Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-463/2025 30.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Şamaxı rayon Şamaxı bələdiyyəsinə qarşı Şamaxı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 114 saylı qərarı nəticəsində vurulmuş maddi ziyana görə cavabdehdən 10000 manat kompensasiyanın tutularaq ona ödənilməsi tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(118)-1040/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İşin halları İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Şamaxı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 114 saylı qərarı nəticəsində vurulmuş maddi ziyana görə cavabdehdən 10000 manat kompensasiyanın tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Şamaxı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 114 saylı qərarı ilə kommersiya məqsədi üçün ünvan 1 ünvanında 199 kv m torpaq sahəsi ona satılmışdır. Həmin torpaq sahəsinə görə o, xx.xx.2007-ci il tarixli 17 saylı qəbzə əsasən bələdiyyənin hesabına 300 (üç yüz) manat pul ödəmişdir. Həmin torpaq sahəsinin satılmasını xx.xx.2011-ci il tarixli aktı, xx.xx.2007-ci il tarixli 114 saylı qərar, xx.xx.2007-ci il tarixli 17 saylı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şamaxı rayon şöbəsinin arayışı, həmin şöbənin 17- 30 saylı rəyi, Şamaxı Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsinin planı, Şamaxı şəhər Bələdiyyəsinin yerquruluşu planından çıxarışı təsdiq edir. Göstərilən torpaq sahəsi üzərində inşa etdiyi ümumi ölçüsü 140,8 kv m olan qeyriyaşayış sahəsi üzərində onun mülkiyyət hüququ 2011-ci ildə qeydiyyata alınmış və müvafiq çıxarış verilmişdir. O, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə imtina verilmişdir. Adı çəkilən həmin imtina məktubları tikilinin altında yerləşən torpaq sahəsinin dövlətə məxsus olması dəlili ilə verilmişdir. Həmin idarə hesab etmişdir ki, bələdiyyə səlahiyyəti olmadan dövlət mülkiyyətində olan torpaq sahəsini ona satmışdır. Beləliklə, cavabdehin təqsiri səbəbindən ona 10000 (on min) manat miqdarında maddi zərər vurulmuşdur. Həmin vəsait torpaq sahəsinin alınmasına görə bələdiyyənin hesabına ödənilən məbləğdən, sənədləşmə aparılması üçün ödənilən məbləğlərdən və s. ibarətdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə dair yazılı etirazın dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etirazı onunla əsaslandırmışdır ki, belə ki, İddiaçı Şamaxı bələdiyyəsinə müraciət edərək 199 kv m torpaq sahəsinin alqı-satqı qaydasında satılmasını xahiş etmişdir. Şamaxı bələdiyyəsi öz növbəsində satılması nəzərdə tutulan 199 kv m torpaq sahəsində müvafiq nişanlama işləri həyata keçirmişdir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” 15 mart 2002-ci il tarixli Əsasnamənin tələblərinə uyğun olaraq müvafiq sənədlər hazırlanarkən bələdiyyə, RİH-nin memarlıq şöbəsinə və ləğv olunmuş DTXK-nin Şamaxı rayon şöbəsinə müraciət etmiş, mütəxəssislər tərəfindən torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı torpaq sahəsi üzərində hər hansı bir mübashisənin olmadığı müəyyən edilmiş, ləğv olunmuş DTXK-nın Şamaxı rayon şöbəsinin xx.xx.2007-ci il tarixli 17- 7/ 30 nömrəli rəyində və qiymət arayışında torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu göstərilmiş və bələdiyyə tərəfindən torpaq sahəsinin alqı-satqı olunmasına dair müsbət rəylər verilmişdir.Qeyd olunanlara və “Bələdiyyə torpaqlarına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, Şamaxı Bələdiyyəsinin 16 aprel 2007-ci il tarixli, 114 saylı iclasının qərarı ilə torpaq sahəsi İddiaçı satılmışdır. İddiaçı özünüün də qeyd etdiyi kimi həmin sahədən kommersiya məqsədi üçün istifadə etmiş və gəlir əldə etmiş, lakin ona maddi zərərin dəyməsini əsaslandıra bilməmişdir. Təqdim olunmuş sənədlərdən də göründüyü kimi, o yalnız bələdiyyə büdcəsinə 300 (üç yüz) manat vəsait ödəmişdir. Yuxanda qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərarı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-2972/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Rahim Həsənov). Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində cavabdehin yanlış qərar qəbul edilməsi ucbatından ona dəymiş maddi ziyanın əvəzi olaraq kompensasiyanın tutulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Onun eyni tələblə məhkəməyə qədər cavabdeh orqana müraciət etməsi iş materialları ilə müəyyən olunmur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən bələdiyyənin 165 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubdan görünür ki, iddiaçının müraciəti torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə köməkliyin göstərilməsi ilə bağlı olmuşdur. Bu səbəbdən də iddia tələbi mümkün sayılmamlıdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri, apellyasiya şikayətinə qarşı etirazın dəlilləri isə iddiaya etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 3.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddia tələbi Şamaxı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 114 saylı qərarı nəticəsində vurulmuş maddi ziyana görə cavabdehdən 10000 manat kompensasiyanın tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi cavabdeh orqanın 165 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubuna istinad edərək iddiaçının müraciətinin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə köməkliyin göstərilməsi ilə bağlı olması və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı müraciətinin mövcud olmamasını əsas gətirərək iddianı mümksüz hesab etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollediyası qeyd edir ki, iddiaçının kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciəti və müvafiq olaraq cavabdehin imtinası olmasa da, cavabdeh iddia ərizəsinə etirazında faktiki olaraq kompensasisyanın ödənilməsi ilə bağlı tələbə münasibətini bildirmişdir. Kollegiya hesab edir ki, formal baxımdan birinci instansiya məhkəməsinin mövqeyi qanuni olsa da, prosesual qənaət prinsipi ilə ziddiyyət təşkil edir. Belə ki, artıq cavabdeh inzibati orqan iddiaçının tələbinə münasibətini bildirdiyindən və mövqeyi bəlli olduğundan iddianın bu əsasla mümkün sayılması əsassız hesab edilməlidir. Nəzərə alınmalıdır ki, cavabdehin etirazında qeyd olunan hallar iddiaçının kompensasiya tələbinin təmin edilməsindən imtina kimi qiymətləndirilə bilər. Birinci instansiya məhkəməsi isə işə baxarkən yalnız iddiaçının müvafiq müraciətinin olmamasını nəzərə alaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən mübahisənin faktiki və hüquqi hallarını nəzərdən keçirərək cavabdehin etiraz ərizəsinin məzmunundakı hallara istinad edərək iddianın mümkünlük məsələsi yenidən yoxlanılmalı, iddia mümkün sayıldığı halda, işə mahiyyəti üzrə baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(118)-1040/2025 nömrəli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-463/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-463/2025
30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver