Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-464/2021 22.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Fərdi yaşayış evinin yerləşdiyi və iddiaçının faktiki istifadəsində olan 1317 kv.m (0.1317 ha) torpaq sahəsindən 200.0 kv.m (0.02 ha) hissəsi çıxılmaqla, yerdə qalan Abşeron rayonu Saray qəsəbəsində yerləşən iddiaçıya məxsus 0.1117 ha (1117.0 kv.metr) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2-1(118)-387/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçının etibarnamə üzrə nümayəndəsi X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmnaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən İddiaçı məxsus 8 nömrəli fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh ərizəçi X2 17 sentyabr 2020-ci il tarixli, **********90 saylı saylı məktubla cavab ünvanlayaraq bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən İddiaçı məxsus 8 nömrəli fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər müraciətə əlavə edilməmişdir. Bundan başqa ərizəyə əlavə edilmiş İddiaçı verilmiş 9 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin baxış keçirilmiş ərazidə mövcud olmadığı müəyyənləşdirilmişdir. Həmçinin müraciət üzrə əlavə olunmuş sənədlərdə göstərilən fərdi yaşayış evi söküldüyündən baxış keçirilmiş əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi faktiki (1317 kv.m) torpaq sahəsinin 200 kv.m hissəsinin **********07-10301 reyestr nömrəsi ilə başqa şəxsin istifadəsində olan torpaq sahəsilə üst-üstə düşdüyü aşkar edilmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Qeyd edilənlər nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. İmtina ilə razılaşmayan İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı 13 oktyabr 2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq “Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ona məxsus 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və olçüsünün ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasın”ı xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, fərdi yaşayış evinin yerləşdiyi və iddiaçının faktiki istifadəsində olan 1317 kv.m (0.1317 ha) torpaq sahəsindən 200.0 kv.m (0.02 ha) hissəsi çıxılmaqla, yerdə qalan Abşeron rayonu Saray qəsəbəsində yerləşən iddiaçıya məxsus 0.1117 ha (1117.0 kv.metr) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırılması ünvan 2 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evi və evin həyətyanı 0.12 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı və ailə üzvləri həmin evdə daimi yaşamaqla orada daimi qeydiyyatdadır. Sözügedən yaşayış evi 1970-ci ildə keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Meşə Komitəsinin Abşeron Meşə təsərrüfatı tərəfindən ərizəyə əlavə edilmiş müqavilə əsasında iddiaçıya verilmiş, həmin yaşayış evi və həyətyanı torpaq sahəsinə dair iddiaçı adına keçmiş texniki inventarlaşdırma bürosu tərəfindən 1988-ci il tarixdə texniki pasport verilmişdir (əlavə edilir). Həmin fərdi yaşayış evi köhnə, istifadəyə yararsız olduğundan sökülmüş və yerində yenisi inşa edilmişdir. Həmin evin və torpağın qeydiyyatı ilə əlaqədar idarəyə müraciət etdikdə, ilk öncə torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmalı, bundan sonra yeni inşa edilmiş fərdi yaşayış evinin qeydiyyata alınmalı olduğu bildirilmişdir. Bununla əlaqədar olaraq, yalnız torpaq sahəsi üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi barədə notarial təsdiq edilmiş ərizə (əlavə edilir) iddiaçıdan tələb edilmişdir. Bundan sonra, ünvan 2 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evi və evin həyətyanı 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq qaydada rəsmiləşdirilməsi ilə əlaqədar 14 avqust 2020-ci il tarixdə tələb olunan sənədlərlə birlikdə cavabdeh təşkilata müraciət etmiş, müraciəti qəbul olunaraq ********** nömrə ilə qeydiyyata alınmış və 17 sentyabr 2020-ci il tarixli, **********90 saylı məktubla müraciətinin icrasından imtina edilmişdir. Hesab edir ki, imtina tamamilə qanunsuz və əsassızdır və iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. İdarənin imtinada bir dəlili “fərdi yaşayış evi və torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilmədiyi” olmuşdur. Bununla bağlı bildirir ki, fərdi yaşayış evi və torpaq sahəsi iddia ərizəsinə əlavə edilmiş, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Meşə Komitəsinin Abşeron Meşə təsərrüfatı ilə iddiaçı arasında bağlanılmış müqavilə əsasında iddiaçının qanuni istifadəsinə verilmiş və müvafiq sənədlərlə, habelə texniki pasportla rəsmiləşdirilmişdir. Eyni zamanda həmin torpaq sahələri ev tikintisi üçün ayrılmış və qonşu torpaq sahələri eyni iddiaçının sənədləri əsasında torpaqlarını özəlləşdirmişlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Bundan başqa, iddiaçının qonşuları eyni onda olan sənədlər əsasında torpaqlarını qeydiyyata aldırmışlar. Belə olan halda, qeydiyyat orqanı tərəfindən imtina edilməsi ümumiyyətlə mümkünsüzdür. İnzibati icraat haqqında Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmişdir. Həmin siyahının 1.11-ci yarımbəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmin siyahının 2.5-ci yarımbəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. İdarənin imtinada göstərilən digər dəlili ərizəyə əlavə edilmiş sənədlərdə göstərilən fərdi yaşayış evinin baxış keçirilmiş əraziyə aid olub-olmamasını müəyyən etməyin mümkün olmaması və fərdi evin yerləşdiyi faktiki (1317 kv.m) torpaq sahəsinin 200 kv.m hissəsinin **********07-10301 reyestr nömrəsi ilə başqa şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi olmuşdur. İddiaçı hesab edir ki, idarənin hazırki dəlilləri ümumiyyətlə absurddur. Belə ki, ona məxsus evin ünvanı H.Aslanov küçəsi 8-dir və əlavə edilmiş texniki pasportda ev və torpaq sahəsi haqqında bütün məlumatlar göstərilib. Habelə, idarə iddiaçının qonşusu X7 məxsus fərdi yaşayış evinə dair texniki pasport tərtib edərkən səhvə yol vermişdir. Hazırda təkrar inventarlaşdırma işləri aparmaqla müvafiq düzəliş oluna bilər. Qeyd olunan normaların tələbinə əsasən torpaq sahəsi və fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmalıdır. Belə ki, iddiaçı həmin torpaqdan və fərdi yaşayış evindən qanuni istifadə edir. Çünki həmin torpaq və üzərindəki ev iddiaçının mülkiyyətində olub, həmin əmlakı qanuni əsaslarla əldə etmişdir, həmin torpaq sahəsi də iddiaçının həyətyanı sahəsi olmuşdur. Cavabehin iddia tələbinə dair etirazı İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər tərəflərindən araşdırılması zamanı iddiaçının istifadəsində olan 0.1317 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair 9 inventar nömrəli texniki pasportu, fərdi yaşayış evinə dair kirayə müqaviləsini təqdim etdiyi, lakin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin 4 saylı Abşeron Ərazi İdarəsinə edilən müraciətə əlavə edilmədiyi aşkarlanmışdır. Bundan əlavə olaraq bildirmişlər ki, müraciətə əlavə edilmiş İddiaçı verilmiş 9 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin baxış keçirilmiş ərazidə mövcud olmadığı müəyyənləşdirilmişdir. Həmçinin müraciət üzrə əlavə olunmuş sənədlərdə göstərilən fərdi yaşayış evi söküldüyündən baxış keçirilmiş əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Əlavə olaraq bildirmişlər ki, fərdi yaşayış evinin yerləşdiyi faktiki (1317 kv.m) torpaq sahəsinin 200 kv.m hissəsinin **********07-10301 reyestr nömrəsi ilə başqa şəxsin istifadəsində olan torpaq sahəsilə üst-üstə düşdüyü aşkar edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixli 2-1(118)-387/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim İ.Quliyev) Qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi torpaq sahəsinə mülkiyyət hüququnu qeydə alınması üçün hüquqi əsas mövcud olmamasını əsas gətirərək iddianın rədd edilməsi haqqında qərar qəbul etmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassız olmaqla, onun qanunla qorunan hüquqlarının və azadlıqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə evin və torpaq sahəsinin qanuni əsaslarla onun qanuni sahibliyinə və istifadəsinə verilməsini nəzərə almamışdır. Belə ki, fərdi yaşayış evi və torpaq sahəsi iddia ərizəsinə əlavə edilmiş, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Meşə Komitəsinin Abşeron Meşə təsərrüfatı ilə onun aralarında bağlanılmış müqavilə əsasında onun qanuni istifadəsinə verilmiş və müvafiq sənədlərlə, habelə texniki pasportla rəsmiləşdirilmişdir. Eyni zamanda həmin torpaq sahələri ev tikintisi üçün ayrılmış və qonşu torpaq sahələri eyni onun sənədləri əsasında torpaqlarını özəlləşdirmişlər. Bundan başqa, onun qonşuları eyni onda olan sənədlər əsasında torpaqlarını qeydiyyata alıdırmışlar. Belə olan halda, qeydiyyat orqanı tərəfindən imtina edilməsi ümumiyyətlə mümkünsüzdür. TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2-1(118)- 387/2021 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıda göstərilənlərə əsasən hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı texniki posportda qeyd edilən torpaq sahəsinin mülkiyyət hüququ əsasında onun adına dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Cavabdeh inzibati orqan imtina edərək əsas dəlil olaraq göstərir ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə 9 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin baxış keçirilmiş ərazidə mövcud olmadığı müəyyənləşdirilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, hazırkı işdə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmiş, 2-ci bəndə əsasən müəyyən edilmişdir ki, təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, kirayəyə verən Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Meşə Komitəsinin Abşeron rayon Meşə Təsərrüfatı İdarəsi ilə kirayəçi X5 arasında Meşə Təsərrüfatı İdarəsinə məxsus olan Saray qəsəbəsində yerləşən sahəsi 43.8 m2 olan 3 otaqdan ibarət yaşayış sahəsinə dair mənzil kirayə müqaviləsi imzalanmış, kirayəyə verilmiş dövlət mənzil fonduna dair iddiaçının adına pasport tərtib edilmiş, həmçinin Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Abşeron Rayonlararası Texniki İnventarlaşdırma İdarəsi tərəfindən Dövlət, İctimai Mənzil Fonduna, Mənzil Tikinti Kooperativi Fonduna aid yaşayış evinə dair 9 inventar nömrəli texniki pasport (Технический паспорт на Жилой Дом Государственного, Обшественного Жилишного Фонда, Фонда Жилишного Кооперативов) tərtib edilmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi, yuxarıda qeyd eidlən Siyahının 1.11 və 2.5ci yarımbəndinə əsaslanaraq, fərdi yaşayış evinin yerləşdiyi və iddiaçının faktiki istifadəsində olan 0.1117 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. İstinad edilən siyahının 1.11-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına aid edilmişdir. İstinad olunan normaya əsasən, daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə olunması üçün iki əsas olmalıdır: 1) Texniki pasport Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilməli; 2) Həmin pasport şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid olmalıdır. Deməli, qanunverici məhdudiyyətsiz olaraq Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş bütün texniki pasportları deyil, yalnız şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportu hüquqmüəyyənedici sənəd kimi qəbul etmişdir. Hazırkı işin hallarından isə görünür ki, iddiaçının təqdim etdiyi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş 9 inventar nömrəli texniki pasport “Dövlət, İctimai Mənzil Fonduna, Mənzil Tikinti Kooperativi Fonduna aid yaşayış evinə dair texniki pasport” adlanır, həmçinin iddiaçıya kirayə verilmiş ev şəxsi mülkiyyət hüququ əsasında sonuncunun adına qeydə alınmamışdır. Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının təqdim etdiyi texniki pasport “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”-nın 1.11-ci bəndinə əsasən, torpaq sahəsi üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd deyildir. Bundan əlavə, iddiaçının istinad etdiyi Siyahının 2.5-ci bəndində sadalanan sənədlərin isə ümumiyyətlə hazırkı işə heç bir aidiyyəti yoxdur. Belə ki, iddiaçıya ümumiyyətlə yaşayış və yaxud bağ evinin tikintisi üçün torpaq sahəsinin ayrılması iş materialları ilə müəyyən olunmur. Beləliklə, iddiaçının torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Bu cür iddialara baxılarkən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2-1(118)-387/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-464/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-464/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver