Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-467/2022 30.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 41-ci məhəllə, 1 saylı yataqxanada yerləşən 63 saylı otağa dair hüquqmüəyyənedici sənəd olan çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2-1(118)-1026/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 41-ci məhəllə, 1 saylı yataqxanada yerləşən 63 saylı otağa dair hüquqmüəyyənedici sənəd olan çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, 1 saylı yataqxanada yerləşən 63 saylı otaq orderlə 1982-ci ildən İddiaçı mülkiyyətində və istifadəsindədir. Həmin Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana-1, otaq 63 ünvanında yerləşən otağın orderinin əslinin və dublikatının verilməsi ilə bağlı "xxxx" İstehsalat Birliyinə müraciət etmiş, "xxxx" İstehsalat Birliyi tərəfindən 82 saylı, 21 avqust 2019-cu il tarixli arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən də, 01 noyabr 1988-ci ildən 30 dekabr 1998-ci il tarixədək "xxxx" Dövlət Şirkətinin TTQİ-də işləmişdir. Bunu onun 127356 saylı əmək kitabçası təsdiq edir, 1982-ci ildə ona 1 saylı yataqxanada 63-cü otaq ayrılmışdır və Mənzil-Məişət Komissiyasında həmin ünvanda otaq ayrılması haqqında verilmiş protokol aşkar edilməmişdir. Lakin, həmin mənzilə dair orderin surəti mövcuddur. Hesab edir ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, 1 saylı yataqxanada yerləşən 63 saylı otaq dövlət qeydiyyatına alınmalı və ona çıxarış verilməlidir. Cavabdehdən Sumqayıt şəhəri, 41-ci məhəllə, 1 saylı yataqxanada yerləşən 63 saylı otağa dair hüquq müəyyənedici sənəd şıxarış verilməsini xahiş etmiş, lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə daxil olmuş xx.xx.2021-ci il tarixli ********** nömrəli ərizənin icrasından imtina edilmişdir.
3. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanı mənzil kirayəsi müqaviləsi dövlət və ya ictimai mənzil fonduna aid mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 nömrəli Fərmanının 4.2.8-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Bundan əlavə, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də, iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Sumqayıt İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(118)-1026/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim Ceyhun Məmmədov)
5. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bildirmişdir ki, iddia tələbinə mahiyyəti üzrə baxılarkən İddiaçı mübahisə edilən mənzilə dair icarə müqaviləsinin və ya həmin mənzilə köçmə üçün əsas verən orderin əslinin olmaması müəyyən olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh orqanın hərəkətlərində hər hansı bir qanun pozuntusu mövcud deyil. Lakin İddiaçı Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana-1, otaq63 ünvanında yerləşən otağa dair orderi olmuş lakin o həmin orderi itirmişdir. Bununla bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək orderinin itdiyini bildirmişdir. Həmçinin orderin itirilməsi ilə bağlı qəzetdə axtarış verilmişdir. Belə ki, işə baxılarkən prosessual pozuntulara yol verilmişdir. Məhkəmə prosesi tərəflərin bərabərliyi prinsipləri əsasında aparmamışdır. Göstərilən səbəblərdən, hüquqlarının bərpa olunması üçün xx.xx.2022-ci il tarixli qərar ləğv olunaraq, iddiası təmin olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
10. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi...
Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
11. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
15. İddia ərizəsində qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 1 nömrəli yataqxananın 63 nömrəli otağı orderlə 1982-ci ildən iddiaçının istifadəsindədir. İddiaçı orderin əslinin və ya dublikatının verilməsi ilə bağlı “Azərkimya” İstehsalat Birliyinə müraciət etmiş, iddiaçıya verilən arayışda qeyd olunmuşdur ki, İddiaçı 1982-ci ildə 1 saylı yataqxanada 63-cü otaq ayrılmışdır. Ancaq Birliyin Mənzil-Məişət Komissiyasında həmin ünvanda otaq ayrılması haqqında verilmiş protokol aşkar edilməmişdir.
16. İddiaçı həmin otaq üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin həmin mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyat alınmasından imtina edilmişdir. Cavabdeh təşkilat imtinanın əsası kimi mənzilin orderinin olmamasını bildirmişdir.
17. Məhkəmə kollegiyası cavabdehin imtinası ilə razılaşaraq qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi dövlət və ya ictimai mənzil fonduna aid mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
18. İddiaçı isə Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 1 nömrəli yataqxananın 63 nömrəli otağına dair verilmiş orderin əslini və ya təsdiq edilmiş surətini məhkəməyə təqdim edə bilməmişdir.
19. Birinci instansiya məhkəməsi tərəfindən də orderin təqdim edilməsi ilə əlaqədar müvafiq orqanlara sorğular verilmiş, lakin orderin əslinin və ya təsdiq edilmiş surətinin təqdim edilməsi mümkün olmamışdır. Bundan başqa, “Kimya Sənaye” İstehsalat Birliyi MKK tərəfindən paylanan 41-ci məhəllə 1 saylı yataqxana barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialında da məlumat aşkar olunmamışdır.
20. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi 3-cü polis bölməsinin ***-**** nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, 1 saylı yataqxana, otaq 63ə verilmiş orderin itməsi ilə əlaqədar İddiaçı müraciəti əsasında keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə etmək mümkün olmamışdır.
21. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 67 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “Kimya Sənaye” İstehsalat Birliyi MKK tərəfindən paylanan 41-ci məhəllə 1 saylı yataqxana barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialında heç bir məlumat yoxdur.
22. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının N-35-091 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, 1 saylı yataqxanada yerləşən 63 saylı otağa dair iddiaçının adına hər hansı hüquqmüəyyənedici sənəd müəyyən edilməmişdir.
23. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatı üçün əsas olan order təqdim edilmədiyindən, cavabdehin iddiaçının müraciətinin təmin olunmasından imtinası qanuni olmuşdur və iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyildir.
24. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, bu cür iddialara baxılarkən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olubolmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır.
25. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(118)-1026/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.