Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-463/2023 16.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2- 1(118)-221/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Az. SSR Sumqayıt şəhər X14 İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli, 1620 saylı orderə əsasən XDS İK-nin xx.xx.1985-ci il tarixli, 28 saylı qərarı ilə ünvan 5 ünvanında yerləşən 1 nömrəli mənzil 3 nəfərdən ibarət ailə üzvləri ilə (arvadı Mahmudova Gülçinar Əhməd qızı, X9, qızı X6) İddiaçı verilmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək ünvan 5 ünvanında yerləşən 1 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh 05 aprel 2022-ci il tarixli, **********72 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı yaranmış zərurətlə əlaqədar olaraq Dövlət Arxivinin Sumqayıt filialına xx.xx.2022-ci il tarixli, **********84 nömrəli sorğu ünvanlanmışdır. Dövlət Arxivinin Sumqayıt filialının idarəyə daxil olan sorğuya xx.xx.2022ci il tarixli, 63 nömrəli cavab məktubunda Sumqayıt şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli, 28 saylı protokolunun Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyi bildirilmişdir. Bundan əlavə sözügedən mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına münasibət bildirilməsi ilə əlaqədar olaraq Sumqayıt şəhər İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixli, **********58 nömrəli sorğu ünvanlanmışdır. Lakin bugünədək sorğuya cavab verilməmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə ünvan 4 ünvanında yerləşən 1 saylı mənzilin iddiaçının adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, ünvan 5 ünvanında yerləşən 1 saylı mənzilin üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 28 saylı qərarına əsasən iddiaçıya və onun 4 nəfər ailə üzvlərinə yaşamaq üçün 1620 saylı, xx.xx.1985-ci il tarixli order verilmişdir. O, həmin order əsasında ünvan 5-da yerləşən 1 saylı mənzilə köçmüş, artıq 37 ildir ki, bu mənzildə yaşayır. Ailə üzvləri ilə birlikdə qeyd olunan mənzildə qeydiyyatdadır və mənzilə kirayə, kommunal xidmət haqları ödəyir. Mənzil iddiaçıya “Sintezkauçuk” istehsalat birliyində işləyən vaxt mənzil növbəsinə əsasən ayrılmışdır. O, 37 ildən artıq ailə üzvləri ilə birlikdə istifadə etdiyi mənzilin özəlləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Qeyd edir ki, ona aidiyyəti dövlət orqanı tərəfindən mənzil ayrılarkən hüquqi gözləntisi mənzili xüsusi mülkiyyətinə keçirmək olmuşdur. Hesab edir ki, o, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququnu saxlayır. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Sumqayıt İnzibati Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı istehsalat Birliyi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(118)-221/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 5 ünvanında yerləşən 1 saylı mənzilin üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim L.Mirzəyeva). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı istehsalat Birliyi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilsə də, nə Sumqayıt şəhər İcra Hakimiyyəti, nə də Mənzil-Kommunal Təsərrüfatı istehsalat Birliyi müvafiq mənzilin sənədləşdirilməsinə münasibət bildirməmişdir. Məhkəmə tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri nəzərə alınmamış, nəticədə qanunsuz olaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs izahatında bildirdi ki, iddiaçı və ailə üzvləri hazırda mübahisələndirilən mənzildə yaşayırlar. Mənzil dövlət mənzil fonduna aid olmaqla, Sumqayıt şəhər İcra Hakimiyyətinin balansındadır və onun barəsində hər hansı mübahisə yoxdur. Üçüncü şəxs birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Azərbaycan Respublikasından mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Maddə 7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (qüvvədən düşmüş): Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X14nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; (-). Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-). 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; (-). Mənzil Məcəlləsi: Maddə 146. Dövlət mənzil fondunun yaşayış sahələrinin özəlləşdirilməsi 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “İnzibati icraat haqqında” Qanun: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin ünvan 5 ünvanında yerləşən 1 nömrəli mənzil üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı mənzil üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı ailə üzvlərinin razılığı ilə yaşadığı mənzili özəlləşdirmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının qanuni istifadəsində və sahibliyində olan mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsindən cavabdeh orqanın imtina etməsi iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanunaziddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, NT-1 seriyalı ******* saylı əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1981-ci il tarixdən Sumqayıt Kompressorlar Zavodunda tornaçı vəzifəsində əmək fəaliyyətinə başlamış, xx.xx.1985-ci il tarixdən briqadir vəzifəsinə keçirilmiş və xx.xx.1996-cı il tarixədək həmin zavodda işləmişdir. Zavodda briqadir vəzifəsində işləyərkən Sumqayıt şəhər X14 İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən iddiaçıya 4 nəfərdən ibarət ailə üzvləri ilə (özü, arvadı Mahmudova Gülçinar Əhməd qızı, oğlu X9, qızı X6) 9-cu mikrorayon, ev 51A ünvanında yerləşən 1 nömrəli 2 otaqlı sahəsi 29,22 kv.m olan mənzili tutmaq üçün xx.xx.1985-ci il tarixli, 1620 nömrəli order verilmişdir. Orderin verilməsinə əsas XDS İK-nin xx.xx.1985-ci il tarixli, 28 saylı qərarı olmuşdur. Orderdə iddiaçının Sumqayıt Kompressorlar Zavodunda briqadir vəzifəsində işlədiyi qeyd edilmişdir. İİİ-ЖГ seriyalı, 326571 nömrəli və AZ-İ seriyalı, 992162 nömrəli ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, müvafiq olaraq X7 22 may 1985-ci il, X10 24 dekabr 2018-ci il tarixdə ölmüşdür. Cavabdehin imtina məktubu, etiraz və apellyasiya şikayətinin əsas dəlili iddiaçının adına mənzil verilməsinin arxiv əsaslarının aşkar olunmamasıdır. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: Mübahisələndirilən mənzilə dair orderin verilib-verilməməsi barədə məhkəməyə məlumat verilməsi ilə bağlı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 1885-1986-cı illərə dair sənədlər şöbənin arxivində mövcud olmadığından ünvan 5, mənzil 1-ə dair iddiaçının adına verilmiş orderin təsdiq edilmiş surətinin göndərilməsi mümkün olmamışdır. Həmçinin, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 143 nömrəli məktubdan görünür ki, Sumqayıt şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli, 28 saylı iclas protokolu Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Kollegiya hesab edir ki, mənzilə dair xx.xx.1985-ci il tarixli, 1620 nömrəli orderin verilməsinə əsas olan sənədlərin arxivdə aşkarlanmaması iddiaçının təqsiri üzündən baş verən hal deyildir. Orderdəki qeydlərin əksini sübut etmək məhz inzibati orqan olaraq cavabdehin vəzifəsidir və iddiaçıdan əmək kitabçasındakı qeydlərin həqiqiliyini təsdiq etmək üçün əlavə sübutların tələb olunması yolverilməzdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası) inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Kollegiya hesab edir ki, xx.xx.1985-ci il tarixli, 1620 nömrəli orderdəki məlumatların həqiqətə uyğun olmadığını sübut edən hər hansı dəlil olmadığından və cavabdeh tərəfindən də təqdim edilmədiyindən order mötəbər sənəd hesab edilməlidir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 57 saylı Forma-2 arayışından görünür ki, ünvan 5 ünvanında yerləşən 1 nömrəli mənzilin sahibi İddiaçı olmaqla, mənzildə arvadı Əzizova Gülçinar Əhməd qızı, oğlu X11, qızı X4 daimi qeydiyyatdadır. İşdə olan notarial qaydada təsdiq edilmiş 16 yanvar 2021-ci il tarixli, **********633, **********632, **********631 saylı ərizələrdən görünür ki, müvafiq olaraq X11, X5 və Əzizova Gülçinar Əhməd qızı ünvan 5 ünvanında yerləşən 1 nömrəli mənzilin iddiaçının adına özəlləşməsinə etiraz etməmişlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: 1) mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin, müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; 2) mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); 3) mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu (Qanunun 8-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan şəxslərin razılıq ərizələri və 2 №-li formada arayış da əlavə edilməklə) mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Hazırkı işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçının cavabdehə müraciət ərizəsinə (1) mənzili özəlləşdirməyə razılığı barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş şəxsin ərizəsi, (2) mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) və (3) mənzil sahəsinin orderi əlavə olunmuşdur. Həmin sənədlər iş materiallarına da əlavə edilmişdir. Həmçinin, qanunverici xüsusi olaraq qeyd etmişdir ki, mənzili özəlləşdirmək üçün müraciət etmiş şəxsdən göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsində qeyd olunan hüquqmüəyyənedici sənədlərə malik olduğundan iddiaçı hazırkı tələblə məhkəmə müraciət etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının orderi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.11-ci maddə). Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsində də nəzərdə tutulmuşdur. Beləliklə, işin hallarından görünür ki, mübahisəli mənzil dövlət mənzil fonduna aid olmaqla qanuni əsaslarla iddiaçıya ayrılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin imtinası əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(118)-221/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-463/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-463/2023
16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver