Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-465/2022 30.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2-1(118)-793/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.2005-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu İddiaçı xx.xx.2005-ci il tarixdə doğulmuşdur, valideynləri ilə birlikdə yaşayır. İddiaçı atası X6 məcburi köçkündür, komitə tərəfindən Ağdam rayonundan məcburi köçkün olmasını təsdiq edən seriya AA136197 nömrəli vəsiqə verilmişdir. İddiaçı özü məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Lakin Komitə tərəfindən 2021-ci il 17 noybar tarixli 01/6832 nömrəli məktubla cavab verilərək, hər iki vakideynin məcburi köçkün olmaması səbəbi ilə müraciətin təmin olunmasından imtina etmişdir.
3. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası ‘‘məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası X6 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq, ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyatda olsa da, İddiaçı anası Qanuni nümayəndə ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qanuni nümayəndə məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. İddiaçı anası Qanuni nümayəndə yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və “Abşeron rayonu, Xırdalan şəhəri” olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir.
4. Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2-1(118)-793/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim Vəfa Əzizova)
5. Həmin qərardan iddiaçı tərəf apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndi 2013-cü ildən tətbiq olunduğundan və bu bəndin tələbləri hazırda onun vəziyyətini ağırlaşdırdığından geriyə tətbiq edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Həmçinin, Qaydaların 4.1.6-cı bəndində qeyd olunan “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan” ifadəsi Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində qeyd olunan bərabərlik prinsiplərinə tamamilə zidd kimi qiymətləndirilməlidir. Bundan başqa, hal-hazırda işğaldan azad olunan rayonlara məcburi köçkünlərin yaşayış yeri üzrə qeydiyyatının məhdudlaşdırılması səbəbindən, Həsənova X2 rayonuna qeydiyyata düşə bilmir. Bu tərəfin iradəsindən asılı olan hal deyil, bu dövlət tərəfindən verilən müvəqqəti xarakterli qərardır. Təbii ki, bu məhdudlaşdırılma ləğv edildikdən sonra yenə də işğaldan azad olunmuş rayona qeydiyyata alınmaq üçün müraciət edəcəklər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar
məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.
Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər.
Maddə 10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
Maddə 12. Şəxsin qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətə baxılması qaydası Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir.
11. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən, Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; - Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi həyata keçirir.
12. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar: 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara...
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
16. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AZ-İV 454458 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2005-ci il də Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında X7 qeyd edilmşdir.
17. Ağdam şəhər Mənzil Kommunal İsitsmar İdarəsi üzrə təsərrüfat kitabından 361 nömrəli xx.xx.2002-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə təsərrüfata qeydiyyata düşmüşdür.
18. AA 136197 seriyalı məcburi köçkün vəsiqəsindən görünür ki, X1 rayonundan məcburi köçkün kimi Sabirabad rayonunda müvəqqəti məskunlaşmışdır.
19. AZE 17376790 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1981-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır.
20. İddiaçının anası Qanuni nümayəndə şəxsiyyət vəsiqəsindən görünür ki, o, ünvan 4 yataqxana, 27-ci məhəllə, 18 a saylı ünvanda qeydiyyatdadır.
21. Cavabdehin verdiyi 01/68321 saylı xx.xx.2021-cii tarixli imtina məktubundan görünür ki, cavabdeh “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsaslanaraq İddiaçı məcburi köçkün statusunu verməkdən imtina etmişdir.
22. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır.
23. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən isə valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir.
24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının atası X1 rayonunda qeydiyyatda olmaqla məcburi köçkün statusuna malik olsa da, anası Qanuni nümayəndə qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) deyil, Abşeron rayonu Xırdalan şəhəridir. Bununla bağlı iddiaçıya məcburi köçkün statusu verilməsi üçün “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinin dispozitiv şərti yerinə yetirilməmiş olur.
25. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, iddiaçının anasının hazırda daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) də qeydiyyatda olmadığı səbəbindən cavabdeh tərəfindən iddiaçıya məcburi köçkün statusu verilməsindən imtina “Qaydalar”ın 4.1.6-cı bəndinə uyğundur və bu halda cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur.
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən və apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2-1(118)-793/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.