Məhkəmə qərarları › İş №2-1(105)-465/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-465/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-465/2021 14.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddiaçıya məxsus "xxxx" MTK-dan Abşeron rayonu, Masazır kəndində inşa olunmuş “Yeni Bakı” yaşayış kompleksindəki 19 saylı evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 24,4 kv. m. pay haqqı olan qeyri-yaşayış sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2- 1(118)-738/2021 saylı qərarından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MTK-dan aldığı Abşeron rayonu, Masazır kəndində inşa olunmuş “Yeni Bakı” yaşayış kompleksindəki 19 saylı evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 24,4 kv. m. pay haqqı olan qeyri yaşayış sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2-1(118)-738/2021 saylı qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdir (hakim Vəfa Əzizova). Qərardan narazı qalan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Eyni iş üzrə və eyni binada yan-yana yerləşən tikilidə tamamilə eyni vəziyyətdə olan binaya dair fərqli bir vətəndaşa çıxarışın verildiyini və bununla bağlı sübutu məhkəməyə təqdim edilə bilinəcəyi bildirilsə də məhkəmə bundan imtina etmişdir. Qeyd edilən çıxarışa əsasən İddiaçı ilə eyni forma və texniki göstəricilərə sahib tikiliyə cavabdeh tərəfindən 21.01.2021-ci il tarixində çıxarış verilmişdir. Ancaq məhkəmə baxışı zamanı məhkəmə qeyd edilən yanaşmanı diqqətə almamışdır və nəticə etibari ilə əsassız qərar qəbul etmişdir. Digər tərəfdən İddiaçı ona imtina verilməmişdən bir müddət əvvəl də mübahisə predmeti olan sahəyə dair çıxarış verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Ancaq həmin zaman İddiaçı verilən cavabda qeyd edilən tikiliyə dair hazırda mübahisə predmeti olan imtina əsasına dair heç bir fikir bildirilməmişdir. İddiaçı ilkin müraciəti zamanı imtinanın əsası kimi gösətərilən nöqsanı aradan qaldırıb yenidən DƏDRX 4 saylı ərazi idarəsinə müraciət etsə də, bu dəfə də başqa əsasla imtina almışdır. Bu özlüyündə ona verilən imtinanın əsl səbəbinin süründürməçilik olduğunu göstərir. Digər tərəfdən yuxarıda qeyd edilən AR NK-nın 160 saylı qərarının əsas məqsədi ümumi istifadə sahələrinin, xüsusilə zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunması və bununla əlaqədar binanın yiikgötürən konstruksiyalarının zəiflədilməsinin, mövcud binalarda artırmaların tikilməsi, eyvanların genişləndirilməsi və yenilərinin quraşdırılması, bünövrələrin, mərtəbəarası örtüklərin, yükdaşıyan divarların, arakəsmələrin sökülməsi, əlavə qapı və pəncərə boşluqlarının açılması hallarının qanunsuz olaraq müvafiq orqan və təşkilatlarla razılaşdırmadan həyata keçirilməsinin qarşısını almaqdır. İddiaçı tərəfindən edilən müraciətdə isə heç bir yeni qapı və yaxud pəncərə boşluğunun açılmasından söhbət getmir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası işdə iştirak edin İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Hazırkı iddia tələbi üzrə “Bər-Bər” kimi istifadə edilən qeyri-yaşayış sahəsinə qoyulmuş qapının binanın yükgötürən konstruksiyalarının zəiflədilməsinə, digər şəxslərin hüquqlarının pozulub-pozulmamasına səbəb olub-olmaması barədə rəy verilməsi ilə əlaqədar binanın 1-ci mərtəbəsinin planını özünün möhrü ilə razılaşdiran (i/v 9) Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinə müraciət olunmuşdur. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, X1 Baş İdarəsinin fəaliyyəti tikinti layihələrinin etibarlıq, təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılmasından ibarət olduğuna ğörə məktubda qoyulan məsələnin həlli ekspertizanın səlahiyyətinə daxil deyildir. “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 saylı Qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydalar təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, mülkiyyət formasından asılı olmayaraq bina və qurğularda genişləndirmə, yenidənqurma işlərinin aparılması və mühəndis-nəqliyyat təminatı üzrə obyekt və kommunikasiyaların yenidən qurulması, texniki yeniləşdirilməsi və onlarda dəyişikliklər edilməsi qaydalarını və ümumiyyətlə mövcud obyektlərin layihə-planlaşdırma, həcm-fəza həllərinin və təyinatının dəyişdirilməsini şəhərsalma sənədlərini işləyən layihə müəllifi (tərtibatçı) və təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılma qaydalarını müəyyən edir və tənzimləyir. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən respublika ərazisində yeni tikilən bina və qurğuların, mühəndis-nəqliyyat təminatı obyektlərinin yer üzərində yerləşdirilməsi, təsdiq edilmiş şəhərsalma sənədləri əsasında layihələşdirilməsi və inşa edilməsi qüvvədə olan tikinti norma və qaydalarına uyğun olaraq yerinə yetirilməlidir. Qaydaların 1.2-ci bəndinin 3-cü abzasına görə bu Qaydalar ümumi istifadə sahələrinin, xüsusilə zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunması və bununla əlaqədar binanın yükgötürən konstruksiyalarının zəiflədilməsinin, mövcud binalarda artırmaların tikilməsi, eyvanların genişləndirilməsi və yenilərinin quraşdırılması, bünövrələrin, mərtəbəarası örtüklərin, yükdaşıyan divarların, arakəsmələrin sökülməsi, əlavə qapı və pəncərə boşluqlarının açılması hallarının qanunsuz olaraq müvafiq orqan və təşkilatlarla razılaşdırmadan həyata keçirilməsinin qarşısının alınması, mülkiyyət formasından asılı olmayaraq bina və qurğularda genişləndirmə, texniki yeniləşdirmə işlərinin yerinə yetirilməsində şəhərsalma və tikinti norma və tələblərinin pozulması hallarının qarşısının alınması məqsədini daşıyır. Adıçəkilən Qaydaların 4.1-ci bəndinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir (4.2) . Memarlıq-tikinti xidmətinin müvafiq rəyi nəzərə alınmaqla, obyektdə dəyişikliklərin edilməsi yerli icra hakimiyyəti ilə razılaşdırılır (4.3). Məhkəmə araşdırması zamanı iddiaçı layihədə nəzərdə tutulmayan ikinci qapının açılması üçün müvafiq komissiyanın baxış keçirməsi və rəy verilməsini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Buna görə birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçıya verdiyi imtina cavabı qanunidir və iddia təmin edilməməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi iş üzrə sübuta yetirilir. Buna görə İddiaçıya məxsus "xxxx" MTK-dan Abşeron rayonu, Masazır kəndində inşa olunmuş “Yeni Bakı” yaşayış kompleksindəki 19 saylı evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 24,4 kv m olan qeyri-yaşayış sahəsinə dair onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası yuxarıda göstərilənlərə əsasən qanuna zidd olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2-1(118)-738/2021 saylı saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar