Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-464/2023 16.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iddiaçıya və onun ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın ayrılmasına dair cavabdehin qəbul etdiyi imtina barədə bütün qərarların ləğv edilməsini, cavabdehin üzərinə iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın təyin olunması, hesablanması, verilməsi öhdəliyinin qoyulması və ünvanlı dövlət sosial yardımın verilməsinin (hesablanmasının) xx.xx.2019-cu il tarixdən hazırki məhkəmənin qəbul edəcəyi qərarın qanuni qüvvəyə minəcəyi tarix olmaqla hesablanması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2- 1(118)-622/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı ünvanlı sosial yardımın təyin edilməsi, hesablanması və verilməsinə dair iddia qaldıraraq, iddiaçıya və onun ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın ayrılmasına dair cavabdehin qəbul etdiyi imtina barədə bütün qərarların ləğv edilməsini, cavabdehin üzərinə iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın təyin olunması, hesablanması, verilməsi öhdəliyinin qoyulması və ünvanlı dövlət sosial yardımın verilməsinin (hesablanmasının) xx.xx.2019-cu il tarixdən hazırki məhkəmənin qəbul edəcəyi qərarın qanuni qüvvəyə minəcəyi tarix olmaqla hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, 1979 ci ildə anadan olmuşdur, ailəlidir, üç övladı var. Hal-hazırda Xızı rayonunun Giləzİ qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Uşaqlarının hər üçü məktəblidirlər. Ailə vəziyyəti çox ağırdır. Maddi cəhətdən sarsıntı içərisində yaşayır. Ünvanlı Dövlət Sosial Yardımı almaq məqsədi ilə dəfələrlə "VEMTAS" vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Lakin 2017 ci ildən sonra Ünvanlı Dövlət Sosial Yardım (ÜSY) üçün bütün müraciətləri bir qayda olaraq həmişə nəticəsiz qalmışdır. Hər dəfə qarşı tərəf müxtəlif bəhanələrlə ÜSY ayrılmasına mane olmuşdur.1979 ci ildə anadan olmuşdur. Ailəlidir. Üç övladı var. Hal-hazırda Xızı rayonunun Giləzİ qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Uşaqlarının hər üçü məktəblidirlər. Ailə vəziyyəti çox ağırdır. Maddi cəhətdən sarsıntı içərisində yaşayır. Ünvanlı Dövlət Sosial Yardımı almaq məqsədi ilə dəfələrlə "VEMTAS" vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Lakin 2017 ci ildən sonra Ünvanlı Dövlət Sosial Yardım (ÜSY) üçün bütün müraciətləri bir qayda olaraq həmişə nəticəsiz qalmışdır. Hər dəfə qarşı tərəf müxtəlif bəhanələrlə ÜSY ayrılmasına mane olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 38 ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Lakin bu maddənin mövcud olmasına baxmayaraq, qarşı tərəf daim hər vəchlə çalışır ki, ÜSY ayrılmasının qarşısını alsın, ya da ayrılmış ÜSY azaldılsın. Buna sübut kimi Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin (X6) N_2-l(85)-891/2013 saylı və Bakı İnzibati Məhkəməsinin (X5) № 2-1(112)-2671/2020 saylı qərarlarına nəzər yetirmək kifayətdir. Həmin qərarlardan da görünür ki, qarşı tərəf indi olduğu kimi, bütün vaxtlarda birmənalı olaraq qərəzli davranmışdır. İddiaçı və həyat yoldaşı X3 yaşadığı Xızı rayonu Giləzi qəsəbəsində yerləşən "xxxx" MMC də fəhlə işləyir. Hər ikisi ümumilikdə 550-600 (beş yüz əlli - altı yüz) AZN aylıq maaş alır. Əgər hesablansa, adambaşına düşən minumum ehtiyac meyarı 2022 ci il üçün 200 azn olduğu halda, beş nəfərlik ailənin minumum ehtiyac meyarı ümumilikdə 200*5= 1000 azn edir. Həmin bu məbləğdən gələn gəlirləri çıxdıqda orta hesabla 400 azn fərq yaranır. Əgər bu qaydada hesablansa, ( 200*5= 1000; 1000-600=400) qanunla nəzərdə tutulmuş formada ailəyə gələn gəlirlərin ümumi məbləği minumum ehtiyac meyarından 400 azn aşağı olduğu üçün yaranmış fərqi qanuna əsasın cavabdeh tərəf ÜSY ödəməlidir. Bütün bunlara baxmayaraq cavabdeh üzərinə düşən vəzifəni yerinə yetirməyərək, aşağıdakı cavablarla, ayrılmalı olan ünvanlı sosial yardımdan imtina etmişdir: 1) “Hörmətli İddiaçı QİZİ (ailə təmsilçisinin SAA) Sizin xx.xx.2022 tarixli, **********27001 nömrəli müraciətinizə görə sosial yardımın təyin olunmasından aşağıdakı səbəb(lər)ə görə imtina edilir: “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfra bərabər olduğu üçün, bu ailə ünvanlı dövlət sosial yardımı almaq hüququna malik deyildir”.” X3 Cavab: X3 iddiaçının həyat yoldaşımdır. Uzun müddətdir ki, "xxxx" MMC də onunla birlikdə fəhlə işləyir. 2) “Sizin xx.xx.2022 tarixli, **********27002 nömrəli müraciətinizə görə sosial yardımın təyin olunmasından aşağıdakı səbəb(lər)ə görə imtina edilir: ABONENT KODU BARƏDƏ MƏLUMATİN GİZLƏDİLMƏSİ ÜMUMİ İSTİFADƏLİ SAYĞACİN AŞKAR EDİLMƏSİ” Cavab; özlərinə aid olan abonent kodları haqqında bütün məlumatları sistemə normal şəkildə daxil etdikləri halda, cavabdeh belə bir qanuni əsası olmayan imtina qərarı verir. 3) “Sizin xx.xx.2022 tarixli, **********27003 nömrəli müraciətinizə görə sosial yardımın təyin olunmasından aşağıdakı səbəb(lər)ə görə imtina edilir: MADDİ- MƏİŞƏT ŞƏRAİTİNİN MÜAYİNƏSİ ÜÇÜN BAXİŞ KEÇİRİLMƏSİNƏ ŞƏRAİT YARADİLMADİ.” Cavab; a) Cavabdeh tərəf bu imtinada da əsassızdır. Çünki yoxlanış barədə ona və ya ailə üzvlərindən heçkimə məlumat verilməmişdir. Telefonuna heçbir zəng olunmamışdır. Ümumiyyətlə cavabdeh tərəf yoxlanışa gəlməmişdir. Yəni bütün bunların fonunda qanuna əsaslanmayan belə bir imtina əsassız hesab olunmalıdır. b)İmtinalarda göstərilən tarixlərə nəzər salınsa cavabdeh tərəf bu imtinaya qədər dəfələrlə gəlib məişət şəraitini yoxlamışdır. Belə bir yoxlanışa əslində heçbir ehtiyac da yoxdur. Yəni yuxarıda qeyd etdiyi bütün imtina qərarları əsassız və heçbir qanunda öz əksini tapmayan imtina qərarlarıdır. Bütünlüklə ləğv edilməlidir. Bununla belə ÜSY təyin edilməsi üçün 2017 ci İl tarixində aidiyyatı üzrə cavabdehə müraciət edib, imtina cavabları almışdır və həmin imtinalardan aidiyyatı üzrə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə öz hüququndan sui-istifadə edərək Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi № 2-1(112)-2671/2020 saylı qərardan, əvvəlcə Bakı Apellyasiya Məhkəməsinə daha sonra isə, Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi 2- 1(103)-682/2021 saylı qərardan aidiyyatı üzrə Ali Məhkəmənin inzibati kollegiyasına müraciət etmişdir. Ali Məhkəmənin inzibati kollegiyasının qəbul etdiyi 2-1(102 )-2315/2021 saylı qərar isə 2022 ci ilin may ayında (yalnız iki il üçün 2017-2019) icra edilib. Hüquqi baxımından nəzər salsaq, görərik ki, cavabdeh tərəf açıq aşkar vaxt qazanmaq məqsədi ilə bütün vasitələrdən sui-istifadə etmişdir. Və bununla da 2017 ci ildən 2022 ci ilin may ayı da daxil olmaqla mümkün beş il olduğu halda cavbdeh tərəf yalnız iki ilin (2017-2019) ÜSY iddiaçının ailəsinə (özünə) təqdim etmişdir. (Cavabdehin cavab məktubunu təqdim edir) Diqqətlə nəzər yetirsək burada kobud hüquq pozuntusunun olduğunu görərik. Əgər məhkəmə qərar qəbul edərək, inzibati orqan olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə ÜSY-nin təyin edilməsi, hesablanması, və verilməsi kimi bir öhdəlik qoyursa, dolayısı ilə məhkəmə vətəndaşın bu məsələdə hüquqlarının pozulduğunu tanıyırsa, məgər bu bütöv beş ilin (2017-2022) içində yalnız iki ili (2017-2019) əhatə edirmi? Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaya dair etiraz təqdim edərək müvafiq normativ hüquqi aktlara istinad etməklə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh daha sonra xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək göstərmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı hər hansı hüququ və qanuni maraqlarının pozulmadığını, iddiaçıya xx.xx.2019-cu il tarixədək olan dövr üzrə ünvanlı dövlət sosial yardım ödənişi həyata keçirildiyindən, iddia ərizəsində cavabdehin hansı imtina cavabının mübahisələndirdiyi qeyd edilmədiyindən və iddiaçının 2019-2021-ci il tarixlərdə cavabdehə ona ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə əlaqədar hər hansı bir müraciəti olmadığından onun "ünvanlı dövlət sosial yardımın xx.xx.2019-cu il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün hesab edilməməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(118)-622/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi, işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Şikayətdə göstərilir ki, iddiada cavabdehin imtina cavablarını mübahisələndirmişdir. Bildirmişdir ki, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə ailəsinə sosial yardım təyin edilməsindən imtina etmişdir. Cavabdehin birinci imtinası onunla əsaslandırılıb ki, guya “Ünvanlı dövlət sosial yardımı” haqqında anunun 3-cü maddəsinə əsasən ailənin əmək qabiliyyətli üzvünün (həyat yoldaşı X3) orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfra bərabər olduğu üçün bu ailə ünvanlı dövlət sosial yardımı almaq hüququna malik deyil. Halbuki bu imtina tamamilə əsassızdır, çünki yoldaşı uzun illərdir ki, onunla birlikdə "xxxx"MMC-də işləyir, bu barədə məlumat cavabdehin Mərkəzləşdirilmiş elektron informasiya sistemində də mövcuddur. Cavabdehin mübahisələndirdiyi ikinci imtinası isə guya “abonent kodu barədə məlumatı gizlətmələri, ümumi istifadəli saygacın aşkar edilməsi”dir. Halbuki, bu da əsassızdır, onların yaşadıqları yerdə heç bir ümumi istifadəli sayğac mövcud deyil, cavabdehin bu məlumatı haradan götürdüyü onun özünə də qaranlıqdır. O, VEMTAS üzərindən sosial yardım təyin edilməsi üçün müraciət edərkən istifadəsində olan fərdi sayğacla bağlı abonent kodunu daxil etmişdir. Ona görə də cavabdehin bu imtinası əsassızdır. Cavabdehin üçüncü imtinası guya “maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması” ilə bağlıdır. Cavabdehin bu imtinasının da heç bir əsası yoxdur. Yoxlama barədə nə ona, nə də ailə üzvlərinə məlumat verilməyib. Onlara yoxlama ilə bağlı nə sms gəlib, nə də zəng edilib. Bunu mobil operatora sorğu verməklə də asanlıqla müəyyən etmək mümkündür. Ümumiyyətlə, cavabdeh yoxlanışa gəlməyib. əslində belə bir yoxlanışa heç ehtiyac da yoxdur, çünki sosial yardım təyin edilməsi üçün dəfələrlə- xx.xx.2017, xx.xx.2017, xx.xx.2018,xx.xx.2018-ci illərdə müraciət edəndən sonra cavabdehin evlərinə gələrək maddi-məişət şəraitlərini yoxlayıb. Ondan sonra heç bir dəyişiklik olmayıb. Cavabdehin hər üç imtinası əsassızdır. 2013 və 2020-ci illərdə də cavabdeh əsassız imtina cavabları verdiyi üçün imtina cavablarından məhkəməyə müraciət etmişdir. 2013-cü ildə olduğu kimi, 2020-ci ildə də məhkəmə iddiasını təmin edib. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2671/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdehin 2017-2018 tarixlərində verdiyi imtina cavablarının qanunsuz hesab edilərək sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edib. Məhkəmə cavabdehin formal xarakterli imtinalarını görməzdən gəlməyərək qərarında da göstərib ki, “cavabdeh öz imtinasında imtinanın əsası kimi iddiaçının və ərinin torpaq sahəsinə malik olmasını, lakin bunu gizlətdiyini, digərində isə imtinanın əsası kimi torpaq sahəsinin göstərilməsini, lakin bu barədə məlumatların təsdiq edilməməsini göstərməklə bir-birinə ziddiyyətli imtinalarla iddiaçının hüquqlarını pozmuşdur”. Sonda məhkəmə ailəsinə sosial yardımın təyin edilməsindən imtina etməkdə düzgün olaraq cavabdehin haqlı olmadığı qənaətinə gəlib. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-682/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-2315/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb. Bakı İnzibati Məhkəməsinin qərarının icrası ilə əlaqədar ona xx.xx.2017-xx.xx.2019 tarixləri ərzindəki dövr üzrə cavabdeh tərəfindən 4885,20 manat sosial yardım ödənişi həyata keçirilib. Cavabdeh vaxt qazanmaq məqsədilə bütün vasitələrdən sui-istifadə edib, əsassız şikayətlər verməklə bilərəkdən məhkəmə proseslərini uzadıb. Bununla da 2017-ci ildən 2022-ci ilin may ayı da daxil olmaqla beş il olduğu halda cavabdeh yalnız 2 ilin (2017- 2019) sosial yardımını ödəyib. Dolayısı ilə məhkəmə instansiyaları onun qanunvericiliklə nəzərdə tutulmuş sosial təminat hüququnu tanıyıb. Cavabdeh isə əsassız imtina cavabları verməklə onun sosial təminat hüququnu pozub, bu hüququnu məhdudlaşdırıb. Məhkəmə qərardadda qeyd edib ki, “iddiaçıya izah edilsin ki, o, cavabdeh orqanın 2022ci il üzrə imtina məktublarının qanunsuz hesab edilməsini və ona qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə ünvanlı sosial yardımın təyin edilməsini tələb edə bilər”. Onun iddiada qoyduğu üç tələbdən ikisi məhz bu tələblərdir - “ailəsinə sosial yardımın ayrılmasına dair cavabdehin qəbul etdiyi imtina barədə bütün qərarların ləğv edilməsi və cavabdehin üzərinə sosial yardımın təyin olunması, hesablanması, verilməsi öhdəliyinin qoyulması” məhkəmənin qeyd etdiyi ilə onun tələbinin arasında heç bir fərq yoxdur. Məhkəmə işə mahiyyəti üzrə deyil, iddianın mümkünlüyü məsələsinə baxmaqla lüzumsuz yerə vaxt itirməyinə səbəb olub. İddiaçı şikayətində daha sonra bildirmişdir ki, onun ailə vəziyyətində dəyişən heç bir hal yoxdur, məhkəmə qərarı ilə onun sosial təminat hüququ tanındığına görə 2019-cu ildən hazırkı məhkəmə qərarı qanuni qüvvəyə minən günə qədərki tarixlərin də sosial yardımı təyin edilməlidir. Cavabdehin məhkəməyə ünvanladığı apellyasiya şikayətinə etirazda apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətini müdafiə edib, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddianın mümkün sayılması və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəfləri dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(118)-622/2023 nömrəli qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İddia tələbindən göründüyü kimi iddiaçının tələbi ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdehlər arasında icazənin verilməsi ilə bağlı inzibati hüquq münasibəti yarandığından İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, belə mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Həmin Məcəlləsnin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddia növünə aiddir. İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə əsasən isə Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin yuxarıda qeyd edilən hallarından və istinad edilən normaıarın məzmunundan da göründüyü kimi, məcburetmə haqqında iddialarda iddianın xüsusi mümkünlük şərti kimi iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı cavabdehə müraciəti və cavabdehin həmin aktın qəbul edilməsindən imtinası, yaxud hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsi nəzərdə tutulmuşdur ki, hazırkı işdə də iddiaçının iddia ərizəsinə əlavə etdiyi və cavabdehin də etirazında istinad etdiyi müraciətlərdən və imtina qərarlarından görünür ki, iddiaçı müvafiq tələblə cavabdehə müraciət etmiş, cavabdeh isə ünvanlı sosial yardımın təyin edilməsindən imtina etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır (5.3-cü bənd). İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Hazırkı iddia öhdəliyin icrası haqqında iddia olduğundan Ali Məhkəmə Plenumunun qərarına əsasən iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi məhkəmə tərəfindən yoxlanılmalıdır. İşə baxan birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və bunu qərarında onunla əsaslandırmışdır ki, iddiaçının 2019-cu ildə ona növbəti ünvanlı sosial yardımın təyin edilməsi üçün müraciəti mövcud deyildir. Bundan əlavə qərardadda göstərilir ki, “...məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilərək izah edilmişdir ki, cavabdeh orqana müraciət dövrünə uyğun olaraq tələbini dəqiqləşdirə bilər. Eyni zamanda iddianın uğurluluq ehtimalı müzakirə edilmiş, izah edilmişdir ki, məhkəmə qərarı qərarı 2017-2019-cu illərlə bağlı olmuş, bundan sonra inzibati orqana müraciət 2022-ci ildə olmuşdur. Ünvanlı sosial yardımın təyin edilməsi üçün isə inzibati orqana müraciət etmək şərti tələb edilir. İddiaçıya izah edilmişdir ki, iddia tələbini dəqiqləşdiricəyi halda, qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduğuna nəzərə alınaraq, onun ailəsinin məişət şəraitində dəyişiklik olmadığı halda cavabdeh inzibati orqana iddiaçının müraciətinə yenidən baxılması üçün vaxt verilə bilər və mübahisənin məhkəmədənkənar həlli imkanı yaranmış ola bilər.” Qərardadda daha sonra göstərilir ki, “iddiaçı cavabdeh orqana müraciətləri üzrə 2022-ci il tarixli imtina məktublarını mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh orqanın imtinasının qanunsuz hesab edilməsini və müraciətinin təmin edilməsini məhkəmədən tələb edə bilərdi. Belə ki, iddia mübahisələndirmə haqqında iddia yox, inzibati aktın qəbulu ilə bağlı olan məcburetmə haqqında iddiadır.” Apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarından da görünür ki, iddiaçı ailəsinə sosial yardımın təyin olunması, hesablanması, verilməsi öhdəliyinin qoyulması tələbi ilə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məktublarla iddiaçının müraciətlərinə imtina cavabı vermiş, iddiaçı da həmin cavabları mübahisələndirmişdir. Kollegiya qeyd edir ki, cavabdeh müraciətinin təmin edilməsindən, sosial yardımın təyin edilməsindən imtina etməklə iddiaçının qanunvericiliklə qorunan maraqlarını, qanunvericilikdə nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur, birinci instansiya isə ətraflı araşdırma aparmadan iddianı mümkünsüz saymışdır. Halbuki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “hakimin yardım etmək vəzifəsi yalnız formal pozuntuların aradan qaldırılması ilə bağlı deyil, faktiki halların aydınlaşdırılması ilə də bağlı ola bilər. Bu vəzifənin həyata keçirilməsi zamanı məhkəmə tərəflərin bərabərliyi prinsipinə əməl etməlidir. İnzibati prosesdə məhkəmə bir tərəfdən işin hallarının araşdırılması prinsipini, digər tərəfdən isə dispozitivlik prinsipini rəhbər tutmalıdır. Məhz bu prinsip məhkəmə üçün işin hallarının araşdırılması prinsipinin sərhədlərini müəyyən edir.” Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, məhkəmə araşdırmasının predmetindən və konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə mübahisəyə aid sənədlərin, faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönələn və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı ilə işin faktiki hüquqi halları müzakirə edilməklə qərardadda qeyd edilən formada ona iddia tələbləri ilə bağlı yardım edilsə də, göstərilən yardım iddiaçının hüquqi marağı baxımından kifayətedici olmamışdır. Belə ki, qeyd edildiyi kimi iddiaçının hüquqi marağı ona və ailəsinə ünvanlı sosial yardımın təyin edilməsinə yönəlmişdir. Həmin yardımın təyin edilməsindən imtina ilə bağlı cavabdehin qərarlarının ləğv edilməsi, habelə sosial yardımın xx.xx.2019-cu il tarixdən hazırki təyin edilməli olması ilə bağlı iddiaçının tələbi isə əsas hüquqi maraqdan irəli gələn əlavə tələblərdir. Bu baxımdan birinci instansiya məhkəməsinin iddiaçının digər tələblərinin mümkünsüzlüyü ilə bağlı istinad etdiyi hallar, habelə iddia tələblərinin ifadə forması onun əsas tələbinin də mümkünsüzlüyünə səbəb ola bilməz. Çünki, iş materiallarında cavabdehin sosial yardımın təyin edilməsi ilə bağlı iddiaçının müraciətlərinə imtinaları mövcuddur ki, iddiaçı da məhz həmin imtinaları əsassız hesab edərək onları mübahisələndirmişdir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə özü də qərardadında göstərir ki, “...iddiaçıya izah edisinki, inzibati orqana 2022-ci ildə etdiyi müraciətlərin təmin edilməməsinin qanunsuz hesab edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş müddətdə sosial yardımın təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etməsi istisna edilmir və eyni zamanda bu iddianın uğurluluq ehtimalı və prosrssual qənaət baxımından məqsədəmüvafiq hesab edilir”. Halbuki, məhkəmənin yardım etmək vəzifəsi həmin yardımın məhz iddiaçının hüquqi marağına uyğun və iddiaçının başa düşəcəyi şəkildə (zərurət olarsa yazılı formada) edilməsini nəzərdə tutur. Hazırkı halda iddiaçıya belə yardım birinci instansiya məhkəməsi tərəfindən tam şəkildə edilməmişdir. Digər tərəfdən prosessual qənaət prinsipi iddiaçının bütün tələblərinin mümkünsüzlüyü ilə deyil, mümkün olan tələblərinə mahiyyət üzrə baxılmasını, aradan qaldırılması mümkün olmayan əsaslarla mümkün hesab edilə bilməyən tələblərinin isə lazımi keyfiyyətdə və formada yardım göstərildikdən sonra mümkün hesab edilməməsi ilə nəticələnməli idi. Eyni zamanda, iddiaçının sosial yardımın xx.xx.2019-cu il tarixdən hesablanması barədə tələbinin əsaslı olub-olmaması da iddianın uğurluluq ehtimalı barədə qiymətləndirmə nəticəsində mümkünsü hesab edilə bilməz, həmin tələbə iddiya mahiyyəti üzrə baxılan zaman müvafiq qanunvericilik əsasında mahiyyəti üzrə qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinin tələbinə görə inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(118)-622/2023 nömrəli qərardadı ləğv edilsin. İş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(105)-464/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-464/2023
16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver