil Seyidqulu oğlu izahatında bildirdi ki, torpaq kənd təsərrüfatı təyinatlı torpaqdır, torpaq üzərində şumlama işləri əvvəl də olub, indi də davam etməkdədir. Buna dair sübutları da məhkəməyə təqdim etmişlər. İcarə haqları mütəmadi olaraq İddiaçı özü tərəfindən qoyulmuş depozit bank hesabından ödənilmişdir. Pulun depozitə qoyulmasına dair sənədlər, həmçinin icarə müqaviləsinin əsli və iş üzrə digər sənədlər iş materiallaında mövcuddur. Bütün bu əsaslara görə birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilənlər sadəcə qanun normalarının sadalanmasıdır və heç bir hüquqi əsası yoxdur. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.

11. Cavabdeh dəfələrlə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişdir.

12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

14. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

15. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

16. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

17. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

18. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

20. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

21. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

22. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

23. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

25. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

26. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

27. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

28. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

29. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

30. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

31. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

32. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12-ci maddəsi: Bənd 1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Bənd 2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Bənd 3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.

33. Həmin Məcəllənin 13-cü maddəsi: Bənd 1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Bənd 2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Bənd 3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

34. Həmin Məcəllənin 14-cü maddəsi: Bənd 1. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi; bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi.

35. Həmin Məcəllənin 15-ci maddəsi: Bənd 1. Kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq fəaliyyəti ilə məşğul olan dövlət müəssisələrinə, idarələrinə və təşkilatlarına torpaq sahələri, bir qayda olaraq, kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarından istifadəyə verilir. Bələdiyyə mülkiyyətində olan bu kimi müəssisələrə torpaq sahələri, bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaqlarından qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəyə və icarəyə verilir. Bənd 2. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin xüsusi mülkiyyətində olan kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq fəaliyyəti ilə məşğul olan müəssisələr, idarələr və təşkilatlar kənd təsərrüfatı təyinatlı torpaq sahələrini bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada satınalma və icarə hüququ əsasında əldə edə bilərlər.

36. Həmin Məcəllənin 44-cü maddəsinə görə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir.

37. Həmin Məcəllənin 45-ci maddəsi: Bənd 1. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Bənd 2. Bu orqanların torpaqlardan istifadə və onların mühafizəsi üzrə səlahiyyətləri dairəsində göstərişləri bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün məcburidir. Bənd 3. Torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir.

38. Həmin Məcəllənin 51-ci maddəsinin 1 və 6-cı bəndlərinə görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir.

39. Həmin Məcəllənin 73-cü maddəsi: Bənd 1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. Bənd 2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. Bənd 3. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). Bənd 4. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər.

40. Həmin Məcəllənin 75-ci maddəsi: Bənd 1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir. Bənd 2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hisəsindən konüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verir. Bənd 3. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5,7 və 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. Bənd 4. Məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsi üzərində mülkiyyət istifadə və ya icarə hüququna xitam verilməsi barədə qərar qəbul edərkən, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqların keyfiyyətinin yaxşılaşdırılmasına çəkdikləri xərclərin ödənilməsi və ya onların torpaqdan səmərəsiz istifadə etməsi nəticəsində vurduqları zərərin ödənilməsi barədə göstərişlər verə bilərlər. Bənd 5. Torpaq sahələri üzərində istifadə və ya icarə hüququna xitam verilmsi barədə məhkəmənin, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə şikayət vermək olar. Bənd 6. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir.

41. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Maddə 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqavilənin əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Maddə 713. Əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər.

42. Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Maddə 15, 1-ci hissə. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Maddə 31.Torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Apelyasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hazırkı qərarın 13-26-cı bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, iddiaçının tələbi mübahisələndirmə haqqında iddia tələbinə aiddir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. İddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşdən göründüyü kimi, iddiaçı dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində icarə hüququnu Cavabdeh 23.05.2013-cü il tarixli sərəncamı əsasında əldə etməklə torpaq sahəsini icarə hüququ əsasında istifadə etmişdir. Cavabdeh Başçısı 09.03.2018-ci il tarixdə icarə haqqının ödənilmədiyinə və torpaq sahəsindən uzun müddət istifadə etmədiyinə görə 69 saylı sərəncam qəbul etmişdir. İddiaçı həmin sərəncamın onun torpaq sahəsindən istifadə edilməsi ilə bağlı hüquqlarını pozduğuna görə mübahisələndirərək məhkəməyə müraciət etmişdir.

45. İş materiallarından müəyyən olunduğu kimi Cavabdeh Başçısının 23.05.2013-cü il tarixli 348 saylı sərəncamı və müvafiq sənədlər əsasında iddiaçı A.Ə.Cəfərovla torpaq icarə müqaviləsi bağlanılmış və bu müqavilə DƏDRX tərəfindən verilmiş **********58 reyestr nömrəli ******* saylı Çıxarışla 13.05.2014-cü il tarixdə qeydiyyata alınmaqla torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş, sonradan Cavabdeh Başçısının 09.03.2018-ci il tarixli, 69 nömrəli Sərəncamına əsasən iddiaçının da icarə müqaviləsi ləğv edilmiş, iddiaçının icarə hüququnun bərpa olunmasına köməklik edilməsi barədə Cavabdehnə ünvanladığı müraciətinə cavab olaraq iddiaçıya 25.10.2019-cu il tarixli, 1714 nömrəli imtina məktubu göndərilmişdir (i.v.3-16).

46. Məhkəmə kollegiyası hazırkı qərarın 8-ci bəndində öz əksini tapan cavabdehin apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir ona görə ki, həmin dəlillərdə əsasən qanun normaları sadalanmaqla iddiaya etirazın dəlilləri eks etdirilmiş və o hallara da birinci instansiya məhkəməsi tərəfindən verilən hüquqi qiyməti hazırkı qərarın 32-42-ci bəndlərində qeyd edilən maddi hüquq normalarının tələblərinə görə kollegiya qənaətbəxşt hesab edir. Eyni zamanda dəfələrlə məhkəmə iclasına dəvət edilmiş cavabdeh tərəf üzürlü səbəblər olmadan məhkəmə iclaslarında iştirak etməyərək apelyasiya şikayətində qeyd edilənlərin sübut edilməsinə dair hər hansı əsaslarını məhkəməyə təqdim etməmişlər.

47. Məhkəmə kollegiyası onu da vurğulayır ki, azad sahibkarlıq hüququnu təsbit edən Konstitusiyanın 59-cu maddəsinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.

48. Bu konstitusiya norması hər hansı bir fərdin qanunla qadağan olunmayan iqtisadi fəaliyyətinin sərbəstlik prinsipini inkişaf etdirir. Hakimiyyət orqanları və ya vəzifəli şəxslərin qərar və yaxud hərəkətləri (hərəkətsizliyi) azad sahibkarlıq hüququnu məhdudlaşdırırsa, onları məhkəmə qaydasında mübahisələndirmək olar.

49. Konstitusiyaya görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir (26-cı maddənin İİ hissəsi), hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə də təminat verilir (60-cı maddənin İ hissəsi).

50. İcarə münasibətləri, bir qayda olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında tənzimlənir. Bununla belə, torpaq icarəsi münasibətlərinin xüsusiyyətlərini nəzərə alaraq qanunverici “Torpaq icarəsi haqqında” ayrıca qanun qəbul etmişdir. Bu Qanunun 2-ci maddəsində xüsusilə qeyd olunur ki, torpaq icarəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilik aktlarından ibarətdir.

51. Göründüyü kimi, yuxarıda sadalanan normativ-hüquqi aktların göstərilən müddəaları icarəyə, o cümlədən torpaq icarəsi ilə əlaqədar yaranan münasibətlərə xitam verilməsi üçün tərəflərin razılığı olmadığı halda məhkəməyə müraciət edilməsini tələb edir. Müqavilənin razılaşma olmadan və məhkəməyə müraciət etmədən birtərəfli qaydada vaxtından əvvəl ləğv olunması həmçinin Mülki Məcəllənin 6.1.1 və 6.1.2-ci maddələrində nəzərdə tutulmuş mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi prinsiplərinə uyğun gəlmir. Qanunvericilik torpaq icarəsi müqaviləsinin tərəflərin razılığı olmadığı təqdirdə məhkəmə qaydasında ləğv edilməsini nəzərdə tutur. Lakin hazırkı işin hallarından məlum olur ki, cavabdeh inzibati orqan qeyd edilən şərtə əməl etməmişdir. Başqa sözlə desək, cavabdeh məhkəməyə müraciət etmək əvəzinə müqaviləni iddiaçının iradəsinə zidd olaraq birtərəfli qaydada ləğv etmiş və bununla bağlı iddiaçıya münasibətdə qanunsuz sərəncam qəbul etmişdir.

52. Beləliklə, məhkəmə qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, iddia tələbi əsaslı olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi qənaətinə gələrək Cavabdeh Başçısının 09.03.2018-ci il tarixli, 69 nömrəli sərəncamının İddiaçı aid olan hissəsində ləğv etmişdir. Bu baxımdan apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh nümayəndəsi R.Q.Qubatov tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2-1(118)-256/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar